TƏBRİZ XƏLİLBƏYLİNİN XATİRƏSİNƏ

26.10. 18

Vətənin dərdindən nə qədər ölən,

Vətənə nə qədər şeir yazan var!

İndi klaviatura, haçansa qələm,

Yerdən duran yazar, durmayan yazar!

—

Kimi istəyir ki, daşına dönsün,
Kimi qayasaında mamıra dönmək.

Bütün ölkələrdən badam gözlüsü,
Dünyada ölkə yox gözəl vətən tək.

—

Qərib ölkələrdə gün yubadanlar,
Deyirlər ölməyə vətən yaxşıdır.

Dünən heç neçəyə vətən satanlar,
Bu gün “anam!” deyir, yaş da axıdır…

—

Dayanmır, yorulmur şeir yazanlar,
Müqəddəs deyirlər, ulu deyirlər.

“Özüm sənə qurban, anam da qurban,

Sənsən gözümüzün nuru” deyirlər…

—

Deyirlər başını alsa buludlar,
Qanı axıdarıq, canı verərik,

Sevgimiz qədər də qeyrətimiz var,

Hər birimiz şair, həm igidlərik!

—

Deyirlər oğlumuz, qızımız gedər,

Biz ölsək, vətəni müdafiəyə.

Balamız qurbandır sənə, deyirlər,
Hazırıq itkiyə, sən yaşa deyə.

—

Şairlər yazırlar alov saçaraq,
Haray qoparırlar qafiylərlə.

Deyirlər, ay millət, nə yatmısan, qalx,
Vətən əldən gedir, tələs, irəli!

—

Millət də şairi eşidib gedir,
Gedir səmimilər, saf ürəklilər.

Gedir kasıb-kusub, adamsız, adi,

Onların adları “sıravi”, “nəfər”…

—

Axır döyüşlərdə qızıl qanları,
Ölüb baş qoyurlar qara torpağa.

Şair pəncərədən bəlkə boylanar,
Yas çadırlarına uzaqdan baxar…

—

Tapılmaz şəhidlər siyahısında,
Millətin şairi, şair övladı.

Çağırmaq, qaldırmaq necə asandır,
Ölmək asan deyil Vətən yolunda!

20.12. 2018

Samara