Архив тегов | Tofiq Yaqublu aclıq

AC OYUNLAR? ACLIQ OYUNLARI? TOFİQ YAQUBLUNUN VƏ KOMEDİYANIN SONU

Əli Kərimlinin necə məyus olduğunu təsəvvür edirəm – kişi qırx gün idi ki, Tofiq Yaqublunun dəfninə hazırlaşırdı. Yəqin, sabirabadlılar demişkən, “qəssum”unu” ütülətdirib ona yaraşan qalstuk da seçmişdi. Əgər İlham Əliyev ona güzgüyə baxmağı qadağan eləməyibsə, güzgü qabağında dayanıb Tofiq Yqublunun qəbri üstündə deyəcəyi nitqin məşqimi də eləmişdi. Hər gün hazırlıq, gərgin məşq – indi məlum olur ki, yas “qəssumu”nu geyib hüznlü nitq söyləmək ona qismət deyilmiş – Tofiq Yaqublu aclığı dayandırıb…

Bəs mən demirdim ki, biz özümüü irlandlara oxşatmaq istəyirik, ancaq tez acıyırıq?

Mən Tofiq Yaqublunun ölməyini istəyirdimmi? Əlbəttə, yox! Məni narahat və hətta pərt edən əvvəl dram, sonra hətta faciə kimi görünən sitüasiyanın farsa, bayağı komediyaya çevrilməsidir. Tofiq Yaqublunun bu aclıq performansı özünü xəcalətli və üzüqara eləməklə, indi həbsxanalrda çürüyən bütün siyasi dustaqlara miqyası çətin təsəvvür edilə bilən ziyan vurdu.

Tofiq Yaqublunun aclığı dayandıracağını mən əvvəldən güman edirdim. Azərbaycanda aclıq aksiyaları həmişə belə xəcalətli bitir. Mən Mehman Hüseynova hörmətlə yanaşıram və onun indi təklikdə ( ya da dostlarının köməyi ilə) gördüyü işi bütün müxalifətin fəaliyyətindən üstün sayıram. Ancaq Mehman Hüseynovun da türmədə aclıq aksiyası şirin bir vodevilə çevrilmişdi. Şirin ona görə deyirəm ki, Mehman Hüseynov aclıq keçirdiyi zaman yoqurt yediyini deyirdi…

Qarnı burnunda olan arvadının dalına düşüb FB-da qayınatasına azadlıq “tələb edən” Samir Həzi indi kimdir və nədir?

Nigar Həzi yazır ki, guya atasının yaxınlarda dünyaya gələcək körpəyə yazığı gəldi.

Bəs Tofiq Yaqublu aclığa başlayanda bilmirdi ki, evdə arvadı var, qarnı burnunda qızı var? Bəlkə ümid edirmiş ki, aclığın onuncu, uzağı iyirminci güündə İlham Əliyev onu buraxacaq?

İndi kim uzaqgörəndir? Kim ciddi adamdır? Kim dediyini eləyəndir?

İndi aclıq keçirməyən, ədalətsiz türmə həyatını mərdliklə yaşayan jurnalist qızlar və başqa siyasi dustaqlar üzərində türməçilərin zülmü artmayacaqmı? Tofiq Yaqublu öz dramını farsa çevirməklə təkcə özünü yox, ləyaqətlə dustaq həyatı yaşayan insanları da aşağıladı, onları daha artıq təzyiqlərə və hətta vəhşiliklərə hədəf elədi.

Yaşı altmışla yetmiş arasında olan “müxalifətçilər” könüllü istefa verib evlərində lal-dinməz otursalar, bütün ölkənin xeyrinə olar. Demokratik tələbatlı gənclik istəsə, mübariəni davam etdirər, özünə lider də seçər. İstəməsə, başını aşağı salıb yaşayar. İndiki müxalifət rəhbərləri başdan-ayağa xəcalət və üz qarasıdırlar.

Baxın, İlham Əliyevin iyirmi ildən çox hakimiyyəri zəbt etdiyini deyən İsa Qəmbər İlham Əliyevdən yeddi-səkkiz yaş böyükdür və və elə rəhbərdi ki, rəhbərdir. Gördüyü iş də LAF TV-də iki arvadla oturub mırt vurmaq.

Əli Kərimlinin işi nədir? Cangüdənlərini, şoferlərin tutdurmaq?

İndi qoy Tofiq Yaqublu özünə gəlsin, cücə-plovdan, yarpaq dolmasından (tənəklər yarpaqlayıb?)  yeyib cana gəlsin, uzağı bir həftədən sonra gərək elan eləyə ki, bütün siyasi fəaliyyətini dayandırır. Və İlham Əliyevin yumruğunun altından keçir. Mənə elə gəlir ki, İlham Əliyev onu bağışlayar. Mənə elə gəlir ki, Tofiq Yaqublya bundan sona siyasi fəaliyyətdə yer yoxdur. Çünki həm özünü, həm onunla bağlı bütün hərəkatı xəcalətli və üzüqara elədi. Tofiq Yqublu gərək bu qırx gündə həqiqətən darıxmış, ürək ağrısı tapmış bütün insanlardan üzr istəyə.

Əlikərimlilər, İsaqəmbərlər, Tofiqyaqublular istefa verəndən sonra gənclər özləri öz gələcəkləri barədə qərar qəbul edərlər. Sabah – onlarındır, əgər Sabaha İlhamla ya onun törəmələriylə getmək fikrindədirlərsə, nə deyə bilərik. Yaxşı yol! Getmək istəməsələr, özləri mübarizə formalarını seçərlər. Və ümid edirəm ki, bu mübarziə formalarının içində ac oyunlar və ya aclıq oyunları olmayacaq…

X,X.

10.05. 2025, Samara

ÖZÜMÜZÜ İRLANDLARA OXŞATMAQ İSTƏYİRİK, ANCAQ TEZ ACIYIRIQ…

«RAFİQ TAĞI CƏHƏNNMƏ VASİL OLDU» DEYƏN TALE BAĞIRZADƏ ƏLİ KƏRİMLİNİ TƏBRİK EDİR…

“Azadlıq qəzeti”nin Facebook səhifəsində Əli Kərimli ilə Tale Bağırzadənin qoşa şəkli qoyulub. Əli Kərimli, şəkillərinin çoxunda olduğu kimi irişir. Nəyə irişir – bilmək olmur. Tale Bağırzadə, əsl müsəlman olaraq, irişmir. O, “həbsxanadan ünvanlanan təbrikdə o, Əli bəy (!) Kərimliyə möhkəm can sağlığı,uğur və müvəffəqiyyətlər arzu edir”.

 “Bir ömür tarixçəsi daim mübarizə, mücadilə və demokratiya naminə azadlıqlar uğrunda parlaq səhifələrlə zəngin bir həyat hekayəsinin 60-ci ili tamamlanır. Biz Əli bəyi ad günü münasibəti ilə təbrik edir, Allahdan ona möhkəm can sağlığı diləyirik.”

Bəh-bəh!

16.02.13. Tale Bağırzadə Maştağadakı Həzrət Abbas məscidində qəzəblə Qafqaz müsəlmanları idarəsinə müraciət edib soruşurdu ki, niyə bu idarə “cəhənnəmə vasil olmuş Rafiq Tağıya “mürtəd” demir.

Tale Bağırzadınin aşna-dostları Rafiq Tağını bıçaqlayıb öldürmüşdülər, ancaq ürəyi soyumurdu, tələb edirdi ki, Allahşükür şəxsən Rafiqi “mürtəd” adlandırsın.

İndi Əli (bəy yox, gədə) Kərimli şəkildə bu şiə faşisti ilə yanaşı durub irişir…

Demək lazımdır ki, “demokratik ictimaiyyət” hər il Tale Bağırzadənin doğum günlərini təntənə ilə qeyd edir.

Bir vaxt İran liberalları Parisdə Xomeyninin dalına-qabağına keçdilər, gətirib çıxartdılar başlarına. Az sonra bu liberallardan çoxunun cəsədləri avtomobil kranlarından sallanırdı… Tale Bağırzadənin Xomeynidən daha qəddar olduğunu şübhə eləməyin. Xomeyni Paris görmüşdü, mədəni insanlar görmüşdü. Tale Bağırzadə isə Xomeyni İranından başqa heç yer görməyib…

Nə deyəsən? “Azadlıq qəzeti”nə də, Əli (bəy yox, gədə) Kərimliyə də ar olsun…

Yeri gəlmişkən, Əli Kərimlinin aclıq çəkən bir qrup adama baş çəkib onları “ruhlandırmağı” onun ya sinizmini ya da qeyri-adekvatlığını göstərmirmi? Aclığı, əgər bu tədbirdə məna varsa, ilk növbədə o çəkməməlidirmi? Mahatma Qandi dönə-dönə aclıq aksiyaları keçirib. 1933-cü ildə və 1943-cü ildə küçirilən aclıqların hər biri 21 gün davam edib. Arvadı 1944-cü ildə türmədə ölüb…

Mahatma Qandi xalq lideri idi və liderliyə haqqı var idi. Əli Kərimli kimin, nəyin lideridir? Daim şoferlərini, cangüdənlərini tutduran, aclıq çəkənlərin ətrafında atılıb-düşərək boşboğazlıq edən bu demaqoq, demokratik hərəkaı bayağı bir komediyaya çevirir. Və bu komediyada özünü ən rahat hiss edən də odur. Ona görə irişir…

Tale Bağırzadə isə irişmir. Onun məramı ciddidir. Yəqin ki, daim  gözünün qabağında kranlarından cəsədlər sallanan avtomobillər sıralanır…

X.X.

03. 05. 2025, Samara

ÖZÜMÜZÜ İRLANDLARA OXŞATMAQ İSTƏYİRİK, ANCAQ TEZ ACIYIRIQ…

1981-ci il martın 1-də dustaqlar üçün “xüsusi status”un ləğv edilməyinin ildönümündə Belfastdan 9 mil aralıda yerləşən Meyz türməsində İrlandiya Respublika Partiyasının (İRA) üzvü Bobbi Sends aclığa başladı. Sonrakı günlərdə ona başqa dustaqlar da qoşuldular. Etirazçıların tələbləri:

Türmə uinformasını geyməmək hüququ

Türmə işini görməmək hüququ

Başqa dustaqlarla əlaqə və maarif və əyləncə xarakterli tədbirlərin təşkili hüququ

Hər həftə bir görüş,  bir məktub və bir sovqat almaq hüququ

Şərti-müddətdən əvvəl azad edilmək hüququnun saxlanılması

Britaniyanın baş naziri Marqaret Tetçer güzəştı getmədi və aclıq 10 (on) respublikaçının ölümü ilə nəticələndi. Sends 66 gün aclıqdan sonra üzgünlükdən türmə hospitalında öldü. 7 mayda keçirilən dəfnində 100 min adamın iştirak etdiyi deyilir.

Aclıqdan etiraz vasitəsi kimi istifadə İrlandiyada xristianlıqdan da əvvəl yaranan ənənədir. Sahibinin qapısı ağzında aclıq keçirən insan ya tələbini ona qəbul elətdirir ya da ölürdü. Aclıq vasitəsiylə ədalətə nail olmaq —  Cealachan – səkkizinci əsrdə qədim İrlandiyanın hüquq kodeksinə salınıb…

Bu gün FB-da Tofiq Yaqublunu dəstəkləyərək aclıq keçirən bir nəfərin 5 (beş) gündən sonra “səhhətinin pisləşməsi ilə əlaqədar” aclığı dayandırdığı barədə xəbərə rast gəldim.

Maraqlıdır eləmi? Mən deyərim ki, güməlidir də. Aclıq elan adam nə gözləyirdi? Səhhətinin yaxşılaşmağını? Buğaya dönüb atım-atım atılmalıydı?

Son illər nə qədər aclıq elan edib və “səhhətinin pislə.diyi ilə əlaqədar” bir neçə gündən sonra dayandırıb!

Niyə bu adamlar düşməni özlərinə güldürürlər?

Tofiq Yaqubluya belə komik həmrəylik lazım deyil. Tofiq Yaqubluya minlərlə, on minlərlə, yüz minlərlə insanın onun aclıq çəkdiyi türmənin qabağına yığışmağı lazımdır. Mən azərbaycanlıların belə bir hərəkətə və hərəkata qadir olduqlarına  inanmıram. Çünki biz zoğal dəyənək ya yumruq altında yaşamağa öyrənmiş xalqıq. Qorbaçov dövrünün kütləvi mitinqləri, balaqana, sirkə çevrilmiş Meydan toplantıları heç kimi aldatmasın. Qorbaçov heç kimi tutmurdu, Meydan ora yığışanlar üçün xalq teatrı, zorxana kimi bir yer idi.

Müharibədə fəhlə-kəndli balalarının fədakarlıqla döyüşməsi də illyüziyalar yaratmamılıdır. Dəyənəklə arvad-uşağı əzən polislər də fəhlə-kəndli balalarıdır. Nizami orduda sərt subordinasiya şəraitində döyüşə getmək və demokratik azadlıqlar, vətəndaş hüquqları uğrunda mübarizə aparmaq ayrı-ayrı şeylərdir. Rus kəndliləri dönə-dönə müharibələrdə böyük qələbələr qazanıblar, tərxis olunan kimi yenə sahiblərinin dilsiz-ağızsız iş heyvanına çevriliblər. Azərbaycanlıda demokratika azadlıqlar tələbatı yoxdur. Vətəndaş hüquqları, şəxsi ləyaqətə hörmət hissi azərbaycanlıların böyük hissəsi üçün uğrunda mübarizə aparılası, can veriləsi dəyər deyil.

Biz başı qapazlı şərq və sovet xalqıyıq. Dünənəcən bizi partkomlar, biriqadirlər, kolxoz sədrləri əzirdilər. İndi də elə o adamlar əzirlər, vəzifələrinin adları dəyişib, daha da harınlaşıbar.

Biz özümüzü irlandlılara oxşatmaq oistəyəndə komik sitüasiya yaradırıq. İrlandlıların necə qüdrətli xalq olduğu barədə təsəvvür yaratmaq üçün Britaniyanın nə qədər görkəmli şəxsiyyətinin bu millətdən olduğunu öyrənin. Birləşmiş Ştatların əhalisinin 40 faizinin irland kökü var.

Biz harda olmuşuq? İndi hardayıq? İlham Əliyevin yumruğundan başqa bizi dünyada tanıdan nəsə var?

Yoxdur!

Mən özüm qorxaq adamam, Azərbaycanda yaşasaydım, özümü lallığa və karlığa qoyardım, heç nə danışmaz, heç nə eşitməzdim, kömpüteri də onu mənə hədiyyə eləmiş adama bağışlayıb qoyun otarardım. Mən beləyəm, bunu boynuma alıram. Ancaq özünü mübariz, xüsusən siyasi rəhbər sayan adamlar yumruğun üstünə getməlidirlər. Biz daha Əli Kərimlinin nitqlərindən bezdik!

Soljenitsın “QULAQ arxipelaqı”nda litvalı dustaqlardan yazır. Litvalılar zona əsarətindən qurtulmaq üçün özləri avtomatçı əsgərlərin üstünə hücum çəkirdilər ki, güllələnsinlər…

Kimin belə cəsarəti yoxdursa, sussun. Yoxsa saf qəlbli namuslu insanları fövqəladə hərəkətlərə sövq edib cəfəng nitqlər söyləmək ayıbdır.

Vallah, ayıbdlr…

X.X.

26. 04. 2025, Samara

YUXUSUZ MÜXALİFƏT DAHA QOYUNLARI YOX, TOFİQ YAQUBLUNUN ACLIQ GÜNLƏRİNİ SAYIR…

Məlumdur ki, yuxusu pozulmuş adamlar yuxuya getmək üçün yataqlarında qoyun sayırlar: bir qoyun, iki qoyun. Bütün dünyaya yayılmış bu metodun çobanlarla bağlı olduğunu iddia edənlər var. Çobanlar axşam qoyunları yatağa gətirəndə onları bir-bir sayırlarmış. İtib-batanın olmadığına arxayın olanda çoban rahat yatırmış.

Bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycsnda da bu metoddan istifadə edənlər az deyil. Azərbaycanda, sirr deyil, yuxusu pozulmuş insan çoxdur. Hansı insanların yuxusunun pozulduğu da məlumdur. Yapçıların, milli məclis deputatlarının, polislərin, hakimlərin, prokurorların, məmurların yuxusu niyə pozulsun? Pulları zibil kimi, kefləri istəyəni eləyirlər, qayğı, fikir çəkmirlər, əsgərliyə övlad göndərmirlər. Ona görə də başlarını balışa qoyan kimi şirin yuxuya gedirlər.

Yuxusu pozulan müxalifətdir. Necə yuxuya gedəsən ki, hər dəqiqə polis qapını sındırıb içəri girə bilər? Necə yuxuya gedənsən ki, başını qoyduğun balışın altından qaçaqmal, narkotik çıxar? Başqa səbəb var: müxalifətçilərin evində gizli kameraların quraşdırılması. Vallah, bu kameralarla nəinki yuxu, hətta başqa vacib funksiyalar da pozular.

İndi biz orta statistik bir müxaifətçini təsəvvür edək. Gecədən xeyli keçib. Arvad yuxuya gedib, müxalifətçi ər Azərbaycanın qoyunlarını sayıb, keçib Gürcüstanın qoyunlarına, ancaq yata bilmir. Arvad ayılıb baxır ərinə və deyir:

— Əzizim, indi ki, yata bilmirsən, bəlkə zad eləyək?

— Nə zad?

— Şey də…

— O şey?

— Hə, o şey, çoxdan eləmirik…

— A qız, nə danışırsan, bilmirsən Əliyevin kamerası bizi çəkir? Zad, türkün məsəli, şey eləyərik, elə sabah bütün İnternet bizim nə qayırdığımızı görər..

— Düz deyirsən, əzizim. Onda mən yatım, sən də hələlik qoyunları say. Yata bilməsən, Azərbaycan polislərini say, onlar qoyundan çoxdur…

İndi məndə belə təsəvvür yaranır ki, müxalifət daha qoyunları yox, Tofiq Yaqublunun aclıq çəkdiyi günləri sayır. Cəmil Həsənli sayır, Əli Kərimli sayır… Tofiq Yaqublunu aclığı, birinci gün, Tofiq Yaqublunun aclığı, ikinci gün, Tofiq Yaqublunun acllığı, üçüncü gün… Bir Altay Göyüşov var, bilmirəm kimdir, ancaq gündə bir neçə dəfə sayır, yəqin yatmağı sevir…

Nə gizlədim, son vaxtlar mən də yuxuya getmək üçün sayıram: Tofiq Yaqublu, beşinci gün, Tofiq Yaqublu onuncu gün… Onuncu gündən o yana keçmirəm, çünki məni yuxu aparır. Əliyevlər, Paşayevlər, deputatlar, hakimlər, prokurorlar kimi pullu deyiləm, vəzifəm yoxdur, yəni həsir və Məmmədnəsir. Ancaq arsız adamam, arsız adam da  fikir çəkməz, başını daş üstə də qoysa, yuxu aparacaq…

Mirzə ƏLİL

22.04. 2025, Samara

«TOFİQ BƏYƏ AZADLIQ!» «AZAD ET!» «HALVA, HALVA, HALVA…»

“Azad et!”

“Tofiq bəyə azadlıq tələb edirəm!”

“Tofiq Yaqubluya azadlıq tələb edirəm!”

Tofiq Yaqublu aclıq elan edəndən sonra Facebook-da bu tələblərin sayı gündən-günə artır. Bir saytda 1300 (min üç yüz) gördüm. Tələbkarların sayı bu sürətlə artsa, tezliklə bir milyon üç yüz minə çatar və hətta bu rəqəmi də keçər.

Və bir milyon üç yüz min yox, bundan da çox insan İnternetdə Tofiq  Yaqublunun azadlığını tələb edərsə, nəticə sıfıra bərabər olar. Tofiq Yaqubluya azadlığı İnternetdə tələb eləməklə yorğan altında tələb etməyin elə bir fərqi yoxdur. Bir fərqi var ki, yorğan altında edilən tələbdən İlham Əliyevin xəbəri olmayacaq, ancaq İnternetdəki tələbləri ona göstərsələr, qarnı ağrıyanacan güləcək…

Qəribədir: niyə mənim soydaşlarımın canına birdən-birə elə bil taxtabiti daraşdı? Jurnalist qızlar bir əsrdir ki, türmədəirlər, niyə qaşınan yoxdur? Gərək qızlar da aclıq elan eləyələr? Türmədə olan qızlar və qadınlar bəlkə çörək qədər vacib şeylərdən mərhumdurlar və onların hər günü, hər saatı fövqəladə vəziyyətdir – niyə bu, kütləvi narahatlıq doğurmur?

Tofiq Yaqubluya bir səhifədə azadlıq tələb edən 1300-dən artıq insan kimdir? Ehtimal etmək olar ki, onların hamısı da olmasa, böyük əksəriyyəti risklə bağlı heç bir addıma qadir olmayan, demaqoqiyaya, boşboğazlığa meylli şəxslərdir. İlham Əliyev birdən Rusiyadakı kimi Facebook-u ekstremist ya da terrorçu təşkilat elan eləsə, o min üç yüzdən heç on üçü də onun səhifələrində özünü göstərməz. Riskə qadir, azadlığından və həyatından haqq işi üçün keçməyə hazır adamlar Facebook-da “Azad et” yazmağa özlərinə ar bilərlər, türmənin, məhkəmənin, prezident idarəsinin qabağına gedib tələblərini orda bildirərlər.

Azərbaycanda demokratik fikrin əhali arasında kütləvi dəstəyi yoxdur. Azərbaycanlı, əlbəttə, yaxşı yaşamaq istəyir, hər kəs özü başa düşdüyü kimi ədalət də istəyir, ancaq demokratik idarəçiliyə tələbat yoxdur. “Meydan hərəkat”ı demokratik hərəkat olmayıb. 1.Meydana yüz minlərlə insan Qarabağa görə yığışırdı. 2. Meydana yüz minlərlə insan iqtisadi vəziyyətin yaxşılaşacağı ümidi ilə çıxırdı. Sadə desək, xalq ümid edirdi ki, kommunist hakimiyyəti yıxılsa, hamı ucuz qiymətə ət alıb yeyə biləcək, işıq, qaz heçneçəyə olacaq. 3. Meydan hərəkatının önündəkilərdən heç birinin bioqrafiyasında demokratiya uğrunda mübarizə faktı yox idi. Xatırladım ki, Yerevandakı hərəkata uzun illər sovet dustağı olmuş Paruyr Ayrikyan rəhbərlik edirdi. Bakı Meydanının tribynasındakı “dirijorların” hamısı sovet dövründə yaxşı və hətta firavan yaşamış insanlar idilər. Bəxtiyar Vahabzadə hərəkatdan cəmi bir neçə il əvvəl Leninə poema yazıb Əliyevin dəstəyi ilə SSRİ Dövlət mükafatı alıb özü yemiş və debil oğluna yedirtmişdi… Sabir Rüstəmxanlı gəncliyindən yüksək vəzifələr tututb, onlarla kitabı çlıxıb… Qorbaçov  Perestroyka elan edən kimi iy bilmişdilər…3. Meydana həm də ona görə yüz minlərlə insan çıxırdı ki, onlar heç bir risklə üzləşmirdilər. 1990-cu ilin yanvarına qədər Qorbaçov kimi tutmuşdu? Meydan, burda gərək xalq ifadəsi işlədəm, arıq eşşəyin yaylağı idi. On minlərlə tələbə dərsi buraxıb Meydana qaçırdı. Sonra onların hamısına diplom verdilər… 4. Meydan demokratik hərəkat təzahürü deyildi, demokratik hərəkatdan İsgəndər Həmidov kimi nazirlər çıxmazdı… Və Meydan fəallarından çoxu sitüasiya dəyişilən kimi qaragüruhçya, yapçıya çevrildi…

28 yaşıma qədər Azərbaycanda yaşamışam, texnikumda, universitetdə oxumuşam, demokratik fikirli bir nəfərə də rast gəlməmişəm. Mən Azərbaycandan 1981-ci ildə getmişəm. Beş-altı ilin ərzində  guya demokratik fikirli yüz minlərlə adam hardan peyda oldu? Yox, o insanların əksəriyyəti, kobud desək, kabab iyinə gedirdi. Və, təkrar edirəm, Meydan hərəkatı risk yaratmırdı. Sonradan, müharibə başlayanda meydanda dörd il kabab çəkənlərin böyük əksəriyyəti qaçıb-dağıldı. Yeni yaranan orduya əsgərləri kəndlərdən burnu fırtıqlı kasıb balalarını qamarlayıb maşına basmaqla yığırdılar…

“Facebook”dakı “Azad et!” kampaniyası Azərbaycan xalqının demokratiyadan nə qədər uzaq olduğunu göstərir. Əli Kərimlinin həcmcə gündən-günə böyüyən yazılı və şifahi nitqləri adamda yalnız hiddət doğurur. Başına əlli-yüz adam yığıb küçəyə çıxa bilməyən, öz duruşuna, niqinə vurğun  bu insan nəyin, kimin lideridir?

Niyə götlərini divana basıb rahatca “Azad et!” yazanların beşi, onu Tofiq Yaqublu ilə həmrəylik aclığı keçirmir? Hə? Rus demişkən, больно жрать хочется?

Sonda Facebook qəhrəmanlarına məsləhət görərdim ki, bir quyu tapıb ağızlarını söykəsinlər və İskəndər Zülqərneyn haqqında nağıldakı kimi “Azad et!” desinlər. Bəlkə o quyuda bitən qamışdan bir çoban tütək qayırar, o tütək çalınanda “Azad et!” səslənər və bu tələb İlham Əliyevin qulağına çatar…

Və İlham Atakürük qarnı ağrıyanacan gülər….

14. 04. 2025, Samara