Yoldaş Əmirxan da sağalıb durur. Bağı yoxlayıb görür ki:
“Ağaclar gümrahdır, meyvələr sulu”.
Bəs meyvələri özü şəxsən xəstələnməmişdən qabaq yığmamışdı?
“Nə yarpaq, nə də bir ot saralmışdır”.
Muğanda meyvələr sulana, yarpaq, ot saralmaya?
Səməd Vurğun oxucudan soruşur:
“Yaz ətri gəlirmi şeirlərimdən?”
Yox, gəlmir… Bilmək olmur hansı fəsildir… Pis iy gəlir…
Yoldaş Əmirxanı yenə qısqanclıq qurdu gəmirir. Fikirləşir ki, bəlkə Aygün Elyarla gəzir…
Aha! Bu da Elyar özü! Öz ayağı ilə gəlib Muğana yoldaş Əmirxanın yanına.
Əl-ələ görüşürlər.
Səməd Vurğun:
“Rəqiblər dost olur bizim dünyada”
Yəni bu, Puşkinə eyhamdır, onun duelçi qəhrəmanlarına.
Elyar yoldaş Əmirxana məruzə edir ki, onun “zövcəsi” qeyrətli qadındır, yalnız yoldaş Əmirxanı sevir və ondan ötrü darıxır. Və Aygünün ona yazdığı məktubu yoldaş Əmirxana verir.
Bu dəfə yoldaş Əmirxanla Elyar öpüşürlər…
(Uşaqların üzünü o yana çevirin…)
Yoldaş Əmirxan bağını Elyara göstərir.
Aha!
Sən demə Aygünlə Ülkər hərəsi bir ağacın dalında gizləniblərmiş!
Yoldaş Əmirxan:
“Dönüb qucaqladı Aygünü bərk-bərk”.
Komik poema belə bitir:
“Onlar sevindilər, sevinək biz də…”.
Təəssüf ki, bu fövqəladə uzun cəfəngiyatı oxuduqca doyunca gülmək mümkünsə də, sevinmək mümkün deyil. Çünki bu “poema” Azərbaycan sovet poeziyasının miskinliyini bütün miqyası ilə göstərir. Bu poema indi də məcburi proqramlar çərçivəsində tədris olunan “əsərlərin” poetik mədəniyyət, sənətkarlıq tələbləri və standartları baxımından necə bərbad vəziyyətdə olduğunu göstərir. Belə “əsərlərlə” poetik tərbiyə almış yeniyetmələri sonradan yüksək poeziyaya yönəltmək bəlkə də qeyri-mümkün olur.
Bu poemada canlı bir surət belə yoxdur. Bakılı kimi təqdim olunan Əmirxanda ən xırda şəhərli cizgisi belə tapmaq mümkün deyil. Nə həyat tərzində, nə danışığında, nə qadına münasibətində. Səməd Vurğun bakılı Əmirxan adıyla bir kənd adamını təsvir edib.
Aygün də canlı insan deyil, Səməd Vurğunun kommunist partiyasının yüksək gözstərişləri əsasında yaratdığı müasir qadın layihəsidir. Bu Aygün hardan çıxıb, valideynləri kimdir – məlum deyil. Elə bil inkubatorda yaranıb. Niyə yoldaş Əmirxana aşiq olduğu məlum deyil. (Sıx qaşlar, geniş sinə — bu, inandırıcı deyil…)
Səməd Vurğun Aygün layihəsiylə bir yöndəmsiz hibrid yaradır. O, sovet qadını haqqında partiya təlimini öz patriarxal mülahizələriylə birləşdirir. Sovet qadını kimi, Aygün təhsilini başa vurmaqdan da çəkinmir, kommunizmə simfoniya həsr edir, Stalin mükafatı alır. Digər tərəfdən o, “qeyrətli” qadındır, yəni gəzmir. Yəni Səməd Vurğunun nöqteyi-nəzərindən, əqidəsiz olmaq, qanlı kommunist rejiminə simfonuiya yazmaq, “sağ döşünün üstündə” Stalinin şəklini gəzdirmək Azərbaycan qadını üçün əxlaqsızlıq deyil, uzun illərlə öz kefində olan, mədəniyyətsiz və heyvərə ərdən ayrılıb bir başqası ilə sevişmək əxlaqsızlıqdır. Təəssüf ki, indi də Azərbaycanda əxlaq məhz bu cür dar mənada başa düşülür. Rüşvətxorluq, peşə etikasının, peşə və vəzifə məsuliyyətinin olmaması əxlaqsızlıq deyil. Bizdə əxlaq anlayışı yalnız “gəzməklə” “gəzməmək” arasındadır. Ona görə də bizdə rüşvətxor prokuror, rüşvətxor məmur, xəstənin qanını içən həkim, şagirdi soyan müəllim məclislərdə yuxarı başa çəkilir, patriarxal ailə-məişət ənənlərini pozanlar isə düşmən qovulurlar və hətta bu zəmində qətllər də törədilir…
Səməd Vurğun dözülməz dərəcədə uzun olan bu poema boyu guya Aygünün dalına düşüb onu izləyir və hər dəfə “gəzmədiyi” barədə oxucuya məruzə edib onu guya sevindirir. Oxucunu isə Aygününü ya başqa qadınların şəxsi həyatı maraqlandıra ya narahat edə bilər, ancaq oxucu onları mühakimə edə bilməz. Oxucu üçün Aygünün ya başqa bir qadının əxlaqı kişilərlə hansı münasibədtə olmağımda deyil. Aygünün əxlaqı (əxlaqsızlığı) onun yüz minlərlə, milyonlarla insanın həyatını cəhənnəmə çevirmiş rəhbərin şəklini “sağ döşünün” üstündə gəzdirməsidir. Milyonlarla insanın həyatını məhv etmiş kommunizm quruculuğuna simfoniya yazmasıdır.
Səməd Vurğunun özünün də əxlaqlılığı ya əxlaqsızlığı onun qadınlarla (ya kişilərlə — belə də ola bilərdi) hansı münasibətdə olmağında deyil. Onun əxlaqsızlığı bütün şüurlu həyatı boyu əqidəsiz yaşamağı, yalan yazmağı, müstəbidləri, o cümlədən onun xalqının qanını sel kimi axıtmış cəlladları vəsf etməyidir. Buna görə də onun bu günün yeniyetmələrinə mənəvi rəhbər təyin edilməyi cinayət tərkibli faciədir.
Noyabr-dekabr 2018
Samara
Məqalənin tam mətni burda: