Архив | Январь 2020

BU AYDA CƏMİ BİR GÜNƏŞLİ GÜN VAR…

U LENİ

“Buz neçə santidir?” – mənimlə gedən,

Soruşur yolüstü balıqçılardan.

“Hələlik on beşdir” – üz çevirmədən,
Deyirlər, elə bil acıqlıdırlar.

 

 

Yanvarın onudur, şaxtasa hələ,
Zəifdir, buz alıb Volqanı hərçənd.
Həmişə o taya bu vaxt gedənlər,
Piyada, xizəkdə —  yenə həşirdə.

 

 

O tay genişlikdir, o tay açıqlıq,
Nə benzin qoxusu, nə maşın səsi.

Tüstülü şəhəri qoyub qaçırıq,

Gözləyir təbiət müalicəsi.

 

 

Qocalar çıxırlar qabağımıza,

Piyadası da var, xizəklisi də.

Yanağı şaxtadan var qızaranlar,
Rəngi kül kimidir bəzisinin də…

 

 

Volqanın səthində buz yürüşləri,
Gəncləri coşdurur adrenalinlə.

Qocasa, kim bilir, bəlkə düşünür,
Ömrünün üstünə yeni il gələr.

 

 

 

Çıxırlar qocalar əlli hoqqadan:

Az deyil yarığa qışda baş vuran,

Ağırlıq qaldıran, qaçan, hoppanan,

Dırmaşan, özünü ölümcül yoran.

 

 

 

Bax, qarı xizəkdə gəlir qarşıdan,
Sürüşmür, sürünür xizək elə bil.

Qarının ağzından köpük daşdanır,
Ürəyi, ciyəri gör nə gündədir…

 

 

Bataqlıq kimidir elə qocalıq,
Düşdün – canfəşanlıq evini yıxar.

Kim ki, vurnuxacaq, çobalayacaq,
Qurtulmaz, dərinə gedər daha da…

 

 

 

Bu yanvar cəmi bir günəşli gün var,
Gəlsin, gəlişinə mübarək deyək.

Qorxub qocalıqdan əgər kim qaçar,
Sonuncu mənzilə tələsir demək…

 

10-11.01. 2020, Samara

BƏYİM XALA (AĞ BƏYİM)

U LENİ

Haçan kəndə getsəm yay aylarında,
Görərdim qonşumuz Bəyim arvadı.

Tez-tez özü bizə gələrdi, ya da,

Yol üstdəki arxda nəsə yuyardı.

 

 

Alnımdan öpərdi, ağlayardı da,
“Xeyrulla, gəlmədin niyə, ay bala,

Saçın, saqqalın da ağarıb daha,

Səni qəriblikdi qocaldan belə…”

 

 

Salyandan o yana getməyən arvad,
Bilirdi deyəsən qəriblik nədir…

Axı öz elin də bəzən olur yad,
Qəriblik çəkən var öz evində də…

 

 

Ürəyi yumşaqdı  Bəyim xalanın,
Qoşulub ağlardı dərdli görəydi.

Cibində  şirnini, ya da almanı,
Saxlardı bir uşaq sevindirməyə.

 

 

Səsi həm ürkəkdi, həm də hüznlü,

Quruyub getmirdi yaşı gözündən.
Deyirdi haçansa təklik üz verib,
Ağlayıb, şeir də qoşub özündən…

 

 

Bəyim xalanın dediyi şeir:

“Qaldım dağlar, daşdar arasında,
Kirpiklərim qannar, yaşdar arasında.

Mənə cəfalar oldu,
Qohumlar, qardaşdar arasında….”

 

08. 01. 2020, Samara

“AÇDIR QAPISINI, TANRI, CƏNNƏTİN…”

U LENİ. KİNO

Yaxşı fikirləşsək, hələ ki, boşdur,
Cənnət, həm cəhənnəm. Axı, yox bilən,
Haçan İsrafilin şeypuru dinər,

Qəbrini tərk edər bəşər övladı.

 
Odun qalaqlanıb, neft iyi gəlir,

Yanmır ancaq hələ cəhənnəm odu.

Tiyanların sayı-hesabı  yoxdu,

Hələ qurğuşunsa əridilməyir.

 

 

Zəncir şələ-şələ, baxasan hara,
Qığılcım yayılır həlqələrindən.

Zəqqum ağacııdır bitən, bar verən,
Meyvəsi hələlik yığılıb qalar.

 

 

Cənnət də! Cənnət də boş qalıb axı!

Ora nə soyuqdur, istidir nə də,
Kərpici qızıldan, ətirli həm də,

Hansı meyvə yesən, ürəyi yaxır.

 

 

Orda qaragözlü hurilər də var,

Mirvari kimidir hər biri, nadir.

Onlara nə insan, cin dəyib nə də,
Qocalan deyillər əbədi onlar.

 

 

Süd axır arxlardan, axır şərab, bal,
İstəsən, ağzını söykə Qövsərə,
Nə düşsə xətrinə, yeyə bilərsən,
Orda günah yoxdur, kef və məzə var.

 

 

Çalınır Bethoven, çalınır Şopen,
Qıy vurur Freddi, ürəklər qopur.

Susur İsrafilin fəqət şeypuru,

Haçan çalınacaq – yox bilən, deyən.

 

 

 

İlahi, bir yana yer altdakılar,
Təşnədən yanan var yer üzündə də!

Var əlsiz-ayaqsız, var üzülən də,
Qaçqın var, yurduna həsrət olan var!

 

 

Saysızdır sinəsi dağ-dağ olanlar,
Bala itirənlər, başı itənlər

Başlarına zülm gətirilənlər,

Topa tutulanlar, bombalananlar…

 

 

Çaldır şeypurunu, ilahi çaldır,
Açdır qapısını cənnətin daha,
Xəstəni, miskini qaldır ayağa,

Keçib günahından cənnətə çağır.

 

 

Azarlı uyusun mütəkkələrdə,
Soyusun ürəyi faciəlinin.

İki gün cənnətdə gecələyənin,
Çəkilib qoy getsin yuxuyla dərdi.

 

 

Tanrım, aç qapını, aç müvəqqəti,
Çağır həyatından yorulanları.

İsrafil şeypuru elə gurlasın,

Gəlib diri ikən görək cənnnəti.

 

 

Bizi şübhələrdən, İlahi, çıxar,
Çağır Ərşə yaxın, çöhrəni görək.
Bilirik cəhənnəm söhbəti gerçək,
Göstər cənnətini sən bizə axır…

 

06-07. 01. 2020, Samara

 BÜLBÜL

U LENİ

Təzə duyulan tək yazın nəfəsi,

Qalın söyüdlükdə, Kür qırağında,
Ertədən dinirdi bülbülün səsi,

Yorulmur, qalmırdı oxumağından.

 

 

 

Özü görünmürdü, necə baxaydın,
Bülbül zalım oğlu (ya zalım qızı?),

Elə bil quş deyil, ruhdu oxuyan,
Ruhu dinləyənin göyləri gəzir…

 

 

Uşaqdım o vaxtlar. Bülbülün səsi,
Məni haldan-hala salardı hökmən.

Bilirdim sevgidən söyləyir nəsə,
Amma nə — bilmirdim onda hələ mən…

 

 

Söyüddən, qovaqdan, qızılağacdan,
Bülbülün səsini çox eşitmişəm.

Qızıl gül üstündə ancaq heç zaman,
Onu nə eşitdim, nə də gördüm həm.

 

 

Vurğunu kəpənək, arıdır gülün,
Başına dolanan, öpən də incə.

Sıxlıq, ucalıqdır yeri bülbülün,

Oxuyur hər  səhər, oxuyur gecə.

 

 

Bəlkə min illərdir nəsillər aşıb,
Ölkədən ölkəyə keçib yayılan

Belə əfsanə var: gülə aşıqdır,
Guya ki hər bülbül, ürəyi də qan.

 

 

Hardadır mənşəyi şayiələrin?

Söz çıxır, ağızdan keçir ağıza.

Susdura bilərmi miyon şairi,
Bülbül zalım oğlu (ya zalım qızı?)…

 

05.01. 2020, Samara

İKİ MİN ON DOQQUZ

2

Altmış milyona qədər təxminən,
İnsan ötən ildə gedib dünyadan.

Bu qədər yaşayır İtaliyada,
Çoxdur Fransada bir az deyəsən.

 

 

“İki min on doqquz” avtoqraflı
Nə qədər daş varsa, yığılsa əgər,

Möhtəşəm bir ölkə yarana bilər,

Yaslı, turistlərin üzünə bağlı.

 

 

 

İndisə sevinclə fəqət qarşılar,
Planet iki min iyirmincini.

Nikbin, təntənəli nəğmələr dinir,

Unudub insan ki, Şopen marşı var.

 

 

 

Ölüm var içində saniyənin də,

Sayı, mən yazınca bu sətirləri,

Təzə ildə həyat itirənlərin,

Keçdi altı yüz on yeddi mini də…

 

04. 01. 2020, Samara

 

“UZUN ÖMÜR ARZULAMA…”

U LENİ. KİNO

Mənə yaxın, əziz olan,
Dost sayan ya dost deyən:

Uzun ömür arzulama,
Uzun ömrü neynirəm!

 

 

İndiyəcən yaşanılan
Bu müddət bəs azdımı?

İldir, ötür – nədir qalan? –

Yox heç barmaq izim də.

 

 

Günün günə bənzəri var,
Hər qürubsa fərqlidir.

Uzun ömür arzulama –

Gedim – bilin kim gedir…

 

02. 01. 2019, Samara

KOROĞLU

U LENİ. KİNO

Qəhrəman Koroğlu başına yığıb,
Harda ki, dəlisov ya dəli varsa.

Uca Çənlibelin başına çıxıb,

Ordan həmlə edir Bağdada, Qarsa.

 

 

Yüz deyil, min deyil dəlinin sayı,

Yeddi min yeddi yüz yetmiş yeddidir.

Hələ əl-ayaqda işləyən ayrı,

Mehtərlər, nökərlər neçə min edir.

 

 

 

Hər dəli yanında gözəl xanım var,

Hər xanım yanında – tumar verəni.

Hər gün ziyafətdir, ya toy qurular,

Yox ancaq buranın bir iş görəni.

 

 

 

Yoxdur işləyəni, hamısı yeyən,

Dəli ya vuruşur, ya yeyib-yatır.

Nə bir tikinti var, nə də sənaye,

Nə alver, nə də kənd təsərrüfatı.

 

 

 

Tacir karvanları gündə çapılır,

Xanımlar oğurluq malı geyirlər.

Sarsılır əsası sahibkarlığın,

Azad ticarət də sarsılır belə.

 

 

Dəlilər çıxırlar ceyran ovuna,

Sayı cəmdəklərin çatır əlliyə.
Yoxdu dəlilərdə elm-zad qanan,
Ya qırmızı kitab, ekologiya.

 

 

Xanımlar elə ki, harınlığından,
“Gəlsin durna teli deyirlər bura!”.

Durub bambılı tək gedir Bağdada,

Üç dəli, orda da qarışır ara…

 

 

Aşıq paltarını geyib Koroğlu,
Gedir kəşfiyyata Ştirlis kimi.

İki batman düyü, bir yekə toğlu,
Yeyərək qarnını yaxşı bərkidir.

 

 

 

Yeyib-yatan zaman Koroğıu Qarsda,
Çənlibel Nigarın öhdəsindədir.

Elə bil Raisa Qorbaçovadır,

Zəhmini hiss edən özündən gedir.

 

 

Yırtır  Ərzrumda özünü Cünun,

Paşa dəvət edib korporotivə.

Boşalıb, görünür, aşığın cibi,
Yoxdu Çənlibeldə axı pul verən…

 

 

Belə qəhrəmandı bizim Koroğlu,

Söküb talayırdı, yeyib gəzirdi.

Neçə min dəliylə mehtərin oğlu,
Basırdı, kəsirdi, vurub əzirdi…

 

 

Bəzi ölkələrdə var heykəlləri,
Qıratın belində, qılınc əlində.

Biri bir söz deyə indikilərin,
Zindana gedəcək əli dalında…

 

01. 01. 2020, Samara