Архив | 23.12.2018

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: “İNDİ YEKƏ KİŞİ OLMUSAN, HƏR GÜN ÜZÜNÜ QIRXIRSAN…”

ANAR 1.jpg

3-cü dərəcəli Stalin mükafatı laureatrı Rəsul Rza təkcə Leninə və Stalinə yox, hən də öz ailə üzvlərinə çoxlu şeirlər həsr edib – bacılarına, arvadına, oğluna, qızlarına, nəvələrinə. Rəsul Rza tez-tez səfərlərdə və SSRİ kurortlarında istirahətdə olduğundan yaxınları üçün qəribsəyir, ürəyini şeirlə boşaldırmış. Oğluna 1962-ci ildə yazdığı şeirin orijinal adı var, “Oğul” adlanır. Deyim ki, o vaxt indiki Azərbaycanın ədəbiyyat marşalı Anarın iyirmi dörd yaşı olub.

Rəsul Rza yazır:

“Mən səni yeni ayaq açanda,

yeni dil açanda,

 top kimi yumalanıb qaçanda görmüşəm”.

Rəsul Rza demək istəyir ki, oğlunu təsadüfən görüb, çünki evdə tapılmırmış – İndoneziya, Paris, Hindistan…

“İlk dəfə məktəbdən gələndə

bağrıma basmışam səni, qucaqlamışam…”

Özünü çatdırıb sentyabrın birinə, birbaşa Çindən uçub gəlib…

“sən böyümüsən hər gün…”

Stalin mükafatını mən yesəydim, mən hər saat böyüyərdim, bu boyda olmazdım…

“İndi yekə kişi olmusan, maşallah!

Gündə üzünü qırxırsan…”

Bunu gərək yazmamaydı, Anar bunu oxuyan kimi üzünü qırxmağı tərgidib saqqal saxlamışdı, çünki aralarında atalar-oğullar problemi vardı…

“İndi qadınlar sənə

Həsədlə, məhəbbətlə baxır…”

Burda, zənnimcə, səhv var. Qadınlar Anara həsədlə baxmazdılar, Anara həsədlə kişilər baxardılar. Qadınlar yəqin Anara həsrətlə baxardılar, dərdindən ölərdilər…

“Uşaqlardan sənə dayı deyənlər var…

Ay rəhmətlik Rəsul Rza, indi görəydin uşaqlar Anara nə deyirlər! Anarın ətrafındakı uşaqlar özləri çoxdan dayı olublar, Anara isə ustad deyirlər, boss deyirlər, rəis deyirlər, arxadağ deyirlər, dahi deyirlər…

O uşaqlar elə bir əcayib tayfaya çevriliblər ki, işlərinin düzəlməyi üçün eşşəyə də dayı deyərlər…

Deyəsən, burda eşşəyin xətrinə dəydim…

Mən, nə gizlədim, özgə cibində pul sayanam, fikirləşirəm ki, görəsən Rəsul Rza ailə üzvlərinə yazdğı şeirlərdən nə qədər pul qazanıb… Doğrudan da o vaxt kommunizm imiş, sən arvadına, oğluna şeir yazırsan (sözləri alt-alta düzürsən), sövet hökuməti də camaatın boğazından kəsib sənin cibini doldurur…

Sovet hökuməti yıxılandan sonra bu müftə yemək qurtardı. Ona görə nəinki şairlər öz ailə üzvlərinə şeir yazmadılar, onların çoxu heç evlənmədi də. Hara evlənəsən ki, hökumət nəinki qonorar, hətta uşaq pulu da vermir…

Sovet hökumətini yıxanlar şeytan lənətinə gəlsin!

23.12. 2018

Samara