Şarl BODLER
(1821-1867)
ŞƏN ÖLÜ
Dans une terre grasse et pleine d’escargots…
İstərəm gilli və ilbiz dolu bir torpaqda,
Qazım öz əllərimlə mən özümə bir xəndək.
Uzanam, ağrı çıxa sür-sümüyümdən orda,
Uyub gedəm ləpəyə baş qoyan balıqlar tək.
Məzarı sevmirəm, həm sevmirəm vəsiyyəti mən,
Yoxdur heç ehtiyacım göz yaşına dünyanın.
Qarğa-quzğun, başım üstə yığışın mən sağkən,
Bu natəmiz bədənimdən sorun, için qanımı.
Həşəratlar! Qara, gözsüz və qulaqsız dostlar!
Şən və azad bir ölü indi qarşınızda durar.
Qayğısız, şən, çürüntüdən doğulan müdriklər,
Təəsüf etmədən gəlin yeyib məni dağıdın,
Soruşun sonra da bir ayrı əzab qaldığını,
Bir bədənçin ki, meyitlərlədir axşam və səhər.
Fransızcadan tərcümə
07-08 fevral 2015 Samara
