Yenə qışqırırdı yuxumda məməm,
Deyirdi: “Hardasan, gəl, ay Süleyman!”
Harayı gəlirdi mal yatağından,
Qaçdım başılovlu, qaranəfəs mən.
—
Aşıb süd vedrəsi, yerdə ağartı.
Sarsıldım süd üstdə qanı da görcək.
Alıb buynuzuna dəlisov inək,
İndicə çırpacaq yerə arvadı…
—
Diksinib ayıldım, məməmin səsi,
Getmirdi hələ də qulaqlarımdan.
Yerə süd dağılıb, süd üstündə qan,
Yandırır içimi ana tənəsi.
—
Sağ ikən məni də çağırıb anam,
Buynuza sancılıb hərlənən zaman.
Süd yerə calanıb, südə axıb qan,
Haray eşitsəm də, ayılmamışam.
—
Qışqırır, qışqırır məməm yuxumda,
Diksinib dururam, ağlayıram da.
O südü torpağa mənəm caladan,
O qanı süd üstə mənəm axıdan…
18.12. 2021, Samara
