
SÜLEYMANLILAR: BİLQEYS



Vay halına o kəsin ki,
Böhtan atar, tənə edər.
Yığar pulu, malı-mülkü,
Yığar axır günə qədər.
Ümid elər ki, sərvəti,
Yaşadar onu əbədi.
Fəqət o sarsıdıcı,
Oda atılacaqdır.
Hardan bilə bilərdin,
Sarsıdıcı od nədir?
Allahın alovlanan
Odudur ki, yüksəlir,
Üstündə ürəklərin.
Uca sütunlar üstdə,
Qapanır qübbə kimi.
02. 09. 2022

Görmədinmi sən məgər,
Sənin Rəbbn neylədi
Filin yiyələrinə?
Bütün hiylələrini
Yanlış və heç elədi.
Göndərdi qatar-qatar
Quşları üstlərinə.
Quşlar daşa basdılar,
Bişmiş gildən onları.
Dəni yeyilib gedən,
Zəmiyə döndərdilər.
02. 09. 2022, Samara

Doğruymuş dediyi Çaadayevin,
Rusiya dünyaya dərs verir yenə:
“Baxın, eləməyin mən eləyəni,
Mən yaşayan kimi siz yaşayın nə”.
—
Bu güm məktəblərdə çalınan himn,
Top atəşi kimi qulağı dəlir.
İsgəndər, Uraqan, Qrad tək dinir,
Zəng səsi dərsə yox, hərbə səsləyir.
01. 09. 2022, Samara

Gecə yolçusu və səmadır andım!
Nə biləsən gecə yolçusu nədir!
O, ulduzdur, deşər zülməti, yarar.
Hər kəsin üstündə qoruyanı var
Və insan bilsin ki, yaranmış nədən —
Yaranmışdır axıb tökülən sudan.
Çıxır beldən və döş sümüklərindən
Tanrı qadir onu geri döndərə.
Sınağa çəkilər o gün sirrlər.
İnsanın nə gücü var, nə köməyi.
And olsun yağışlar yağdıran göyə!
And olsun çatlayan torpağa həm də!
Bu Söz ayırandır həqiqətən də!
Və, əlbəttə, bu Söz zarafat deyil.
Onlar böhtan atır, qururlar hiylə.
Onlardan üstünəm mənsə hiylədə
Sən də kafirlərin vaxtını uzat,
Bir az möhlətini onların yubat.
30-31. 08. 2022, Samara

Elə ki, sarsılar zəlzələdən yer,
Bətnindən yükünü elə ki, atar,
İnsan deyər: “Bunu tərpədən nədir?”
O gün yer danışar nə olmuş, nə var.
Ona vəhyi gələr çünki Tanrının.
O gün topa-topa gedər adamlar,
Baxıb görməyə öz əməllərini;
Və zərrə qədər də xeyir iş görən,
Və zərrə qədər də şər iş törədən,
Görər əməlini həmin gün yəqin.
29. 08. 2022, Samara
Təşnə ərəb basaraq yanan qumlara ayaq,
Dayanıb dincəlmədən yol gedir su dalınca,
Dərinlikdən suların sərinini duyaraq.
Tapır və lay-lay qazır ovcuna su dolunca.
=
Musiqi təşnəsiyidi beləcə soydaşım da,
Onu dəridə, simdə, saxsıda duyurdu həm.
Ovsunlayardı əllə, nəfəslə, çubuqla ya,
Ucalan nəğməsiylə dolurdı birdən aləm.
=
Yerin yeddi qatından təşnə ərəbə necə
Çatır suyun sərini, çatır bəlkə ətri də,
Musiqi də çatırdı sənətkara eləcə,
Gizlənsə də ağacda, saxsıda ya dəridə.
30. 08. 2022, Samara

Göndərdik həqiqətən.
Onu Qədr gecəsi.
Nə dərk edərsən ki sən,
Nədir Qədr gecəsi?
+
Min aydan xeyirlidir,
Qədr gecəsi yəqin.
Mələklər və ruh enir,
Tanrıdan alıb izn.
+
Onun hər cür əmrini
Yetirələr yerinə.
+
Dan sökülənə qədər,
Əminlik hökm sürər.
28. 08. 2022, Samara

ölümünün ildönümünə
Qocalıq, qocalmaq cürbəcür olur,
Yaş həmin, görünüş ayrıdır ancaq.
Çoxlarında əldən, ayaqdan qabaq,
Yaddaş zəifləyir, tamam ya ölür.
—
Qapıdan on addım aralananda,
Qayıdıb tapmırsan sonra evini.
Küçələr, binalar tanınmaz, yeni,
Üzləri naməlum adamların da.
—
Ötüb-keçənlərdən qalırdı adlar,
Onlar da yaddaşdan indi silinir.
Daşıyır xəlvəti oğru elə bil,
Uzun ömür boyu yığdığın nə var.
—
Dilinin ucuna eləsi gəlir,
Şütüyüb geriyə yenə qayıdır.
Qəlbini göynədir həsrəti adın,
Hikkədən gözündə yaş gilələnir.
—
Qorxuram çıxmağa mən də qapıdan.
Sıxlıqda, dumanda qorxuram itəm,
Düşüb itə evin açarları həm,
Unudam qəfildən öz adımı da.
—
Sonra küçə-küçə vurnuxaram mən,
Gəzərəm nəfəsdən düşənə qədər.
Ağappaq saçımı külək yellədər.
Şəhər dəlisinə bənzədər görən.
—
Birdən qulağımda anamın səsi,
Dinər – tanıyaram onu bir anda,
Dinər — diksinərəm görüb dumanda,
Anamım çıraq tək yanır çöhrəsi.
—
Adımla çağırar, ürəyim əsər,
Xatırlaram kiməm və nədir peşəm.
Anamın səsini itirməmişəm,
İlahi, nə yaxşı indiyə qədər….
28 avqust 2022, Samara