Haçansa deyirlər, kəsir ya ağlın,
Şaxta Baba deyil ili gətirən.
Bilirsən saxtadır bığı, saqqalı,
Yox onda möcüzə, sehr qüdrəti.
İnam itib gedir Şaxta Babaya,
Rəğbəti yaşayır həmişə amma.
Mahir bir lotu da, fırıldaqçı ya,
Məhəbbət qazanır aldadılandan.
İllərin gəlməyi, getməyi sonra,
Özbaşına deyil, bilir hər insan.
Bilirsən dalında ilin duran var —
Qüdrəti nə yerə, nə göyə sığan.
Uşaq gözləyirsə Şaxta Babanı,
Böyük — intizarla gözləyir İli.
Kiminsə ümidi ona bağlanır,
Kimsə gözlədikcə vahimələnir.
Odur ürəklərdə yara sağaldan,
Odur qəlb ovudan, verən təsəlli.
Milləti qaldıran, ölkə dağıdan —
Dünyanı alt-üstə bir il də bəsdir.
Şəxsi qüdrətimiz, ya qeyrətimiz
Çatmır, ümidimiz bağlanır ilə.
Bəzən təzə il tək gəlir Nemesis,
Taxtını dağıda müstəbidlərin.
Qorxular ildəndir, ümidlər ilə,
Necə sevilsə də Şaxta Babalar.
Özü özbaşına dəyişmir belə,
Bilirik dalında ilin duran var.
31 12. 2018
Samara