ŞARL BODLER. VAMPIR

бодлер

Le Vampire

Bıçaq tiyəsi tək girdin elə bil

Şikayətlə dolu ürəyimə sən,

Şeytan sürüsü tək çapıq və qəfil,
Görkəmin divanə, cəlb eləyən həm.

 

Gəldin çevirəsən qıpıq zəkamı,
Sən öz yatağına, sən öz mülkünə.

— Sənə bağlanmışam, şərəfsiz qadın,

 Dustaq zəncirinə bağlanan kimi.           

 

Şüşəyə vurulan içki düşgünü,

Oyuna aludə qumarbaz kimi.

Cəmdəyi cücülər sevər necə ki
  —Qəzəbə, lənətə gələsən görüm!

 

Dil açıb yalvardım iti qılınca,
Dedim əsarətə son qoya bilər,

Məkrli zəhərə ağız açaraq,

İstədim qorxudan çıxam birtəhər.

 

Əfsus ki, zəhər də, iti qılınc da,
Mənə nifrət ilə belə dedilər:

 “Səndə ləyaqət yox azad olmağa,
Qarğılı, lənətli əsirliyindən,

 

Divanə! Biz onun əsarətindən,
Əgər çalışaraq çıxarsaq səni,

Qızğın öpüşlərin yəqin dirildər,
Yenə meyidini qaniçəninin!”

 

Fransızcadan tərcümə

14-15.08. 2018

Samara

Реклама