Архив тегов | qoca

Osip MANDELŞTAM. QOCA

 

 

Daha işıqlaşıb, dinir şeypur,

Yeddi olmuş saat.

Oyan, ey Verlenə oxşar qoca, dur,

İndi sənindir vaxt.

Yaşıl gözündə bu, biclikmi yağır

Ya uşaqlıq bəlkə.

Naxışlı dəsmalla türksayağı,

Bəzəmiş boynunu həm.

Küfrə uymuş, dinir, pıçıldayaraq,

Anlaşılmaz sözlər.

Niyyəti tövbədir, əvvəl ancaq,

Canı günah istər.

Fəhlədir görkəmi – peşman, yorğun,

Ya da məyus bədxərc.

İzi göz altda gecə yumruğunun,

Çiçəkləyir rəng-rəng.

Avazıyıb bədəsl arvadsa,

Qəzəbdən evdə bu vaxt! –

Qarşılanır söyüşlə kandarda,

Yenə sərxoş Sokrat!

 

 

A.V. KOLTSOV. QOCANIN NƏĞMƏSİ

Yəhərlərəm atımı,

Atımı-qanadlımı.

Şahindən iti, yeyin,

Çaparam, uçaram mən.

 

Düzləri, dənizləri,

Ötüb, keçib gedərəm.

Çataram, haraylaram,

Gəncliyimi geriyə.

 

Qayıdaram yenə mən,

Dəliqanlı, şux, zirək.

Gözəllərin xoşuna,

Gələrəm əvvəlki tək.

 

Əfsus! Bir yol tapılmaz,

Bir yolluq gedənlərə!

Doğmayacaq heç zaman,

Günəş necə ki, qərbdən!

1830

GÖZLƏRİ SULANAN QOCA…

Gözləri sulanan qoca,

Nə girmisən bu köşkə sən!

Nə tüfəngin, nə tapançan, —

Kişi, sən nə keşikçisən?

Boylanırsan hər addıma,

Titrəyirsən, diksinirsən.

Canın özgə malındadır,

Bu bəd ömrün səksənində.

Şorpan duru, çayın boyat,

Qarın doymaz, iştah ölər.

Kibrit baha, tütün qəhət –

Tut tüləyi pilətəyə!

Başı qalxmır yerdən itin,

Hürməyi də yadırğadı.

Qoxusuna həsrət ətin,

Yuxusunda sümük dadı.

Ağlarsan, yox ovudanın –

Torpaq alıb arvadını.

Maaş günü oxudanın 

Əyyaş oğlun avaradır.

Başın altda qədim palto,

Yuxun haram, səksəkəli.

Bəlkə gələr əldə balta,

Sübhə yaxın ömür kəsən…

                                      23.05 – 07.08. 1993 Samara

MAŞINLAR BAŞ-BAŞA, DALĞA-DALĞADIR…

Maşınlar baş-başa, dalğa-dalğadır,

Sanki yoldur axan təkərlər altda.

Kim vurub küçüyü yol qırağında?

Kim onu sürüyüb səkiyə atdı?

 

Qoca sahibini qabaqlayaraq,

Keçmək istəyirmiş yolu, indisə,

Sahibi cəsədi qucaqlayaraq,

Əlinin dalıyla gözünü silir.

 

Hər dəfə küçüyə sığal çəkəndə,

Bəlkə düşünüb ki, qoca, calanar

İt ömrü ömrünə. Anlayır indi,

Ona qalan itin günüdür ancaq.

 

Axırlar, aşırlar, dalğalanırlar,

Maşınlar baş-başa, çiyin-çiyinə.

Qara asfalt üstdə quruyur al qan,

Kimsə bu nişanı almaz eyninə…

03-04.05. 2007, Samara

Robert FROST. ƏLLİ YAŞIN DEDİYİ

                                                              

    (WHAT FIFTI SAID)

 

Cavandım, qocaydı müəllimlərim,

Odumu söndürdüm, qəliblərində

Soyuyub bərkidim. Metal çəkəni

Çəkdim, keçmişləri mənimsəyərək.

 

Indi mən qocayam, müəllim cavan,

Atılır qəlbimdən yararsız çıxan.

Səylə tikiş-yamaq mənimsəyirəm,

Gənclərin gələcək dərslərində mən.

ATLANTIN ÖLÜMÜ

 

Yay olsun, qış olsun – eyni qaydada,

Bəzən saatlrla, gün dönənəcən,

Bu qapı ağzında, bu skamyada,

Hər gün otururdu lap dünənəcən.

 

Çənəsi çəlikdə, başıaşağı,

Girənə-çıxana baxan deyildi.

Binanın o idi sanki dayağı —

Ağacı da əyri, beli də əyri.

 

Bu gün dəmirayaq skamya boşdur,

Görünmür çəlikli qoca səhərdən.

Durur çoxmərtəbə həmin duruşda,

Açılır-örtülür qapı yenə də.

 

İndi bu dünyada onu andıran,

Nə qaldı? Xidməti? Şöhrəti? Adı?

Bəlkə çəliyindən beton kandara,

Bir cızıq düşübsə, silinər o da.

 

Ovunmur, ağrınır bəlkə yaxını,

Qəlbi parçalanıb bəlkə kiminsə.

Bəlkə də kiminsə evi yıxılıb,

Həmindir nizamı yerin-göyünsə.

 

Bəlkə də çəliyi atılıb artıq,

Sabah çiyinlərdə qapıdan çıxar.

Bəlkə skamyada o vaxt bir ayrı,

Qoca oturacaq – fikirli, fağır.

 

Mənzilə tələsmir, ya da uzaqdır

Yolu, nəfəs dərir. Ömür də hərçənd,

Yolun özü deyil, dayanacaqdır,

Mənzilə çatınca nəfəs dərəsən.

 

                                                         15-19 yanvar 2008, Samara

 

QOCA

           QOCA.jpg

Döşəmədə çökük, tavanda çatlaq,

Şüşədən açıqdır rəngi pərdənin.

Kağızsız divardan tökülür suvaq –

Yaxşı ki, azalıb gəlib-gedənin.

 

Kranlar axıdır, boru paslanıb,

Qaz sızır deyəsən pilətədən də.

Qorxursan – mənzili su basa bilər,

Yanğın ehtimalı qorxudur həm də.

 

Köhnə soyuducunun narahat səsi,

Qorxursan biryolluq kəsilə, çıxa

Mühərrik sıradan. Toyuq tikəsi

İylənə, azca yağ əriyib axa.

 

Səsi də, rəngi də televizorun,

Səni baxdığından çox düşündürər.

Qorxursan qarala ekranı, pulun

Nə təzəyə çatar, nə də təmirə.

 

Təlaşlı, qayğılı gözlər anbaan,

Zamanın özü tək qədim saatda.

Yorğun əqrəblərin dayanmağından,

Qorxursan. Gedirlər – dərd olur bu da…

 

                                                          22-23.10.08 Samara