Bağlanıb ayaqları,
Böyrü üstə yıxıblar.
Üzü qibləyə sarı,
Gözlərindəsə yaş var.
—
İtilənibdir bıçaq
Kəsən bilir işini,
Bədəndən ayıracaq,
İndi qoçun başını.
—
İslanıb boynu tərdən,
Göz yaşı axıb gedir.
Yox hünəri tərpənə,
Qoç oğlu qoç deyildir!
—
Hər quşun, hər heyvanın,
Ağacın, çiçəyin də,
Yaradanı var yəqin.
Bəlkə yalvarır indi,
—
Yaradanına Qurban
Mərhəmət diləyərək.
Yaxınlaşınca zaman,
Ya da deyir «kaş gərək,
—
Kor ya axsaq olaydım,
Quyruğu kəsik həm də.
Buynuzlarım sınaydı,
Ya da kəllələşəndə.
—
Başım üstdə bıçaqlı —
Qoç oğlu qoç yaranan,
Ölür ayağı bağlı.
Yaranmayaydım heç mən!»
—
Çəkər tiyəni indi,
İşini bilən kişi.
Baş ayrılar bədəndən –
Budur dünyanın işi…
09. 07. 2022, Samara