Архив тегов | öndər

HACIBALANIN ÖLÜM YUXUSU

Günərin bir günü Hacıbala Abutalıbov ölür və düşür cənnətə. Hər tərəfdə sərin bulaqlar, xurma ağacları, yan-yörəsi ala gözlü hurilər. Ancaq Hacıbalanın kefi açılmır, huriləri də itələyib qovlayır: “Bakının jurnalist qızları kimi nə ilişirsiniz mənə! Qoyun heç olmasa cənnətdə asudə nəfəs alaq də!” Ancaq yenə qanı qaradır ki,qaradır. Mələklərin böyüklərindən biri ona yaxın gəlib soruşur: “Bəlkə şəraitimizdən narazılığınız var?” Hacıbala coşur: “Narazılığım var! Mən burda öndərin heykəlini görmürəm! Öndər parkı görmürəm!” Mələk soruşur: “Bağışlayınız, adınız nədir?” “Adam Hacıbala! Sağlığımda bütün Bakı başıma and içirdi!” Mələk harasa zəng vurub Hacıbalaya deyir: “Hacıbala bəy! Bir az səbrinizi basın. Mən öyrəndim ki, siz cənnətə səhvən düşmüsünüz. Elə indicə yerinizi dəyşırlər, orda ürəyiniz nə istəsə, olacaq!”

Mirzə Əlil

YAP-IN UÇUŞU DAVAM EDİR

Azərbaycan peyki kosmosda uçuşunu davam etdirir. Uçduğu müddətdə peyk kosmosda milli öndərə on yeddi heykəl qoyub, milli öndərin 90 illiyi münasibətiylə 90 ağac əkib.

Eyni zamanda məlum olub ki, Azərbaycan peykinin adı YAP-dır — yəni Yeni Azərbaycan Peyki.

BOZBAŞ SUYUNDAN HEYKƏL

Bu yaxımlarda yolum bir kafenin qabağından düşmüşdü. Bir də eşitdim ki, “Mirzə, Mirzə, a Mirzə, hey!” deyə məni daldan çağırırlar. Qanrılıb baxanda gördüm ki, kafe sahibidir. Soydaşəımız nəhləyə-nəhləyə mənə çatıb əl verdi. “Mirzə, az qalmışdı məni infarkt vursun, a kişi, sən nə qıvraqsan, çata bilmirdim sənə. Mirzə, gedək dükana, səninlə işim var”.

Mən belə başa düşdüm ki, kafe sahibi məni yeməyə dəvət edir. Dedim bəy, vallah elə ac deyiləm, özünə çox zəhmət verib dalımca qaçmısan. Aşxanaçı gülüb dedi ki, Mirzə, bizim hamımızın sənə hörməti var, səni məcburi yedirdə bilmərəm. Ancaq mən səni ayrı şey üçün çağırıram. Elə şeydir ki, yemək içməkdən də, bütün başqa keflərdən də artıqdır. Dedim bəy, mənə qara-mara vermək fikrin varsa, nahaq əziyyət çəkirsən, mən elə şeylərə yaxın durmuram, arağın özünü içə bilmirəm. Soydaşımız daha da bərkdən gülüb dedi ki, Mirzə, başa düşmədin, qara nədir, a kişi? Sənin kimi hörmətli Mirzəyə mən qara verərəm? Dedim ay bala, mən ağa da yaxın durmuram. Qoy çıxım gedim yolumla, yoxsa arvad dava salar. Soydaşım əl çəkmədi, darta-darta aparıb məni saldı kafeyə. İkilikdə balaca bir otağa girən kimi mənə dedi ki, “otur”. Bozbaşçı küncdəki seyfi açıb başladı orda eşələnməyə. Mən gözaltı ona baxırdım, amcaq seyfin içini görmürdüm. Arxayındım ki, soydaşım seyfdən pul götürür. Yəni pulu götürür ki, mənə versin. Ürəyimdə fikirləşirdim ki, ay aman, görəsən mən nə dəyyusluq eləmişəm ki, bu aşxanaçı mənə pul verir. Qalmışdım məəttəl ki, puldan necə imtina edim, çinki kafe sahibini də incitmək istəmirdim. Nəhayət, soydaşım seyfdən aralanıb mənə yaxın gəldi, gördüm əlindəki pul deyil, bir vərəq kağızdır. O, kağızı mənə uzadıb dedi ki Mirzə, yaz bura adını, soyadını, sonra da qolunu çək. Dedim ay bala, mən nəyə qol çəkməliyəm? Dedi Mirzə, heykəl qoyuruq, sənin razılığın lazımdır.

Bunu eşidındə ürəyim qırılıb düşdü ayağımın altına. Öz-özümə dedim ki, ay namərd, sən indiyəcən soydaşlarının qədrini bilməmisən. Dallarınca ağzına gələni danışırsan, yazırsan, onlarsa yığılıb sənə heykəl qoyurlar. Utandığımdan yerə girməyə hazırdım. Dedim bəy, mən sizə çox minnətdaram, yerdən göyə qədər, ancaq mənim heykəlliyyə ləyaqətim yoxdur. Bir də hara tələsirsiniz, öləndən sonra qooyarsınız…

Soydaşım bunu eşidəndə qəhqəhə çəkib dedi ki, Mirzə, sən nə məzəli adammışsan, a kişi, heykəli sənə qoymuruq, heykəli qoyuruq ulu öndərimizə…

Bunu eşidəndə bayaqkından da bərk utandım. Başımı lap itirmişdim. Tələsik qol çəkib çıxmaq istəyirdim, ancaq yadıma düşdü ki, arvad onun razılığı olmadan kağız-kuğuza qol çəkməyi qadağan edib. Dedim bəy, məni bağışla, eynəyim qalıb evdə, eynəksiz gözüm bir şey seçmir, gedib eynəyimi götürüb gəlim…

O gündən çalışıram ki, soydaşlarımın gözünə görünməyim. Əlbəttə, həyat bir az çətinləşib, küçəyə çıxan kimi ora-bura baxıram, elə bilirəm ki, qəfildən qabağıma bir azərbaycanlı çıxacaq, bir vərəq kağızı uzadıb deyəcək ki, Mirzə, gərək bura qol çəkəsən, ulu öndərə heykəl qoyuruq. Ancaq fikirləşib görürəm ki, heykəl qoyulsa, gərək ruslardan gizlənəm. Axı bunların da səbrinin bir hüdudu var, bezdirərsən, saxlayıb tüpürərlər gözünün içinə…

Halım elə qarışdı ki, az qaldım hönkür-hönkür ağlayım. Ancaq həm arvaddan qorxuram, birdən fikirləşər bu yaşımda eşqə düşmüşəm. Həm də, deyilənlərə görə, Azərbaycanda camaata ağlamağı qadağan edirlər. Mənə danışdılar, yaxşı başa düşmədim ki, təkcə Naxçıvanda, ya bütün Azərbaycanda. Əslində bunun ikisi də bir şeydir. Vasif Talıbov yas yerində də camaatı ağlamağa qoymur. Deyir ki\ zırıltı salıb Azərbaycanın imicini korlamayın. Əslində Vasif bəy yasın özünü də yavaş-yavaş yığışdırır, deyir ki, bu millətin xatırlanmağa layiq bir mərhumu var, o da ulu öndərdir. Daha nə deyim Vasif cənablarından. Guya fərman verib ki, toylar yığışsın və bəylə gəlin telefon vasitəsiylə əlaqə saxlasınlar…

Mənim fikrinmcə, belə dahi rəhbər Nobel mükafatına Obamadan çox layiqdir, ermınilər qoymur verələr. Ona heç olmasa millət yığılıb yekə bir heykəl qoya. Elə bir xərc də istəmir. Ulu öndərə qoyulan heykəllərin qalan-qulan bürüncündən, mərmərindən toplayıb Vasif Talıbova həngamə bir heykəl yapmaq olar.

Soydaşlar, Mirzə evdədir, gətirin siyahınızı, qolunu çəksin. Ancaq arvad evdə olmayanda gəlin. Yoxsa sizə elə yaxşı sözlər deyər ki, quruyub heykələ dönərsiniz…

                        Mirzə ƏLİL

13.10.09 Samara

QAŞINMA AZARI

                 

Buranın çoxlu bərkgedən azərbaycanlılarından fərqli olaraq, Mirzə Cəlilin peyk antennası yoxdur və buna görə Mirzə Əlil vətənin şəklinə və səsinə həsrət qalıb. Ancaq bircə oktyabrın on beşində camaat Azərbaycanda elə bərkdən səs verirdi ki, mən burda açıq-aydın eşidirdim. Bir qışqırıq, bir bağırtı, bir nərilti, bir mələşmə vardı ki, gəl görəsən! Hamıdan uca Eynulla Fətullayev qışqırırdı. Ona nə qədər deyirdilərsə ki, a bala, sən dustaqsan, sən vətən xainisən, sən səkkiz il yarım iş almısan, sən səs verə bilməzsən, bu başıbəla jurnalist elə dediyini deyirdi, yəni “gərək mən səs verəm”. Sonra, eşitdiyimə görə, aparıb bunu salıblar karserə ki, orda səsi çıxmasın. Eynulla bəy başlayıb daha da bərkdən qışqırmağa. Onda əlacsız qalıb döşəniblər bunun üstünə dəyənəklə ki, bala, sən seçki qanununu pozursan, sənin seçki hüququn yoxdur. O da deyib ki, mən bu ölkənin vənandaşıyam, gərək mən də səs verəm. Siz öləsiniz, bu ləvəndin ağzına skotç yapışdırmasaymışlar, Mərkəzi Seçki komissiyasının tappataraz işi pozulacaqmış.

Hə, bunun səsi təzə kəsilmişdi ki, başladı səs verməyə “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid, qardaşı Mİrzə Sakit də qoşuldu ona. Bunları da əvvəl istədilər xoşluqla başa salsınlar ki, a bala, siz türmədəsiniz, suizin səsinizə elə bilin ki, it dəyib və belə səs möhtərəm prezidentə lazım deyil. Qardaşlar qayıdıb ki, it-zad dəyməyib bizim səsimizə və elə qıyya çəkiblər ki, bəzi Avropa paytaxtlarında da eşidilib. Güya prezident Sarkozi arvadına deyib ki, Karla, bu səs deyəsən Bakıdan gəlir, özü dı dustaq səsinə oxşayır. Karla da deyib ki, a kişi, işində ol, üzüni indi görürəm. Nə dustaq, Bakıda demokratik seçkidir, camaat sevgisindən, məhəbbətindən belə qışqıra-qışqıra səs verir. Yadında deyil, biz təzə-təzə sevişəndə necə qışqırırdıq?

Düzü, mən özüm də Azərbaycandan gələn qışqırmanı, mələşməni eşitdikcə cavanlığım yadıma düşürdü, Marksı, Engelsi, Lenini, Stalini, Bağırovu xatırlayırdım. Ah, cavanlıq!

Düzü, mən bir az bikef oldum ki, Rusiya vətəndaşıyam, yəni əslində Rusiya vətəndaşı olduğuma yox, Azərbaycanda möhtərəm prezidentə səs verə bilmədiyimə görə. Getdim Volqanın qırağına, istədim var gücümlə qışqırım, səsim gedib çata düz Bakıya, Mərkəzi seçki komissiyasına. Ancaq nə qədər güc elədim, səsim çıxmadı, çünki məni ağlamaq tutmuşdu və mən elə çay qırağında oturub hönkür-hönkür ağladım…

Burda bir həkim tanışım var, ondan soruşdum ki, ay həkim, niyə bizim camaat belə padşah sevəndir. Cavab verdi ki, bu, vergi kimi bir şeydir verilib bizim xalqa. Özü də padşahçılıq bir az oxşayır qaşınma xəstəliyinə, yəni qoturluğa. Qotur adam, üzdən iraq, nə qədər çox qaşınırsa, o qədər də çox qaşınmaq istəyir. Padşah sevənin sevgisi padşahı hər dəfə televizorda görəndə, hər dəfə səsini eşidəndə artır. Bu həkim deyir ki, güya şahsevənlərin sevgisi qanlarını elə qaynadır ki, dərilərinə qaşınma gəlir və bunlar gedib xəlvətcə padşahın heykəlinə sürtünüb dincəlirlər. Bu həkim and içdi ki, Ulyanovsk şəhərinə gedəndə şahsevər soydaşlarımızın gecəgözü milli öndərimizin heykəlinə sürtündüklərini öz gözləriylə görüb. Dedi və özü də Mirzə Əlilin başına and içdi.

İndi oturub fikirləşirəm ki, həkim bəlkə mənimlə zarafat eləyib. Ancaq zarafat eləyirdisə, bəs mənim başıma niyə and içirdi? Başınız haqqı, qalmışam lap məəttəl!

 

 Mirzə Əlil

30.10.08, Samara

 

 

 

 

 

ZALIM UŞAQLARI, BEŞ İL GÖZLƏYƏ BİLMƏYİBLƏR…

 

Mayın iyirmi səkkizində səhər açılmamış, sizdən ayıb olmasın, arvad məni dümsüklədi ki, dur, Buş zəng vurur. Düzü, bu İraq müharibəsindən sonra Buşla aram soyuqdur, ancaq zəng vuranda xala xətrin qalmasın cavab verirəm. Hə, telefonu alıb dedim  xeyir olsun, Buş cənabları, nə qulluğun. Dedi qulluq sahibi olasan, elə zəng vurdum ki, bayramınızı təbrik eləyəm. Dedim bərəkallah, Corc bəy, öndərimizin yubileyindən iki həftə krçib, indi yadına düşmüşəm? Dedi yox, Mirzə, dövlətinizin yaranmağının doxsan illiyi münasibətilə təbrik edirəm. Ağızucu “sağ ol” deyib telefonu söndürdüm. Sonra eşitdim ki, məndən sonra Bakıya zəng vurub möhtərəm prezidentimizi təbrik edib, onun da qanını qaraldıb…

Nə yubiley, ə? Nə bayram, ə? Yalan deyirəmsə, Mirzə Əlili fəxri xiyabanda Zəlimxan Yaqubla bir qəbirə  qoyasınız, o gün acığımdan arvada beş-altı çəkdim. Dedi Mirzə, mənim nə təqsirim var? Dedim kim bilir, bəlkə baban müsavat əskəri olub, Rəsulzadəyə dəstək verib, sizin tayfaya döyülmək halaldır. Bizim arvad dilini saxlayan deyil, dedi Rəsulzadə nə pislik eləyib xalqa, dövlət yaradıb dana. Dedim ondan kim xahiş eləmişdi dövlət yaratsın? Neynirdik biz elə dövləti? Neynirdik o boyda ərazini? Neynirdik o cür parlamenti ki, orda cürbəcür partiyalar ola, debatlar gedə, arvad-uşaq da bu pozğunluğa baxıb yaman günə qala? Bəs biz müsəlman deyilik? Bəs bizim qeyrətimiz yoxdur? Bizim bir dövlətimiz var ki, öndərimiz yaradıb, sonra da tapşırıb oğluna.

Bizim arvad kimi tərs yer üzündə yoxdur, qayıdıb mənə deyə ki, yaxşı dövlətdirsə, niyə gedib yaşamırcsan orda? Qolaylanıb bir yaxşı şillə vuracaqdım ağzının qstqnə, ancaq elə bu dəmdə Şirvan bəy qapıdan girib dedi ki, Mirzə, həmişə belə mehriban olasınız, gəlmişəm hər ikinizi yubiley konsertinə çağırım…

Şirvan bəylə çoxdan salamım var, keçə bilmədim, arvadı da götürüb getdim məclisə. Şirvan bəyə tapşırdım ki, danışanda gücü qoysun milli öndərə, de ki, o vaxt Rəsulzadə, Topçubaşov bir səhvdir eləyiblər, onlara aid olmayan işdən yapışıblar. Bizim dövlətimizi də, xalqımızı da yaradan öndərdir. Allah onun heykəllərini birə beş artırsın, oğlunun prezidentliyini ömürlük eləsin.

Konsertdə bir təhər tab gətirib oturdum. Ancaq Şirvan bəy səhnəyə çıxıb danışanda kürkümə birə düşdü. Elə bil kişini şeytan azdırdı. Bir kəlmə də nə öndərdən, nə möhtərım prezidentdən dedi. Arvadın qolundan tutub tez aradan çəxdım. Dedim belə yerdə adam tez ləkələnər.  Onsuz da naxçıvamlılar Buşla salaməleykimə görə məndən çox incikdirlər…

Sonraö eşitdim ki, AzTV işləri düzəldib, allah bütün kanalların ömründən kəsib versin ona. Samaranın tədbirindın məulumat verəndə Şirvan bəyin adından deyiblər ki, öndərimizdən belə danışdı, möhtərəm prezidentimizdən heylə danışdı. Sağ olsun Hacı Faiq, düzüb-qoşub. Mən, düzü, özümə görə qorxurdum. Bilirəm ki, möhtərəm prezidentimizin üzü gəlməyəcəkdi, İordaniya kralına, Misir prezidentinə deyəcəkdi, onlar da mənə zəng vurub utandıracaqdılar ki, Mirzə, bəs sən niyə müxalif bayramlara gedib regional lideri darıxdırırsan…

Şükür allaha, bəla sovuşdu. Ancaq arvadı necə vurmuşamsa, indiyəcən qulağına dərman tökdürür. Yalan deyirəmsə, mənə neft gəlirindən bir manat da çatmasın, çox tərs arvaddır. Zənnim məni aldatmır, zatında müsavatçılıq var…

                                      Mirzə ƏLİL

                                                        03.06.08 Samara  

 

 

 

BİR SIXMA TORPAQ

              
Kim deyir ki, Mirzə Əlil vətəni sevmir, başından böyük qələt eləyir. Vətəni məndən çox bircə prezidentin ailəsi sevər, bir də Kəmaləddin Heydərov. Qalan heç kim vətən sevgisində mənə yaxın gələ bilməz. Elə sevgimin artıqlığındandır ki, hər yay vətəndən qayıdanda təkcə ürəyim yox, bütün başqa yerlərim də xarab olur. Bu dəfə görünür eşq başıma elə vurub ki, sentyabr ayının yeddisində kənddən çıxmaq istəyəndə əməlli-başlı qırc olub yıxıldım. Məni ötürməyə gələnlər şivən qopardılar ki, bəs Mirzə indi ölər, bu saat ölər.  Hələ eşitdim pıçıldaşırlar ki, molla dalınca adam göndərmək lazımdır. Molla sözünü eşidən kimi huşum elə bil qayıtdı, dedim a zalım uşağı, mənə hələ molla lazım deyil, Salyan xəstəxanasına zəng vurun, həkim gəlsin. Dedilər, Mirzə, bayaqdan səni istəyənlərin hamısı zəng vurur, ancaq zəng gedib çatmır, çünki, möhtərəm prezidentimiz Salyan xəstəxanasına baxmağa gəlib. Prezident olan yerdə də rabitəni kəsirlər. Dedim ay bala, mən öləndən sonra o xəstəxana mənim nəyimə lazımdır, zəng vurun prezidentin özünə, deyin Mirzə Əlil ölür. Dediər Mirzə, prezident tapşırıb onu bircə Zəlimxan Yaqub öləndə narahat eləsinlər. Dedim a zalım uşağı, onda qoyun məni bir maşına, Bankə yolu aparıb çatdırın Neftçala xəstəxanasına. Dedilər bu yol iyirmi ildir təmir görmür, səni bu yolla aparsaq, sən də ölərsən, özümüz də ölərik…

Hə, camaat yağlıqaradan-zaddan qayırıb məni ölməyə qoymadı, sonra sağollaşıb yola düşdüm. Həmin o Salyan xəstəxanasının yanından keçəndə gördüm ki, düz xəstəxana qapısına qədər asfalt basılıb, ordan o yana yox. Mənə dedilər ki, Azərbaycan alimləri açılıb-yığılan asfalt yaradırlar, rulon şəklində olacaq. Prezident hara getsə, döşəyəcəklər ora, sonra yığıb yumurlayacaqlar. Məni öz dilini Rusiyada guya unudan qurumsaqlara oxşadanların biri belə dedi: “Ekonomiya budet do fiqa, Mirza!”

Bərəkallah! Azərbaycanlıda olan ağıl heç bir millətdə yoxdur. Qeyrətdə də bizə çatan olmaz. Bizim adam hər cür qeyrəti çəkir. Ən çox da ailə qeyrətini. Hara baxırsan, mərhum öndərimizin heykəli, muzeyi, adına salınan bağlar… Hansı millətdə belə ata qeyrəti çəkmək var? Odur ey, özbək prezidenti İslam Kərimov, gəlib Bakıda Əlişir Nəvaiyə heykəl açıb. Mənə çoxdan deyirdlər ki, özbəklər dədələrinə qiymət qoymurlar, inanmırdım, indi daha inandım. A kişi, şair kimdir ki, sən boyda prezident onun heykəlindən ötrü durub Bakıya gəlirsən. Şair lotu-potu tayfasıdır, sən dədən qala-qala Nəvaini niyə ucaldırsan? Başınız haqqı, əgər bizim prezidentimiz Nəvainin əvəzində gedib Daşkənddə dədəsinə heykəl qoymasa, adımı dəyişib Mirzə Təbil qoyaram. Onsuz da sərhəddi keçəndə başıma gələnlərdən sonra adımdan zəhləm gedir. Sərhədçilər məndən rüşvət istəyəndə dedim a bala, nə rüşvət, mən Mirzə Əliləm. Dedilər cəhənnəmə Mirzəsən, gora Əlilsən, pulu ver, yoxsa ənginə elə qoyarıq ki, bu şoğərib adın da yadından çıxar.

Pulu verməyinə verdim, ancaq başa düşmədim ki, niyə mənim adım şoğəribdir.

Vətəndən bir sıxma torpaq götürmüşdüm, ki, birdən məni Samarada basdırsalar, qəbrimə töksünlər. Gömrükçülər buraxmadılar, dedilər hərə bir sıxma aparsa, vətəndə torpaq qalmaz ki. İstədim deyəm a bala, elə gözünüz məni gördü, ermənilər o qədər torpaq götürüblər, niyə onlara dinmirsiniz. Demədim. Düzünə qalsa, üz həmişə özgədən utanır, özünkündən utanmır. İndi erməni olub özgə, bizim prezidentimiz, nazirlərimiz, generallarımız onlara nə desinlər?

Vallah, utanırlar…

Mirzə Əlil