Архивы

ON ALTI YAŞLI GƏLİNİN QƏTLİNƏ

U LENİ. KİNO

Ölkənin hər yerinə,
Güzgü yollar çəkilə.

Hamıya qaz verilə,

Uca evlər tikilə,

 

 

Gecəni gündüz edə,
Hər kənddə kilovatlar,

Nə qədər artıb gedə,
Gün-gündən qiqabaytlar,

 

 

İldırım sürətiylə
Gedə avtomobillər.
Dönə qatarlar yelə,
Məzə ola hər səfər.

 

 

Hər gün inkişaf edə,

Müasirləşə daim.

Birinci yerdə gedə.
Cavan ola, həm qədim,

 

 

Xırdaca qızlar ancaq,

Yaşa dolmadan yenə,

Alınıb-satılacaq,

Töküləcək qan yenə.

 

 

Quzunu qəssablara
Kəsməyə verən sayaq,

Xırda qızlar satılar,

Üstündə cehiz bıçaq.

 

 

Cəlladla bir yastığa,
Baş qoyur körpə qızlar.

Oyaqlığın, yatmağın,

Cəhənnəm əzabı var.

 

 

Rəhmsizdir atalar,
Ciyərparalarıına.

Alan pullusa, satar,

Heyvərəyə, harına.

 

 

Döyülüb öldürülən,
Bıçaqlananlar da var.

Xırda qızlar zülmdən,

Bezib özünü asar…

 

 

Təyyarələr şığıyar,

Ölkənin göylərində,

Dənizə baş vuran var,

Kosmosu öyrənən də.

 

 

Çoxalır qiqabaytlar,
Dünya ovcun içində.

Ancaq alıb-satırlar,

Uşaqları yenə də.

 

 

Onlar yaş axıdırlar,
Onların axır qanı.

Bü dünyada, bilən var,

Ölkənin yeri hanı?

 

30. 01. 2020, Samara

MƏSUMLAR

2

Onlardan ölkənin hər yerində var,
Kənddə uzaqdan da tanımaq olur.

Nabələd görəndə yerə baxırlar,

Bir söz soruşanda gözləri dolur.

 

 

Dindirən olmasa, susub durarlar,

Oğrun yeriyirlər kənd yolunda da.

Sanki yad ölkədən gəliblər onlar,
Muzdla işləməyə, kənizliyə ya.

 

 

Heyvan altı atır, mal ötürürlər,
Kürdən, ya da arxdan su daşıyırlar.

Çalışır, əlləşir, söz götürürlər,
Bacının, qardaşın uşaqlarıyla.

 

 

Yerləri süfrənin qıraq yerində,
Dadını bilməzlər yediklərinin.

Nəsə desələr də astaca hərdən,

Məhəl qoyan olmaz dediklərinə.

 

 

Onların qisməti özgə toyları,
Özgə sevinciylə sevinəndilər.

Öğul toyu edir indi tayları,

Qızları böyüyüb gəlin gedirlər.

 

 

Onlarsa qarıyır, subay qalırlar,
Qardaş bucağında, ya da ki, tənha.

Bədəni iş üzür, qəlbi qayğılar,
Acı xatirədir cavanlıq daha.

 

 

Çəpərdən qıraqda başqa dünya var,

Bəlkə onların da bəxti ordadı.

Çəpərdən qırağa ayaq qoymağa,
Ancaq iradə və əzm hardadı?

 

 

Kim bilir ölkədə indi neçə min,
Qarıyır, qocalır qız uşaqları.

Kişisi kef çəkib gəzən millətin,
Qadını qeyrətə keşişkçi qalır…

 

 

Onların hər biri tanınar asan,
Məsum baxışlarla üzünə baxcaq.

Məryəm surətini xatırlayarsan

Görsən – körpəsizdir qucağı ancaq…

 

26. 01. 2020, Samara

DAŞ TÖKÜB CİBİNƏ YOLDA DURAN VAR…

U LENİ

Altından, çürümüş böyürlərindən,
Su sızan kolazda Kürü adladım.

Gördüm şəhərlərin böyüyünü də,
Tanıdım bir neçə böyük adamı.

+

Tanıdım qüdrətli dilləri də mən,
Onlarda sehr və musiqi duydum.

Ancaq buraxmadı cazibəsindən,
Məni ana dilim və doğma yurdum.

+

Bəzən düşünsəm də mən özgə dildə,
Nə yazsam, öz ana dilimdə yazdım.

Keçmədi, aşmadı səsim sərhədi,
Vətənim – nə vaxtdan dil fəzasıdır.

+

O çay hardan axır? Hanı o kolaz?
Hardadır yolların qayıdanbaşı?

Özüm də getməsəm, söz də yollasam,
Kəsir qabağını elə bil qoşun…

+

Vətən göylərində xırda bir çıraq
Olsam, vurub salar batareyalar.

Quşa çevrilərdim, uçardım, ancaq,
Daş töküb cibinə yolda duran var…

17. 01. 2020, Samara

“UZUN ÖMÜR ARZULAMA…”

U LENİ. KİNO

Mənə yaxın, əziz olan,
Dost sayan ya dost deyən:

Uzun ömür arzulama,
Uzun ömrü neynirəm!

 

 

İndiyəcən yaşanılan
Bu müddət bəs azdımı?

İldir, ötür – nədir qalan? –

Yox heç barmaq izim də.

 

 

Günün günə bənzəri var,
Hər qürubsa fərqlidir.

Uzun ömür arzulama –

Gedim – bilin kim gedir…

 

02. 01. 2019, Samara

ŞORSULU

U LENİ

         doktor Əli (Oleq) Talışinskinin xatirəsinə

 

Ruhi xəstəliklər xəstəxanası,
Var idi Salyanda, bilmirəm indi.

Ciddi statuslu, rayonarası –

Xəstə neçə yerdən gətirilirdi.

 

 

 

Şəhərdən aralı, Şorsuludaydı,
Beləcə çıxmışdı kəndin adı da.

Haçan, harda əgər soruşsaydılar,
Hökmən dəlixana xatırlanardı…

 

 

Sözü çəp gələndə iki arvadın,

“Yerin Şorsuludur!” biri deyərdi.

“Sən ordan çıxandan o yer boşaldı?” –

Deyib o birisi ala verərdi.

 

 

 

Müəllim uşağı hədələyərdi,
Uşaq müəllmi müəssisəylə.

Kişi arvadında, arvadı ərdə,

Xəstəlik görürdü – döyülsə belə.

 

 

Şəhərdən uzaqdı xəstəxanasa,
Onu öz gözüylə görən də azdı.

Ağıllı-kamallı sayır hər insan,
Təbbii, özünü, əgər azaddı.

 

 

 

Ağlı başındaydı bıçaq da vuran,
Ağlı başındaydı kəllə atan da.

Soyub soydaşını ziyafət quran,
Azdıran, aldadan, alıb-satan da.

 

 

Şorsulu zamindi sanki hər kəsə,

Yəni dəli varsa, o, başqasıydı.

Şorsulu kəndinin müəssisəsi,

Salyanın sağlamlıq arayışıydı.

 

 

 

Kənddəsə, o qərib müəssisədə,
Bədbəxt gah uğunur, gah da hönkürür.

Gecələr göylərə baxsa kimsə də,
Onu hədələyən Tanrını görür…

 

29. 12. 2019, Samara

NAR

U LENİ. KİNO

Şəhər bazarlarında,

Mağaza zallarında,

Ehram tək qalaqlanan,

Alov dili tək yanan,

Ətrafa yaraşıq nar,
Danış, nəsən, nəyin var?

Şirinmi gilələrin,
Turşməzədir turş ya da?

Harda dəriblər səni,
Yetişdin hansı yurdda?

Kəndimin bağlarından,
Bəlkə gətirilmisən?
Ələ alıb baxanda,
Tanıya bilərəm mən.

Ərəstunun bağından?

Bəlkə Məmmədhüseynin?

Şiralı sağlığında,
Bəlkə bəsləyib səni?

Bəlkə Əvəz kişinin,
Becərildin əliylə?
Sərhabın ya Dadaşın,
Yarandın zəhmətiylə?

Daşqınla Seyfullanın

Viran qalan bağında,
Yenəmi nar barlanır –

Necə ki, sağlığında?

Bəsləmiş Xası bəlkə,

Şirməmməd ya da Yavər?

Sübhan olub naz çəkən?

Ya tər töküb Ələkbər?..

Hüzuruna Tanrının,

Yığılsa hər kəs əgər.
Kəndçilərim narını,
Götürüb  gedə bilər…

Tanısalar da dini,

Min cür hoqqaları var.

Tanrı möcüzəsəni
Yaşadır ancaq onlar.

 

27. 12. 2019, Samara

SABİR ARBATANLI

Arbatanlı Sabir.jpg

Baba böyülk molla, Nəcəf məzunu,
Ata müəllimdi Şura gələndən.

Özüsə az sürən ömrü uzunu,
Meydən əl üzmədi. Bir də qələmdən.

Bilmirəm ki, necə yazarmış dayım,

Adam içindəmi, ya da xəlvəti.

Əvvəl eynəyini axtarıb yəqin,

Tapanda görərmiş  dəftəri itib…

Yazılıb yarıya qəzəl çatanda,

Düşüb arvadıyla davası bəlkə.

Hikkə soyuyanda, dava yatanda,

Yarı yazılanı cırıb körpələr…

Bəlkə də yazarmış çayxanalarda,
İlhamı daşanda samovar sayaq.

İçib yavan çayı tər axıdanlar,
Baxıblar dayıma, göz-qaş ataraq.

Nə qovluğu vardı, nə də çantası,
Taxçada, boxçada, cibdə — yazdığı.

Yazıb – bağışlayıb, itirib, satıb,
Arxiv səliqəsi baş ağrısıydı.

Nə döşünə döyən, nə  “mənəm” deyən”,
Ad iddiasında deyildi nə də.

Həqirdi, əsiri olsa da meyin,

Meyxana desə də böyük səhnədən.

Varı – yazdığıydı, o da dağıldı,
Yanlış, yarımçıqdır yadda qalanlar.

Hələ ki, yurdunda yaşayır adı,

Nəcib yaddaşlarda yaxşı ki, yer  var…

21.12. 2019, Samara

“BİZ DƏ GEDƏRİYİK, MÜVƏQQƏTİYİK…”

26 SENT 2019. 2

                            Aqşinin xatirəsinə         

Həmişə, hər yerdə uşaq məzarı,
Ürəyə də dağdır, gözə də dağdır.

Daşı öz yaşını yadına salır,

Yazılar elə bil sənə qınaqdır.

=

Uşaq ölümləri, gənc ölümləri,
Bütün sınaqların ən ağırıdır.

Dində nə izah var, nə elm bilir,

İnam itirən var, bəzən ağıl da.

  =

Öz ömrün hələlik birtəhər gedir,

Qayğı yayındırır, kef də çəkməsən.

Hərdən sıxılırsan: qapıb elə bil,

Uşaq tikəsini dişə çəkmisən…

=

Cəhənnəm saysan da öz həyatını,
Rəzalət də görsən, zülm də görsən,
Anıb torpaq altda indi yatanı,

“Kaş ki sağ olaydı o da”, — deyirsən…

=

Haçan uşaq ölür, elə bil böyük,
Yarımçıq ömürdən pay ya irs alır….

Biz də gedəriyik, müvəqqətiyik,
Bu həm bəraətdir, həm də təsəlli.

02. 12. 2019, Samara

    TƏKLİK FƏSLİ

             26 SENT 2019. 2

anamın xatirəsinə

 

Təkliyin də fəslə bənzəyişi var,
Adına beşinci fəsil yaraşır.

Gəldimi o ancaq —  dəyişməz qalar,

Payızın yoldaşı, yazın qardaşı.

 

 

 

Var gəlişində də fəsil bənzəri.

Qıraqlar dəyişir, için də elə.

Seyrəlir sırası əzizlərinin,
Soyuyur bir yandan gedir sevgilər.

 

 

 

Bilmirsən qış haçan, bahar haçandır,
Fərqinə varmırsan payız ya yaydır.

Quşlar başın üstdə qıyya çəkəndə,

Bilmirsən köçürlər ya qayıdırlar.

 

 

Fəsil təkliyidir  başlanan indi,

Seçə ki bilmirsən fəsli fəsildən.

Ömrünü təklikdə sən başa vurdun,

Anam, bu bəd fəsli gətirənsə mən.

 

 

 

Azmış övladını bəlkə də gördün,

Qarışıq-dolaşıq yuxularda sən,

Anam, sən ölmədin, sən öldürüldün,
Boynuma alıram – qatilin də mən…

01. 12. 2019, Samara

ÇEXOV TÜFƏNGİ

A– nin xatirəsinə

Anton Palıç Çexov haçansa deyib:
Birinci pərdədə səhnədə tüfəng

Əgər asılıbsa, onda pyesin,
Sonunda o hökmən atılsın gərək.

 

 

Kimin səhnə deyil  həyatı axı? —

Gah dram oynanır, faciə gah da.

Münaqişə xırda, döyüşlər ağır –

Yox dolu tüfəngi görən divarda.

 

 

Damokl qılıncı sallanıb qalır,
Tük deyil, taledir onu saxlayan.

Tamaşasa bitir… tüfəng atılır,

Həyat səhnə idi, qansa əsil qan…

 

28 11. 2019, Samara