Архив тегов | sərhəd

SƏRHƏD

      

Göyə dəyir dirəkləri,

Məftilləri tikanlıdır.

Nə soyuqmuş ürəkləri,

Bu sərhədi tikənlərin.

 

Əsgərlidir qüllələri,

Quduz itlər pusqudadır.

Ayaq atan qüllələnər,

O tay-bu tay yas tutular.

 

Generallar sayıq durur,

Moskvadan Tehranacan.

Yaraqları ayaqdadır –

Hər təzə gün bir həyəcan.

 

Burda bölüb ayırıblar,

Bir millətin yarısını.

Məftillərlə sarıyıblar,

Sağalmayan yarasını.

 

Burda məkan parçalanıb,

Zaman qalıb hərəkətdən.

Burda vətən parçalanıb –

O tay vətən, bu tay vətən.

 

O tay-bu tay qoşalaşar,

Təndirlərin tüstüləri.

O tay-bu tay sərhəd aşar,

Çörək ətri.

 

Bu quş burda qanadlandı,

Bax, o tayda süzür indi.

Nola, məni qanadına,

A quş, alıb gəzdirəydin…

                                               10-11 fevral 1990, Samara

QƏRİB ÖLÜMÜ

Maşına nə var ki – dünən tərəvəz,

Sırağagün meyvə, cənazə bu gün.

Başqa maşınlardan yolda seçilməz,

Sürəti ləngiməz — bu qara yükün

 

Bütün ağırlığı özündən qabaq,

Maneə bilmədən çatıb ünvana.

Kənddə bölüşsə də yaxın və uzaq

Dərdlə, bircə gündə əyilər ana.

 

Vətəndə bayraqlar sənin şəninə

Enməz və çalınmaz təntənəli marş.

Biriydin çörəkçin gedən minlərin,

Pul üstündə düşdü öldüyün savaş.

 

Sərhədi keçərsən – ruhun inciməz,

(Ruhun indi aşar başqa sərhədi).

Sənə poqonlular yaxşı yol deməz –

Ölkədən ölkəyə cənazə gedir…

 

Min dəfə deyilər: ”Qibləyə tutun!”

Qəbrə qoyulunca. Eh nə fərq elər

İndi bu? Qürbətdə elə çoxunun

Hər günü keçmirmi üzü qibləyə?

 

Bacın dünənəcən qərib canına

And içərdi. İndi ölümün, adın,

Anda çevriləcək, çağırılacaq –

Bacın ölümünə inanmasa da…

27-29may 2007 Samara

 

 

 

ÖLƏNƏ VƏTƏN YAXŞI

                                 

Atalar deyiblər ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Mən də elə həmişə bunun arzusunda olmuşam. Ancaq ölməmişdən qabaq insan adətən bir az xəstə olur. Mən də bu yaxınlarda, canınızdan iraq, yaman azarlamışdım. Dedim yəqin ölümüm çatıb. Bilet alıb mindim qatara ki, tez gedib vətəndə ölüm. Qatar yerindən tərpənənəndə ürəyimə qorxu düşdü ki, deyəsən elə vaqonda öləcəyəm. Gecə elə soyuq olurdu ki, elə bil sərnişinlərin hamısı cəhənnəmə getməliydi və onlar cəhənnəm istisinə hazırlanırdılar. Rusiya sərhədində dağıstanlılar elə sıxma-boğmaya saldılar ki, huşumu itirdim, bir də Azərbaycan sərhədçisinin qışqırığına ayıldım.Gözümü açıb üzlərini görən kimi yenə halım pisləşdi.  Bildim ki, əllərində ölsəm, meyidimi erməni kəşfiyyatçısı adıyla verəcəklər təhvil. Ölmədim. Gedib çıxdım Salyana. Bir neçə gün gəzib dolanandan sonra gördüm nəsə ölümüm gəlmir, ancaq elə xəstəyəm. Dedim gedim buranın xəstəxanasına. Eşitmişdim ki, bəzəyib-düzəldiblər, prezident özü oranı iki dəfə açıb. Bir dəfə açıb, mərasim, salyanlıların xoş üzü elə xoşuna gəlib ki, iki ildən sonra yenə gedib açıb. Hə, gedib çıxdım xəstəxanaya. Həkimlər oturan yekə bir otağa girib dedim ki, əslində Salyana ölməyə gəlmişdim. Dedilər a kişi, elə gəldiyin yolla bir az geri qayıt, çünki sən elə qəbiristanlığın yanından keçib bura gəlmisən. Dedim ki, a bala, ölümüm nədənsə gəlib çatmaq bilmir, istəyirəm bir az müalicə götürəm. Dedilər ay kişi, sənin yaşında burda heç kim müalicə götürmür. Sən yaşda adamlar heç yaşamırlar da.  Gələndən bir yan-yörənə baxmamısan? Dedim ki, vallah, elə mənimki də beş-on günlükdür, özümün də səbrim kəsilib. Hələlik mənə yüngül bir müalicə yazın. Dedilər yaxşı, indi ki gəlmisən, de görək nəyin var. Dedim ki, bağışlayın, polissiz gəlmişəm. Otaqdakı adamların hamısı birdən qışqırdılar ki, a kişi, sən ağsaqqal vaxtında bura polis gətirmək istəyirdin? Utanmırsan? Bəs bilmirsən Salyan xəstəxanasına polis gətirən əskər qabağında gedər? Dedim ki, mən o polisdən demirəm, mən deyən başqa polisdir, kağızdır, pul əvəzidir. Dedilər o pul əvəzini apar ver rusa, erməniyə, bizim gül kimi manatımız var, prezidentimiz ona necə sərəncam veribsə, farağat durub, bir qəpik aşağı düşmür.  Dedim heç olmasa mənim qızmamı ölçün, yaman istilənirəm. Dedilər a kişi, ölümqabağı elə belə olur, adam əvvəl istilənir, sonra soyuq tər gəlir. Bizim xəstəxanada termometr yoxdur.  Azərbaycanda qızma ölçmək dəbdən düşüb. Prezidentimiz göstəriş verib ki, hamının temperaturu 36,6 olsun. Çünki artıq ya əskik olanda adamlar zaylayırlar, ağılları çaşır, küçəyə çıxır, müxalifələtə qoşulurlar.  A kişi, istəyirsən ki, sənə doaqnoz qoyulsun, pulunu çıxar göstər.  Biz diaqnozu pula görə qoyuruq. Hər adamın puluna uyğun xəstəliyi də var, müalicəsi də. Kimin pulu yoxdursa, onun nə xəstəliyi var, nə müalicəsi.

Əvvəl fikirləşdim ki, cibimdəki yol pulunu verib özümə bir az müalicə etdirəm. Sonra fikrimdən daşındım. Ölsəm, yaxşı, birtəhər basdırarlar burda. Arzum yerinə yetər. Ancaq birdən ölmədim? Onda necə qayıdacağam? “Sağ olun” deyib otaqdan çıxmaq istəyəndə kəsdilər qabağımı ki, beş-altı manaq çıxar at stolun üstünə, başağrısı dərmanı alacağıq. Dedim mənə başağrısı lazım deyil, başım ağrımır. Dedilər başağrısını özümüz üçün alırıq, çünki sən çox danışıb başımızı ağrıtmısan. Tez ol, kişi, yoxsa polis çağırarıq. Özü də sən deyən kağız polisdən yox, əsl polis, bığıburma, boynuyoğun. Sənə bir dənə vursa, düz gedib elə qəbiristanlığa düşərsən.

Başağrısı pulunu verib ordan çıxdım. Maşına minib gəldim Bakıya, ordan da qatarla bura. Vətəndə ölmək, əlbəttə, yaxşıdır, ancaq çətindir. Yaxşısı budur ki, elə adamın hazır ölüsü ora gedə…

 

Mirzə ƏLİL

03.03.09 Samara

 

 

Ağlatmaq nədir, mələdəcəyik!

 

Amerikalılar nə yaradırlarsa, bizim başımıza bəla yaradırlar. Elə götürək İnterneti.

Bu yaxınlarda oxudum ki, Azərbaycanın xanımlar xanımına Polşa ordeni veriblər. Dilim dinc durmadı, uşaqların anasına dedim ki, sən də adını arvad qoymusan, ancaq indiyəcən orden nədir, heç medal da almamısan. Arvad da qayıdıb dedi ki, sən də prezident kimi kişi olsaydın, bütün Azərbaycan xalqının məhəbbətini qazanaqdın, daha indiki kimi hər gedəndə polislərlə, sərhədçilərlə boğuşa-boğuşa gəlməzdin. Düzü, istədim kötəkləyəm, ancaq yadıma düşdü ki, orucluqdur düşər-düşməzi olar. Lənət şeytana deyib küçəyə çıxdım ki, gəzib hirsimi soyudam.

Əslinə baxanda arvad düz deyir. Hər vətənə gedəndə sərhədçilərlə, polislərlə boğuşuram. Bu yay deyirdim ki, daha hörmətlə gedib-gələrəm, çünki möhtərəm zat aliləri cənab prezident Əliyev xaricdə yaşayanların Azərbaycanda qeydiyyatsız qalma müddətini bir aya qaldırıb. Gedən gündən dad eləyirdim ki, mənim biletimi elə asınlar ki, bir ay tamam olmamış çıxıb gedim, yoxsa prezident fikirləşr ki, mən onu saymıram. Ancaq qohum-qatdaş nə qədər çalışdısa, istədiyim vaxta bilet olmadı, bir gün gecikdim. Qatar təzə yola düşmüşdü ki, polislər doluşdular vaqona. Bir azdan mənim qolumdan tutdular və çəkə-çəkə apardılar vaqon bələdçilərinin otağına. İçəridə oturmuş polis tapançasını sığallaya-sığallaya dedi ki, Mirzə, bəs sənin cərimən böyükdür, çünki sən bu ağsaqqal vaxtında prezesent-zad saymırsan, Azərbaycan dövlətinin qanununa tüpürürsən. Dedim ki, a kişi, mən prezidenti lap yaxşı sayıram, Azərbaycan qanununa da canım qurban, mən axı neyləmişəm. Dedi ki, a kişi, sən daha neyləyəcəksən, türkün məsəli, sən bizim anamızı…  yəni a Mirzə, sən bizim anamızı ağlatmısan, bir gün artıq qalmısan. Dedim ay bala, bilet olmadı, yoxsa neçə gündür getmişdim. Özü də bir gün nədir ki? Odur ey, ermənilər on beş ildən çoxdur qeydiyyatsız-zadsız oturublar cənnət kimi torpaqlarımızda, onlara güldən ağır söz deyən yoxdur. Elə gözünüz məni gördü? Polis dedi Mirzə, qurban olasan Rusiya pasportuna, yoxsa səni aparıb atardım türməyə, ordan bir də meyidin çıxardı, yeri get, a kişi, yava-yava danışıb möhtərəm prezidentimizin xarici siyasətini ləkələmə…

Vallah, mən bilmirəm mənim sözümdə yava nə var. Özünüz fikirləşin, məni öz yurdumda bir aydan artıq qalmağa qoymurlar. Yurd da ki, Salyandır, yayda nəfəs çəkə bilmirsən, çəkəndə də ağcaqanad ağzına girir. Ancaq bu erməni qırışmaıllar on beş ildən çoxdur oturublar Şuşa kimi, Kəlbəcər kimi cənnət guşələrdə, yaylaqlarda, gülüstanlarda, bir kişi onlara gedib demir ki, qurumsaqlar, yığışdırın şələ-şülənizi burdan…

Vallah, dərd böyükdür, deməyə bir adam yoxdur. Polisə deyirsən, türməylə qorxudur, arvada düeyirsən, cavabında elə söz eşidirsən ki, az qalırsan yerə girəsən.

Bu yaxınlarda bir soydaşımız mənə deyir ki, Mirzə, ürəyini sıxma, Samara azərbaycanlıları arasında hazırlıq gedir torpaqlarımızı almağa. Dedim a kişi, bu məlumat səndə hardandır və bu hazırlıq necə gedir? Dedi bəs xəbərin yoxdur ki, hər beş gündə bir azərbaycanlı o biri azərbaycanlını ya bıçaqlayır ya yandırır? Mirzə, bu elə-belə deyil. Bu, döyüş hazırlığıdır. Burda adam vurmaq öyrənə-öyrənə bir də gördün getdilər Azərbaycanda cəbhə bölgəsinə. Bilirsən orda neyləyəcəklər? Ermənilərin anasını ağladacaqlar. Başın haqqı, Mirzə, ağlatmaq yox ey, mələdəcəklər. ..

Fikirləşib gördüm ki, ağlabatandır. Millət elə səbəbsiz, yəni ana söyüşündən ötrü, beş-on min puldan ötrü bir-birini qırmaz ki. Yəqin fikirləri Qarabağı almaqdır. Vallah, bəlkə də biz o günü görməyəcəyik, ancaq Qarabağ gec-tez alınacaq. Deyəsən hazırlıq çox yerdə gedir. Vasif Talıbov bütün Naxçıvanı pioner dəstəsi kimi düzüb sıraya, fitə bənddir ki, qısqırtsın ermənilərin üstünə. Allahşükür müəllim də… əstəğfürullah.. Allahşükür Paşazadə cənabları da müsəlmanlarla sıx işləyir. Hay vuran kimi cəmi Azəərbaycan müsəlmanları Məkkəyə, Kərbəlaya, Məşhədə yox, cəbhə bölgəsinə gedəcəklər. İşləməyini ondan bilırəm ki, ona dalbadal hökumət ordenləri verilir. Yaxın günlərdə hacılar hacısına bir özbək ordeni də veriblər. A qardaş, bu elə-belə deyil, özbək ordeni çölə tökülməyib ki, hər yetənə versinlər.

Vallah, geci-tezi mələdəcəyik qonşularımızı!

                                                                            Mirzə ƏLİL

16 sent. 2009 Samara

 

 

 

 

RONDO

           

Pasportum cibimdə, ağlım başımda,

Biletim alınıb, pulumdan qalıb.

Vağzal meydanında düşüb maşından

Qatara minərəm, düşərəm yola.

 

Sərhədi keçəndə neçə poqonlu,

Ruhuma tüpürər, cibimi eşər.

Başsız atlı kimi çapar vaqonlar,

Təbiət dəyişər, ölkə dəyişər.

 

Sahmana salaram yatacağımı,

Sonra girişərəm yol yeməyinə.

Ağac-uğacına, ot-ocağına,

Yolların baxaram, gözüm göynəyər.

 

Zəifləyər, batar təkərin səsi,

Yüz yerdən ucalan xorultularda.

Donuq pəncərədə ay gülümsəyər —

Min il yol gedəsən duracaq orda.

 

31.08 — 04.09.08

                                                           Ərəbqardaşbəyli