NÜSRƏT KƏSƏMƏNİNİN GÜLMƏLİ ŞEİRLƏRİ. “SƏN DEMƏ TƏZƏDƏN SEVMƏK OLARMIŞ…”

Qocaldıqca adam xarab olur. Yadımdadır, gənclikdə sevgi şeirlərini oxuduqca gözümdən yaş, Rəsul Rza demişkən, “gildir-gildir” axardı. “Deyildim mən sənə mail, sən etdin əqlimi zail” misrasını oxuyan kimi hönkür-hönkür ağlayırdım, çünki öz qəlim də zail olmuşdu.

Əliağa Vahidin qəzəllərini eşidəndə həm ağlayır, həm vahimələnirdim, çünki bilirdim ki, əğyar zalım oğlu yarı hökmən yoldan çıxaracaq.

“Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım…”

Vay…

“İndi dincəl, gözəlim, mən də ölüb qurtardım…”

Bu köpəkoğlu əğyar çox kişilərin həyatını məhv edib, indi bilmirəm Azərbaycanda yenə əğyarlar var ya yox…

İndi sevgi şeirlərini oxuyanda nədənsə məni gülmək tutur. Çox adamdan məsləhət istədim, elə mən deyəni dedilər, dedilər qocalmısan, qanın soyuyub…

Ancaq bir nəfər məsləhət gördü ki, Nüsrət Kəsəmənlinin sevgi şeirlərini oxuyum. Dedi ki, bu şeirlər qocanı da cavan elər…

İndi oxuyuram, lənət şeytana, yenə gülmək tutur.

“Sən demə təzədən sevmək olarmış…”

Bunu yaxşı deyib, bu elə mənə aiddir, yəni yaşı keçmiş adamlara.

“Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş…”

Bunu yaxşı başa düşmədim. Yəni yenə qabaq sevdiyin adamı sevəcəksən? Elə isə daha tale hardan gülər? Təzəsi olsa, başqa…

Burda şair haşiyə çıxıb hikmətli sözlər deyir Sədi Şirazi kimi.

Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur”.
Əslində siqareti belə yandırırlar, bir-birinin oduna. Əlbəttə, şamı da yandırırlar, ancaq sevgi sevənlər yaman siqaret çəkən olurlar. Ayrı şeylər də çəkirlər…

“Köhnə yaraları vaxt, zaman silir”.

Vaxt elə zaman deyil? Yara silinir ya sağalır?

“Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?”

Mən qürublara baxmağı çox sevirəm, tam məsuliyyətlə deyə bilirəm ki, günəş batanda qıpqırmızı olur. Buna necə gülməyəsən?

“Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin”.

Gəlin bunu təhlil edək. Elə bil orta məktəb şagirdiyik. Oxuyub müzakirə edirik. Yaxşı, qəlbimdən ötən sevgini çıxardım. Sonra məni tənhalıq sıxdı. Səhəri gün mənim gözüm ayrı bir arvada düşəcəksə. Bunun kiməsə etdiyim yaxşılığa nə var? Yəni əslində məsələ sadədir. Doğrudan da insanların qəlb yaraları sağalır, təzədən sevə də bilirlər. Müəllif gücü çatmadığı işə girişib, özünü filosofluğa qoyub bir-birindən cəfəng bənzətmələri ard-arda sadalayır. Ayının min oyunu bir armudun başındadır, müəllif zorla özünü sıxıb bu şeiri canından tər kimi çıxarmalıdır ki, sabah jurnala, radioya aparsın, çünki çörəyi bundan çıxır.

Gah deyir ki:

“Sevgi fürsət deyil quş kimi uça…”

Bir az sonra:
“İlk sevgi yuvadabn uçan quşcuğaz…”

Bizi dolamısan?

“Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib…”

Təəccüblüdür, gülməli və ağlamalıdır ki, belə cəfəng və üstəlik estetik baxımdan eybəcər beytlər əzbərlənir, sitatlanır, yayılır… Necə yəni “min hiylə əliylə”? Məcnunun ahından məhəbbət hara uçub?

Nüsrət Kəsəmənli də Səməd Vurğun kimi qazaxlıdır, ona görə əvvəl-axır hökmən dağa çıxmalıdır.

“Məhəbbət zirvədə bəslənən qarmış”.

Qarmış? Niyə məhəbbət qardır? Qarı kim bəsləyir? Niyə duman deyil, yağış deyil, zəlzələ deyil?

Uzun sözün qısası, əvvəl bu şeir məni güldürsə də, axıra getdikcə çox qeyzləndim. Müəllifin başqa şeirlərinə baxdım, yenə güldüm və sakitləşdim.

Onlar barədə ayrıca…

10.12. 2018

 

KOMİK «AYGÜN» POEMASI. “AĞACLAR TƏK MƏNƏ ALIŞIB YALNIZ, MƏNSİZ NƏ YEYƏR, NƏ DƏ SU İÇƏR”.

bağırov_vurğun

 “Keçdilcə baharlar, keçdikcə qışlar” yoldaş Əmirxan bir neçə kəndi “ev-ev tanıdı”.

“Nə xeyirdən qaldı, nə də ki, şərdən”.

Dalı çox maraqlıdır:

“Gecələr demə ki, o yalqız qaldı,

Çalışdı çox zaman kitabxanada…”

Keçən əsrin 50-ci illərində Saatlı kəndlərində zəngin kitabxanalar varmış. Özü ə hamısı gecələr işləyirmiş…

Yoldaş Əmirxan Miçurinin əsərlərini oxuyur, bilmədiklərini kəndlilərdən soruşur.

“Gah əvvəl, gah sonra çıxdı yarışdan”.

Yəni sonuncu?

O, burda başa düşdü ki:

“Hər ürək bir bədən içində yaşar…”

Yəqin Bakıda anatomiya müəllimi zəif olub…

“Hər solan yarpağın, cılız şitilin,

Öyrəndi sirrini, tapdı sehrini…”

Yarpağın qaydası solmaqdır, burda nə sirr?

Hələ də Səməd Vurğun ağac tinginə, qələməsinə “şitil” deyir…

Bunlar xırda şeylərdir. Vacib odur ki, diretor Nemət, “öz toplarından atəş açan”, yoldaş Əmirxanın işini görüb şad olur.

Nemət yoldaş Əmirxanı öz evində saxlayır (indiki şagirdlər çox pozulublar, ürəklərinə ayrı şey gələcək).

Yoldaş Əmirxan “hərcayı düşüncələrdən” ayrılıb ürəyində “arzular bəslədi”.

Yoldaş Əmirxan quşlardan tez oyanıb saldığı bağa baş çəkir.

“Görüncə bir kiçik budağı xəstə

Kəsir cərrah kimi öz əllərilə”.

Bu lap yaxşıdır:

“Bəzən də bir ağac boysuz olanda,
Onun gövdsinə dərmanlar vurur…”

Gözıəl! Bu dərman ağaclardan çox adamlara lazımdır. Görəsən ondan Saatlıda qalıb?

Dalı var hələ:

“O ağac böyüyüb yaşa dolanda,
Sərin kölgəsində məclis də qurur…”

Yəqin toğlunu da həmin ağacdan asıb soyurlar…

Ancaq:

“O hələ zövq alır pul xərcləməkdən”.

Aha!

“Güc ilə çatdırır ayı baş-başa”.

Yəqin ki, başa çatdırır. Baş-başa çatdırmaq necə olar?

Səməd Vurğun yoldaş Əmirxanın bədxərcliyini bağışlayır.

Qoy olsun, dəyməyək daha xətrinə,
Qoy içsin, istəsə hərdən ürəyi…”

Üç il keçir. Sovxoz bağındakı ağaclar “üç cür, beş cür” meyvə yetirirlər.

“Bəzən bir ağacın üstündə gerçək,
Alma da, armud daa, heyva da dəydi…”

Bu necə olur? Bir ağacda? Limçay? Lısenkovçuluq?

Sonra xalq şairi Muğanı tərifləyir:

“Qışda yaşıl olur orda ağaclar…”

Bu hansı Muğandır?  

Muğanda yetişən ilk nübarları,
Yemək də olmayır şirinliyindən…”

“Nübar” “farsca, təhrif olunmuş) elə ilk, yeni bar deyil?

“Bağın meyvələri olduqca dən-dən,

Əmirxan onları vaxtında dərdi”.

Aqronom məhsulu özü yığıb! Ancaq meyvələr necə “dən-dən” olur?

“Ülkərə bir fəsil pay da göndərdi…”

Sovxozun malından? “Fəsil pay” – bunu başa düşmədim…

Şairin təsvir etdiyi bağa xalq “Əmirxan bağı” adı verir. Şairin ürəyi dağa dönür…

(O vaxt bağlara respublika rəhbərlərinin adı verilmirmiş… maraqlıdır…)

“Sevindi dastanın hər bir varağı”…

Buna nə deyəsən?

Yoldaş Əmirxanın istedadı “nağıl kimi düşdü dillərə”.

Əmirxanən bağı böyüyür. Muğanın başqa bağlarına ordan “şitil” aparırlar…

Nə fikirləşirsiniz? Belə getsə, yildaş Əmirxanı böyüdüb Bakıya apararlar.

Aha!

Nazirlikdən məktub:

“Məsul vəzifəyə gələrsinizmi?”

Yoldaş Əmirxan bir neçə gün düşüncələrə dalıb cavab yazır:

“Ayrıla bilmərəm mən öz bağımdan…

Ağaclar bir mənə alışıb yalnız,

Mənsiz nə yem yeyər, nə də su içər…”

Ağacın yem yediyini bilmirdim…

Yoldaş Əmirxan xəstələnib, qızına məktub yazıb. Aygün elə birinci qatarla yola düşür (o vaxt Muğanın harasına qatar gedirmiş?)

Aygünlə Ülkər gəlib çıxırlar “Lenin” sovxozuna. Asfalt yolları piyada gəzdikcə:
“Bura lap şəhərdir, şəhər dedilər…”

Əmirxan isə sovxozdakı müasir xəstəxananın palatasında ağ yataqdadır, ağır xəstədir.

“Elə bil doğrudan ölüm üstədir”.

Azərbaycanlılar adətən “can üstədir” deyirlər, “ölüm üstədir” demirlər…

Yoldaş Əmirxan qalxa bilmir, ancaq Aygünün “can, can” səsini eşidir.

Elə palatada ikən Aygünə teleqram gəlir ki, sən gərək təcili Moskvaya gedəsən. Yəqin Şostakoviçin işi keçmir…

Aygün yoldaş Əmirxanın üzündən öpür və Əmirxan bağından keçib gedir Moskvaya. Şostakoviçi məəttəl qoymaq olmaz.

Ülkər qalır. Bir səhər Əmirxan onu başının üstündə görüb

“Zəif qollarilə basdı bağrına…”

Üç il idi görməmişdi…

Moskva. İttifaqlar Evinin sütunli salonu.

“Hamı bir nəfər tək sakit olmuşdur”.

Aha!

Elyar Aygünün yazdığı mahnını oxuyur.

“Salona səs saldı odlu alqışlar,
Böyük rus qəlbinin məhəbbətilə”.

Rusun da qəlbindən olmaz…

Elyar yenə oxuyur.

“Aygünün başısə buluda dəydi”.

Aha!

Aygünlə Elyar Moskvanı seyrə çıxıblar!

Ey bivəfa arvad!

“Yanır yanaqları yenə lalə tək…”

İllər bir ucdan gedir, bunun yanaqları yanmağında…

Aha! Aygün qızından teleqram alıb: “Atam sağalıb!”

Elyar deyir ki, bilirəm məni sevməyirsiniz.

“Nahaq mən öz eşqimdən vəcdə gəlirəm…”

Rəhmətlik oğlu, əlbəttə, nahaq. Vəcddən nə çıxar. Get özünə tay tap…

Aygün deyir ki, otuz yaşı var… Ancaq Səməd Vurğun o qədər il saymışdı ki, gərək ən azı qırx yaşı olaydı…

Elyar Aygünün əlindən öpür. Səməd Vurğun oxucunu xəbərdar edir ki, ürəyinə ayrı şey gəlməsin.

“Ancaq o mehriban busənin odu

Əlin dərisindən keçmədi qana”.

Lənət şərə! Şübhədən çıxdıq! Qeyrətli arvaddır…

 

 (ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. “MEŞƏDƏN AYRILIB BİLDİR, YAŞ AXIDIR GİLDİR-GİLDİR…”

RASUL_RZA

Rəsul Rzanın şeirlərinin altında tarixlərə baxırsan, gülmək tutur. 1960-cı illərin əvvəllərində, canının sulu vaxtı, Rəsul Rza dünyanın çoxlu ölkəsində səfərlərdə olub. 60-cı illərin əvvəllərində SSrİ-də vəziyyət yaxşı deyildi. Əlbəttə, vəziyyəti yaxşı olanlar da vardı, ancaq xalq dediyimiz çoxluq əziyyət çəkirdi, ölkədə çörək qıtlığı yaranmışdı, kəndlərdə adabaşına un satırdılar, şəhərlərdə çörək növbəsində adamlar bir-birinin başını yarırdılar…

Qabaqcıl sovet şairləri isə, o cümlədən Rəsul Rza dünyanı ölkə-ölkə gəzir, yoldaş Xruşşovu rəhbərliyi ilə sovet xalqının qazandığı nailiyyətlərdən danışırdılar. Əlbəttə, bu səfərlərə böyük pullar gedirdi və bu pullar sovet adamlarının boğazından kəsilirdi… Çox gülməlidir…

Ola bilsin ki, baqşa şairlər bu səfərlərdə kef çəkiblər, hətta bəlkə, ayıb olmasın, arvadbazlıq da ediblər. O ki qaldı bizim Rısul Rzaya, o, xarici ölkələrdə bir qram kef çəkməyib ancaq xiffət eləyib.

Götürək Bali səfərini. Dünya şöhrətli kurort. Ürəyində deyirsən, ay kişi, gəlib çıxmısan bura, kef elə, doyunca çim, quma uzan, özünü günə ver, xanımlara bax… Yox, Rəsul Rzanın fikri qalıb Azərbaycanda. Buranın suyu ürəyinə yatmır. Çünki duzunda

“Xəzərin şirinliyi yoxdur!”

Gərək gələndə bir çəllək Xəzər suyu götürəydi…

“Eh…

Burnumun ucu göynəyir

Bakı üçün,

 onsuz da…”

A kişi, yadından çıxar getsin Bakını, Bakıda indi çörək növbəsindən başqa nə var ki…

Onu deyim ki, bircə bu “Eh” misrası üçün Rəsul Rza ən azı iki manat qonorar alıb yəqin. Bir kisə çörəyin puludur…

Ancaq Rəsul Rzaya, etalon vətən sevgili insana bunu demək olardımı…
1961-ci ildə Rəsul Rza Ranqunda olub. Ranqun indi Yanqon adlanır, o vaxt indi Myanma adlanan Birmanın paytaxtı olub. Maraqlı şəhərdir. Birma Oruelə ümumdünya şöhrətli əsərlərin süjetini verib. Ancaq Rəsul Rzanın sinəsində çırpınan ingilis ürəyi deyil, azərbaycanlı ürəyidir. Bu ürək qəm dünyasıdır, dünyanın qəmini çəkir bu ürək. Bu ürək necə sevinsin ki, nadir ağ fili qəfəsə salıblar!

“Adama elə baxr ki,

Deyərsən indi
Dil açıb danışacaq”.

İndi hansı oxucu deyə bilər ki, bu filin qəfəsə haçan salıblar. Üç il qabaq? Beş il? On beş il?

Yox!

Bildir! Bəli, bildir!

Soruşursunuz niyə bildir? Rəsul Rza bunu hardan bildi? Qəfəsə yazılmışdı?

Yox, ona görə bildir ki, qafiyəsi düz gəlir!

“Gözündən yaş axır gildir-gildir…”

Düzü, heç bilmirəm ki, “gildir-gildir” nədir, ancaq bunu oxuyanda o qədər güldüm ki, gözümdə yaş sel kimi axdı. Bəlkə də gildir-gildir axdı, kim bilir…

A kişi, sənin fillə nə işin var. Cəhənnəmə salıblar qəfəsə, gora salıblar…

Başa düşürəm ki, Azərbaycan kimi azad ölkədən gedən adam qəfəsdə fil görəndə darıxar. Ancaq bu qədər də yox də…

Rəsul Rza belə Rəsul rza olub… Kövrək… Gildir-gildir…

10.12. 2018

Samara