Архив | 13.12.2018

POL VERLEN. VƏTƏN MƏHƏBBƏTİ

verlain-19

           L’amour de la Patrie

 

Vətənin məhəbbəti ən birinci sevgidir,

Tanrı məhəbbətindən sonrasa  sonuncudur.

Günü işıqlandran o bir oddur elə bil,

Gözümüzdə səmavi alov yandıran odur.

 

 

Bu, xaçlandığı gündə ilahi bəbəkləri
Körpənin, bu, sübh şağı zərif quşcuğazların,
Qulağına dolan səs, havadır, çiçəkləri

Bürüyən və ətridir bahar çağı rüzgarn.

 

 

Körpə böyüyür, yeri ayağı altda duyur,
Bilir kimdir gəzdirən, kim beşikdə yelləyən.
Zərifdir, aclığını içkilərlə doyurur,

Əmdiyində dad həm var, ruhun incəliyi həm.

 

 

Körpə bir kişi olur, gənc qıza dönür ya da,
Duyanda bədənini cilvələyir məlahət,

Ürəyi pərvazlanır ailə yuvasından,

Könül axtarır könül, bədən bədənə həsrət.

 

 

Tapıb qovuşan kimi yaxın qəlbə, bədənə,
O, körpələr gətirir çiçək kimi dünyaya.
Bir bağ yetişdirir ki, həm cavan, zəngin həm də,
Ayrı yerin yox, elə buranın adamıyla.
Kişinin öz işi var, öz işi qadının da,
Öz vəzifəsindədir fikri hərənin. Qadın,
Gündüz ocaq qoruyur gözlərini yummadan,

Gecəsə qeyrət çəkir, axı qadındır adı.

 

 

Kişi isə qıraqda əlləşib-çalışmada

«Qazanmaq və gətirmək” – bu sözün dəyəri var.

Şərəfli və meriban, yalan sözlə qanlıdır

Gecə sevimli qollar arasına qayıdar.

 

 

Yer üzündə onların həyatı sakit və dinc,

Övladdan yarıyarlar, vətəndə qarıyarlar.
Ancaq hərb, qara iblis, yenə bu rəzil çibin,
Qətl çiçəkləriylə dənizlər boyanır al.

 

 

Ayağını əcnəbi basır qədim torpağa,
Bərəkətə; hər elin onda təcəssümü var.
Saraqos və Moskva, ispan olsun, rus ya,
Doxsan üçüncü ilin Fransası, adamlar,

 

 

Qəfildən böyüyürlər, hər iş görülən, asan.

Faciəvi, klassik, güclü, mülayim həm də.

Uğrunda çarpıışırlar evin, qəbiristanın,

Arvad-uşaq fikriylə ölürlər öləndə də.

 

 

Sağ qalansa qayıdır köhnə qayğılarına,
Tanrı, əcdad xofunda böyüdür uşaqları.

Zövcəsinin böyrünə yenə də qısılaraq,
Təzə həyat meyvəsi yetişdirir eşq ilə.

 

Yetkin yaş fikirlərin ciddiləşən vaxtıdır,

Qayğılıdır ümidlər dostluqda həsəd də var.

Bu vaxt həm də nifrətin yığıldığı saatdır,
Və meydan yığıncağı, köynəklər, arxalıqlar,

 

 

Narazı vətəndaşlar  namuslu bir vuruşda

(Onlar ki qardaşdılar! Qüssə doğurur bu çox…)

Ayırd edirlər haqqı borcla, və aydın bu da:

Bərabərlik naminə, mənfəətdən ötrü yox,

 

 

Tərəf tutur; öldürmək niyyəti olmasa da,

Rəhm bilmir, öldürür yenə əvvəlki sayaq.

Xəlbirdən axıb gedir sanki qan ətrafında,

Hiddət coşur içində qəddar —  müqəddəs ancaq.

 

 

Ölsə, şərəflənəcək adı, tanınmasa da.

Qərib ya yox, o, xoşbəxt öləcəkdir hər halda.

Onu kişi böyüdən, ona sevinc daddıran,

Müqəddəs bu torpağa qurban oldu həyatı.
fransızcadan tərcümə

10-13. 12ş 2018

Samara