Архив | 21.12.2018

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: GÖYÇAYIN NARKOTİK XASSƏLİ HEYVALARI…

RASUL_RZA

Günlərin bir günü göyçaylı biq qoca Rəsul Rzaya məzəmmətlə deyir ki, niyə sən öz vətəninə şeir yazmırsan. Rəsul Rza da qələmə sarılıb “Göyçayın” adlı uzun bir şeir yazır.

“Göyçayda poema misraları tək,
Düzülüb yol boyu hündür çinarlar”.

Şeir 1969-cu ildə yazılıb. O vaxt artıq Rəsul Rzanın böyük hörməti olub,  Hörməti böyük olmasaydı, bu şeirin elə əvvəlindən redaktorlar ilişərdilər. Deyərdilər necə yəni “hündür çinarlar”, çinar hündür olmasaydı, ona çinar deməzdilər, səksəul deyərdilər…

“Narının şöhrəti tutub hər yanı”.

Bu, düzdür. Hərçənd şeir misrası deyil.

“Payız vaxtı hər kəs bağına girsə,

 heyva qoxusundan tez sərxoş olur.”

Bax, bu, heç düz də deyil. Çünki Salyan bağlarında da heyva çox olur, bəlkə Göyçay bağlarından da çox, həttə Salyan küçələrindən birinə Salyan xalqı “Heyvalıq” deyir. Ancaq indiyəcən bir Salyanlı heyva iyindən sərxoş olmayıb. Heyva sərxoşluq gətirsəydi, salyanlılar anaşaya o qədər pul verməzdilər ki… Lənət şeytana… Bunu Salyan polisi oxusa…

Şeirin burası qocanın dilindəndir. Yəni Göyçayı qoca tərifləyir. Rəsul Rza deyir ki, şeir yazaram, ancaq siz gərək Potu kəndində Qantəmirə heykəl qoyasınız…

Vaxt yetişəndə Rəsul Rza gedib görür ki, Qafur-Qantəmirin heykəli hazırdır.

 “Qocanın vədəsi həqiqət oldu.

Bəs şairin vədi? Söz verin ona!”

Rəsul Rza Göyçaydan şeir yazmaq istəyəndə qarşısında Vətən torpağı canlanır. Rəsul Rza görür ki, ayrı-seçkilik eləyə bilməz, yəni Göyçayı Gəncədən, Naxçıvandan, Qarabağdan ayıra bilməz…

Düz deyir kişi!

Ancaq Rəsul Rza Hindistanın, İndoneziyanın, İrağın, Yaponoyanın hər şəhərinə, hər şəhərin hər küçəsinə ayrı-ayrı şeirlər yazır… Görünür, xarici şəhərlərə yazılan şeirlərə hökumət çox pul verirmiş…

Ancaq Rəsul Rza candərdi də olsa, Göyçayı tərənnüm edir, yzaır ki, “mən ordan gedəndən Göyçay böyük bir şəhərə çevrilib”.

Yəni nə böyüklükdə olub? Bakı boyda?

Burası yaxşıdır:

“Geniş küçələrin hər iki yanı

 mərtəbə-mərtəbə evlərnən dolub”.

Yaxşı ki, hər iki yanı. Yoxsa eybəcər görünərdi…

Qırmızı qalstuk məktəbliləri

hər yanda görürəm hey dəstə-dəstə”.

Əslində “qalstuklu” olmalıdır, heca misraya sığmayıb. Bu şoğərib hecalara görə Rəsul Rza sərbəst yazıb. Bu şeiri göyçaylıların xətrinə heca vəznində qoşub…

 “Bir yanda kosmosdan söhbat açırlar,

 Bir yanda yüksəlir kəsmə şikəstə”.

Gözümün qabağına gətirdim, gülməkdən öldüm. Küçənin bir yanında göyçaylılar arvadlı-kişili kosmosdan danışırlar. Küçənin o yanında isə bir arvad əlini qulağının dibinə qoyub “Kəsmə şikəstə” oxuyur, yəqin Fatma Mehraliyeva konsertdən qabaq məşq edirmiş… Kosmosdan danışanların bir deyir: “Ay, xanın, get ayrı yerdə oxu, get Kürdəmirə, biz burda kosmosdan danışırıq…”

Rəsul Rza sonra yazır ki, “meyxoş narın” (nar da meyxoş imiş…), çinarların şöhrəti dünyaya yayılsa da, buranıb ən “böyük şanı” insandır!

Atan rəhmətlik! Bunu yaxşı demisən!

Sonra Rəsul Rza yazır ki, burda Füzuli dünyaya gəlib. Bunu oxuyanda xəcalət çəkdim. Füzulinin göyçaylı olduğunu bilmirdim. Bəlkə bu, ayrı Füzulidir… Füzuli çoxdur. Salyanda neçəsi var…

Sonra Rəsul Rza Həsən bəy Zərdabini də Göyçay qeydiyyatından keçirir…

Sözün düzü, dalı maraqı deyil. Çevir tatı, vur tatı. Rəsul Rza özü də başa düşür ki, qələmi boş-boşuna nala-mıxa vurur. Deyir ki, ömür vəfa eləsə, yenə Göyçaydan yazacaq…

Nə gizlədim, məni bu şeirdə maraqlandıran anca heyva oldu. Bəlkə doğrudan da Göyçayda eə heyva nözü var ki, insanı kefləndirir? Görəsən, o, ayrı yerdə, məsələn, Salyanda bitərmi? Bununla hökmən maraqlanmaq lazımdır…

Nə sirrdisə, elə bu heyvadan oxuya-oxuya elə bil heyvalandım, yəni havalandım. Məni gic  gülmək tutdu. Özümü saxlaya bilmirəm… Şeytana min lənət…

 

21.12. 2018

Samara