Архив тегов | qız

OĞLAN MƏKTUB ALIB

 

 

Bir məktub bir dünya veribdir ona,

Səadət – ölçüsüz, kağızsa kiçik.

Baş vurub həyəcan dalğalarına,

Zərfi yelkən kimi açır tələsik.

 

Bəlkə dağlar yıxar güclü qolları,

Bir parça kağızı tuta bilməyir.

Bəlkə də sətirlər vüsal yolları,

Büdrəyir, mənzilə çata bilməyir.

 

Oğlanın arzusu, istəyi gəlib,

Bir parça kağızda nələr var, nələr…

Məktub yox, bir qızın ürəyi gəlib,

Sinə tək titrəyir, çırpınır əllər…

 

Kağız adisə də, adiləşərmi,

Sətir cərgələrdə boy atan istək?

Bir dünya sevincin səbəbi kimi,

Bəlkə də bir ömür əzizlənəcək…

 

                                                                     29 oktyabr 1974, Ərəbqardaşbəyli

ANA

Bu da zirvə, bu da doxsan –

Yaşın kimi sevindirir?

Halsız, üzgün uzanmısan,

Tükənib gəlib-gedənin.

 

Yayın ölüb, yazın ölüb,

Gedən  — payız, gələn — payız.

Oğlun ölüb, qızın ölüb.

Nə zəng gələr, nə də kağız…

 

Bilinmir evin yaşı da,

Əfəlləyib daşı-damı.

Əynin yaş, otağın yaşdı, —

Damır, otağına, damır…

 

Neçə gündür yağış yağır,

Yol yuyulub, cığır itib.

Sönüb kəndin işıqıarı,

Pəncərəni duman tutub.

 

Sular qarışır sulara,

Dolur evə vahiməsi.

Bu sel tanrı qarğışısa,

Bəs hanı Nuhun gəmisi?…

 

16-17 okt. 2012, Samara