Архив тегов | Şeksprin sonetləri

UİLYAM ŞEKSPİR. 92-Cİ SONET

Sonnet_92_1609

                                   But do thy worst to steal thyself away

Özünü al qaçır məndən indi sən,

Nə qədər ömrüm var, mənimsən ancaq.

Ömrümsə asılı məhəbbətindən,

Yaşaram qəlbində sevgi qalınca.

 

Onda niyə qorxum böyük küsüylə,

Ömrümə son qoyar xırda acı da.

İndi vəziyyətim heç də pis deyil,
Asılı deyiləm kefindən daha.

 

Heç də incimirəm dönüklüyünlə,

Məni xəyanətin öldürər, nə qəm.

Belə bəxtəvərlik düşərmi ələ —

Sevginlə xoşbəxtəm, xoşbəxtəm – ölsəm!

 

                              Dünyada bir gözəl varmı qənirsiz?

                              Bəlkə aldadırsan, mənsə xəbərsiz.

 

İngiliscədən tərcümə

19.03.2018

Samara

UİLYAM ŞEKSPİR 91-Cİ SONET

Sonnet_91_1609.jpg

  Some glory in their birth, some in their skill…

Bu, ağlını, o da əslini öyər,

Varından bu razı, gücündən o da.

Bu, təzə paltardan – eybəcərsə də,

Şahindən, tazıdan biri, birisə atdan.

 

Var hər həvəsdəsə ayrıca ləzzət,

Başqa sevincləri üstələyir də.

Tapmıram onlarda mənsə səadət,

Mənin sevincimə səbəb özgədir.

 

Əsildən üstündür mənə məhəbbət,
Sərvətdən zəngindir, geyimdən gəşəng.

Şahindən, atdan çox sevgidə ləzzət,
Mənimsən – hər şeyim mənim var demək..

 

                          Məndən əgər bunu sən geri alsan,

                          Olaram dünyada ən yazıq insan.

 

İngiliscədən tərcümə

18-19.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 90-CU SONET        

90 sonnet.jpg

Then hate me when thou wilt, if ever, now…

Elə nifrətini, indidən elə.

İndi dünya mənə qənimdir onsuz.

Qoşul taleyimə, döy ki, əyiləm,

Olma itkilərin ən sonuncusu.

 

Ürək bu qüssədən xilas tapan dəm,

Qısılıb bu dərdə gəlmə xəlvəti.

Yağışlı səhərlə açılar gecəm,

Yubatsan həllini aqibətimin.

 

Məni atırsansa, tələs, gözləmə,

Xırda müsibətlər haçan sarsıdır.

Səninki qoy olsun birinci həmlə,

Tale zərbəsi tək qaçılmaz, ağır.

 

             Və indi mən nəyə dərd deyirəmsə,
             Çətin dərd sayaram, səni itirsəm.

 

İngiliscədən tərcümə

18.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 89-CU SONET — İKİ TƏRCÜMƏ

SONNET 89.jpg

UİLYAM ŞEKSPİR

    89-CU SONET

                         Say that thou didst forsake me for some fault…

Desən getməyinə günahkar mənəm,

Özüm qınayaram öz günahımı.

Desən ki, şikəstəm, axsaram hökmən,

Etiraz etmərəm ittihamına.

 

Bəraət axtarıb dəyişməyinə,
Çalışma sən gözdən məni salmağa.

Elə alçalım ki, sənin xətrinə,
Məni sənə layiq görməsin baxan.

 

Çıxmaram qarşına təsadüfən də,

Əziz adını da çəkmərəm daha.

Qorxuram deyərəm kiməsə birdən,

Sevgi bağlayırdı bizi haçansa.

 

                  Sənin tək özümlə davadayam mən,

                 Sənin sevmədiyin mənə də düşmən.

 

İngiliscədən tərcümə (HECA)

17.03. 2018

Samara

 

UİLYAM ŞEKSPİR

    89-CU SONET

                          Say that thou didst forsake me for some fault,
                          And I will comment upon that offence…
 

Məni atdın sən hansı eybə görə? —

Söylə, gizlətmə, bilim eybimi mən.

Desən ki, axsağam, inan, əyərəm,

Yerişimi, sözündən incimədən.

 

Məni atsan da sən, çalışma, yarım,

Məni indən belə gözdən salasan.

Özümü mən elə gözdən salaram,

Məni görüb tanımaz bir insan.

 

Çıxmaram bir də mən sənin yoluna

Şirin adınsa dilimdən silinər,

Yığıb içimdə saxlaram olanı,

Görməz heç kəs də sevgimizdən əsər.

 

        Özümlə indi çəkişməm, hərbim,

        Sən atan insanı sevməz qəlbim.

 

İngiliscədən tərcümə (ƏRUZ)

04.10.2016

Samara

UİLYAM ŞEKSPİR. 88-Cİ SONET

Sonnet_88_1609.jpg

                          When thou shalt be disposed to set me light…

Görsəm ki, salaraq məni gözündən,

Mənə güldürürsən başqalarını,

Andpozan olsan da, yenə özümlə,

Sənin tərəfində mən vuruşaram.

+
Öz günahlarımı yaxşı bilərək,

Danışa bilərəm sənin yerinə,

Elə işlərimdən, eşidən gərək,
Məni atdığına səni bəyənə.

+

Qəlbimin səninlə bağlılığından,
Mənim də qazancım olacaq hökmən.

Özümə vurduğum bütün bu ziyan,
Sənə xeyirdirsə, bəxtəvərəm mən.

+

                         Mən sənə eşqimlə sənin kölənəm,

                          Hazıram nə günah olsa, yüklənəm.

İngiliscədən tərcümə

15.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 87-Cİ SONET

Sonnet_87_1609

Farewell, thou art too dear for my possessing…

 Gücüm qiymətinə çatmaz, əlvida,

Sən də qiymətini yaxşı bilirsən

Belə bir dəyərlə azadsan daha,

Səndəki payımı geriyə al sən.

+

İstəməsən, necə saxlaram səni,

Və belə sərvətə layiqəmmi mən?

Daha səbəbi yox bu hədiyyənin,

Sənə ixtiyardan gərək əl çəkəm.

+

Vermisən, bilmədən öz dəyərini

Ya mənim barəmdə sən yanılmısan.

İndi bu hədiyyə qayıdır geri,

Həqiqi dəyəri bilinən zaman.

+

               Şirin bir  yuxuymuş mənim olmağın,

              Taxt-tac itirirəm, haçan oyağam.

 

İngiliscədən tərcümə

14-15.03.2018, Samara

QEYD: Don Petersonun fikrincə, sonetin əvvəlində örtülü sarkazm da görmək olar: “Səni saxlamaq mənə çox baha başa gələ bilər”.

 UİLYAM ŞEKSPİR. 86-CI SONET

86 sonnet.jpg

                 Was it the proud full sail of his great verse…

 Onun şerininmi sənin izinlə,
Şimşək tək şığıyan tarım yelkəni,

Qoymur fikirlərim dilimə gələ,

Öldürür onları doğulan kimi.

+

Ruhuna ruhlarmı yazmaq öyrədib,

Şerinin zirvəsi məni sarsıdır?

Yox, salan nə odur məni heyrətə,

Nə ruhlar gətirən gecə yardımı.

+
Nə özü, nə də ki, hər gecə gəlib,

Ona hikmətləri tədris edən ruh,

Mənim sükutumun səbəbi deyil.

Qəlbimi incidən yox elə qorxu.

+

                   Onun şerində ki, səni görürəm,

                   Bax, onda əlimdə titrəyir qələm.

Ingiliscədən tərcümə

14.03.2018

Samara

    UİLYAM ŞEKSPİR. 85-Cİ SONET                     

Sonnet_85_1609.jpg

                                    My tongue-tied muse in manners holds her still…

Tərif deyənlərin dayanmır bir an,

Susur Mənim Pərim təvazö ilə.

Bütün Pərilərdən töhfə alınan,

Sözlər bəzənilir qızıl qələmlə.

+

Sən mənə fikirsən, onlara kəlmə;

Cahil ruhani tək “Amin” deyirəm,

Qabil ruh doğuran, nəfis qələmlə,

Formaya salınan hər hansı himnə.

+

Sənin tərifini eşitsəm haçan,

“Doğrudur!” deyirəm, artırıram da.

Ancaq ürəyimdə; səni hamıdan,
Güclü sevən mənəm, dilimsə laldır.

+

               Xoş sözlə xoş gəlir sənə özgələr,

               Ciddi fikrimə də ver ancaq dəyər.

Ingiliscədən tərcümə

13.03.2018, Samara

UİLYAM ŞEKSPİR.  84-CÜ SONET             

sonnet 84.jpg

                           Who is it that says most, which can say more…

Daha yaxşı deyən görən olarmı

Bu zəngin tərifdən: sən elə sənsən –

Bütün gözəlliklər səndə toplanıb,

Yaranmır hələləik bərabərinsə.

 

Kasıbdır o qələm əgər verməsə,
Yazdığı mövzuya azca təmtəraq.

Səndən yazan desə “sən elə sənsən”,

Şerinin dəyəri, hörməti qalxar.

 

Səndə olduğu tək köçürsün elə,

Təbiətin gözəl yaratdığını.

Adı bu surətlə onun yüksələr,

Üslubu heyrətə salar hamını.

 

Tərif aşiqisən, bunu hər bilən,

Bir tərif uydurur sənə xoş gələ.

 

İngiliscədən tərcümə

11-12.03.2018

Samara

  UİLYAM ŞEKSPİR. 83-CÜ SONET

sonnet 83.jpg

 I never saw that you did painting need…

Sənə, bilərək ki, rəng gərək deyil,
Heç vaxt surətinə vurmadım bəzək.

Şəninə yazalar nə qədər şeir,

Sənə borclarını ödəməyəcək.

 

Qaçdım ona görə tərənnümündən,

Səni kim görürsə, anlayır qəti:

Ləyaqətlərini sənin vəsf edən,

İndiki qələmin yox ləyaqəti.

 

Mənim sükutumu günah sayırsan,

Bu lallıq şərəfdir mənə bəlkə də.

Mən gözəlliyinə vurmuram ziyan,

Başqası təriflə onu ləkələr.

 

Bir gözəl gözündə qaynayan həyat,

İki şairini sənin qoyar mat.

İngiliscədən tərcümə

10-11.03.2018

Samara