Архивы

ŞİRİN SƏSLƏR: ƏŞRƏF BƏDƏLOV EDİNBURQA GEDİR…

Ərəbqardaşbəyli. Şiralı Bədəlovun həyəti. Talvarın altında xeyli adam var. Qohum-qonşu Şiralı və Rübabə Bədəlovların nəvəsi Əşrəfin Edinburq universitetinə qəbul olunması münasibətilə gözaydınlığına gəlib.

HÜSNİYYƏ: Bağda püssə, gözün aydın.  Şiralı, gözüüz aydın. İsmayılın canıyçın, eşidib o ğədə söönmüşəm ki. Ancağ billəm inanmıyassan

ŞİRALI: Nöş inanmıram aaz?

HÜSNİYYƏ: Xəsyətü billəm də. Urbaba, gözün aydın. Nəvün Əmerkiyə gedir, day bizi bəyənmərsən.

RÜBABƏ (gülür): Bıy, bı dəli olub ey. Nöş bəyəmmirəm aaz? Nəvəm Amerkiya girmiyib, ayrı yerə girib.

HÜSNİYYƏ: İndi gizzəd. Gözüm dəyəcəy? Zəhləm qaçır də xasyətünnən. Nöş gizzədirsən? Ədə, Şiralı, nəvün Əmerkiyə girmiyib?

ŞİRALI: Yo, Amerka döör. Amerkaan yanındadı. Aralarından Kür kimi su axır.

HÜSNİYYƏ. Gəə mən diyən olır də. Sağ-salamat oxuısın.

RAZİYYƏ: Şiralı, Əşrəf Xeyrulla olan yerə gedir?

ŞİRALI: Nə Xeyrulla aaz? Xeyrulla bırda döör bə.

RAZİYYƏ: Bırda hardıydı, ay Şiralı. On ildi üzün görmürüy.

ŞİRALI: Özü gəlmir də. Başı qarışıb kefə. Əşrəf uzağa gedir. Əşrəf gedən yer Şotlandıyadı.

RAZİYYƏ: Sağ-salamat oxusun gəlsin. Xeyrulla gəlmədi (ağlayır)

BAĞDA XALA: Aaz, nöş ağladun? Şiralı, Yavər diyir Əşrəf gedən yerdə kişilər arvad tumanı giyir. Düz diyir?

ŞİRALI: Yavəri də qoyasan bəzəsin. Yox hamam eliyir. Arvad tumanı nədi?

BAĞDA XALA: Ədə Yavər, dimürdün?

YAVƏR: Giyillər. Televizorda görkəzillər. Əməlli-başdı arvad tumanı.

KAİNAT: Əmi, kilt şotlandların qədim geyimidir, indi bayramlarda giyillər.

YAVƏR: Bayramda ya hər nə. Tələbələrə də giydirillər məcburi. Əşrəfə dimişəm bi-iki dəs də biziyçin alıb göndərsin. Mal qabağına gedəndə giyərüy. Onsuz da bu kümət bizi arvada döndərib.

ŞİRALI: Ağız büzənimiz öyün içindiymiş. Hələ çox söz çıxacağ. Bə arvaddar orda nə giyillər?

YAVƏR. Arvaddar heç nə giymillər.

ŞİRALI: Sən day ağ elədün, səə sözüm yoxdı.

ALIHÜSEYN: Şiralı, Yavər zarafat eliyir də, xəsyətin bilmirsən? Şiralı, yadundadı, məə də xaricə göndərirdilər.

ŞİRALI: İndi eşidirəm. Haçan?

ALIHÜSEYN: Ağronomluğı qutaranda, lələ caa, qardaş caa.

ŞİRALI: Bə mən nöş bilmirəm? Bi yerdə quratmamuşuğ?

ALIHÜSEYN: Şiralı, lələ caa, məə tapşırdılar ki, heç kimə dimiyim. Sekretni bi şey idi.

ŞİRALI: Bə nöş gedmədün?

AlIHÜSEYN: Dədəm qoymadı. Didi xarijdə pozularsan.

ŞİRALI: Sən dədüün sözünə baxdun?

ALIHÜSEYN: Baxdım də. Üşşəxaam da didi gedsün səə gözzəmiyəcəm…

ŞİRALI: Diyirsən də, Alseyn, qalmışam məətəl.

HÜSNİYYƏ: Alseyn, Şiralı münkirdi ey, baş qoşma. İsmayılın, Namidin canıyçın, Şiralınlnın işi-gücü elə adam incidməydi. Uşağın xətrinə gəlmişəm, üzünnən zəhləm qaçır.

BAĞDA XALA: Aza, o sənən zarafa eliyir, sən də coşursan. Səən xətrüü çox issiyir Şiralı.

HÜSNİYYƏ: Ay Bağda bacı, mıın issəməyi belənçiydisə, gör issəməsiydi nə təər olardı…

SEYFULLA: Şiralı, diyirəm bərkə bizzə yığışıb gedəy xaricə?

ŞİRALI: Gedməy hasatdı? Xaricə bizi bıraxıllar gedəy? Lap elə bıraxsınnar, sən Zenfiraan qorxısınnan heç kəddən qırağa çıxammirsan.

SEYFULLA: Şiralı, öz aduu məə qoyma. Mən arvaddan qorxan dörəm.

ŞİRALI. Boy, mən səə didim arvaddan qorxursan?

SEYFULLA: Dimədün, ancağ eyham vırdun.

PİRALI: Şiralı, sən bu eyhamları yığışdır. Özün boyda nəvələrün var. Afser nəvün var.

ŞİRALI: Bıy, mıın ürəyi dolıymış ki.

ABBASQULI: Şiralı, mən saba səər tezzən bırığa gedəcəm. Şamun gec olacağsa, mən gedim öydə yiyim.

ŞİRALI: Hara gedirsən? İndi yiməy çəkiləcəy, arağımız da var.

ABBASQULU: Arağ dicəyin bırda içən kimdi ki…

 

20. 08. 2025, Samara

AILƏ

            I

 

Ah, o necə isti, necə xoş ocaq,

Həmişə körpəsən, beşikdir o da.

O ilk sığınacaq, son sığınacaq,
İnsan arxayın və arxalı onda.

 

 

Soyuqdan gələnin isinir canı
Odu cəhənnəmin həm də soyuyur.

Dadı başqa olur çörəyin, çayın,
Həm ürəyə yatır, həm qarın doyur.

 

 
Dərindir, şirindir yuxular onda,

Yuxuna girənlər – məzə və kefdir.

Ləzzəti ayrıdır ayılmağın da,

Səni sevənlərdir dörd tərəfində.

 

 

Sənə can deyirlər, can eşidirlər,
Başın sığallanır, əgər darıxsan.

Əgər ailən var – yerin behiştdir,
Həyatın cəhənnəm əzabı – yoxsa…

 

II

Ah, ikinci elə zülm ocağı,
Varmı bu dünyada ona bənzəyən?

Onda ürəklərdən qara qan axır,
Hamı bir-birinin ətini yeyən.

 

 

 

Ən ağır danlaqlar həmişə onda,
Tapdanan yeridir ləyaqətlərin,
Söyülüb, döyülüb qapazlananda,

Qarsıdır alovu qiyamətlərin.

 

 

 

Yaxınlar qarğıyır yaxınlarını,
Deyir “qan qusasan, ciyərin yana”,

Od düşür gecələr yuxularına,
Durursan – peşmansan ayılmağına.

 

 

 

Üzündə, gözündə, qıçında əgər,
Varsa bir qüsurun, çevrilir ada,

Çolaqsan, pəltəksən, kor ya da keçəl,

Üstəlik deyirlər “kül başına” da.

 

 

 

Bəzən haram olur onda çay-çörək,
Tökülür burnundan yediklərin də.

Söyür, burunlayır acizi zirək,
Başıaşağılar çəkir içində.

 

 

Ya ər müstəbiddir, ya arvad dəli,
Ya gəlun qaniçən, ya da qaynana.

Ya bacıya qalxır qardaşın əli,
Oğulun əlində ya ölür ana.

 

 

 

Hamı bir-birindən küsülü, incik,
Səhv düşüb hamının yeri elə bil.

Yox ürəyi yanan, dərdinə şərik,

Sevgi olubsa da, qeybə çəklib.

 

 

Kənardan, əlbəttə, göz oxşayandır,
Özünün olmayan  həsədlə baxır.

Ah, onda hər nemət irin və qandır,

Ürəyi cəhənnəm istisi yaxır…

 

11-12. 08. 2019, Samara

SEVİNCİN XATİRƏSİ

sevinc.jpg

Noyabrın 19-da qardaşım qızı Sevincin 45 yaşı tamam olardı…

1984-cü ilin son və 1985-ci ilin bir neçə ayı ərzində Mskvada Karpovla Kasparov arasında şahmat tacı uğrunda sonu görünməyən final yarışı keçirilirdi. Mən Moskvadan təzə gəlmişdim, işsizdim, tez-tez Süleymangildə olurdum. Bir dəfə on iki yaşlı Sevinc məndən soruşdu:

  • Əmi, Kasparovgil nə qədər pul alacaqlar?

Dedim ki, ikisinə beş milyon dollar (səhv etmirəmsə, mükafat fondu bu qədərdi).

Sevinc, əlbəttə, beş milyon dolların nə qədər olduğunu təsəvvür edə bilməzdi, ancaq başa düşürdü ki, bu, çox puldur. Bir az fikrə gedib dedi:

  • Mən də yaxşı şahmatçı olsaydım, çoxlu pul udardım…
  • Çoxlu pulu udub neyləyəcəksən? – soruşdum.

-Xərcləyərdik də, — Sevinc dedi. Sonra məni gözdən keçirib əlavə etdi:

— Əmimə də üst-baş alardım…

Bir neçə ay idi ki, işsiz və pulsuz idim. Əynim köhnəlirdi…

On iki yaşlı Sevincin dediyi uzun ömrüm boyu eşitdiyim ən yaxşı sözlərdəndir…

Dərman kimi xatirələr var, ürəyin tutanda qoyursan dilinin altına…

Sevincin xatirəsi belə xatirədir…

23.11.2017

Samara

 

 

 

Запись опубликована 23.11.2017, в AİLƏ и отмечена .

BİLQEYS

БИЛЬГЕЙС ГАХ

Bilqyes uzaqdadır,

Şimaldadır, Qaxdadır.

Xeyri babanın canı, 

Bu gözəl uşaqdadır.

РАДОСТЬ В СТАРОСТИ

15.12.15 КОЛЛАЖ С НАСТЬЕЙ

15.12.15  с Настей

коллаж — GOOGLE

QIRX GÜN, QIRX GECƏ GETDİ…

ANAMIN XATİRƏSİNƏ

          7

Qırx gün, qrx gecə getdi,
Sanki quş qanadında.

Ömür elə ki bitdi,

Ay da, il də bir andır.

============

Nida işarəsidir,

Elə bil məzar daşın.

Unudulub gedərsən,

Daşın da aşılanar.

====================

Oğulların ən pisi

Olsam da, qəlbimdəsən.

Qulağımdadır səsin,

Həmişə dilimdə sən.

================

Ölürüksə də burda

Bəlkə hardasa varıq.

Bəlkə səni sevən var,

Qırx min oğuldan artıq…

 

06 oktyabr 2015 Samara

BU BOZ PIŞİYİN DAHA…

ANAMIN XATİRƏSİNƏ

           5

 

Bu boz pişiyin daha,

İşi qaldı allaha.

Miyoldayır, vurnuxur,

Boyun burub duruxur.

Sığal üçün öləndi,

Sığaldan qaçır indi.

Girir-çıxır otağa,

Burun sürtür yatağa.

Dizinə dırmaşdığı,

Başına da çıxdığı.

Hərdən coşub əssə də,

Qarğısa da, söysə də,

Ağzının tikəsini,

Onunla bölüb-kəsən,

Qarı yox həndəvərdə —

Gəzir gözündə dərdi,

Evi, həyəti pişik —

Allaha qalıb işi…

 

  1. 09. 2015 Samara

 

 

ANAMIN BAŞI ÜSTÜNDƏN ASDIĞI ŞƏKİL

SABIR

Bu şəklin «şəklini» məməm öləndən sonra çəkdim — otuz ildən çox idi ki, böyütdürüb başının üstündən asmışdı…

Sabir Cəbrayıl oğlu Zeynalov anamın üç qardaşından ən böyüyü,  özündənsə kiçik idi. 1980-ci ildə xərçəngdən ölüb. Sabir Zeynalov yeniyetməlikdən ədəbi istedadı ilə təkcə Salyanda yox, həm də Bakıda tanınmış, qəzəlləri, qoşmaları, bədahətən dediyi meyxanalarıyla sevgi və hörmət qazanmışdır. Təəssüf ki, sovet dövründə bu janrlara münasibət mənfi olduğundan sağlığıda dayımın əsərləri çap olunmayb. Onu yaxından tanıdığıma görə deyə bilərəm ki, özü də heç vaxt çap olunmağa can atmayıb. Əlyazmalarını da saxlayıb arxiv yaratmaq qayğısına qalmayıb. Əsil faciə isə öləndən sonra baş verib. Dayımdan qalan yazıları da bir  fırıldaqçı guya aparıb çap etdirəcək vədi ilə ailə üzvlərindən alıb aparıb və o gedən olub…

Ancaq salyanlılar Sabir Arbatanlını unutmurlar. Toylarda indiyəcən dayımın qəzəlləri oxunur. Ümid edirəm ki, gec-tez onu itmiş ya oğurlanmış şerləri özünə qayıdacaq…