Архивы

SU DA OLACAQ, QAZ DA

Azərbaycan hökuməti Bakıda keçiriləcək etiraz aksiyası iştirakçıları üçün hər cür şərait yaradır. Aksiya keçiriləcək yerə təcili su və qaz çəkilir.

PEK İYİ? НЕТ, ОЧЕНЬ ПЛОХО…

Cəlil Məmmədqulzaədənni “Pek iyi” adlı felyetonu var, mirzə yazır ki,  hər yandan onun üstünə tökülüblər ki, daha nəcib ifadələrlə danışsın, məsələn, “çox yaxşı əvəzinə” “pek iyi”  desin. Felyetonun məzmunu yəqin ki, hamıya tanışdır, ona görə sonunu xatırladıram. Mirzə deyir ki, mən “pek iyi” deməyə hazıram, ancaq əvvəl  bir yer göstərin, aparım “çox yaxşı”nı atım ora…

Son otuz ildə AZərbaycanda çıxan kitablardan və onların hansı dildə yazıldığından xəbərim yoxdur. Son vaxtlar azərbaycanca mətnləri şəbəkələrdə, Azadlığın saytında oxuyuram  və görürəm ki, mənim həmvətənlərim, nəhayət, Mirzə Cəlil deyən o yeri tapıblar və Azərbaycan dilində yüz illərlərlə işlənən söz və ifadələri qucaq-qucaq aparıb ora atlrlar…

Hansı azərbaycanlılar yüz il, iki yüz il, üç yüz il ərzində bir birinə “bayramın kutlu olsun” deyib? Mübarək sözündə pis nə var? Ərəb leksikası bizim dilimizə 13 əsr bundan qabaq girib, azərbaycanlıların türklərlə bir dildə danışdığı dövrü axtarıb tapmaq üçün gərək bir min ildən də artıq o yana gedəsən. Musiqimiz, kitablarımız türklərlə haçan bir olub? Bizim muğamla türklərin “uzun havası” çoxmu yaxındır? Və əgər ərəb sözlərinə boykot elan edilibsə, kitab, məktəb, məktub, insan, aşiq kimi sözləri niyə dildən çıxarmırırq?

Türkləri yamsılamaq millətin bir hissəsində olan nökərçiliyin, lakeyliyin əlamətidir – bizim adamlar həmişə kiminsə yanında kiçiklənməyə öyrəşiblər – rusların, farsların, türklərin…Bu adamların milli mədəniyyətimizi öz səviyyələriylə ölçürlər, fikirləşirlər ki, özləri içəridən kasıbdırlarsa, milli mədəniyyət də kasıbdır. Ona görə də bəziləri türklərə, bəziləri ruslara sığınmaqla olduqlarından artıq görünmək istəyirlər, bu onların yarımçıqlıq kompleksi  üçün şəfadır. Bu adamlar üçün Nəsimi, Mirzə Cəlil, Üzeyir bəy kimi əjdahalar yoxdur, Tarkan kimilərin mahnıları və türk serialları bu adamları içini xarab eləyib…

Mən təəccüblənirəm ki, niyə doğma “yazıçı” sözünün əvəzinə qondarma “yazar” sözünü işlədirlər, “ar” şəkilçisi isim düzəldən şəkilçi deyil! Müsavat qəzetinin leksikası oxuyanda bilmisən ki, güləsən, ya ağlayasan… Təəssüf ki, “Azadlıq” radiosu da dilimizi içəridən dağıdanların ciddi resursuna çevrilib. Və əgər Azərbaycan dilini yeganə qoruyucusu dövlət mətbuatı və Əliyev rejimidirsə, mən Əliyev rejimini də dəstəkləməyə hazıram…

 

08.03. 2013

YAXŞILARIN YAXŞILARI

Bakıda müxalifətin yaratdığı kölgə hökumətinin tərkibi elan olunub. Nigar Yaqublu yol nəqliyyatı vəzifəsini tutur.

ATASININ GÖZZZƏL BALASI

Bir anlığa təsəvvür edək ki, İlham Əliyevin qızı ya oğlu ölümlə nəticələnən avtomobil qəzası törədib. Əlbəttə, prezidentin uşağı türməyə salınmayacaqdı və hadisə ört-basdır ediləcəkdi. Ancaq bütün müxalifət dayanmadan qıyya çəkəcək, özünü yırtacaqdı ki, prezidentin uşaqları qudurub camaatı qırır. Nazir uşağı, icra başçısının uşağı törədən qəza da müxalifət tərəfindən belə qarşılanacaq.

Eləsə bəs niyə müxalifətçinin qızının qəza törədib adam öldürməyi az qala milli qəhrəmanlıq aktına çevrilir? Qız uşağının türməyə düşməsi – fövqəladə haldır, buraxıblar – yaxşı. Ancaq bu, ölənin qanını onun vicdanından təmizləmir. Ölənin oğlu öz atasının qanını müxalifətçi qudurğanına bağışlaya bilər, hətta anasını da qurban edə bilər, ancaq bu özü də törənən hadisədən cinayət tərkibini çıxarmır.

Məsələ, əlbəttə, qızın türmədə qalıb-qalmamağından getmir. Məsələ hadisəyə münasibətdən gedir. “Nigar gənc və gözəl xadimdir” – bu, Müsavat qəzetinin hadisə törənəndən sonra Nigar xanıma verdiyi xasiyyətnamədir. Gənc və gözəl! Xadimin gözəlliyi də vacib imiş və “gözəl” xadimlərin qəza tərədib adam öldürməyində pis heç nə yoxmuş…

Bu hadisəyə münasibət müxalifət sayılan zümrənin iç üzünü açır və göstərir ki, bu zümrədəki adamların çoxu iqtidardan heç də yazşı deyil, bunlar da hakimiyyət başına gəlsələr, öz adamlarının cinayətlərini ört-basdır edəcəklər, özləri cinayət törədəcəklər, adam oğurlatdıracaqlar. Yəni iqtidarda olan tayfaçılıq, traybalizm eynilə müxalifətdə də var.

Bir sıra aqressiv, utanmaz və sırtıq adamların fəaliyyəti əslində bütün müxalifəti hörmətdən salır. Yəni ki, bu əxlaqsız adamların səyi nəticəsində İlqar Məmmədov kimi qüdrətli siyasətçi ilə atasının balası gözəlçə Nigar xanımın həbsləri eyniləşir və təbii kimi, kütlədə bunun hər ikisinə ya biganə ya da neqativ münasibət yaranır.

Demokratik ölkələrdə, xüsusən ABŞda, sənədsiz maşın sürməyin özü türmə ilə nəticələnə bilər. Hələ adam öldürmək bir yana – bu halda uzun illər həbs cəzası kəsilə bilər. Əgər amerikalıları nümunə sayırsınızsa, amerikalılar kimi olun. Ola bilmirsiniz, çünki tayfa instinktləriylə yaşayırsınız…

Nigar xanımın verdiyi müsahibələri oxuyursan, görürsən ki, bu qızın intellekti beşinci sinif şagirdi səviyyəsindədir. Yəqin ki, Müsavat qəzeti gözəl xadim deyəndə üz gözəlliyini nəzərdə tutur. Azərbaycanda da rəhbər ataların uşaqları həmişə gözəl olurlar…

GÖZZZƏL MİLLƏT…

04.03. 2013

INDI MÜXALİFƏTİN DƏ ÖZ MİLLİ QƏHRƏMANI VAR…

Azərbaycanda müxalifətçi üçün avtomobil qəzası törədib başqa bir müxalifətçini öldürməkdən şərəfli şey yoxmuş – türmədən buraxılmış Nigar Yaqubluya müxalifət mətbuatının marağı elədir ki, deyərsən bu qız Azərbaycanın ilk kosmonavtıdır ya düşmən mövqeyinə keçib xeyli canlı qüvvə məhv etmiş əsgərdir. Əlbəttə, o, qəzanı bilərəkdən törətməyib, partiya yoldaşını bilərəkdən öldürməyib, ancaq qəza törədib və adam öldürüb. Niyə görə elə həmin gün partiyada tutduğu vəzifədən istefa vermir? Niyə adam öldürdüyünə görə başına torpaq sovurmaq əvəzinə yaxın adamlarının ona görə yaşadıqları həyəcandan danışır? Bəs ölənin yaxınlarının yaşadığı faciə?

“Demokratik” cəbhə düşünürsə ki, əxlaq normalarını yalnız dövlət məmurlarından tələb eləmək olar, ciddi səhv edir. Atasının sədr müavini olduğu partiyada gənclər təşkilatının sədri olan bu qız bilmir ki, insan ölümü ilə nəticələnən belə qəzadan sonra onların özlərinə nümunə saydıqları qərb siyasətçiləri dərhal istefa verirlər.

Əlbəttə, iqtidarda əxlaq yoxdur. Ancaq bu əxlaq elə müxalifətdə də yoxdur…

QIRIN BİR-BİRİNİZİ…

 Avtomobil qəzası törədib müsavat üzvü  Aydın Acalovu öldürmüş başqa müsavat üzvü Nigar Yaqublu azadlığa buraxılıb. Deyilənlərə görə, əvvəl prezident ölənin müsavatçı olduğunu bilmirmiş. Biləndən sonra deyib ki, açın buraxın, qoyun qırsınlar bir-birlərini…

«Azadlıq» da Mirzə Cəlillə bağlı müzakiyəyə şərh

Asif Əfəndiyev bir dəfə yazmışdı ki, “dünyanı keçəl Həmzələr bürüyüb”. “Azadlıq”dakı müzakirələrdə iştirak edən professorlar, “yazarlar” indiki Azərbaycan filologiyasını, Azərbaycan ədəbiyyatını “keçəlhəmzələrin” bürüməyiindəndir.

“Tapançanı dirədi Mirzə Cəlilin keçəlinə” – bunun gerçəkdən deyildiyinə inanmaq çətindir, ancaq inanmağa məcbursan. Bu bazar ya hamam ifadələriylə danışan xanım hansı məktəbdə oxuyub? Axı söhbət küçə xuliqanından ya teleşou ulduzundan yox, təkcə “Kişmiş oyunu” hekayəsiylə nəsrimizi dünya nəsrinin ən yaxşı nümunələriylə bir səviyyəyə çatdırmış yazıçıdan və fövqəladə xidmətləri olan ictimai xadimdən gedir.

Ruslarda belə ifadə var: проскочить, пройти как блоха на собаке. Əlbəttə, bir az kobuddur, ancaq bundan yerinə düşənini xatırlamıram. Yəni bu o deməkdir ki, özünün irəli getmək, qapıdan keçmək, qalxmaq ümidi olmayan adamlar bunu irəli gedən ya getmiş, qapıdan keçmiş, qalxmış adamların adlarına öz adlarını qatmağa çalışırlar və bu yolda böhtan atmaqdan, ləkələməkdən də çəkinmirlər. Əylislini romanı onun çoxdan tərk etdiyi ədəbiyyat olimpinə qayıtmaq cəhdiydi. Adını ilk dəfə eşitdiyim Mehriban Vəzir də Mirzə Cəlil qalmaqalıyla özünü mənə və yəqin məndən də başqa beş-on adama tanıtdı. Bunu eləməyə nə var ki – ölkədə mənəvi avtoritetlər yoxsur, heç kim heç kəsdən utanmır, adamlarda qorxu hissi var, o da vicdan qorxusu deyil, polis qorxusudur. Mirzə Cəlil də ki, məlum səbəblərə görə Meriban Vəzirə cavab verə bilməz. Hərçənd bu fikirdəyəm ki, Mirzə Cəlil sağ olsaydı da, Mehriban Vəzir səviyyəsinə enib ona cavab verməzdi…

SAAKAŞVİLİ AZƏRBAYCANIN DEMOKRATİYA CƏNNƏTİNDƏ

Vasif Talıbov Mixail Saakaşviliyə: » Mişa, bu camaat sən demokratla mən demokratdan nə istəyir?»

«AZADLIQ» RADİOSUNDA MİRZƏ CƏLİLLƏ BAĞLI MÜZAKİRƏYƏ ŞƏRH

«Зачем жалеешь ты о потере записок Байрона? чёрт с ними! слава Богу, что потеряны… Мы знаем Байрона довольно. Видели его на троне славы, видели в мучениях великой души, видели в гробе посреди воскресающей Греции. – Охота тебе видеть его на судне. Толпа жадно читает исповеди, записки etc., потому что в подлости своей радуется унижению высокого, слабостям могущего. При открытии всякой мерзости она в восхищении. Он мал, как мы, он мерзок, как мы! Врёте, подлецы: он и мал и мерзок – не так, как вы – иначе». А.С. Пушкин. Из письма к П.А. Вяземскому, вторая половина ноября 1825 г.

Bu “yazar” (niyə “yazıçı” yox, “yazar”?) xanım üçün nənəsinin rəvayəti elə etibarlı mənbədir ki, Cəlil Məmmədquluzadəyə qarşı çox ciddi ittihamlar irəli sürsün. Bəs bu ittihamlara Cəlil Məmmədqiluzadə necə cavab verməlidir? Kim onun yerinə nənə rəvayətlərini yalana çıxarmalıdır?

Əslində indiki Azırbaycan yazanlarına “yazar” demək yaxşı olar, çünki sonuncu güclü nasirimiz, əsil yazıçımız elə Cəlil Məmmədquluzadə olub. İndi ona hücumların səbəbi də qismən bundadır: özümü sənə çardırmasam da, səni özümə çatdıraram…

Çatdıra bilməzsiz…

BİR AKTYORUN TEATRI

Aktyor Qafar Novruzlu  prezident İlham Əliyevə müraciət yazaraq ondan Novruz şənlikləriində Kosa rolunun alınmasından şikayət etmişdir. Qafar bəy prezidentə bildirir ki, əgər Kosa rolu ona qaytarılmasa, aşağıdakı hərəkətlərin birinə ya eyni vaxtda bir neçəsinə əl atacaq.

  1. Özünü öldürəcək.
  2. Arvadının nəslini kəsəcək.
  3. Qonşuların evini odlayacaq.
  4. Xalq Cəbhəsinə girəcək.
  5. Cinsini dəyişib arvad olacaq.
  6. Müsavat partiyasına girəcək.
  7. Deputat Hafiz Hacıyevin yanında qulaq kəsən olacaq.
  8. “Dəmir yuxular” romanını yazacaq.
  9. Azərbaycana qaçaq banan gətirəcək.
  10. 10.  Londona gedib Kral teatrında Hamleti oynayacaq.

11. Hollivuda gedib baş rollarda çəkiləcək.

12.  Müxalifətin aksiyasında iştirak edib özünü tutduracaq.

13.  Prezidentliyə namizədliyini verəcək.

14.  Azərbaycan peykini quşatanla vurub salacaq.

Novruz Qafarlı prezidentə cavab üçün üç gün vaxt verib.