Архив | 27.12.2018

POL VERLEN. AND

verlain-19

            Vœu

Ah! İlk ürəkaçmalar! Sevginin ilki şirin!

Gözlərin dəniz göyü, qızıl saçlar, gül bədən,
Sevimli, gənc bədənin qoxusu baş hərlədən.

Qorxulu qəfilliyi odlu nəvazişlərin!

 

İndi uzaqda qalmış qayğısız və şən anlar,

Ürək açıqlığı da! Əfsus, tamam yenildi

Sevincləri Baharın soyuq, qara qışına
Amansız qüssənin ki, hələ də qəlbimdədir!

 

 

Necə təkəm indi mən, yas içində və tənha,
Yas içində, ümidsiz, soyuğam qocadan da,

Böyük baсıya həsrət zavallı yetiməm mən.

 

 

Ah, qadın! Məhəbbəti isti və can qızdıran
Hər şeyə öyrəşikli, zərif, düşüncəli həm,
Bir uşaq kimi hərdən öpər də alnınızdan.

Fransızcadan tərcümə

24-25. 12. 2018

Samara

VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: GÜL KİMİ TORPAĞI VERİB ERMƏNİYƏ, ŞƏHƏRİN NATƏMİZ KÜÇƏLƏRİNİ ÖPÜR…

VAQİF bAYATLI 4.bmp.jpg

Vaqif Bayatlı hələ Cəbrayılzadə olan vaxtdan əyilib “yerüzünü” öpməyə adət edib. Bakıda, məluldur ki, öpməli yer tapmaq asan deyil. Birincisi, gərək az-çox təmiz yer ola. Ancaq Azərbaycanın paytaxtında  indi natəmiz torpaq tapmaq da çətindir, bütün torpağı basıblar asfalta, mərmərə, qranitə bənd ediblər…

Qəribədir ki, Vaqif Bayatlı Cəbrayılda yaşayan vaxtlar niyə oranın gözəl torpağını öpmürmüş. İndi ürəyin istəsə də, öpə bilməzsən – ermənilər səni hara qoyar…

Vaqif Bayatlı belə hesab edir ki, yerüzünü öpən adam göyüzünü də öpür, Tanrının ətətyni də öpür, çünki Tanrının ətəyi (!) yerüzünə sallanıb.

Pardon, uzanıb…

Bəzi şeirlərində Vaqif Bayatlı torpağı öpməklə qalmır, şair üzünü torpağa sürtür. Bu prosedur ciddi kosmetik  və fizioloji nəticələr verir.

“Sürtdüm ağ üzümü
qara torpağa
Qalxdım təzə adamtək…”

Belə çıxır ki, torpağa sürtüləndən sonra şairin ağ (?!- X.X.) üzü qaralıb – təzə adam olduğunu ayrı necə başa düşmək olar?

Şair bəzən üzünü torpağa qoymaqla alın yazısına and içir:

“Qoyub alın yazımı
qara torpağa
and içdim alın yazıma”.

Başa düşmək olmur ki, şair alın yazısına niyə ayaq üstdə and içmir. Bunu güzgü qabağmda durub eləmək daha münasib olmazdımı?

Şairin yaradıcılığıyla geniş tanış olduqca görürsən ki, torpaq öpən bircə Vaqif Bayatlı deyil, torpaq öpən çoxdur, yəni torpaq öpənlərAzərbaycanda bir sektadır və bu sektanın rəhbəri də Vaqif Bayatlı. O, öz ardıcıllarını, torpaq öpənləri,  şeirində alqışlayır:

“Tanrı ətəyini yerüzündən diz çöküb

göyüzündə öpənlərin həmişə, hər an,

hamısının bir-bir, tək-tək

balaca günəşlərtək qalxan,

balaca günəşlərtək öpən alınları, öpən gözləri,

balaca günəş budaqlarıtək qatlanıb öpən,

qatlanıb günəş açan dizləri mübarək”.

Bir az mürəkkəbdir, sektaların dili həmişə mürəkkəb olur, mənası budur ki, Vaqif Bayatlı bütün diz qatlayıb torpağı öpənlərin dizlərinə “mübarək” deyir…

Pek iyi!

Yox, lənət şeytana! Çox yaxşı!

Ancaq sual çıxır: niyə Vaqif Bayatlı Cəbrayılın cənnət torpağını öpmürdü, gəlib Bakının natəmiz küçələrini öpür?

Niyə azərbaycanlılar torpağı öpməlidirlər? Torpaq öpmək elə bizə qalıb? Niyə norveçli, fin, isveçrəli torpağı öpmür? Torpağı əkərlər, becərərlər, torpaqda industrya yaradarlar, məbəd tikərlər, torpağı qoruyarlar! Torpağı verib ermənilərə, gəlib oturub Bakıda, şəhərin işəməkli küçələrini öpür…

Allahı da belə bayağı söhbətlərə qatmaq yaxşı deyil, Allahın ətəyi yerə sallanmır, çünki Allahın ətəyi yeri yoxdur, Allahın yerdə evi var, bu evinn necə adlandığı, ordan necə və nəyə təzim olunduğu, nəyin öpüldüyü də məlumdur…

Vallah, bu adam ya özünü lağa qoyub, ya bizi…

Adamın gülməyi gəlir, ancaq gülə bilmirsən…

27.12. 2018

Samara