Архивы

DOSTLARIM, YAXINLARIM…

Bu ilin may ayında gözəl rus şairi, etnik buryat Amarsana Ulzıtuyevin bir şeirini azərbaycancaya çevirmişdiim – mən müəllifi Ədəbiyyat institundan tanıyıram. Bu gün görürəm ki, Amarsana bu tərcümə ilə maraqlanan dostunun sualına cavab kimi onu yenidən öz səhifəsində yerləşdirib. Xeyrulla.com bloqunu açıram – tərcüməni 57 (!) dəfə paylaşıblar. Bunu Amarsananın azərbaycanca bilməyən dostları ediblər, buna şübhəm yoxdur…
Mən öz səhiməmə bir şeir qoyanda mənim “dostlarım” və yaxınlarım, nəinki onu paylaşmazlar, onların bəziləri hələ mənim qabağıma şeir də çıxarırlar – ya özləri qoşurlar, ya da “dahi” Nüsrət Kəsəmənlinin bir “əsər”ini yerləşdirirlər…
Mənim gənclikdə bir yaxın dostum vardı, işi-peşəsi mənə elmi
yolla süübut eləmək idi ki, “hamı şeir yaza bilər”….
Yazın, cəhənnəmə yazın, gora yazın… Dostlar…

29.10.2015

İBLİS ŞƏHƏRİ ŞEYTAN ÇARXINDAN YAXŞI GÖRÜNÜR…

Yusif Süleymanlıya

 

3 avqust  2014-cü ildə mən qardaşoğlumla Azneftdə durub Salyan taksisinin nə vaxt müştəriylə dolacağını gözləyirdim. Günorta idi və Mirzə Cəlilin “Buz” hekayəsində yazdığı kimi “başımın üstündəki nisfünnəharın günü əgər bir imam möcüzü ilə göydən yerə düşə bilsəydi, düz mənim kəlləmə düşərdi”. Maşın dolmurdu, biz ordan-burdan danışır və canımızın yanğısını söndürmək üçün yaxşı bir mağazadan aldığımız badamlını başımıza çəkirdik. Mən uşaq vaxtı hərdənbir, yəni toyda-bayramda badamlı içmişəm və o badamlının dadı damağımda, ətri burnumda qalıb. Bizim qardaşoğluyla içdiyimiz suda bir damcı da badamlı yox idi, ancaq görünməmiş avqust istisi bizə elə toy tutmuşdu ki, İosif Brodski demişkən, “quru suyu” da içməyə hazırdıq… Mən danışa-danışa o tərəf-bu tərəfimə baxırdım – Bakıda ildə bir dəfə oluram, o da yolüstü, adam az vaxtda çox şey görmək istəyir və həm də ətrafına baxmaq yeganə kefdir ki, Azərbaycanda nəinki ucuzdur, hətta havayıdır da…

Üzümü yuxarı tutanda dəniz qırağının əyrisi boyu ucaldılan göydələnləri görürdüm və nədənsə bu göydələnlər məndə depresssiv əhval yaradır, şəhəri böyük bir fəxri xiyabana bənzədirdi. Daşlar, nə qədər qiymətli olsalar da, insanların yaxın varlığıyla canlanırlar. Uzadan baxanda adamlar görünmürlər, ancaq binaları görürsən ki, bu da bahalı məzarlıq təsəvvürü yaradır. Ümumiyyətlə, mənim şəhərdə təxminən iki saatlıq gəzintim məndə belə təəssür yaratdı ki, Bakı gündüz şəhəri deyil, gecə şəhəridir. Mən Rusiyada yaşadığım uzun illər ərzində şəhər məhəllələrinin, küçələrin yaşıllığa büründüyünə öyrəşmişəm, çoxlu bağlar, parklar var. Bakı isə çılpaqdır. Bəlkə yerli adamlar üçün şəhərə belə baxış xarakterik deyil, şəhər adamı hardan çıxdığını, hansı yolla və hara gedəcəyini bilir. Mənim kimi gəlmələr, yarımgünlük qonaqlar hətta su almaq üçün də vurnuxurlar və çılpaq səkilərdə şiddətli istidən əldən düşürlər. Şəhərdə sıx-sıx ucaldılan daş binalar da mənim kimi gəlmələrlə danışmırlar, qəbirstanlıqdakı qəbir daşlarından səs çıxar, onlardan səs çıxmaz… Mən bu binaları ucaldan insanları, həyatları hakim rejimin hökmüylə qarışqa həyatına çevrilmiş insanları düşünür və özümü güclə ağlamaqdan saxlayıram…

Bəlkə indi də var, bilmirəm, 60-70 ci illlərdə, xüsusən Yasamal tərəfdə, şəxsi həyəti olanlar beş-altı xırda otaq tikib verirdilər kirayə, əsasən tələbələrə. Belə həyətlərdə hamı bir-birinə yad idi və hamı bir-birini güdürdü – kim işıq yandırdı, kim hamama girdi, kim rmiminlə danışdı… Bakıda da elə bil yerli camaat, bakılılar yoxdur, varsa da azdırlar, bir ucdan qəbir daşlarına bənzər binalar ucaldıb verirlər kirayə, hamı da bir-birinə yaddır…

Əlbəttə, bu, yaşı ötmüş adamın təəssürüdür. Şübhə etmirəm ki, baxdığımız eyni mənzərə gənc qardaşoğlumda tamam ayrı fikirlər doğururdu. Mənim qəbir daşına bənzətdiyim binalarda o, həyat görürdü, həyat eşqiylə yanan və və heç vaxt ölməyəcəklərinə bir damcı qədər də şübhə etməyən insanlar görürdü…

Mən haçansa, qardaşoğlumdan da bir neçə yaş cavan vaxtlarımda Azneftdə, elə həmin nöqtədə dönə-dönə dayanmışam. İstiyə onda da dözümüm yox idi. O vaxtlar avtomatdan üç qəpiyə su içirdik. İçirdik, qarnımız köpürdü, susuzluğumuz elə yatmasa da, kefimiz durulurdu…

Ancaq onu deyim ki, qəbirqazan haqqında şeri elə o vaxtlar yazmışam…

Bakı gecə şəhəridir. Ağac kölgəsindən mərhum olmuş iblis şəhərinə gecə özü kölgə salır…

İndi dəniz qırağındakı şeytan çarxının yerində ya yaxınlağında belə bir çarx vardı. Yay sessiyası vaxtı xaçmazlı Əkrımlə ora gedər, bu çarxa minib hərlənərdik. Şəhər yalnız şeytan çarxından yaxşı görünürdü…

Çarxda bur dəfə hərlənmək 20 qəpiyə idi…

КОЛЕСО ДЬЯВОЛАŞəkil 2 sent. 2014- də telefona çəkilib

Bakı gecə şəhəridir… 

23 sentyabr 2014 Samara

 

   BAKIDA ZİBİLİ GƏRƏK YA YERƏ ATASAN YA UDASAN…

    Samara Rusiyanın təmiz şəhərlərindən deyil, ancaq təmiz şəhərlər görmüşəm. Məsələ, çuvaşların paytaxtı Çeboksarı şəhəri. Biz, samaralı ekskursiyaçılar, bəhsəbəhs küçə və səkilərdə zibil axtarırdıq, ancaq heç yerdə zibil yox idi. “Zibil qabları da boşdur!” – bizimkilərdən biri axtarışının nəticəsini ucadan elan elədi. Doğrudan da zibil qabları boş idi, ən xırda zibilin belə haçan, necə gözə dəymədən aparılmağı bizim üçün sirr idi…

Bakıda avqustda iki gecə oldum – gedəndə və qayıdanda. Qardaşoğlumun qaldığı evin ətrafındakı küçələri gəzəndə bütün səkiləri bürümüş və hətta şosseyə də atılmış zibilin qədərsiz çoxluğunu  görüb çox təəccübləndim. Bura, əlbərrə, mərkəz deyildi, ancaq mərkəzə çox yaxındı. Yasamal, Elmlər Akademiyasının yanı. Gecə düşdükcə və bütün alver yerləri bağlandıqca səkilərdə içinə zibil doldurulub ağzı düyünlənmiş polietilen torba və kisəlırin sayı artır – bu, pambıq yığımı vaxtı dolu xaral və kisələrin düzüldüyü ya qalaq-qalaq vurulduğu sahələri xatırladırdı… Mən deyəcəkdim ki, niyə camaat zibili qutulara atmır, qardaşoğlum məni qabaqlayıb dedi ki, küçələrdə zibil qabları yoxdur. Doğrudan da, nə qədər baxdımsa, bir dənə də zibil qabı görmədim. Bir neçə yerdə konteyner qoyulmuşdu, onlar o qədər eybəcər idi ki, elə bil Nuh nəbidən qalma, körüklə işləyən dəmirçixanalarda düzəldilmişdilər. Və onların da cəhəngləri ayrıldığından atılan zibillərin çoxu yerdəydi…

Şəhərin əsil mərkəzi, yəni prezidentin gəlib-getdiyi yerlər təmizdir, ancaq oralarda da zibil qabı görmədim. Və anlamadım ki, zibil necə olur. Adamlar içdikləri suyun qablarını, dondurmaların stəkanlarını bəlkə gəmirib udurlar?

Və mənə elə gəldi ki, bu şəhərin insanlarının xeyli hissəsinin təmizliyi sevmədiyi bir yana qalsın, əsas məsələ şəhər başçısının şəhəri sevməməyidir. Şəhər başçısı şəhəri yox, öz vəzifəsini sevir və gördüyü bütün işlər bu vəzifədə qalmaq üçündür. Onun nə vecinə ki, Yasalamlda küçələri zibil bürüyüb-büsıb. Cəhənnəmə basıb, gora basıb…

Захид Халилов

Zahid Xəlilov küçəsi. Şəkli qardaşoğlum telefona çəkib

 

22 sentyabr 2014 Samara

О ДРУЖБЕ И О РОДСТВЕ ПО КРОВИ

nar

В 2002 году Руслана Нигматуллина пригласили в итальянский клуб «Верона», за которую он сыграл всего один матч. Сам Нигматуллин историю своего пребывания в «Вероне» рассказывал примерно так: меня туда взяли, когда  вратарь команды был травмирован. Думали, что надолго. Приехал я, а местный вратарь быстро восстановился. Тренер мне говорил: представьте, что у вас машина сломалась и вы вызвали такси. Пока такси приезжает, вы машину чините. И на чем вы поедете? На такси или на своей? Конечно, на своей…
Мне время от времени звонят и говорят: я вот нахожусь там-то, хочется погулять, может, погуляем вместе?
Я быстро одеваюсь и выхожу, прекрасно зная, что человека, позвонившего мне, постигло небольшое несчастье, его постоянный компаньон или компаньоны заняты, а он одиночество терпеть не может. И я должен поддержать его в трудные минуты… Иными словами говоря, я в роли такси – у человека сломалась машина…
Чтобы я мог позвонить кому-то и позвать на совместную прогулку – этого представить трудно. «Слушай, я тут сижу в хорошей кампании, только что подали холодные закуски, и разговор тут у нас интересный…Мы с тобой как как-нибудь встретимся…»
Я никому не звоню…Я, может, иногда, в трудную минуту, позвонил бы. Если бы имел возможность пригласить человека в хорошее место. Просто погулять никому не интересно. Кому  в наше время нужны разговоры? Что в этих разговорах? Что новое сообщишь? Что, Бог амнистировал всех живущих (отбывающих наказание) и отменил институт смерти?
Я знаю, что просто вместе погулять выходят люди, состоящие в кровном родстве. Братья и сестры, двоюродные, троюродные, дяди, тети, даже дальние…Они, конечно, ссорятся, наносят друг другу смертельные обиды, долго на общаются. Но потом зов крови все равно побеждает и родня вновь сходится…
Я не хочу, что нет дружбы. Дружба есть. Я сам когда-то дружил…Тем не менее…А теперь вот в лучшем случае тебе звонят как такси или как врачу скорой помощи…
«Родство по крови грубо и прочно, родство по избранию – тонко, где тонко, там и рвется». Это сказало Марина Цветаева. Даже человек, не прочитавший ни одного ее стихотворения, по этому удивительно тонкому и глубокому наблюдению поймет, что такое быть гением…

08.06. 2014

SALYANLILARA BİRDƏN-BİRƏ NƏ OLDU?  

Salyandan qəribə xəbər gəlir: sələfilərə hücum olub….

Salyanda sələfilərin olmağı da qəribədir, sələfilərə hücum da…

Salyanda yetmiş il bolşevik idarəçiliyi olub, şiə mollaları nəinki bolşeviklərə hücum etmyiblər, əksinə, hər mərasimdə bolşevik hökumətinə dua oxuyublar. Salyanın mərkəzində Leninə, Kirova qoyulmuş heykəllər şiələrin qeyrətinə toxunmayıb. Və özlərini şiə sayan salyanlıların özləri ciblərində bolşevik partiyasının biletini gəzdiriblər, şiə mollaları isə KQB agenti olublar. İndinin özündə də Salyanda ən böyük heykəl bolşevik rəhbər və KQB generalı Əliyevə qoyulub – bu, şiələrin qeyrətinə toxunmur. Salyanlılar məscidə, ölü basdırmağa və başqa mərasimlərə Əliyevin adı verilmiş küçə ilə gedirlər – bu da onların qeyrətinə toxunur. Toylara və başqa şənliklərdə müsəlmana haram buyurulmuş içkilər su kimi axır, hər tində tiryək, anaşa satılır, yüzlərlə gənc iynələnməkdən dərdə düşüb ölürlər – bu da şiələrin qeyrətinə toxunmur. Məmurlar, həkimlər, müəllimlər rüşvət, hədiyyə alırlar – bu da şiələrin qetyrətinə toxunmur. Sələmçilik, sələmçilərin şəhərdə tikdirdikləri qəsrlər də onların qeyrətinə toxunmur. Bəs necə olur ki, onlardan fərqli namaz qılan adam görəndə şiələrin qanı coşur, gözləri qızır və onlar talançıya çevrilirlər?

Və əslində Salyandan gələn xəbər elə də qəribə deyil. İyirmi beş ilə yaxın müstəqillik dövründə bir teatr, konsert zalı, tennis kortları, futbol meydançaları, televiziya kanalları, radio stansiyaları açılmayan şəhərdə dini mövhumat insanlar üçün ən ucuz, hamının əldə edə biləcəyi yeganə mənəvi qidadır. Ancaq belə qidadan insanların qanı coşur, gözləri qızır və ətraflarına baxırlar ki, bir yer tapıb talan eləsinlər…

 

10.04. 2014

AFRİKANI DÜŞÜNƏRKƏN…

Afrikalılara baxırsan, təəcüblənirsən. Hara qul kimi aparılıblarsa, hara azad adam kimi gediblərsə, oranın yerli mədəniyyətinə dərindən təsir ediblər, möcüzəli şəkildə yaddaşlarında daşıyıb apardıqları tayfa sənətlərini yüksək mədənniyyətə çeviriblər, yeni janrlar, yeni ifadə vasitələri yaradıblar…

Özümüzə baxanda bunu görmürəm. Deyilənlərə görə Rusiyada sayı iki milyonu keçmiş Azərbaycan diasporu nə yaradır? 20 yanvar, Xocalı olmasaydı, heç olmasa 20-30 azərbaycanlı ildə iki dəfə bir yerə yığılacaqdımı? Və 20 yanvar, Xocalı adıyla yığılanların da çoxu bir vaxt daban əlli altı deyib qaçanlardır…

Rusiyadakı azərbaycanlıların sünnət toylarından başqa mənəvi həyatları varmı? Şərikli alverdən ya şərikli işdən başqa bu insanları birləşdirən bir şey varmı?

Diaspor bir yana qalsın, Azərbaycanda mənəvi həyat varmı — əlbəttə, əliyevçilik ya müsavatçılıq mənəviyyat deyil. Bölgələrdəki həyata baxın – yas mərasimləri, sünnət toyları, yas mərasimləri, doğum günləri, sünnət toyları…

          Bizi birləşdirən, millət edən nədir?

Buna görə deyilmi ki, Surət Hüseynov kimi bir qoyunotaran  tüfəng qaldıran kimi ordu pərən-pərən olur?

Dünən Rusiyanın Kultura kanalında Otar İoselianiyə həsr olunmuş film göstərdilər – bu adam Moskvadadırsa, ətrafında gürcü dünyası yaranır, Parisdədirsə, yenə də elə. Bizim ətrafımız çoxdan boşluqdur, puçluqdur…

Afrikalılar aparıldıqlaı, gedtkiləri yerə yaddaşlarında min illiklərlə kök atmış mədəniyyətlərini, yurd əfsanələrini, nəğmələrini aparırb özgə zəmində peyvənd edir, qol-qanad atdırırlar…

Biz boş çıxırıq…

Saxalində də, Kalininqradda da yaşayan azərbaycanlı, əgər özünü rusluğa qoymayıbsa, peyk antennasını ya İnterneti qoşur, gözünü dikir Az.TV-nin muğam konsertinə.

Y-hü-hü… Aman ay dad…

 

03.02.2012

 

LE`ENFER, C`EST LES AUTRES

“Cəhənnəm – bu, başqalarıdır”, — bu, Sartrın pyeslərinin birində deyilib və indiyəcən müxtəlif cür yozulur.

“Vicdan – bu, başqalarıdır”, — belə də demək olar.

İlahiyyatçıların dini kanonlar barədə mübahisələri mənə həmişə cəfəngiyyat kimi gəlir: ibadəti bu cür eləyəsən, filan duanı bu sayda oxuyasan, əlini-ayağını bu cür yuyasan…Əgər divarın o tərəfndəki adamın zarıltısına karsansa, bu arılıb-düşmələrin, mayallaqların nə qiyməti var?

Ruh, mənəviyyat, vicdan bizim divarın o tərəfində və hətta yanımızda olan, ancaq məhəl qoymadığımız adama münasibətimizdir. İnsanın yaxşılığı ya pisliyi onun gündə neçə dəfə və nə vəziyyətdə ibadət etməsiylə ölçülə bilməz – bu, arxaizmdir, mövhümat və cəfəngiyyatdır. İnsanın yaxşılığı ya pisliyi ancaq onun başqalarına münasibətindədir. Bütün başqa meyarlar uydurmadır…

Anamın qapısını qar alıb…Mənim indiyəcən elədiklərimin ya eləyə biləcəklərimin nə qiyməti var?

Vicdan – başqalarıdır… Cəhənnəm əzabı çəkən başqaları….

 

02.02.2014 Samara

 

 

HƏMRƏYLİK YA HƏMRƏNGLİK GÜNÜ?

Azərbaycanlıların necə həmrəy olduğunu ağlım kəsəndən görmüşəm. Millətin necə həmrəng olduğunu çox gec gördüm. Rusiyada ilk bir ili yaşayıb tətilə gələndə azərbaycanlıların, xüsusən kişilərin, bir-birlərinə necə oxşadıqlarını görüb sarsıldım. Bu mənə xüsusən bir yas yerində çatdı. Yetmiş-səksin kişi, yaşları təxminən otuz və otuzdan çox, oturublar yan-yana, hamısının əvvəldən qara olan saçları çallaşıb, hamısının da bığı. Hamısının bığlı olmağı məni lap sarsıtdı, çünki mən özüm də bığlıydım. Mənə çox ağır gəldi ki, mən də heç bir fərdi xassəsi olmayan milyon adamdan biriyəm. Mənə az-çox təsəlli verən bu adamlarını əksəriyyətinin qarınlı olmağıydı – mənim qarnım yox idi! Tək-tək qarınsız, yəni qarınları-qarınlarından keçən adamlarla danışanda deyirdilər ki, mədələri xəstədir. Və xəstə mədəli bu adamlar hamısı siqarət çəkirdirlər. “Tərgidin getsin də”, — mən onlara deyirdim. “Tərgitmək olmur, ay məllim, o qədər dərd var ki”, — onlar mənə deyirdilər…

Adamların hamısının bir rəngdə, bir xassədə olmağı, əlbəttə, yanlış təəssürdür, bir neçə gün qalandan sonra başlayırsan ayırd eləməyə, hərçənd bu, çətindir…

Adamların bir-biirinə zahirən belə oxşamaqları bəlkə onların bir fikirdə olmaqlarıdır? Yəni həmrənglik həmrəylikdəndir?

Uzun illər birgə ömür sürən ər-arvadın bir-birinə oxşamaqlarını çoxdan onların eyni hadisələrə eyni reaksiya verməkləriylə, eyni şeyə gülməkləri, eyni şeylərə qaş-qabaq eləməklərylə izah edirlər. Azərbaycanlılar da bir-birinə niyə oxşamasınlar? Bağırov gülüb – gülüblər, Bağırov qışqırıb – qarınlarına düşüb ağrı, Əliyev gülüb – gülüblər, danışıb – alqışlayıblar. Əvvəl atanı, sonra oğulu. Alqışlamayan adamın az qalırdılar gözünü basıb çıxarsınlar. “Sən hamıdan ağıllı çıxmısan?”

Mənim gözümü dönə-dönə çıxarmaq istəyiblər. Özü də milislər yox, iş milislərə gedib çıxmayıb. Mənim gözümü çıxarmaq istəyənlərin çoxu “sadə adamlar” olub.

Allah, dünyada bu sadə adamlardan təhlükəli heç nə yoxdur. Xüsusən bir yerə yığılanda. Çevrilirlər kütləyə. Dur görüm qabaqlarında necə durursan…

İndi o həmrəng, həmrəy adamların “demokrat”a çevrildiklərini görüb məəttəl qalıram…

Azərbaycanlıların demokratik millət kimi perspektivi yoxdur. Məsələ rəngdə deyil, bığda ya bığsızlıqda deyil. Həmrəylikdə, təkfikirlikdədir. Dünən, Yesenin demişkən, şalvarlarını çəkə-çəkə Rüstəm İbrahimbəyovun dalınca qaçırdılar, səhəri gün Cəmil Həsənlinin…

Burda söhbət kişilərdən getdi. Qadınlardan, onların həmrəng olub-olmamağından bir söz deyə bilmirəm. Çünki Azərbaycanı əsasən şəkillərdə görürəm. Şəkillərdə isə kişilərdir – həmrəng, bığlı, qarınlı.

Yalnız qadınlar, ölkə əhaliisinin yarıdan çoxu olan qadınlar təkrəngliliyi palitraya çevirə bilərlər. Haçansa belə olacağına inam qalmayıb…

Həmrəylik günü…

On-on beş milyon bığlı, həmrəng, qarınlı kişini birləşmiş kimi təsəvvürə gətirib dəhşətə gəlirəm…

Özünüz bu kütləni gözünüzün qabağına gətirin…

31.12. 2013 Samara

 

EY VƏTƏN OĞLU…

Aslan İlyasov
Mən Aslan İlyasovun sənətinin pərəstişkarı olmsam da, onun ölümünə çox məyusam. Mərhum qarmonçu Salyanın son əlli illik tarixinin üzvi hissəsidir, bu mənada tarixi adamdır…
Aslan İlyasov musiqiçidən çox işadamı idi…Onun adıyla bağlanan “Aslanı” melodoyası əslində ona məxsus deyil, fars melodiyasıdır, istəyənlər bunu asanlıqla yoxlayıb dəqiqləşdirə bilərlər… Aslan İlyason əsl istedadı onun işadamlığındaydı. O, Azərbaycanın ilk antreprenyorlarından biri olub. Hələ keçən əsrin yetmişinci illərindən o, toy məclislərinin musiqi hisssəsinin təşkiliylə məşğul olurdu, Bakıdan rayonlara xanandələr, çalğıçılar aparırdı… Bu antreprenyorluq sovet vaxtı, əlbəttə, qanunsuz idi, yəni “Bəxtiyar” filmində Ağabalanın işi kimi. Ancaq zirək adamlar sovet qadağalarını aşmağı bacarırdılar, Azərbaycanda isə bu qaydalara tüpürürdülər. Rusiyada belə fəaliyyət üstündə sovet vaxtı xeyli adam həbs olunub…
Dərindən düşünəndə Ağabala özü də əslində müsbət səciyyəli adamdır, işadamıdır, divanda oturub qəzet oxumur, özünü oda-közə vurur… Rüşvət də almır, büdcə pulunu yemir…Hə, qazancından verfi vermir, ancaq yenə bu, xalqı diri-diri soymaqdan min dəfə yaxşıdır…
Və təsadüfi deyil ki, Aslan İlyasov Azərbaycanda ilk “Mersedes” sürənlərdən olub…
Mərhum dövrünün havasını çalırdı… Səhv etmirəmsə, ilk “Heydər bağlarından” birini elə o salıb. Bəlkə də birincisini…
Bəlkə də yetmiş beş, ya da yetmiş altıncı ildə mərhum dayım Sabir mənə dönə-dönə bükülməkdən qat kəsmiş bir dəftər vərəqi verdi. Vərəqə üç ya dörd bəndlik bir şer yazılmışdı. Dayımın özünə həsr olunmuş şerin axırına bu sözlər əlavə olunmuşdu: “Sabir, bü şeri düzəld, ver Əssan oxusun”. Dayım dedi ki, şeri onun cavanlıq dostu yazıb, qarmonçu Aslanın dayısıdır, Bakıda çayçıdır…
“Xeyrulla, bunun öhdəsindən sən yaxşı gələrsən”. – dayım mənə dedi. Şerin nə vəzni, nə qafiyələri yerindəydi. Düzəltdim. Adı isə olduğu kimi qaldı: “Ey vətən oğlu”. Bilmirəm o şeri dayım Aslana çatdırdı, yox, dayımın hərdən-hərdən öz cibindən xəbəri olmurdu, bəkdə də itirdi…
Və Aslan İlyasov da salyanlılar üçün ilk növbədə qarmonçu, antreprenyor, işadamı yox, vətən oğludur. Və ölümündən yəqin ki, hamı məyusdur…

22.12. 2013 Samara