Архив тегов | İsa Qəmbər

AC OYUNLAR? ACLIQ OYUNLARI? TOFİQ YAQUBLUNUN VƏ KOMEDİYANIN SONU

Əli Kərimlinin necə məyus olduğunu təsəvvür edirəm – kişi qırx gün idi ki, Tofiq Yaqublunun dəfninə hazırlaşırdı. Yəqin, sabirabadlılar demişkən, “qəssum”unu” ütülətdirib ona yaraşan qalstuk da seçmişdi. Əgər İlham Əliyev ona güzgüyə baxmağı qadağan eləməyibsə, güzgü qabağında dayanıb Tofiq Yqublunun qəbri üstündə deyəcəyi nitqin məşqimi də eləmişdi. Hər gün hazırlıq, gərgin məşq – indi məlum olur ki, yas “qəssumu”nu geyib hüznlü nitq söyləmək ona qismət deyilmiş – Tofiq Yaqublu aclığı dayandırıb…

Bəs mən demirdim ki, biz özümüü irlandlara oxşatmaq istəyirik, ancaq tez acıyırıq?

Mən Tofiq Yaqublunun ölməyini istəyirdimmi? Əlbəttə, yox! Məni narahat və hətta pərt edən əvvəl dram, sonra hətta faciə kimi görünən sitüasiyanın farsa, bayağı komediyaya çevrilməsidir. Tofiq Yaqublunun bu aclıq performansı özünü xəcalətli və üzüqara eləməklə, indi həbsxanalrda çürüyən bütün siyasi dustaqlara miqyası çətin təsəvvür edilə bilən ziyan vurdu.

Tofiq Yaqublunun aclığı dayandıracağını mən əvvəldən güman edirdim. Azərbaycanda aclıq aksiyaları həmişə belə xəcalətli bitir. Mən Mehman Hüseynova hörmətlə yanaşıram və onun indi təklikdə ( ya da dostlarının köməyi ilə) gördüyü işi bütün müxalifətin fəaliyyətindən üstün sayıram. Ancaq Mehman Hüseynovun da türmədə aclıq aksiyası şirin bir vodevilə çevrilmişdi. Şirin ona görə deyirəm ki, Mehman Hüseynov aclıq keçirdiyi zaman yoqurt yediyini deyirdi…

Qarnı burnunda olan arvadının dalına düşüb FB-da qayınatasına azadlıq “tələb edən” Samir Həzi indi kimdir və nədir?

Nigar Həzi yazır ki, guya atasının yaxınlarda dünyaya gələcək körpəyə yazığı gəldi.

Bəs Tofiq Yaqublu aclığa başlayanda bilmirdi ki, evdə arvadı var, qarnı burnunda qızı var? Bəlkə ümid edirmiş ki, aclığın onuncu, uzağı iyirminci güündə İlham Əliyev onu buraxacaq?

İndi kim uzaqgörəndir? Kim ciddi adamdır? Kim dediyini eləyəndir?

İndi aclıq keçirməyən, ədalətsiz türmə həyatını mərdliklə yaşayan jurnalist qızlar və başqa siyasi dustaqlar üzərində türməçilərin zülmü artmayacaqmı? Tofiq Yaqublu öz dramını farsa çevirməklə təkcə özünü yox, ləyaqətlə dustaq həyatı yaşayan insanları da aşağıladı, onları daha artıq təzyiqlərə və hətta vəhşiliklərə hədəf elədi.

Yaşı altmışla yetmiş arasında olan “müxalifətçilər” könüllü istefa verib evlərində lal-dinməz otursalar, bütün ölkənin xeyrinə olar. Demokratik tələbatlı gənclik istəsə, mübariəni davam etdirər, özünə lider də seçər. İstəməsə, başını aşağı salıb yaşayar. İndiki müxalifət rəhbərləri başdan-ayağa xəcalət və üz qarasıdırlar.

Baxın, İlham Əliyevin iyirmi ildən çox hakimiyyəri zəbt etdiyini deyən İsa Qəmbər İlham Əliyevdən yeddi-səkkiz yaş böyükdür və və elə rəhbərdi ki, rəhbərdir. Gördüyü iş də LAF TV-də iki arvadla oturub mırt vurmaq.

Əli Kərimlinin işi nədir? Cangüdənlərini, şoferlərin tutdurmaq?

İndi qoy Tofiq Yaqublu özünə gəlsin, cücə-plovdan, yarpaq dolmasından (tənəklər yarpaqlayıb?)  yeyib cana gəlsin, uzağı bir həftədən sonra gərək elan eləyə ki, bütün siyasi fəaliyyətini dayandırır. Və İlham Əliyevin yumruğunun altından keçir. Mənə elə gəlir ki, İlham Əliyev onu bağışlayar. Mənə elə gəlir ki, Tofiq Yaqublya bundan sona siyasi fəaliyyətdə yer yoxdur. Çünki həm özünü, həm onunla bağlı bütün hərəkatı xəcalətli və üzüqara elədi. Tofiq Yqublu gərək bu qırx gündə həqiqətən darıxmış, ürək ağrısı tapmış bütün insanlardan üzr istəyə.

Əlikərimlilər, İsaqəmbərlər, Tofiqyaqublular istefa verəndən sonra gənclər özləri öz gələcəkləri barədə qərar qəbul edərlər. Sabah – onlarındır, əgər Sabaha İlhamla ya onun törəmələriylə getmək fikrindədirlərsə, nə deyə bilərik. Yaxşı yol! Getmək istəməsələr, özləri mübarizə formalarını seçərlər. Və ümid edirəm ki, bu mübarziə formalarının içində ac oyunlar və ya aclıq oyunları olmayacaq…

X,X.

10.05. 2025, Samara

ÖZÜMÜZÜ İRLANDLARA OXŞATMAQ İSTƏYİRİK, ANCAQ TEZ ACIYIRIQ…

İSANIN AZƏRBAYCANDA ZÜHURU, QƏMBƏR VƏ QƏMBƏRQULULAR

Pravoslav, yəni ortodox xristianlar pasxanı, yəni onların Tanrı və eyni zamanda Tanrının oğlu saydıqları İsanın ölülükdən dirilmə gününü bayram edirlər. Biz müsəlmanlar, əlbəttə, İsanı Allahın oğlu,  Pasxanı da bayram saymırıq. Ancaq Allahın hikməti dərin, mərhəməti tükənməzdir. Onun qüdrəti ilə bizim öz İsamız da zühur elədi və Mirzə Əlilə çatan xəbərlərə görə, Azərbaycanda şadyanalıqdır və müsavatçılar şələ-şələ yağlı fəsəli bişirib paylayırlar.

Şiələr əsrlərdir ki, ağalarının zühurunu gözləyirlər, gözlərinin kökü saralıb, çoxu gözləməkdən vərəmləyib dünyasını dəyişir. Müsavatçılar isə İsa Qənbərin zühurunu cəmi on il gözlədilər.

İlahi, mərhəmətinə şükür!

Biz kimik ki, bilək Allah möcüzəsini haçan, harda göstərəcək! Ancaq əli Allahın ətəyindən üzülməyənlər İsa Qəmbərin zühuruna da ümidlərini üzməmişdilər!

Ya İsa! Ya İsa Qəmbər! Gəl sürünə yiyə dur!

Deyilənlərə görə, İsa Qəmbərin bu zühurundan sonra keçirilən qurultayda qərara alınıb ki, daha müsavat partiyasını üzvlərinə müsavatçı yox, qənbərqulu deyilsin. Necə ki, bizdə Məmmədqulu, Əliqulu, Hüseynqulu, Həsənqulu deyilib, bundan sonra da qənbərqulu deyiləcək. Məsələn, partiyanın 1800 qəmbərqulusu var. Sıravi qəmbərqulular, fəal qəmbərqulular, narkotiklə şərlənib tutulan qəmbərqulu və s.

Deməliyəm ki, mənim yerlilərim, salyanlı müsavatçılar çoxdan öz oğlan uşaqlarınln adını Qənbərqulu  qoyurlar. Ona görə Salyanda Qənbərqulu çağıranda beş-altı atam birdən cavab verir. Sıravi Salyan qənbərqulularının işi-peşəsi isə acqarına çayxanalarda acı çay içib şirin-şirin söhbət eləməkdir, yeganə narahatlıqları  çayın pulunu kimin verəcəyidir…Ancaq İsanın zühuru münasinbətilə çayxanalrda yağlı fəsəliyə kürü yaxıb veriblər. Kürünün ağbalıq ya çəki kürüsü olduğu məlum deyil…

O ki qaldı Əliyə…. Yəni Əli Kərimliyə, qorxuram ki, İsa Qəmbərin zühuru ona o qədər xoş gələ ki, o da özünü istefa vermişliyə qoya, beş-altı-ildən sonra zühur eləyə…

Ya bu gedən günün Tanrısı! Özün bilən məsləhətdir…

Mirzə ƏLİL

05. 05. 2024, Samara

İLHAM ƏLİYEV MÜXALİFƏTÇİLƏRİ GÖZ BƏBƏYİ KİMİ QORUYUR…

Baxıram ki, bu Əliyev rejimi deyilən və yazılan qədər də qəddar və ədalətsiz deyilmiş. Və hətta bu rejimdə çoxlu insanpərvərlik, demokratizm varmış.

Deyirlər ki, Əliyev rejimi müxalifəti əzib suyunu çıxarır. Ola bilsin ki, bi sözlərdə həqiqət var. Ancaq bu sözlərdə yalan da çoxdur.

Müxalifəti əzən rejim bilirsiniz neylərdi? Aparıb bütün müxalifətçilərin balalarını tökərdi cəbhəyə, hamısını da ön mövqeyə, erməniylə burun-buruna. Tökür? Tökmür. Qoyur? Qoymur. Lənkəranda, Salyanda, İmişlidə, Neftçalada, Şamaxıda, Qusarda və başqa kənd rayonlarında torpağa basdırılan uçaqlar məgər müxalifətçi idilər? Məgər onların ata-anaları müxalifətçi idilər? Yox, onlar hamısı siyasətdən uzaq adamlar olublar. Uşaqlarının ön mövqeyə düşməyinin səbəbi bir şeydir: onların kasıblığı!

Bir nəfər yaralı, burnu qanamış əsgər göstərin, deyin ki, bu uşaq İsa Qəmbərin, Əli Kərimlinin və adlarının bilmədiyim başqa müxalifət rəhbərlərinin oğludur və Əliyev acıqca onu ölümə göndərib. Belə əsgər var?

Və əgər müxalifətçilərdə belə şiddətli vətənpərvərlik varsa, niyə onların uşaqları hərbi məktəblərə girib zabit olmurlar? Ordu ququculuğu müxalifətin planlarına daxil deyil?

Mən Əli Kərimlinin İlham Əliyevə yazdığı məktubu təzədən oxuyandan sonra Vikipediyada Cəbhə rəhbərinin bioqrafiyasına baxdım: Əli Kərimli “müharibədə olmuşam” deyəndə 1989-cu ildə sərhəd rayonlarına səfərini nəzərdə tutur. İnsafla deyin: 1989-cu ildə müharibə vardı?

Nə deyirsiniz deyin, Əliyev müxalifəti sevir, müxalifətçiləri də, onların balalarını da göz bəbəyi kimi qoruyur. İtkilərin siyahısına baxın, özünüz əmin ola bilərsiniz…

13.04.2016

MÜSAVAT DİVANI

Müsavat yığışıbdır,

Şıdırğı Divan gedir.

Ara çox qızışıbdır,

Su yerinə qan gedir.

 

Qubad İbadoğlu tək,

Sıradan insan gedir.

Çarpışır Koroğlu tək,

Əldən-ayaqdan gedir.

 

Partiya dəyənəyi,

Əzir, yarımcan gedir.

Hələ ki İsa bəyin,

Qurduğu dövran gedir.

 

06.01. 2015 Samara

27-LƏR POEMASI

 

 

Məclisi guruldadı,

Bakıda Müsavatın.

Nitq dedi İsa bəy,

Uca tribunadan.

Hələ eşidilməyib,

Tayı belə dokladın.

Kişilər papaq atdı,
Ağladı neçə qadın.

Qəşş elədi ürəyi

Yeddi-səkkiz arvadın.

Qəmbər dedi: “gedirəm,

Təzə başqan yaradın!”

Onda pərdə dalına,

Cəm oldu kişi-qadın.

Səs verdilər, qanunu,

Bir qram da pozmadan.

Sayb dedilər: “Arif,

İndi başqandır adın”.

Adı ikinci gəlib,

İbadoğlu Qubadın”.

Heç xoşuna gələrmi

Bu iş bir demokratın?

İndi dəstə bağlayır,

İbadoğlu durmadan.

Deyirmən istəmirəm,

Qarın cırıb qanadım.

MTN-ə yazaram,

Pozulmaz mənim andım!

06.10.2014 Samara

 

 

 

 

 

 

 

 

«NƏ AĞIR YATDI BU OĞLAN…»

2018-ci il. Bakı. Arif Hacılı İsa Qəmbəri oyatmağa çalışır.

  • İsa bəy, İsa bəy! Durun!
  • Arif, sənsən? Qoy hələ bir il də yatım, gözümün acısını almamışam.
  • İsa bəy! Nə bir il? Durun!
  • Onda qoy bir altı ay yerdəmi alım.
  • İsa bəy! Yerdəmini sonra alarsınız. İndi prezident seçkiləri başlanır!
  • Harda? Amerikada? Sən öl, Arif, bizimkilər udacaq!
  • İsa bəy, seçkilər bizdə başlanır. Siz də namizədsiniz!
  • Hələ namizədəm? Onda qoy yatım, seçilən kimi çağırarsınız, duraram… Arif, sən öl, yaxşı yuxu görürdüm, məni oyatdın. Get, Arif, indi beş-altı ay yatım, bəlkə yuxumun ardını görə bildim…

 

28.09. 2018 Samara

CƏLD OL, HACILI, YELPİCLƏ

İndi belə düşünmək olar ki, İsa Qəmbər 2018-ci ilin prezident seçkilərinə qədər yatacaq, Arif Hacılı da onu yelpicləyib milçəkləri qovacaq…

İSA BƏY, SİZ XALQI HƏRİF SAYIRSINIZ?

Qərb demokratiyalarında müxalifət partiyasının rəhbəri həm də ölkə rəhbərliyinə (prezident, baş nazir) namizəddir. Bizdə guya partiya rəhbəri istefa verir, ancaq həmin saniyə prezidentliyə namizəd elan olunur. Bunlar camaatı hərif sayırlar? Partiyaya baş katib ya baş katibə seçirlər?

MİN İL KƏLLƏ-KƏLLƏYƏ

nar

Azərbaycanda müsavat-cəbhə qarşıdurması sünni-şiə qarşıdurmasından daha qədimdir, kökü islamdan əvvəlki dövrlərə gedib çıxır. “Kitabi-Dədə Qorqud” dastanlarında cəbhəçilərlə müsavatçıların mübarizəsi geniş əks olunub. Müasir Azərbaycanda bu qarşıdurma daha da kəskinləşib. Məlumdur ki, müsavatçılar cəbhəçilərə qız verməzlər, onlardan qız almazlar. Qızı müsavatçı oğluna qaçmış cəbhəçi deyir ki, qızım ölsəydi ya da yapçıya qaçsaydı, bundan min dəfə yaxşı olardı. Müsavatçı mollalar məclislərdə cəbhəçilərə, cəbhəçi mollalar müsavatçılara lənət deyirlər. Müsavatçı valideynlər qoymazlar ki, onların uşaqları cəbhəçi balalarıyla bir partada otursunlar. Cəbhəçi kişilər heç vaxt müsavatçı dəlləklərə baş qırxdırmazlar. Məlimdur ki, müsavatçılarla cəbhəçilərin hamamları həmişə ayrı olub. Müsavatçı, ürəyi yansa da, cəbhəçi qapısına gedib su istəməz. Cəbhəçi müsavatçıya su versə, qabı sonradan ya sındırar, ya da atar zibilliyə, çünki müsavatçının su içdiyi qab yumaqla təmizə çıxmaz.
Xarici jurnalistlərin yazdığına görə, müsavatçıları cəbhəçilərdən ayırmaq çətin deyil. Müsavatçılar dolmanı yarpaqlı-yarpaqlı yeyirlər, cəbhəçilər dolmanın yarpağını soyurlar. Cəbhəçilər yeriyəndə əvvəl sol ayaqlarını atırlar, müsavatçılar isə sağ ayaqlarını. Cəbhəçilərin bığları müsavatçıların bığlarından yekədir, ancaq cəbhəçiılərin qarınları bir az kiçikdir. Cəbhəçilər and içəndə “Sən öl!” deyirlər, müsavatçılar isə “Özüm ölüm!”
Bunlar, əlbəttə, kişilərə aiddir. O ki qaldı qadınlara, onlar barədə bir söz demək çətindir, çünki müsavatçıların da, cəbhəçilərin də arvadları qıraq-bacağa çıxmazlar…

18.01. 2014-01-18

Mirzə Əil

MİLLİ ŞURA HAMAMDA

nar

                                              Üzeyir byə bənzətməBakı hamamlarından biri. Cəmil Həsənli hovuzun qırağında qətfəyə bürünüb çay içir. Kisəçilər rəqs edib oxuyurlar:
— Hamamın içində,
-İçində və çölündə,
Yay, yaz, qış-bahar,
İlham Əlyevin,
Atalıq qayğısı var.
Cəmil Həsənli: Məni prezident seçin, sizə analoqu olmayan qayğı göstərəcəm.
Bu dəmdə içəri tərəfdən İsgəndər Həmidov anadangəlmə lüt çıxır.
İ. Həmidov (hamamçıya): Brat, mən başa düşmədim, bu nə sudur!
Hamamçı: İsgəndər bəy, şollar suyudur, hələ Qəbələ suyu da qatmışam.
İ. Həmidov: Brat, məni lox sayırsan? Mən bilirəm Qəbələ suyunda kimlər çimir. Sənin suyun bozbaş suyuna oxşadı. Mən on il srok yatmışam, heç türmədə belə pis hamam görməmişəm. Mən burda qalmaram (Elə lüt çıxır)
Cəmil Həsənli. A kişilər, vallah, lap yaxşı sudur.
Əli Kərimli qurşağacan qətfəyə bürünmüş halda görünür.
Ə. Kərimli: Cənablar, əgər desələr ki, mənə bu hamamda xarici pasport verəcəklər, yenə mən bura gəlmərəm. Mənə belə hamam lazım deyil, ayda bir dəfə Saatlıya gedib Arazda çimsəm, bundan yaxşıdır. (Çıxır)
İsa Qəmbər qətfəli görünür.
İ. Qəmbər: Əfəndilər! Bilirsiniz ki, İlham Əliyev mənim hamamma da, suyuma da həbs qoyub. Qonşuda çimməyə məcburam, hərçənd qonşum yapçıdır. Ancaq belə hamamdansa, yapçı hamamı yaxşıdır. Mən bir də bura gəlmərəm. (Çıxır)
Cəmil Həsənli (hamamçıya) Vallah, bilmirəm bu bəylərə nə oldu. Hamam lap yaxşı hamamdır… Bunlar getdilər, indi gərək hamam pulunu verəm… Evdən də boş çıxdım. O telefonu ver, Rüstəm bəyə bir zəng vurum… Rüstəm bəy! Biz hamamda Milli Şuranın iclasının keçiriridik, icra pulunu verə bilmirik. Hə, üç-dörd yüz baks. İki yüz göndərirsən? Axırıncı dəfə olsun? Milli şura ya hamam? Nə, пошли мы все в баню? (hamamçıya) Rüstəm bəydən pul gələcək. Özü də deyir, hamınız hamam gedin.
Hamamçı: Ay professor, bizim millətinki elə hamamdır.
Kisəçilər oynayıb oxuyurlar:
Yay, yaz, qış-bahar,
Burda Əliyevin,
Atalıq qayğısı var…

12. 01. 14 Samara