Архив | 01.10.2017

MİXAİL LERMONTOV. HƏM SIXINTI, HƏM KƏDƏR

LERMONTOV

MİXAİL LERMONTOV

        HƏM SIXINTI, HƏM KƏDƏR

                                            И скучно и грустно, некому руку подать…

 

Həm sıxıntı, həm kədər, kimsə yox əl verməyə,

Təlatümlər qəlbinə dolan dəqiqələrdə.

Arzular… əbəs yerə hey arzula – xeyri nə?

Ən gözəl illərisə ömrünün keçib gedər.

 

Sevmək…Kimi sevəsən? müvəqqətisə — dəyməz,

Əbədi sevgilərsə yalnız kitablardadır.

Öz içinə nəzər sal – yox keçmişdən orda iz.

Sevinc də, iztirab da, hər şey orda xırdadır.

 

Ehtiras! İtib gedər ondakı şirin ağrı,

Gec ya tez, ağlın səsi amiranə dinəndə.

Baxırsan ətrafına soyuqqanlı və ayıq, —

Boş və küt zarafatdır sanki həyat önündə.

 

Rus dilindən tərcümə

01.10. 2017

Samara