TƏBRİZ XƏLİLBƏYLİNİN XATİRƏSİNƏ

26.10. 18

Vətənin dərdindən nə qədər ölən,

Vətənə nə qədər şeir yazan var!

İndi klavitura, haçansa qələm,

Yerdən duran yazar, durmayan yazar!

 

 

Kimi istəyir ki, daşına dönsün,
Kimi qayasaında mamıra dönmək.

Bütün ölkələrdən badam gözlüsü,
Dünyada ölkə yox gözəl vətən tək.

 

 

Qərib ölkələrdə gün yubadanlar,
Deyirlər ölməyə vətən yaxşıdır.

Dünən heç neçəyə vətən satanlar,
Bu gün “anam!” deyir, yaş da axıdır…

 

 

Dayanmır, yorulmur şeir yazanlar,
Müqəddəs deyirlər, ulu deyirlər.

“Özüm sənə qurban, anam da qurban,

Sənsən gözümüzün nuru” deyirlər…

 

 

Deyirlər başını alsa buludlar,
Qanı axıdarıq, canı verərik,

Sevgimiz qədər də qeyrətimiz var,

Hər birimiz şair, həm igid ərik!

 

 

Deyirlər oğlumuz, qızımız gedər,

Biz ölsək, vətəni müdafiəyə.

Balamız qurbandır sənə, deyirlər,
Hazırıq itkiyə, sən yaşa deyə.

 

 

Şairlər yazırlar alov saçaraq,
Haray qoparırlar qafiylərlə.

Deyirlər, ay millət, nə yatmısan, qalx,
Vətən əldən gedir, tələs, irəli!

 

 

Millət də şairi eşidib gedir,
Gedir səmimilər, saf ürəklilər.

Gedir kasıb-kusub, adamsız, adi,

Onların adları “sıravi”, “nəfər”…

 

 

Axır döyüşlərdə qızıl qanları,
Ölüb baş qoyurlar qara torpağa.

Şair pəncərədən bəlkə boylanar,
Yas çadırlarına uzaqdan baxar…

 

 

Tapılmaz şəhidlər siyahısında,
Millətin şairi, şair övladı.

Çağırmaq, qaldırmaq necə asandır,
Ölmək asan deyil Vətən yolunda!

 

20.12. 2018

Samara

Реклама

POL VERLEN. OCAQ YANIR, ÇIRAQDAN DÜŞƏN ŞÖLƏ İNCƏDİR

verlain-19

Le foyer, la lueur étroite de la lampe

Ocaq yanır, çıraqdan axan işıq incədir,

Gicgaha sığal çəkir barmaqlar düşüncəli.

Qarışaraq sevimli gözlərə, gözlər itir,
Buğlanan çay vaxtıdır, vaxtı kitabın bitir.

Axşam ötüb gedincə şirinləşir duyğular;

Yorğunluqda cazibə, intizardasa həzz var;

Toy toranlığı və ilk gecənin şirin dadı,
Ah, mənim incə arzum bunu gəzdi, aradı

Usanmadan keçərək bütün yolları hədər,
Aylar üzür səbrimi, dözülməzdir həftələr!

 

Fransızcadan tərcümə

18-19. 2018

Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏR: «GÖRƏSƏN NEFT DAŞLARINDA QAZIM, DOLUM NECƏDİR…»

RASUL_RZA

Rəsul Rza həyatını öyrənən insanlarda həsəd yarana bilər: Rəsul Rza təkcə xalq şairi olmayıb, həm də əməkdar turist olub, ilin çoxunu xarici ölkələrd. Həftənin yarısınl təyyarələrdə keçirib. Ancaq kim fikirləşir ki, Rəsul Rza bu səfərlərdə kef çəkib, böyük səhv edər. Rəsul Rza gecə-gündüz, Bakıda da, Moskvada da, Amerikada da, İndoneziyada da kef çəkməyib, özü dediyi kimi, “cılxa” dərd çəkib. Bunu “Fikrim çırpınır” şeirində yaxşı görmək olur.

Rəsul Rza oturub təyyarədə, okeanın üstündən uçur.Hindistan təyyarəsidir. Hər sərnişinə də bir fışdırıq veriblər ki, okeana düşsələr, fışdırıq çalıb köpəkbalıqlarını qovlasınlar… Başqa sərnişinlərin yatanı kim, viski, konyak vuranı kim, yanındakı xanımıarla dilxoşluq eləyəni kim. Ancaq bizim Rəsul Rzanı dərd alıb. Başqası, yəni ki, bizim kimi sadə insanlar, dərd çəksə də, öz dərdini çəkər, ailəsinin dərdini çəkər. Ancaq Rəsul Rza mütəfəkkirdir, sənətkardır, humanistdir, o, dünyanın dərdini çəkir.

“Görəsən Mildə, Muğanda novruzgülü açılıbmı indi?”

Məlumdur ki, İmişlidə, Jdanovda novruzgülü vaxtında açılmayanda millət çox qəmgin olurdu…

“Görəsən Neft daşlarında qazım, dolum necədir?”

“Qazım” – yəni quyu qazımı, ürəyinizə yəqin ayrı şey gəldi. Nahaq yerə, Rəsul Rza ayıb danışan deyil…

“Dolum” – qazma planıdır. Yəni qazma planı doldumu?

Vallah, çəkməli dərd deyil…

“Görəsən Havanada işlər necədir?”.

Bax, indi düzünü deyin: hansınız Havanadakı işlərlə maraqlanıb? Heç yadınıza düşmür!

“Görəsən üşümür ki, Bakıda Sahil bağında gəsən körpələr?”

Bakıda gəzən körpələr Rəsul Rzadan başqa kimi yadına düşürdü? Düşsə-düşsə, düşərdi Sülüyman Rüstəmin, Osman Sarıvəllinin, Nəbi Xəzrinin yadına…Ancaq çətin…

“Görəsən Bakıda Qurucular küçəsində

tikilib qurtardımı o geniş pəncərəli bina?”

Budur narahatlıq! İndi hansı xəbisə deyə bilər ki, yəqin Rəsul Rza o binada mənzil alacaqmış. Yalandır! Rəsul Rzanın mənzili olub! Oğluna? Oğluna? Oğlunun da olub! Rəsul Rza xalqın dərdini çəkir”

Burasını oxuyanda özümdən getdim, yarım saatdan sonra ayıldım:

“Görəsən bu il yenə aclıq üz verəcəkmi Hindistana?”

Bu fikirlə təyyarədə Rəsul Rzanın boğazınadan yemək keçərdimi, konyak keçərdimi? Mənim şübhəm yoxdur ki, hər il Rəsul Rza aclıq çəkən Hindistana kömək göndərirmiş.Bir kisə un, bir kəllə qənd, bir nəfər molla… Yox molla yox…

“Görəsən Kəlküttədə o qoca riqşa nəfəsini dərdimi, yazıq?”

Hı, dərdimi? Dərmədimi?

Yazıq azərbaycanlı kolxozçunun, sədrin, briqadirin qapazı altında mələyən kolxozçunun fikrini çəkməyə nə var. Hünərin var kəlküttəli riqşanın fikrini çək!

Şair bir də onun fikrini eləyir ki, təyyarədə radiosu yoxdur ki, Moskvadan son xəbərlərə qulaq asıb dünyanın dərdini doyunca çəkə bilsin…

Ağlamalı şeirdir, vallah!

Ancaq məni şeytan yoldan azdırdı, təsəvvür etdim ki, bu şeiri Nəsibə Zeynalova Fatmanisə qarının rolunda ifa edir.

“Dərdimi, hı, dərmədimi?”

Az qaldım gülməkdən öləm…

20.12. 2018

Samara