Xəbər gəldi Bodruma,
Hücum olub orduma.
Lüt çıxaraq hamamdan,
Tələsirəm yardıma.
Xəbər gəldi Bodruma,
Hücum olub orduma.
Lüt çıxaraq hamamdan,
Tələsirəm yardıma.
Azərbaycandakı irtica, kütləvi həbslər vicdanlı hər kəsdə bu sualı doğurmalıdr: ölkənin iyirmi faizi işğal altındadır yoxsa səksən faizi?
«Журналист» Эйнулла Фатуллаев осуществил свой очередной проект: арестована правозащитница Лейла Юнус.
Orucluq ayının ilkin nəticələri məscidlərdə elan edilib. Məlum olur ki, dünya müsəlmanlarının əksəriyyətinin orucunu Allah qəbul etməyib. Orucu qəbul olunmayan millətlər arasında azərbaycanlılar liderdirlər. Azərbaycan bölgələrindən Salyan birinci yerdədir.
Dostoyevski “Don Kixot” romanı haqqında belə yazır:
“Bütün dünyada bundan dərin və güclü əsər yoxdur. Bu, hələlik insan fikrinin ən son və ən böyük sözüdür, bu, insanın ifadə edə biləcəyi ən acı ironiyadır, və əgər dünya bitsəydi və orda, hardasa, insanlardan soruşsaydılar: “Deyin, yer üzündə həyatınızı başa düşdünüzmü və onun haqqında hansı nəticəyə gəldiniz?” – onda insan dinməzcə “Don Kixotu” uzada bilərdi: “Budur yer üzündəki həyat barəsində mənim çıxardığım nəticə — ona görə məni mühakimə edə bilərsinizmi?” (tərcümə mənimdir –X.X.)
Burda Servantesin romanına yüksək qiymətdən başqa maraqlı olan bu əsərin bir növ İncildən üstün tutulmasıdır, axı İncil də “yer üzündəki həyat”ın, İsanın dünyəvi həyatının tarixidir. İsa haqqında isə Dostoyevsri belə yazırdı: “Yer üzündə təkcə bir müsbət gözəl şəxs var – Xristos”.
Quranda deyilir ki, hər icma qiyamət günü öz kitabıyla mühakimə olunacaq. Və hər insanın da öz kitab seçimi ola bilər. Kəlbəcərli Dilqəmin haqqında oxuyandan sonra fikirləşirəm ki, “Həyatda nə başa düşdünüz sualına” cavab kimi biz azərbaycanlılar bu Dilqəmin anasının qəbri üstündə çəkdirdiyi şəkli də göstərə bilərik, və yaradanın vaxtı olsa – Yaradanın vaxtı olmalıdır, çünki onun vaxtı tükənməzdir – Dilqəmin əhvalatını danışardıq…
Bu nə əhvalatdır? İnsanın doğulduğu yerə məhəbbətin metafizik təbiəti haqqındamı?
Heminquey deyirdi: “İnsanı məhv etmək olar, məğlub etmək olmaz”. Dilqəm əhvalatı bu barədəmi?
Dilqəm, bu sadə, kələ-kötür adam, tikanlı məftilləri, toplu-tüfəngli postları adlayıb. Ancaq bu əhvalatın ən ibrətli tərəfi odur ki, Dilqən erməni qorxusundan çox, azərbaycanlı qorxusunu adlayıb, azərbaycanlılarda vətənpərvərliliyi əliyevlərə məhəbbət ya əliyevlərdən qorxu ilə əvəz etməyə çalışan rejimin qadağalarını pozub.
Dilqəm İnternetdə, çayxanada, restoranda, tərəzi dalında, hamamda, əcnəbi kurortlarda vətənpərvərlikdən, millətə, torpağa məhəbbətdən dil boğaza qoymadan danışan, yazan insanlara əxlaq dərsi verib.
Ey sadə, kələ-kötür insan! Sənin qarşında, sənin qanına südüylə, Tsvetayevanın dediyi kimi, vətən məhəbbəti yeritmiş ananın xatirəsi önündə baş əyirəm!
24.07. 2014 Samara
Bir neçə il əvvələcən avqust ayının sonlarında Salyana yolum düşərdi… Küçəylə getdiyin yerdə bir də görürsən ki, tindən bir dəstə oğlanlı-qızlı yeniyetmə çıxdı. Hamısının da bir əlində telefon, o biri əlində bir-iki dəftər. Və bu uşaqlar bu dəftərləri bir-birlərinin başına vura-vura, qaqqılaşa-qaqqıldaşa, mələyə-mələyə tini burulub tökülüşürlər küçəyə…
Bunu ilk görəndə məəttəl qaldım, soruşdum, dedilər bu uşaqlar “məəəəəlim” yanından gəlirlər….
İndi türk litseylərini hökumət bağlayanda məəəəəllim yanına gedib-gələn uşaqlar yadıma düşdü.
Yanan dərini sağaltmaq üçün yanan yerə sağlam dəri salırlar. Azərbaycan təhsil sistemi elə sovet dövründən elə pozulub ki, onun düzəlməsi üçün implant lazımdır və türk məktəbləri bu inplant rolunu oynayırdı. Səhiyyə də belə pozulub. Və buna görə Azərbaycana alternativ müalicəxanalar lazımdır. Yaxşı olardı ki, belə müəssisələri almanlar açaydılar, ingilislər, ispanlar açaydılar. Ancaq avropalılar belə müalicəxanaları aça bilsələr də, onlar tezliklə bağlanacaq. Adını da qoyacaqlar ki, hökumət bağladı. Yox, onları hökumətin əliylə bizim həkimlərimiz bağladacaqlar. Çünki Avrpopa müalicəxanalarının fonunda onların arxaikliyi, nadanlığı görünəcək, həm də çoxunun qazancı əlindən çıxacaq.
Türk litseylərini də müəllimlər bağlatdılar. Həyətlərində iyirmi, otuz, hətta yüzdən yuxarı uşağı qoyun sürüsü kimi yığb hər ayın sonunda qoyun kimi qırxan müəllimlərə türk litseyləri lazımdır? Lazım deyil! Onların imkanı olsaydı, bu litseyləri içində şagirdlər və müəllimlər olmaqla od vurub yandırardılar. Yaxşı ki, hökumət bu cür radikal üsulu seçmədi…
Azərbaycanın düşməni hökumət deyil. Azərbaycanın düşməni onun həkimləridir, müəllimləridir, hüquqşünaslarıdır ki, onların hamısı xalq içindən çıxıblar və özləri də xalqdırlar…
Azərbaycanda ictimai əxlaq yoxdur, çünki azərbaycanlılarda ictimai borc hissi yoxdur. Azərbaycanda gənc həkim qadın pulsuz xəstənin yatağına yaxın getməyəndə biz demirik ki, bu gənc qadının əxlaqı yoxdur. Ancaq əslində belədir. Bu həkim xanım əxlaqsızdır. Və bu bəla xeyli dərəcədə ondandır ki, bizim məktəbimiz yoxdur, uşaqlarımız məəəəllim yanına gedirlər…
Və özünü demokrat sayan İnternet “qəhrəmanlarına” inanmayın. Hamısının cibində bir qutu kibrit var və ölkədə, millət içində yaranan yaxşı hər şeyi od vurub yandırmağa hazırdırlar…
22.07. 2014 Samara
Erməni hərbçiləri nin əsir aldığı Həsən Həsənovun azadlığa buraxılması üçün Azərbaycanda imza toplanır. Yaxşı olardı ki, Azərbaycan hökumətinin əsir aldığı gəncəli hüquq müdafiəçisi Həsən Hüseynlinin də azadlığa buraxılması üçün imza yığılaydı….