Avropa oyunları dünya mediasının nəinki mərkəzində, heç həndəvərində də deyil — bunu qərb mətbuatını az-çox izləyən hər kəs təsdiq edə bilər. Ancaq Bakıda Azərbaycanı doğrudan da dünya mətbuatının diqqət mərkəzinə çevirə biləcək bir hadisə baş verib: bu, Emin Hüseynovun vətəndaşlıqdan çıxarılmasıdır. İnsanı doğulduğu ölkənin vətəndaşlığından çıxarmaq orta əsr təbiətli özbaşınalığın, harınlığın nümunəsidir. Son dəfə Avropa qitəsində insanları doğuluşlarıyla qazandıqları təbii vətəndaşlıqdan mərhum edən ölkə SSRİ olub. Və Emin Hüseynov ən azı məruz qaldığı təzyiq və dərəbəyliyə görə Soljenitsın, Brodski, Lyubimov kimi adamlarla bir sıraya düşür. Və Emin Hüseynovun əvvəlcə canlı mal kimi satıldığı, sonra vətəndaşlıqdan çıxarıldığı gün Azərbaycan tarixində qara gün sayılmalıdır.
Архив тегов | insan haqları
EYNULLA FƏTULLAYEV GƏNCLƏRİMİZİ BALTALANDIRIR
Azərbaycan televiziyası ilə Eynulla Fətullayevin filmləri göstəriləcək — bu filmlər Qərbdə — Skandinaviya ölkələrində, Fransada, Almaniyada və başqa yerlərdə insan haqlarının pozulmasından söhbət gedir. Gözləmək olar ki, bu filmlərə baxandan sonra çoxlu Azərbaycan gənci silahlanıb həmin ölkələrə insan haqları uğrunda vuruşmağa gedəcəklər, yəni bundan sonra Suriyaya, İraqa yox, Qərbə yollanacaqlar. Yəqin ki filmlərin anonsununu eşidən kimi gənclərimiz silahlanmağa başlayıblar. Ola bilsin ki, mağazalarda balta satışı birə yüz artıb…
AZƏRBAYCANDA NEÇƏNCİ İLDİR?
Daily mail qəzeti yazır ki, kimdə 1986-cı ilin divar təqvimi qalıbsa, yenidən asa bilər – 2014-cü ilin təqvimi 1986-cı ilin təqvimini təkrar edir…
1986 – SSRİ-də perestroykanın başlanğıcıdır, böyük ümidlər ilidir. O vaxt insanlardan gələcək 2014-cü ildə ölkəni, milləti necə gördüklərini soruşsaydılar, yaranacaq demokratik, çiçəklənən iqtisadiyyatlı cəmiyyəti təsvir etməyə onların sözü çatmazdı…
Azərbaycanda nəyin qurulduğu indi aydındır. Yaranmış dumanlı perspekivli milli dövlətin bahası insan haqlarıyla ödənilib. Azərbaycan bu mənada 1986-cı ildən də çox-çox əvvəllərə qayıdıb. 1986-cı ildə əgər insanın asılılığı siyasi rejimdın idisə, indiki aslılılıq feodal asılılıqdır, kölə asılılığıdır, Məmmədhəsən əmi – Xudayar bəy asılılığıdır. Vətəndaş azadlıqları yoxdur, zoğal ağacından dəyənək var ki, xudayar bəylər istəyəndə endirirlər, istəyəndə qaldırırlar…
Beləliklə, 1986-cı ilin təqvimi azərbaycanlılar üçün göz dağıdır, kimdə qalıbsa, sandığa qoyib kilidləsin…
İndi müsəlmanlarda neçənci ildir? Bəlkə bizə bu təqvim daha çox uyğundur?
03.01.14
AZƏRBAYCANIN ABŞ-a LAYİQLİ CAVABI
Amerikanın Dövlət departamenti Azərbaycanda insan haqlarının pozulması barədə 33 səhifəlik məruzə hazırlayıb. Azərbaycanın xarici işlər nazirliyi buna cavab olaraq ABŞ-da insan haqlarının pozulduğu barədə 333 səhifəlik sənəd yayıb. Sənəddə deyilir:
Amerikada bir insanın kefi istədiyi qədər prezident olmaq hüququ pozulur;
Amarika prezidentinin ölkəsindəki neft və qaz kəmərini istədiyi səmtə yönəltməyə ixtiyarı yoxdur;
Amerika prezidentinin arvadının konqresmen olmaq, bir neçə miyard dollarlıq fonda rəhbərlik eləmək hüququ pozulur;
Prezidentin müxalifətçələri dama basmaq hüququ pozulur;
Prezident qızlarının ofşor biznesinə yiyələnmək hüquları pozulur və ümumuyytlə, Amerika prezidentinin qızları dilənçi vəziyytəində yaşayırlar;
Amerika prezidentinin öz atasına və anasına heykəllər qoydurmaq hüququ pozulur;
Amerika prezidentinin qayınatasının, baldızlarının, qayınlarının, cicilərinin, bacılarının, akademik, rektor, analoqsuz ixtiralar müəllifi olmaq hüquqları pozulur;
Siyahı uzundur. Azərbaycan siyahısının sonunda deyilir: əgər ABŞ-da prezident ailəsinin hüquqları bu cür pozulursa, görün sadə xalqın hüquqları necə pozulur!
Sənəd Səməd Vurğunun ölməz misralarıyla bitir: «Keçəl baxar güzgüyə, Adın qoyar özgəyə!»
