Архив тегов | qış haqqında şeir

«AH, NƏ GÖZƏLDİR GÜNƏŞİ FEVRALIN…»

Ah, nə gözəldir günəşi fevralın,

Gözlərin artır işığı, can qızır.

Şaxtadır, əlbəttə hələ, qar qalın,

Ruhu duyulmaqdadır artıq yazın.

 

Ah, bəzənir qar şüalardan necə!

Ağ çörək üstə yaxılır sanki yağ,

Ah, anam alnında əli indicə,
Kaş ki baxa yollarıma qalxaraq…

 

Möcüzədir, ah, günəşi fevralın!

Hər cür ölüm fikri başından gedir,

Həm inanırsan ki, dirilmək də var —

Qalxıb anam bəlkə yenə yol güdür…

 07. 02. 2025, Samara

FYODOR TYÜTÇEV. “CİN ATINA MİNİB QIŞ…”

Cin atına minib qış,

Çünki bitib dövranı.

Qapıları Yaz almış,

Həyətdən qovur onu.

Hər şeydə canlanma var,

Hamı qışa “get” deyir.

Və göydə torağaylar,

Sevinclə civildəyir.

Qışsa əlləşir hələ,
Yaza deyinir artıq,

Yaz gülür qəhqəhəylə,
Hay-küyü daha artır.

İfritə cinləndi lap,

Körpəyə atdı birdən
Bir ovuc qar yığaraq.

Sonra çıxdı aradan.

Yazınsa nə vecinə? —

Yuyundu o bu qarla.

Düşmənin acığına,

Qızardı yanaqları.

1830

ruscadan tərcümə

05.02. 2022, Samara

++++++++

Фёдор ТЮТЧЕВ

Зима недаром злится,
Прошла ее пора —
Весна в окно стучится
И гонит со двора. Читать далее

QIŞ QÜSSƏSİ

3 7.jpg

Ah, bu günəş, bu şaxta

Son dəfədir bəlkə də.

Vaxtı tükənib daha,
Yola düşüb qış gedər.

 

 

Qonaq deyil dil tökək,

Qabağında diz çökək.

Başmağını gizlədək,
Yubandıraq, gözlədək.

 

 

Uzanaydı bir az da,
Dözərdik soyuğuna.

Uzana yay da, yaz da,

İlin özü uzana.

 

 

Qış çətin fəsilsə də,

Gedəndə darıxırıq.

Qışı tələsdirməyək —

Ömürdən gedir axı,..

 

03. 03. 2019

Samara

QIŞIN YUBANMAĞINDAN NARAHAT OLAN QOCA…

Qışın yubanmağından,

Narahat olan qoca!

Nahaqdır darıxmağın –

Gələr, harda qalacaq?

 

Oğul deyil, qız deyil,

Qoya gözünü yolda.

Bir də görərsən qəfil

Gəlib qapını aldı.

 

Gələr soyuqlarıyla,

Şaxtasıyla, qarıyla.

Bəlkə tamam üç ayı,

Canın-başın ağrıyar.

 

Bəlkə heç halın olmaz,

Pəncərədən baxasan.

Qış gələn kimi də yaz,

Gözləyərsən axı sən…

 

Çətin çıxarsan ancaq,

Pəncərə qabağına.

Bəlkə də qızdıracaq,

Günəş boş yatağını…

 

17.11.17

Samara