Архивы

ŞARL BODLER. MÜQƏDDƏS PYOTRUN DÖNMƏKLİYİ 

бодлер

Le Reniement de Saint Pierre

 

Əziz Serafimlərə bütün gün ünvanlanan,

Qarğış dalğalarıyla Tanrı neyləyir görən?

Müdhiş küfr harayında bəlkə şirin mürgülər.

 Necə ki, bol yeməkdən, şərabdan köpən tiran,

 

İztirab çəkənlərin, məzlumların naləsi,
Bir simfoniyadır ki, yəqin xumarlandırar.

Zira alınırsa da onların həzzi qanla,

Doyub-dolanan deyil göylər hələ deyəsən.

 

İsa, Zeytun Bağını bəlkə yada salasan!

Sadəliyindən dua eləyirdin diz üstdə.

Cəllad canına sancan mismarların səsindən,
Yəqin ki, xoşallanıb göydə gülürdü osa.

 

Görən zaman səndəki ali müqəddəsliyi,
Küt və şərəfsiz əsgər və qab dibi yalayan,

Elə ki duydun bütün Bəşəriyyət yaşayan,
Kəlləndə sənin tikan çələngi yer eləyir;

 

Əzilmiş bədəninin müdhiş ağırlığından,

Sallananda qolların, rəngi qaçmış alnını,

Bürüyəndə sel kimi axan tərin və qanın, 

Durarkən hədəf kimi hamının qabağında,

 

Xatırladınmı Vədi yerinə yetirməyə

Gəldiyin əzəmətli və möhtəşəm günləri.

Yoluna döşədilər budaqları, gülləri,
Ulaq üstdə kütlənin qabağında getməyə.

 

Cəsarətlə, ümidlə böyüyən ürəyinlə,

Öz əlinlə vuranda sən lotu dəllalları,

Nəhayət, ustalaşdın? Peşmanlıq ağrıları,

Sancıldımı içinə iti nizədən əvvəl?

 

Mənə qalarsa, şəksiz, cana doyub gedərdim,
Arzu ilə hərəkət uyuşmayan dünyadan.

Qılınc qaldırb elə qılıncıla məhv olaydım!

Döndü Pyotr İsadan… o, yaxşı da elədi!

Fransızcadan tərcümə

12-13.08. 2018

Samara

ŞARL BODLER. BİLGİGÜDƏNİN ARZUSU

бодлер

 

              Le Rêve d’un Curieux

                                             Feliks Nadara

Mənim kimi tanışmı sənə də dadlı qüssə,

Deyiblərmi sənə də “Ah, qəribə adamdır!”

 — Mən ölürdüm, eşq ilə dolu ürəyimisə

Üzən həvəslə qorxu qarışıq bir azardır;

 

Əzab və işıq ucu, uzaq qiyamçılıqdan.
Fatal bu qum saatı nə qədər boşalırsa,

İşgəncəm daha acı, həm daha qan qaynadan;

Mənim ürəyim tamam dünyadan uzaqlaşar.

 

Tamaşa ehtiraslı mən bir uşaq kimiydim,
Pərdədənsə bezirdim, çünki o, maneəydi…
Soyuq həqiqətlərin üstü açıldı indi:

 

Təəccüb eləmədim ölümə və bürüdü,
Məni qorxuc bir şəfəq. Necə? Nə varsa budur?

Qaldırımışdı pərdə, hələ də gözləyirdim.

 

Fransızcadan tərcümə

08-09. 08. 2018

Samara

À Félix Nadar

   ŞARL BODLER. KİFERAYA SƏYAHƏT

бодлер

Un Voyage à Cythère

Sevinclə pərvazlanır ürəyim quşcuğaz tək,

Və azad qanad çalır, adlayıb ciyəlıəri,

Yırğalanır altında gəmi təmiz göylərin,

Günəş şüalarıyla sanki xumardır mələk.

 

Bu qara və qüssəli ada nədir? – Kifera,

Deyirlər, mahnılardan tanınır onun adı

Köhnə məktəblilərçin bayağı Eldorado.

Yaxşı baxın; sən demə kasıb bir diyar bura.

 

Burda neçə sirr yaşar, bayramlar ürək oxşar!
Şirin bir ətir kimi üstündə dənizlərin,
Gözəl surəti qalxar  Veneranın elə bil,

Xumarlıqla, eşq ilə ruhları o doldurar.

 

Yaşıl mərsin bürümüş gül-çiçək dolu ada,
Əbədi hörməti var ona bütün xalqaların,

Sıyrılar bura məftun ürəklərin ahları,
Qızıl gül bağı üstdən fimiam tək yayılar

 

Şirin nəğməsi kimi ağacdələnlərin ya!

— Torpağı sısqa, simic bir ölkədir Kifera,
Qıyyalarla narahat yeknəsəq qayalıqlar!

Mənsə görürəm ancaq bir məkan ki, yox tayı.

 

O, ağac kölgəsində duran məbəd deyil ki,

Gizlin ehtirasların alovu bədənində,

Çiçəklərin vurğunu cavan kahinə gedə,
Donunu yarı aça sərin dəniz küləyi.

 

Üzdük elə yaxın ki, dənizin qırağına,
Quşları qorxutdular bəyaz yelkənlərimiz.

Birdən biz üçayaqlı gördük dar ağacını,
Seçilirdi səmada uca, qara sərv kimi.

 

Başlamışdı yırtıcı ziyafəti quşların,

Didilirdi ölünün artıq şişən bədəni

Murdar dimdiklərini alət tək basır onlar,
Qan sızan hər yerinə asılıb çürüyənin;

 

Gözlərinin yerində iki deşik, qarnının,
Çıxb bağırsaları, düşüb ayaqlarına.

Və onu cəlladları həzz ilə xumarlanıb,
İti dimdikləriylə deşib axtalayıblar.

 

Ayaqları altında bir sürü dördayaqlı,

Burunları dikəlib, fırlanır, hərlənirlər.

Heyvanın ən irisi vurnuxur ortalıqda,
Yanı köməkçilərlə dolu rəhbərə bənzər.

 

Kiferanın sakini, gözəl göydən törəyən,

Sən sakitcə dözürsən bütün bu təhqirlərə.
Bəlkə bağışlatmağa rəzil pərəstişi və

Günahları ki, cənə məzarı yasaq edər.

 

Miskin meyit, doğmadır iztirabların mənə!
Baxdıqca duyuram mən sallaq əzalarına,

Qusuntu kimi qalxır dişlərimin dibinə,
Ötən qüssələrimin ödü dalğalanaraq.

 

Xatirəsi sevimli yazıq şeytan, mən sənin

Önündə yenə duydum bir vaxt necə həvəslə
Quzğunların dimdiyi və qara panterlərin,
Çənəsi bədənimi parçalayırdı belə.

 

— Səma göz oxşayandı, dəniz səthi hamardı;

Mənə hər şey qaraydı, qanlıydı indən belə,

Heyhat! Məim ürəyim bu alleqoriyada,

Kəfən bürünmüş kimi həmişəlik gömülər.

Ah, Venara, adanda taraz tapdım bircə şey,

O da dar ağacı ki, surətimi asıblar.

Ah, Cənab! Mənə güc ver, mənə cəsarət də ver,
İkrahsız baxa bilim bədənimə, ruhuma!

 Fransızcadan tərcümə

16-18.08. 2018

Samara

ŞARL BODLER. SƏYAHƏT

бодлер

 

Le Voyage

À Maxime du Camp

I

Estamplara, kartlara vurğun yeniyetməyə,
Kainat onun hədsiz iştahına bərabər.

Ah! Çıraq işığında böyükdür necə dünya!

Xatirənin gözündə kiçikdir o nə qədər!
Yollanırıq bir səhər, beynimiz alovlanır,
Ürəyimizdə hiddət və acı ehtiraslar.

Gedirik, uyuşaraq ritminə dalğaların,
Bizim sonsuzluğumuz dəniz sonuna varar.

 

Kimlərsə sevinir ki, rəzil vətəndən qaçır,
Kimlərsə dəhşətindən yurdun, və bəzilər də,
Sirseyin, bu hökmran,  ölümcül ətir saçan,
Qadının gözlərində batan münəccimdilər.

 

Heyvana dönməsinlər deyə, nəşələinrlər,
Fəzadan və işıqdan, alovlanan səmadan.

İynələyən şaxtalar və yandıran günəşlər

Öpüşlərin izini silib aparır tamam.

Əsil səyyahlar ancaq onlardır ki, gedirlər,
Getmək üçün; yüngüldür ürəkləri top kimi.

Talelərindən heç vaxt yan ötüşən deyillər,
Niyəsini bilmədən deyirlər ki, “Gedirik”!

 

Bunların ehtirası buludlara bənzəyən,

Özlərisə top-tüfəng arzulayan rekruta.

Diyar arzulayırlar naməlum və dəyişkən,
Bəşər ağlı heç zaman bilməyir nədir adı.

II

Dəhşət! Biz özümüzü kürəyə oxşadırıq,
Hərlənir, fırlanırıq,  hətta yuxumuzda da,
Bizə işgəncə verir Maraq, bizi fırladır,
Necə ki qəddar Mələk günəşləri qamçılar.

 

Məqsədin yer aldığı bənzərsiz yazı, tale,
Heç yerdə o, yoxsa da, ancaq o, hər yerdə var!

Azca olsa da dinclik axtarar necə dəli,

Ümidini kəsməyən insan onu arayar!

Üçdor gəmi qəlbimiz,  İkariya axtaran;
Körpüdən səs ucalır: “Ehtiyatlı olun, ha”

Qəzəbli biq qışqırıq ucalır yuxarıdan:

“Sevgi… şərəf… səadət!” Lənət! Sualtı qaya!
Keşikçinin gördüyü hər kiçicik bir ada

Sanki Eldoradadır bizə Tale vəd edən;

Kefə hazırlıq görən Təsəvvür ancaq orda,
Tapmır dan işığında qayadan özgə heç nə.

Ah, xəyali yurdlara vurulan zavallılar

Yandırılaydı, suya atılaydı ya birbaş,

Daha da acılayan ilğımı, girdabları

Amerikalar açan o sərxoş dənizçi kaş!

 

Palçıqda eşələnənən qoca sərsəri belə,
Behiştləri arzular yelə burnunu tutub;

Ovsunlanmış gözünə, harda şam şöləsiylə

İşıqlanan daxmacıq varsa, görünər Kapu.

III

Heyrətamiz səyyahlar! Nə qədər gözəl əsər,

Oxuyuruq dəniz tək dərin gözlərinizdə!

Zəngin xatirələrlə hanı dolu mücrülər,
Ulduzlardan, efirdən yaranmış incilər bəs?

Biz yelkənsiz, buxarsız istəyiririk dolaşaq!

Qüsssəni dağıtmağa bizim bu türmələrdən,
Keçsin ruhlarımızdan gərilmiş yelkən sayqaq,

Xatirələriniz qoy sərhəd, üfüq bilmədən.

Söyləyin, nə gördünüz?

IV

“Biz ulduzları gördük
Və qumlu sahilləri, həmçinin dallğaları;
Ancaq burdakı kimi qüssədən də ölürdük,
Baxmayaraq şoklara və qəfil bəlalara.

 

Şəhərlərin cəlalı günəşin qürubunda,

Bənövşəy dənizdə günəşin cəlalı var.

Bunlar bizdə təlaşlı istək oyandırırdı,

Rənglərin bu sayrışan səmasında qərq olaq.

 

Ən əzəmətli peyzaj, ən zəngin şəhərdə də,
Təsadüfün əliylə buludlardan yaranan,
Sehrli gözəlliyin yox heç vaxt əsəri də.

Və həmişə qanımız ehtirasla qaynayar.

 

— Əyləncələr istəyi daha da artırandır.

Həzz ilə mayalanan qoca ağacdır istək.

Nə qədər ki, bərkiyir qabığın, qalınlanır,
Budaqlar o qədər çox günəşi görə gərək.

 

Artarsanmı həmişə, sərvdən iri daha,
Nəhəng ağac? – Fəqət biz,  qayğı ilə yığılan,

Eskizlər gətirmişik, albiomunuza yarar,
Axı sizə xoş gəlir, nə gəlirsə uzaqdan.

 

Xortumlu sənəmlərə biz səcdə eləyirdik;

Alışan incilərlə bəzənibdir taxtlar;

Elə bir dəbdəbəylə saraylar tikilib ki,
Beləsini istəsə, bankir var-yoxdan çıxar;

Geyimləri görənin gözləri xumarlanır;

Dişləi, dırnaqları qadınların rənglənib.

İlanlar sığallayır mahir jonqlyorları.

V

Sonra, bəs dana sonra?

VI

“Ah, körpə beyinlilər!

 

Yaddan çıxarmamaqçın ən önəmli bir şeyi,
Elə hər yerdə gördük, izləməsək də onu,

Ayaqdan başınacan fatal pilləkəni biz,
Qüssəli tamaşası ölüm bilməz günahın;

 

Təkəbbürlü, həm də küt, miskin kənizdir qadın,

Öz-özünün heyranı, gülüş, ikrah bilmədən.

Cəsarətli və qəddar, kişi acgöz tirandır,

Kölənin köləsidir, murdar, üfunət verən.

 

Cəlladziyafət qurar, əzabkeşsə hönkürər,
Bayram qanla yaranmış, qan qoxusu da yayar,

Hakimiyyət zəhəri despotu kefləndirər,

Xalqınsa sevgisi var kütləşdirən qamçıya.

 

Bəziləri dinlərin bizim dinlərə bənzər,

Hamısı da dırmaşır göyə; Saflıq istəyən,

Ərköyün tək pərquda əzab çəkər, əzilər,
Nəşələnər, dincələr  mismar, at tükü üstdə.

 

Bəşəriyyət boşboğaz, öz dühasından xumar,
Qabaqlar olan kimi  divanədir indi də.

Çarpışmaqdan üzülüb Tanrını o çağırar,
“Ah, özümə bənzəyən, ağam, mən səni lənətlədim!”

Az kütlər, Dəliliyin qorxusuz vurğunları,
Tale otaran böyük bir sürüdən qurtulur,

Tiryək ənginliyinə çəkilib sığınırlar,

— Əbədi bületeni bütün dünyanın budur”.

 

Acıdır səyahətdən insan qazanan bilik!

Dünya, xırda, monoton, həm bu gün, həm də sabah,
Daim göstərər bizə necəyik, nəyik, kimik:
Birə dəhşət vadisiyik biz qüssə səhrasında!

 

Yollanaqmı? Qalaqmı? Qala bilərsənsə qal,
Gərəksə, yollan. Biri qaçır, gizlənir biri

İstər sayıq və fatal düşmənini aldada,
Qaçan var ki, ah, Zaman! Əfsus, nəfəs də dərmir,

 

Sərsəri Cuhud kimi, həvarilər kimi ya,
Onlara nə ekipaj, nə də gəmi bəs elər.

Retiar ayıbından qaçalar; başqalar var

Heç beşikdən durmamış öldürməyi bilirlər.

 

Nəhayət, belimizə qoyanda ayağını,
Qışqırarıq: İrəli! bizdə ümid oyanar,

Necə ki, başqa vaxtlar biz Çinə yollanırıq,

Gözlərimiz dənizdə, saçımızla yel oynar.

 

Toranlıq dəniziylə başlayırıq səfəri,

Gənc bir səyahətçi tək qəlbimizdə sevinc var.

Eşidin bu qüssəli, məlahətli səsləri,

Oxuyurlar: “Ətirli Lotos arzulayanlar

 

Burdan gedin! Bu yerdə yığılır ürəyiniz,

Tamarzı tək istəyən möcüzəli meyvələr.

Əbədi gündüzlərin şirinliyi misilsiz,

Xumarlandırar sizi, hamınızı məst edər!”

Biz tanış avazından kabusu tanıyırıq,
Bizim Pilad əlini bizə sarı uzadır.

“Ürək sərinlətməyə üz Elektra sarı!”

Deyir dizini bir vaxt öpdüyümüz o qadın.

VIII

 

Ölüm! Qoca kapitan, vaxtdır, lövbəri qaldır!

Ölüm, bizi bezdirir bu ölkə! Yelkən açaq!

Əgər göy də, dəniz də mürəkkəb tək qaradır,

Qəlbimizdə, bilirsən, günəş özü nur saçar!

 

İçirt zəhərini sən bizə ki, gümrahlanaq!
Elə yandırır bu od beynimizi, girdaba,
Göyə ya Cəhənnəmə istəyirik qərq olaq,

Naməlumun dibində təzə nəsə tapmağa!

 

Fransızcadan tərcümə

09-12.08. 2018

Samara

ŞARL BODLER. İBLİSİN LİTANİYASI

BaudelaireNadard-thumb

      Les Litanies de Satan

 

Ey Mələklər içində ən gözəl, ən ağıllı!

Tale arxa çevirən, şükrə tamarzı Tanrı!

Ah, İblis, acı mənim bu miskin həyatıma,
Sürgünlərin Padşahı, haqsızlıqlara qurban,

Basılıb yeniləsə də, daha da güclü qalxan,

Ah, İblis, acı mənim bu miskin həyatıma!

Sən hər şeyi bilirsən, yeraltılar kralı,
Sənə yaxşı tanışdır bəşər iztirabları.

Ah, İblis, acı mənim bu miskin həyatıma,

Qarğınmış səfillərə, cüzamlılara belə,

Dadını tanıdırsan sən behiştin eşq ilə,

Ah, İblis, acı mənim bu miskin həyatıma.

Daim Ölümlə, qoca və güclü oynaşından
Ümid doğurursan, ah, bu hoqqana heyranam!

Ah, İblis, acı mənim bu mskin həyatıma,
Sənsən məhkuma sakit, qürurlu baxış verən,
Eşafot quranlara yetişər lənətlərin.

Ah, İblis, acı mənim bu miskin həyatıma!
Hansı guşələrində yer üzünün bilirsən,
Paxıl Tanrı gizlədib incilərini bizdən.

Ah, İblis, acı mənim bu miskin həyatıma!

İti gözlərin görür dərin arsenalları,
Metal tayfalar yatır orda qapanıb qalan,

Ah, İblis, acı mənim bu miskin həyatıma!
 Girdabları gizlədən sənin geniş əlindir,

Binanın qırağımda yuxulu yeriyəndən.

Ah, İblis, acı mənim bu biskin həyatıma,

Sənsən sümüklərini möcüzəli sağaldan,

Atla fikirli sərxoş küçədə basılanda.

Ah, İblis, acı mənim bu miskin həyatıma!

Ah, incə iştirakçı, basırsan nişanını.
Sən alçaq və rəhmsiz Krezlərin alnına.

Ah, İblis, acı mənim bu miskin həyatıma!

Sənsən ürəklərinə salan fahişələrin,
Yaraya pərəstişi, əski-üsküyə eşqi.
Ah, İblis, acı mənim bu miskin həyatıma!

Tədqiqatçıya çıraq, qəribin pənahısan,

Tövbəni sənə edər cinayətkar, asılan.

Ah, İblis, acı mənim bu miskin həyatıma!

Gəlib Tanrı Atanın qəzəbiylə qovulsa,

Kim dünya cənnətinən, onun atalığısan.

Ah, İblis, acı mənim bu miskin həyatıma!

 

DUA

Cəlal və alqış sənə, İblis, hökm sürdüyün

Səma zirvərində və baslıb girdiyin,

Cəhənnəmdə ki, orda təkcə xəyallarlasan!

Bir gün Bilik Ağacı üstündə açan zaman

Təzə bir məbəd kimi budaqlarını, onda,
Buyur mənim də ruhum qoy uyusun yanında.

 

Fransızcadan tərcümə

13-14.08. 2018

Samara

ŞARI BODLER.  FANTOM

бодлер

Un Fantôme

I

       Qaranlıqlar

Taleyin əliylə atılmışam mən,
Qüssənin gözgörməz zirzəmisinə.

Heç zaman günəşin şöləsi girməz,
Zəhmli sahibə — Gecəylə təkəm.

 

Rəssamam elə bil, məkrli Tanrı
Hökmüylə məcburam çəkəm toranda.

İştahı olmayan aşbazam ya da,
Bişirib yediyim öz ürəyimdir.

 

Parlayır, uzanır və genişlənir,
Bir kabus, cəlaldan, cəzbdən doğan.

Xumar görümündə ədası şərqin,

Əzəməti məni sarsıdan zaman,
Tanıdım ki, kimdir bu gözəl qonaq:

Bu Odur! Qara və nurludur ancaq!

 

II

Ətir
Oxucum, çəkmisən bəlkə haçansa,
İçinə  qurman tək, tamarzı kimi,
Kilsəni bürüyən buxur iyini,

Saşedəki müşkün qoxusunu ya?

Sehrli cazibə cana gətirir,
İndidə keçmişi, xumarlanırıq.

Sevimli bədəndən beləcə məşuq,

Ən gözəl xatirə çiçəyi dərir.

 

Onun sıx və ipək kimi saçları
Alkov buxurdanı, canlı saşedir.

Yayılır yabanı, qəribə ətir.

Və dolub müslin ya velür paltarı,
Saf gənclik iyiylə başdan ayağa,
Xəz qoxuları da axır otağa.

III

Çərçivə

Ustad fırçasından şəkil çıxsa da,

Necə ki, artırar gözəl çərçivə,
Bir az qəribəlik, bir az cazibə,

Geniş  təbiətdən onu ayırar,

 

Beləcə bərbəzək, metal və mebel,
Əlavədr onun gözəlliyinə,

Ləkə sala bilməz nuruna heç nə,
Ona çərçivədir nə var elə bil.

Bəzən deyirlər ki, hətta inanır,
Hamı həndəvərdə onun heyranı;

Duyğulu bədəni qərq olub çimir,

Sətinin, ipəyin öpüşləriylə,
Və yavaş ya çevik, haçan tərpənir,
Meymun balası tək qəlbə xoş gələr.

IV

Portret

Xəstəlik və Ölüm döndərir külə,
Bizim üçün yanan nə qədər od var.

Alovlu, mehriban bu iri gözlər,
Mənim ürəyimi udan dodaqlar,

 

Günəş şüasından iti duyğular

Diktam tək qüdrətli qızğın öpüşlər,

Ah, qəlbim, onlardan, söylə, nə qalar!

Üç rəngli bir eskiz,  başqasa heç nə,

O da tənhalıqda mənim tək ölər,
Onu Zaman, kinli, hampazor tiran,
Ağır qanadıyla durmadan silər…

 

Ölməz yaddaşımda bil ki, heç zaman,
Sənətin, həyatın qara qatili,

Kim mənə həzz idi, həm də sevgili!

 

Fransızcadan tərcümə

15-16.08. 2018

Samara

  ŞARL BODLER. VAMPIR

бодлер

Le Vampire

Bıçaq tiyəsi tək girdin elə bil

Şikayətlə dolu ürəyimə sən,

Şeytan sürüsü tək çapıq və qəfil,
Görkəmin divanə, cəlb eləyən həm.

 

Gəldin çevirəsən qıpıq zəkamı,
Sən öz yatağına, sən öz mülkünə.

— Sənə bağlanmışam, şərəfsiz qadın,

 Dustaq zəncirinə bağlanan kimi.           

 

Şüşəyə vurulan içki düşgünü,

Oyuna aludə qumarbaz kimi.

Cəmdəyi cücülər sevər necə ki
  —Qəzəbə, lənətə gələsən görüm!

 

Dil açıb yalvardım iti qılınca,
Dedim əsarətə son qoya bilər,

Məkrli zəhərə ağız açaraq,

İstədim qorxudan çıxam birtəhər.

 

Əfsus ki, zəhər də, iti qılınc da,
Mənə nifrət ilə belə dedilər:

 “Səndə ləyaqət yox azad olmağa,
Qarğılı, lənətli əsirliyindən,

 

Divanə! Biz onun əsarətindən,
Əgər çalışaraq çıxarsaq səni,

Qızğın öpüşlərin yəqin dirildər,
Yenə meyidini qaniçəninin!”

 

Fransızcadan tərcümə

14-15.08. 2018

Samara

ŞARL BODLER. QURBAN

бодлер

Une Martyre

                  Naməlum bir ustanın rəsmi

Qızıl naxış toxunmuş parçalar, flakonlar,

Mebel duyğu doğuran,

Mərmər şeylər, şəkillər və xoş ətirli donlar,
Nəfis qırçınlarıyla döşəməyə sallanan.

 

Dəmirçixana kimi isti otaqda hava,
Təhlükəli, ölümcül.

Son dəfə nəfəs alıb şüşə məzarlarında,

Burda çiçəklər ölür.

 

Burda başsız  meyitdən qırmızı və isti qan

Axır iti çay kimi,

Balıncın üzü içir qızıl qanı doymadan,
Necə su içər zəmi.

 

Gölgədən yaranaraq bizi heyrətə salan,
Ağımtıl görüntü tək.

Keçə kimi sıxılmış bozumtul-qara saçlar,
Qana bulaşmış bəzək

 

Qaymaqçiçəyi kimi fikirsiz baş dincəlir.

Gecə masası üstdə.
Bərəli gözlərindən toran qalxır elə bil,
Baxış tutqun və süstdür.

 

Lüt bədənsə yataqda nə utanır, çəkinir,

Təbiətin verdiyi

Sirli əzəməti və fatal gözəllikləri,
Açıb göstərir indi.

Gülrəng, qızıl qaytanlı corabı ayağında,

Suvenir kimi qalır;

Alovlu gizli göz tək almaz işıq yağdırır,

Onun corabbağları,

 

Bu təkliyin xüsusi cəhəti və möhtəşəm
Portretdəki xumar,
Həm işvəli gözləri onun, uzanışı həm,

Şər bir eşqdən danışar,

 

İnfernal öpüş dolu qəribə təntənələr

Cinayətkar kef-damaq,
Pərdə qırışlarından boylanan bəd mələklər,
Baxırdı həzz alaraq.

 

Fəqət nəzər salırsan nəfis arıqlığına

Bu tin-tin çiyinlərin
Bir az dik baldırlara, qəzəbindən qıvrılan
İlan kimi belinə,
O hələ necə gəncdir! –Qəlb üzülüb, qüssənin

Duyğular əsiridir

Onlardımı açılan tamarzı sürüsünə,
Cilovsuz həvəslərin?

 

Sağkən, necə də sevsən, doyura bilmədiyin,
İntiqamçı  insanın,

Doyurdumu lütfkar və süst bədənin indi,
Bitməz ehtirasını?

 

Danış, nətəmiz meyit! Qapdımı titrək əllə

Sənin qalın saçını,
Qorxulu baş, basdımı soyuq ağzına, söylə,
Ali əlvidasını?

 

Bu heyvərə dünyadan, rəzil kütlədən uzaq,
Uzaq məhkəmələrdən,
Yat, qəribə yaranış, yat dincini alaraq,

Sehrli məqbərəndə.

Zövcən dünya dolaşar, ölməz ruhun sənin də,
Onu yatanda izlər.

Saxlar sədaqətini sənə o indən belə,
Və ölən günə qədər.

 

Fransızcadan tərcümə

07-08.08. 2018

Samara

Ş. BODLER. «XOŞÜRƏK QULLUQÇU QIZ, SİZDƏ QİBTƏ DOĞURAN…»

бодлер

La servante au grand coeur dont vous étiez jalouse

 

Xoşürək qulluqçu qız, sizdə qibtə doğuran,
Yatır ot altındaca həqiranə hər zaman.

Gərək bir az gül-çiçək yığıb ona aparaq,
Zavallı ölülərin böyük qüssələri var,

Qocaman ağacların qayçısı Oktyabr,

Elə ki mərmər daşı nəfəsiylə dalayır,

İsti yorğan-döşəkdə yatan yaşayanları

Onlar nankor sayarlar; özlərini qaranlıq

Yuxular basır bu baxt; nə yataq yoldaşı var,

Tapılmır heç kim də ki,  əylənib danışalar.

Qurdlar deşib dağıdan qoca skeletləri,

Qış qarının soyuğu iliyəcən titrədir.

Bütöv bir əsr keçir dostları ya ailə

Dəyişincə məzara gətirilən gülləri.

Elə ki axşam ocaq oxuyar, fısıldayar,
Görürəm ki, o gəlib oturub kresloda.

Mavi, soyuq dekabr gecələrində əgər,

Görsəm ki, otağımın bir küncündə gizlənər,

Qalxıb gəlib əbədi yatağından, qayğılı,

Ana qayğısı görsün indi boy atan oğlu.

Görüb boş bəbəyindən göz yaşı sel tək axır,

Mən bu dindar qəlbliyə nə cavab verim axı?
fransızcadan tərcümə

03-04. 08. 2018

Samara

ŞARL BODLER. PARİS YUXUSU

бодлер

                               Rêve parisien

                     Konstanten Qisə

I

Hələ indiyəcən ölərilərdən,
Belə müdhiş peyzaj görən olmayıb.

Bu səhər yenə də əsiriyəm mən,
Həmin mənzərənin, uzaq, dumanlı.
Yuxu qələbəlik möcüzələrdən!
Bəlkə şıltaqlıqdan, bəlkə inaddan,
Bütün bu dəyişən bitkiləri mən,
Çıxardım biryolluq tamaşalardan,

 

Və öz dühasıyla vüqarlı kimi,

Mənim öz tablomda ləzzət aldığım,
Metalın, suların ya da mərmərin,
Qəlbi məst eləyən monotonluğu.

 

Babildir pillələr, tağ sıraları,
Bu saray cəlallı, uca və əngin.

Xam ya da cilallı qızıla axır,

Suyu hovuzların, şəlalələrin.

 

Şəlalələr burda ağır, möhtəşəm,

Büllurdan yaranan pərdələr sayaq.

Həm işıqlıdırlar, parıltılı həm,

Metal divarlardan düşən, sallanan.

 

Burda ağac yoxdur, kolonnadalar,

Mürgülü gölləri alıb dövrəyə

Onlara baxaraq nəhəng nayadlar,
Elə qadınlar tək özünü öyər.

 

Mavi su axını baş alıb gedir,

Sıxılıb yaşıl və al sahillərə.

Milyon lyölərlə yolu qət edir,
Çatır kainatın bitdiyi yerə:

 

Daşlar vardı orda eşidilməmiş,
Vardı möcüzəli dalğalar orda.

Nəhəng buzlaqların sinəsi gümüş,
Nəyin əksi düşsə, onda parıldar.

 

Orda Qanqlar səma ucalığından,

Dinib-daışmadan, qayğısız, soyuq,

Xəzinə axıdır urnalarından,

Almazdan yaranan girdaba doğru.

 

 

Nağıl aləminin memarıyam mən,

Mənim iradəmlə, istəsəm əgər,

İpə-sapa yatan sakit okean

Divarları inci tuneldən keçər;

 

Hər şey, qara rəngin özü də hətta,
Cilalı və parlaq görünmədəydi.

Büllurlaşmış işıq şüalarında.

Maye cəlalını əbədilədi.

 

Üstəlik ulduz yox, nə də ki yanar,

Bir şölə səmanın lap ucqarında,

Bu möcüzələri işıqlandıra,
Onları xüsusi bir od parıldar!

 

Üstündə bu səyyar möcüzələrin,

Pərvazlanıb uçar (ağır xəbərdir!

Heç nə qulaq üçün deyildir, hər şey,

Göz üçün!) Sükutu əbədiyyətin.

II

Od dolu gözlərim açılan kimi,

Dəhşət gördüm miskin hücrələrimdə,
Duydum qayğıların rəzil tiyəsi,
Mənim ürəyimi deşir yenə də.

 
Matəm ahəngiylə saat bu zaman,
Vurdu kobudluqla düz günortanı.

Axıb tökülürdü səmadan toran,
Bürüyürdü qəmli və lal dünyanı.

 

Fransızcadan tərcümə

04-05. 08.  2018

Samara