“AH, BURA NECƏ DƏ GÖZƏL GUŞƏDİR…”

U LENİ

Ah, bura necə də gözəl guşədir!

Yuxudur elə bil göz önündəki.

Baxırsan – bir yanın yaşıl meşədir,
Bir yanın da göldür, üzür ördəyi.

 

 

Ah, evlər necə də qəşəng və zəngin,
Heyf ki, boyumdan ucadır hasar.

Gözəl həyətlərdə gəzirlər yəqin,

Ağlını başından alan xanımlar.

 

 

Yaşaya biləydim ah, belə yerdə!

Bu gölün üstündə evim olaydı!
Onda heç ağlıma ölüm gələrdi?  

Ölümü özümə yaxın qoyardım?!

 

 

Dalımca gəlsəydi ölüm mələyi,
Burcudar, qaçardım, basardım küyə.
Dəli Domrul kimi, indi nə deyim,

Çıxardım zalımla bəlkə küştüyə.

 

 

Basılsam, hönkürər, yaş axıdardım,
Ki, bəlkə canalan insafa gələ.

Elə Domrul kimi yaxınlarımdan,
Adam axtarardım … yerimə ölə…

 

 

Elə alçalardım mələk önündə —

Yəqin öz gözümdən düşərdim özüm.

Yala dil çıxaran itin günündə,

Ömür diləməkdən yaxşıdır ölüm…

 

 

O gözəl guşələr bəlkə fitnədir,
Yaxşı ki, otağım qəbir kimi dar.

Həyat şirin gəlir mənə də hərdən,

Qəlbim ölümü də hərdən arzular.

 

 

Hazıram, mələyin, İlahi, gəlsin,

Nə mala həvəsim, malım var nə də.

Nə yaş axıdaram, nə çıxar səsim,
Taleyə baş əyib həqir gedərəm.

 

 

 Polis qabağında başıaşağı,

Qandallı gedən tək gedərəm elə.

Şirin fitnələrdən, Tanrım, uzağıq,
Hazırıq, haçan ki, mələyin gələ…

 

12. 05. 2020, Samara