
Nəsiminin 600 illik yubileyinin keçirildiyi 1973-cü ildə Salyan rayonunun başına əsl Nəsimi müsibəti gətirdilər: Salyanı nəinki soydular, Salyanı şaqqaladılar da…
1973-cü ildə Salyan ərazisinn bir hissəsində Neftçala rayonu yaradıldı. Əgər Nəsimi yubileyinə hazırlıq bir neçə il ərtzində aparılmışdısa, Neftçala rayonunu yaradılması barədə qabaqcadan əhaliyə heç bir məlumat verilməmişdi. Günlərin bir günü on minərlə insan xəbər tutdu ki, onları çar Rusiyasının təhkimli kəndliləri kimi yeni yaranmış rayona veriblər. Polyaklar üçün 1939-cu il sentyabrın 1-də Hitlerin Polşaya girməyi necə şok idisə, Salyan əhalisinin yarısı üçün bu gözlənilməz qərar da elə bir şok idi.
Məsələ burasındadır ki, yeni yaranan rayona Kürün sol sahilində yaşayan bütün yaşayış məntəqələri verilmişdi. İndi Salyan şəhəri ilə arasında yalın ensiz Kür çayı olan Şorkənd ya Şirvan Qaraqaşlı kəndinin adamları bir arayış üçün əvvəl Kürdən kolazla ya körpüdən keçib Salyana gəlməli, burda avtobusa minib Neftçalaya getməliydilər. Xalq arasında “alabaş” adlanan avtobuslar bu yolu bir saat yarıma gedirdilər. Neftçalada idarəyə gedib qəbula düşməliydin, məlum deyildi ki, arayışı ala biləcəksən ya yox, məmur yerində olmaya da bilərdi ya da pul üçün get-gedə salardı, beləliklə, bir arayış üçün adam bir həftə və xeyli pul itirirdi.
Mən felləri keşmiş zamanda işlədirəm. İndi də elədir. Şorkənd, eləcə də Xəlil Rzanın vətəni Pürəbbəyə qədər – Pürəbbə də daxil olmaqla – Neftçalaya “baxır”.
Xəlil Rza 1973-cü ildən salyanlı deyil, neftçalalıdır!
Kürün sol sahilini qoyaq bir yana. Salyan-Astara yolunda, cənub istiqamətində olan kəndlər də Neftçalaya verildi. O kəndlərin əhalisi Neftçalaya getmək üçün 30-40 kilometrlik yol gedib Salyana gəlirdi, sonra saat yarıma 45 kilometr yol gedib Neftçalaya çatırdı ki, bir arayış alsın və ya, məsələn, rentgendən keçsin…
Məsələ burasındadır ki, Neftçala rayonu 1940-cı ildıən 1959-cu ilə qədər də mövcud olmuşdu, ancaq haqqında danışdığım yaşayış məntəqələri həmişə Salyanın tərkibində olub.
Lap Afrikada da əhalinin başına belə müsibət gətirsəydilər, hökmən etiraz aksiyaları olardı. Bəlkə də beş-on nəfər ölərdi, 30-qırx adam yaralanardı, ancaq yəqin nəticə əldə edərdilər. Zorlanan, şaqqalanan, alçaldılan, incidilən sovet azərbaycanlısı elə sızıldaya-sızıldaya Heydər Əliyevin onların başına gətirdiyi bu müsibətə dözdü və dözür. Əslində 1992-ci ildə yaranan demokratik hökumət ilk novbədə bu rüsvayçılığa son qoymalıydı. Ancaq o vaxt kim idi adamları fikirləşən? Bilirəm ki, 1992-1993-cü illərdə Miranşah əsirləri kimi uzaq Neftçalaya verilmiş kəndləri hərbi polislər gəzir, caynaqlarına keçən yeniyetmələri maşına basıb aparır, az vaxtdan sonra basırdılar cəbhəyə. Əbülfəz vaxtında da elə idi, sonra da…
Yeni rayonun niyə yaradıldığı, onun ərazisinin və əhali kontingentinin necə formalaşdığı barədə əhaliyə heç vaxt izahat verillmədi. Xalq arasında şayiələr gəzirdi. Deyirilər ki, yeni rayonu Hydər Əliyev yerlisi və hətta qohumu olan İbrahim Qurbanov üçün yaradıb. İbrahim Qurbanov əvvəllər salyanda ən böyük təsərrüfatlardan olan 1 nömrəli sovxozun direktoru idi. Onun qəddarlığından çox danışırdılar. Yenə deyilənlərə görə, bir gün pambıq tarlasının qırağından ot biçib eşşəklə evinə aparan kəndlini saxlamış, eşşəyə ot qarışıq od vurdurub yandırmışdı… Sonra Heydər Əliyev onu rayon icraiyyə komitəsinin sədri qoydu (rayispolkom)… Onun Salyandakı fəaliyyətini, xüsusən nitqini təsvir edən çoxlu lətifələr yaranmışdı ki, onları gərək ikilikdə danışasan… “Çexoslavakiya, Yuqoslavakiya…”- bunu da onun nitqindən eşitmişdilər.
Təzə rayon yarandı, ancaq rayona ermənistanlı İbrahim Qurbanov yox, yerli Təvəkkül Sultanov təyin olundu. Deyirdilər ki, Mərkəzi Komitədə Qurbanovun namizədliyini Moskvanı təmsil edən ikinci katib Kozlov bəyənməyib. Kozlov onunla rusca danışıb, məlum olub ki, müştəri rusca bilmir. Kozlov tərcüməçinin köməyi ilə keçib azərbaycancaya, məlum olub ki, Qurbanov azərbaycanca da düz-əməlli qanmır, gərək onun yanında savadlı bir “yeraz” ola, tərcümə edə…
İki il keçməmiş Qurbanov axır ki, Neftçalaya brinci katib təyini olundu. İki səbəb vardı: həm Kozlovun yerinə başqa rus gəlmişdi, həm də Neftçalanın birinci katibi Təvəkkül Sultanov indiyəcən məlum olmayan səbəblərdən özünü ov tüfəngi ilə güllələmişdi…
(ardı var)
25. 08. 2023, Samara
