Архивы

AZƏRBAYCAN DEYİLƏNDƏ AYAĞA DUR… TƏKQIÇLI…

ARAZ MƏMMƏD

Mənə elə gəlir ki, Azərbaycanda Azərbaycan haqqında şeir yazmağı qadağan eləmək lazımdır. Əvvəl yazılanlardan  bir-ikisini saxlamaq olar. Məsələn, Cəfər Cabbarlının “Ölkəm” şeirini. Çünki Azərbaycanda yaşayıb Azərbaycana tərifli şeirlər yazan adamın şairliyi də, vətənpərvərliyi də şübhəlidir.

Azərbaycan şairi həmişə zarıyır ki, “ay vətən, ölsəm, torpağın olum”. Özü də öz kəndinin torpağına çevrilmək istəmir, Fəxri Xiyabanı istəyir…

Məmməd Araz qayada mamır olmaq istəyirdi. O da yəqin Fəxri Xiyabandadır. Yəqin kürəkəni Aqil Abbası da onun yanına qoyacaqlar. Üzrlü səbəbi var. Vətənini ermənilər alıblar, özü oturub məclisdə, vətən fikrini çəkməkdən başı soğan bitirib…

Qayıdaq Məmməd Araza. Onun “Azərbaycan” şeirinə.

Bu şeirdə Azərbaycan – həm qayada bitən çiçəkdir (əslində mamır olmalıdır, çünki Məmməd Araz özü qayada mamır olmaq istəyirdi), həm çiçəklər arasında qayadır…

Bu bənzətmələrdə Azərbaycan haqqında nəsə var? Bu, tamada çıxışıdır ya şeir?

“Oğulları Kür gəzdirər biləklərində…”

Kürü biləkdə necə gəzdirmək olar? Biləyin Kür gəzdirməyi onun hansı keyfiyyətini açır?

“Oğulların göz atəşi gözəl əridir…”

Bəlkə bişirir? O nə gözəldir ki, oğlanın baxmağıyla “əriyir”? Oğlan nə qədər və hansı bucaq altından baxmalıdır ki, qız ərisin? Birdən qardaşı çıxdı tindən? Özü də Kür biləkli…

«İllər olub – kürələrdə dəmir olmuşuq…»

Haçan? Pambıq, tütün, üzüm olmuşuq – bunu bilirik. Haçan dəmir olmuşuq?

“Sərhədlərdə dayanmışıq küləkdən ayıq”.

Haçan? Hansı sərhədlərdə? Bu şeir yazılan vaxtlar azərbaycanlılar Çin sərhəddində sovet sərhədini qoruyurdular. Azərbaycanın sərhədi yox idi. Əslində Azərbaycan da müstəqil dövlət kimi yox idi…

“Od gölündə, buz çölündə gəmi olmuşuq”…

“Buz çölündə gəmi…”

“Biz Bakının ilk səadət caqrçılarıyıq”…

Biz – kim? Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi? Axı bu şeir yazılanda səadət carçısı bu orqan idi. Birinci katib də Heydər Əliyev.

Yadınızdadırsa, bəndin əvvəlində sərhəddən danışılırdı, şair sərhəddə durmuşdu, Çitada ya Xabarovsk vilayətində. İndi Bakının səadət carçısıdır. Bəndin daxilindəki misralar arasında təxmini də əlaqə yoxdur. Ya da varsa, bu, cəfəngin cəfənglə təbii yaxınlığıdır…

“Min illərlə zülmətlərə yollar açıqdı…”

Hansı zülmətlərə? Zülmətə açıq yol –  bu necə olur? Yol açıqsa da, fikir qaranlıqdır…

“Dalğalandı Sabirlərin ümman dünyası….”

Sabirlər…Dahi cəm halda…. Məmməd Arazlar ola bilər və var da. Ancaq Sabirlər… “Sabirin ümman dünyası” – bu nədir? Deyək ki, özümüzü gücə salıb bir şey təsəvvür elədik. Bəs dalğalanmağını?

Sonra şair təntənəli şəkildə məlumat verir ki, “qoca şərqin duman dünyası dağılıb” və “Azərbaycan qatarı da yollara çıxıb…”.

Niyə çıxmasın, əgər “zülmətə gedən yollar açıqsa…”

“Azərbaycan deyiləndə ayağa dur ki…”

Mənə elə gəlir ki, şair burda sözünü tam deməyib. Yəni deməliydi ki, ayağa dur, özü də təkqıçlı. Bir yarım saat. Bəlkə də çox. Azərbaycan qatarı zülmət yollarından qayıdanacan…

Vay bizim uşaqlarımızın halına…

06.03.2018

Samara

ANAR HAQQINDA:  REPUTASİYALAR VƏ EPİTAFİYALAR

ANAR 1.jpg

1981-ci il dekabrın 19-da Ədəbiyyat institunun müəllimi Yuri Tomaşevski III kurs tələbələriylə seminar keçirdiyi kiçik auditoriyaya girib salamlaşır və əlindəki “Litaraturnaya qəzeti”ni” qeyzlə masanın üstünə atıb deyir: “Lap abır-həyanı itiriblər!” Literaturkanın birinci səhifəsində Brejnevin portreti və onun beşinci qızıl ulduzla təltif olunduğu barədə fərman var – bu gün Baş katibin yetmiş beş yaşı tamam olur. “Aleksandr İsayeviç burda olanda yenə bir az özlərini yığışdırırdılar, onun təkcə ölkədə olmağı xeyli adamı məcbur edirdi ki, özlərini ləyaqətlə aparsınlar…”- deyə Tomaşevski qəzeti qaldırıb yenə masanın üstünə atır. O öz-özüylə danışır, içərisində azərbaycanlılar da olan üçüncü kurs tələbələri, dərsə çox vaxt gəlməyən bir neçə nəfər moskvalı istisna olmaqla, siyasətdən kənardılar. Azərbaycanlılar, əslinə qalsa, elə ədəbiyyatdan da kənardılar – ancaq bu, ayrı söhbətdir… Tomaşevskinin kimi konkret qınadığını demək çətindi – Brejnevə ulduz verənləri? Yazıçı qəzeti olan Literaturkanı? Bütün yazıçıları? Aleksandr İsayeviçsə, əlbəttə, Soljenitsın idi – Brejnevçiliyin siyasi və estetik antipodu. Onun yanında, əlbəttə, özünü yığışdırarsan… Qonaq kimi gəldiyim seminarın onsuz da iflic olmuş işindən yayınıb bir vaxt Bakıda gördüyüm bir səhnəni xatırladım. 1980-ci ilin günəşli yanvar günlərinin birində o vaxt uğurlu sayılan bir xeyli yazıçı İttifaqın qabağında yığışıb qeybət qırır. Birdən hamı susub özünü yığışdırır və indiyəcən şəkillərdən və televizordan tanıdığım Anarın adamlara baxmadan, verilən salamları demək olar ki, cavabsız qoyaraq keçib getdiyini görürəm… Читать далее

MƏMMƏD ARAZIN TİPİK MİLLİ ARZUSU — MAMIR OLMAQ…

ARAZ MƏMMƏD

Nəinki nəşriyyatların və dövrü mətbuatın, hətta ədəbi prosesin də tamamilə dövlət əlində və nəzarətində ollduğu ölkələrdə ədəbiyyat adlarının tanınmağı da dövlətdən asılıdır. Ona görə də “Azərbaycan sovet ədəbiyyatı” deyiləndə yalnız birinci ilk söz öz həqiqi mənalarına uyğundur. Ancaq ədəbiyyat həmişə ədəbiyyat deyil.

Müəyyən əlamətdar günlərlə bağlı İnternetdə tanınmış Azərbaycan şairləri haqqında məqalələr görürəm və bəzən şeirlərini də oxuyuram. Və ilk peşəm müəllimlik olduğundan fikirləşirəm ki, bu şeiri şagirdlərə necə oxuyardım, necə izah edərdim, uşaqlar hansı suallar verərdilər və s. Əlbəttə, tez-tez onu da fikirləşirəm ki, niyə bu şeir rəsmi status alır, dərsliklərə düşür, imtahanlara salınır və s. Məsələn, Məmməd Arazın bu şeiri: “Buyruqlara sığışmayan inaddım…”

Bu şeirə ifadə formasına görə lirik monoloq demək olar. Manifest də, özünütərif də. Hərçənd şeir bütövlükdə cəfəngiyatdır.

Birinci bəndə diqqət edin: inadı buyruqlara sığışmayıb; qanadı qanadlar yorub; ulduzlara barmaq eləyib və daş atıb. Ulduzlara niyə daş atdığını başa düşmək çətindir, bəlkə içkili olub; ancaq başa düşürük nə demək istəyir –şəxsyyətin miqyası böyükdür. (Dmitri Karamazov demişkən, çox böyükdür, mən bir az kiçildərdim...) Sual çıxır: kimdir bu şəxsiyyət? Prometey? Yuri Qaqarin? Bill Qeyts ya İlon Mask? Azərbaycanda 1970-ci ildə hansı hünər göstərmək olardı?

“Nizamlara baş əyməzdi nizamım”.

1970-ci ildə? Hansı nizama? Kommunist partiyasının nizamına? Kommunist partiyasının nizamına baş əyməyənlər o vaxt Permdə, Komidə dustaqlıq çəkirdilər, Məmməd Araz kimi Pitsundada, Brejnevlə qonşuluqda dincəlmirdilər…

Sonra:

“Qayaları haçalardı, buludları parçalardı, şimşəkləri qıçalardı…

Qüdrətim…»

Bənddə beş misra olsaydı, hökmən “paçalardım” gələcəkdi. Buna qafiyəbazlıq deyilir. Bu misralarda heç bir məna yoxdur. Son misra isə sayıqlamadır: “Yorulanda nur mizrablı ozanım”.

Nur mizrablı?

Ozan kimdir?

Sonra:

“Yalanmış, çalanmış, qalanmış…”

Yadınızdadır şeir necə başlanmışdı? Şimşək qıçalamaqdan, inaddan, nizam pozmaqdan. İndi kövrək xatirələr qalanıb… Prometey və kövrək xatirələr…

((Yeri gəlmişkən, mamır olmaq arzusunu Məmməd Araz sağlığında ayrı cür icra elədi: kürəkəni Aqil Abbası bir parça …ox kimi parlamentə ömürlük yapışdırıb getdi…)
Sonra:

“Vətən mənə oğul desə nə dərdim…”

Bu necə olur?  Biz bilirik ki, partiya və hökumət xalq şairi adı verirdi, indi də prezident. Yəqin xalqın kiməsə oğul deməsi üçün həmin kimsə fövqəladə bir  ya iki iş görməlidir. Əlbəttə, şimşəkləri paçalamaqdan başqa. Məmməd Araz işi oğul adı alandan sonra görəcək.

“Mamır olub qayasında bitərdim”.

Vətən buna oğul deyir, bu da cavabında mamır olub qayasında bitir… Nə Prometey, nə Sergey Korolyov, nə Bill Qeyts. Mamır ol, bit, beləcə min il, vətənə xeyrini yığıb-yığışdırmaq olmaz…

Sonra:

“Asan, qazan, yazan…”

“Ürəyimsiz kəlmə yazan deyiləm…”

Yəni “ürəksiz yazan deyiləm”. “Ürəyimsiz” yazmaq başqadır, bu, anatomik məsələdir, başa düşürük ki, misranı doldurmaq üçündür. Ancaq bu bənddə nə olduğunu və yuxarıdakı bəndlərlə necə bağlandığını başa düşmək mümkün deyil…

Mən bu şeiri təkrar-təkrar oxuduqca onu şagirdlərə tədris edən müəllimləri düşünürəm. Bu cəfəngiyatın şeir olduğunu sübut etməyə çalışan adam ya gərək idiot ola, ya da yalançı…

Və təsəvvür edirəm ki, “Azərbaycan deyiləndə…” şeiri keçiləndə bütün şagirdlər ayağa dururlar. Özü də təkqıçlı…

Bu şeir barədə sonra….

03.03.2018

Samara

«ANA VƏ POÇTALYON»: «ŞEDEVR» STATUSLU «MƏHLƏ» ŞEİRİ

Süleyman_Rüstəm.jpg

Bu şeiri nə şagird kimi öyrənmək, nə də müəllim kimi tədris eləməq mənə qismət olub, ancaq bilirəm ki, onilliklər ərzində bu şeirdən yüz minlərlə inşa yazılıb, buraxılış və qəbul imtahanları verilib. “Azərbaycan sovet (!) poeziyasının klassik əsərlərindən sayılır. Ona görə bu şeirə daha bir baxış faydasız olmaz.

Hələ başqalarının ağzından du şeiri eşidən vaxtlar ilk misra məndə sual doğururdu: Necə yəni “başqa dərdi yoxdu”? Müharibə, aclıq,qonşulara ölüm xəbəri gəlir (“xəbər gəlir öləndən”), yəni dərd bir deyil, mindir. Əlbəttə, ana üçün öz oğlundan böyük qayğı ola bilməz. Ancaq başqa dərdinin olmamamğı mümkün deyil…

Mənim bu yazım Süleyman Rüstəmə xas olan üslub pintiliyi və sağlıqlarında klassik statusu (dövlət və partiyanın qərarı ilə) qazanmış yazanların öz işlərində tamamilə məsuliyyətsiz olmalarındandır. Buna rusca “xaltura” da demək olar, azərbaycanca “basməmmədi” də…

Başqa bir sual: ananın əri hardadır? Yəni əsgərin atası. Oğlan ananın ilkidirsə, ata cavan olmalıdır. Ölüb? O da cəbhədədir? Bəs niyə arvadı onun da dərdini çəkmir?

Bu, şəhər şeiridir. Ana “məhlə”də yaşayır. Yəni köhnə Bakı həyəti, həyətdə də xeyli mənzil, xeyli adam. Bu adamların hamısının məktubunu bir poçtalyon gətirir. Ana da ona ultimatum elan edir: ““Məktub olmasa, bir də sən bu həyətə gəlmə!”

Poçtalyonu elə bil “dağ başında ildırım vurur” (niyə dağ başında? İldırım düzəndə vura bilmir? Dağ başında ildırım ayrı cür vurur?). Və həyətdən ayağını kəsir…

Belə şey mümkündürmü? Müharibədir, poçtalyon hərbi vəzifəli adam kimidir, həyətdə onlarla ailə yaşayır, bəs onların məktu necə olur? Poçtalyon aparıb tökür küllüyə? Sobada yandırır?

Poçtalyon yoxa çıxır… Müharibədəki adamlarından məktub almayan qonşular gərək NKVD-yə şikayət eləyəydilər, bir sözlə, poçtalyonu yerin deşiyindən çıxaraydılar. Ancaq heç kimi dinmir…

Belə şey mümkündürmü? Yox mümkün deyil!

Şeirdən belə çıxır ki, ana gecə-gündüz evdədir, elə işi-peşəsi qapını güdməkdir. Ancaq bu da mümkün deyil. Bakıda müharibə vaxtı cavan arvadı çətin ki, evdə asudə oturmağa qoyardılar. O, günün ən azı on iki saatını silah ya neftayırma zavodunda işləyəməliydi.

“Evlərini bilsəydim, bir baş çəkərdim ona…”

Əgər şəhər Bakıdırsa, poçtalynun başına nə gəldiyini öyrənməkdən asan heç nə yoxdur, get poçt şöbəsinə, soruş…

Bu şeir başdan ayağa qondarmadır, inandırıcı heç nə yoxdur. Əlbəttə, müharibə vaxtı yazılan şeirdir, arxa cəbhədəki insanların çəkdiyi qəlb iztirablarını göstərməyə yönəlib. Ancaq müəllifin idiasında olduğu dramatizm farsa çevrilir, çünki yaradılan kolliziya qondarmadır.

Məlum məsələdir ki, poçtalyon gec-tez gəlib çıxmalıydı. Ancaq gərək qonşular onun şalvarını çıxaraydılar: “Ay filan-filan olasan, hanı bizim məktublar…”

Yxşı, deyək ki, müharibə vaxtı tələsik yazıılb, belə şeirlərə ehtiyac olub. Ancaq niyə bunu indiyəcən yüksək poeziya kimi uşaqdan böyüyə qədər millətə sırıyırıq?

Məsələ burasındadır ki, şeirin bəlası təkcə süjet quruculuğunda deyil. Sənətkarlıq da çox aşağı səviyyədədir. On dörd hecalı ölçü seçildiyindən çoxlu artıq, parazit sözlər var.

“Qartal ov tutub gəlir” – ovu tutarlar?

“Bir gün küçə qapısı açıldı çox sürətlə(!)… Poçtalyon adamdır ya avtomobil?

“Aldılar bir qırpımda poçtalyonu dövrəyə” (bir qırpımda?)
“Poçtalyon qanad taxdı öz şirin sözlərinə….” Bu misranı yazan şairdir ya qəssab?

İş elə gətirib ki, mən bu şeiri məktəbdə oxuyanda keçməmişəm. İndi fikirləşirəm ki, orta məktəbdəki ədəbiyyat müəllimlərində bu şeir suallar doğurub ya doğurmayıb. Doğurmayıbsa… Yəqin ki, doğurmayıb. Azərbaycan məktəblərindəki ədəbiyyat müəllimlərinin əksəriyətinin səviyyəsi sirr deyil…

01.03.2018

Samara

HƏMÇİNİN:https://xeyrulla.com/2021/07/05/gulm%c9%99li-seirl%c9%99r-suleyman-rust%c9%99m-t%c9%99brizim/

QARMAGEDDON!

snowmageddon_big

İngilis qəzetləri məqalə başlıqlarında söz oynatmağı sevirlər.  “Daily Mail” qəzetində Britaniyada və qərbi Avropanın başqa ölkələrindəki fözqəladə qar yağıntısına həsr olunmuş məqalənin başlığında neologozm işlədilib: Snowmageddon! Əlbəttə, bu, qar sözünün Armageddon sözüylə hibrididir. Və qəzetə də məxsus deyil. Bunu bloger Greq Svan 2007-ci ilin aprelində işlədib.

Belə yaradılan sözlərə ngiliscə “portmanteau word” deyilir.

Orijinaldır, ancaq yaxşı səslənmir, söz oynamır. Ancaq azərbaycanca variantını elə bil Tanrı özü yaradıb: Qarmageddon!

 

«SƏHV DÜŞƏNDƏ YERİMİZ” ŞEİRİNDƏ KOMMUNİST MƏNƏVİYYATI MƏSƏLƏSİ

Qabil_İmamverdiyev.JPG

Azərbaycanlı məclisində tamada və xanəndə tez-tez məclis sahibinin, məclisdə yaxşı pul xərcləyənlərin adını çəkməlidir. Ya da xanəndə özü pul xərclətdirmək istədiyi adamın adını Vahidin qəzəlinə soxuşdurur.

Avtoritar və totalitar siyasi rejimlərdə hakimiyyətlə bu hakimiyyətə yaxın gedən yaradıcı adamların münasibəti də təxminən belə olur. Rejim tərəfindən imtiyazlara yiyələnmək istəyən hər yazan, oxuyan gərək vaxtaşırı bu rejimi təbliğ və təşviq edə. Rusiyada rejimlə çaşqa-loşqalıq eləmək istəməyənlər özlərini ondan qaçırıblar, dalandar, ocaqçı işləyiblər, geoloji ekspedisiyalara gediblər. Rejimlə açıq konfrontasiyaya girənlər dissident adlanıblar, onların da tutulanları və qərbə gedənləri olub.

Azərbaycana nədənsə dissident toxumu düşməyib, yəni partiya və hökumətin verdiyi yemdən heç kim imtina eləməyib. İstedadlı olduqları şübhə doğurmayan ədəbiyyatçılarımız da həmişə loyal olublar, nəşriyyatlarda, qəzet və jurnallarda vızifə tutublar, ev alıblar, pul mükafatı alıblar.

Hətta Əliağa Vahid də partiya və hökumət şeirləri yazıb:

“Yaşasın qırmızı bayraqlı sovet qanunumuz…”

Bu o deməkdir ki, indiki nəslin mənəvi oriyentirləri yoxdur. Hansı hörmətli ədəbiyyatçının arxivini eşirsən, “Lenin” poeması çıxır…

Partiyadan və onun ideologiyasından maksimal uzaq olmağa çalışanların da yaradıcılığında  kommunist partiyasının ana xəttinin müddəaları ən gözlənilməz yerdə və şəkildə üzə çıxır.

Qabilin cəmi iki şeirini bəyənirəm: “Səhv düşəndə yerimiz” və “Çağırsan gələrəm…”. Qabilin bütün başqa şeirlərində sənət baxımından maraqlı heç nə yoxdur, hərçənd peşəkarlıqla yazılıb.

“Səhv düşındə yerimiz” ümumilikdə gözəl miniatürdür, ancaq onu bir az da qısaltmaq olardı. Məsələn, “Küt bıçaq parıldayıb…” bəndi zəifdir  və artıqdır. Bu bənddə həm də müqayisələr yerində deyil. Yəni ki, bu bəndin dalından asanlıqla dəymək olar. Ancaq bu şeirdə başqa məsələ maraqlıdır. Qabil bir an belə unutmur ki, kimin çörəyini yeyir (əlbəttə, partiyanın!) və buna görə partiyanın mənəvi-sosial sahədə siyasətini öz şeirində əks etdirməlidir!

Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz…

Şeirin yazıldığı 1969-cu ildə də, ondan sonra və əvvəl də bu məsələ partiya plenumlarının mövzusu olub. O vaxt dörd aydan artıq işləməyənlər tüfeyli sayılır və cinayət məsuliyyətinə cəlb olunurdular, alverçilərə, o cümlədən gülsatanlara qarşı sovet cəmiyyətində, dildə də olsa,  amansız mübarizə gedirdi. Bu məsələni öz şeirinə soxuşduran Qabil başa düşürdü ki, bu bəndlə onun şeirinə  bir qurumsaq güldən ağır söz deyə bilməz. Jurnal isə hər misraya iki manat (iki kilo qəndin pulu) verəcək…

Yəni bu bənddə gülsatan biqeyrət kişi ilə zəhmətkeş qadınlar qarşı-qarşıya qoyulur. Bu, partiya xəttidir, plenumların yazıçılar qarşısında qoyduğu məsələdir.

Məsələ burasındadır ki, kişilər hamısı qızılgül satmırdı və qızılgül satmaq heç də biqeyrətlik deyildi və mənim şübhəm yoxdur ki, Qabilin yaxın adamları arasında gülsatanlar da olub. Və qadınların da hamısı əliqabarlı deildi. Sürü-sürü ənlikli-kirşanlı raykom, prokuror, müdir katibələri vardı. “Azərbaycan”, “Turist” və başqa mehmanxanalarda fahişəlik edən qadınlar vardı…Yəni bu, mürəkkəb məsələdir. Ancaq partiya hər şeyi yumurta qabığı kimi səthi edirdi və səthilik də çox problemlər yaradırdı…

Bir sözlə, Qabil yaxşı şeirini ideologiyaya xidmət səyi ilə korlayıb…

Yuxarıda yazdıqlarım onu göstərir ki, sənəti həyatının mənası sayan adam hakimiyyətdən ən azı top atəşi məsafəsində aralı olmalıdır. Hakimiyyətə loyallıq ifadə etmək arzusu Əli Kərimin “İki sevgi” kimi gözəl və Azərbaycan poeziyasında yeni söz olan şeirini də korlayır.

Bu barədə ayrıca…

23.02. 2018, Samara

P.S. Yəqin indi «talış» əvəzinə Qabil «cənub bölgəsi»  yazmalıydı…

AY FİLDİBESSER…

İnternetdə professor Vaqif Yusiflnin məqalələrini görəndə Azərbaycandakı ara mollaları yadıma düşür. Məsələn, Salyan qəbiristanlığında oturanlar. Hansı qəbrin üstünə aparsan, pulunu alıb kirillə cibdəftərinə yazdığı Yasini qarıldadacaq…

Vaqif Yusifli üçün nə sənət var, nə də sənətkar, onun üçün “yaxşı”, “gözəl”, “möhtəşəm” adamlar var. Eyni sözlər Vaqif Yusifli Əliağa Vahiddən də yaza bilər, Əli Kərimdən də, mərhum  gürcüstanlı aşıq deputatdan da… Hamısı ilə oturub-durub, hamısı ilə yeyib-içib, gözəl söhbətlər edib…

A kişi, sən oxucuya sübut elə ki, bunlar doğrudan da yaxşı şeir yazıblar və bu şeirin yaxşılığı nədədir.  Yaxşı adam olmaqlarının mənə nə dəxli var? Və balaca ölkədə bu qədər yaxşı adam olar? Əgər olarsa, ölkə niyə pis gündədir?

Professor… Kül bizim başımıza…

İMPERİALİST KİPLİNQİN ÖLÜSÜYLƏ BOLŞEVİK KÜRÇAYLININ DAVASI

ALİAĞA.jpg

Tanınmış sovet şairləri, xüsusən kommunist əqidəsi düz olanlar nümayədə heyəti tərkibində qərb ölkələrinə göndərilirdilər ki, həm dağıdıcı, həm dağılan qərb cəmiyyətini ifşa edən əsərlər yazıb kapitalizmi sovet adamlarının gözündən salsınlar. Əliağa Kürçaylı da xeyli ölkədə olub. Britaniyaya səfərindən “Britaniya dəftəri” adlı sislsilə yazıb.

Əliağa müəllim yəqin partkomu tapşırığını iki yüz faiz yerinə yetirərək Britaniyaya qədəm qoyan kimi, Britaniya imperializmini tənqid atəşinə tutur və Şotlandiya üçün azadlıq tələb edir. Yaxşı ki, Britaniya polisi Əliağa müəllimi separatçı təbliğat apardığına görə həbs eləməyib, ola bilsin, şeirlər Bakıya gələndən sonra yazılıb…

Əliağa Kürçaylı nədənsə Londonda Redyard Kiplinqin öllüsü ilə davanı tutur. Durur qəbrinin üstündə, ağzına gələni deyir:

Bilirdim ki, sən ingilis şairisən

Vəsf edirsən seri (! — x.x.), lordu, naziri sən…

Talançılıq şöhrətini vəsf edirsən,

Qəsbkarlar şöhrətini vəsf edirsən…

Çox güman ki, Əliağa müəllim “Mauqli”dən başqa Kiplinqin heç bir əsərini oxumayıb, ancaq onun imperialist olduğunu partkomdan eşidib və bilmir ki, Kiplinq ən qüdrətli ingilis şairlərindən biridir…

Əliağa müəllim Kiplinqdən bir şeirlə əl çəkmir, qəbrin üstündə ikinci şeiri də yazır. Özü də lap yekəsini:

“Neçə yüz milqonluq qədim bir ölkə,

Yıxıldı bir palıd əzəmətiylə,

Oldu liliputa o, müstəmləkə,

Diliylə, diniylə, var-dövlətirlə…”

Dünyaya Şekspiri, Bayronu, Nyutonu vermiş İngiltərəni Əliağa müəllim «liliput» adlandırır!

Kiplinq, özü də ölüsü, Əliağa müəllimə Hindistan üçün də cavab verməlidir…

Kiplinq, sən bunları tərənnüm etdin,

Sən uğur dilədin cahangirliyə…

Bir sözlə, salyanlı balası Kiplinqin ölüsünü yıxıb sürüyür.

“Burda sənin şöhrətinin son qalığı,

Solğun məzar…”…

Əlbəttə, Kiplinq sovet şairi olsaydı, dövlət mükafatı alardı, fəxri xiyabanda basdırılardı…

Əliağa müəllim Londonun “tən ortasında” qovurulmuş şabalıd satan və “həsrət tiyanında” yanan türk Kamala da rast gəlir. Kamalın başına kül olub ki, sovet Azərbaycanında yox, Türkiyədə doğulub, ona görə Londonun tən ortasındadır…

Bir sözlə, Əliağa müəllim Britaniyada KQB-nin və partkomun tapşırığını əla yerinə yetirib. Ona görə onu Portuqaliyaya göndəriblər.

Bu barədə ayrıca…

2

Londonun tən ortasında” qovrulmuş şabalıd satan türk Kamal Kürçaylıya bir ovuc şabalıd uzadır, Kürçaylı almır, deyir “Thank you”. (Şeirdə belədir. Məlum deyil ki, salyanlı şair türk Kamalla niyə ingiliscə danışır)). Yəni demək istəyir ki. bu şabalıd mənim boğazımda qalar, sən zülmlə Londonun tən ortasında “həsrət tiyanında yana-yana” pul qazanırsan…
Bu səfər 1976-cı ildə olub.
1976-cı idə Kürçaylı Salyana da gəlmişdi, mən özüm görmüşəm. Özü də salyanlı idi və gələndə boylanmasaydı da bilərdi ki, Salyanda xırda uşaqlar su satırlar, tum satırlar, “xoruz” satırlar, bir az böyükləri anaşa satırlar, tiryək satIrlar, çəkənlər, atanlar, iynələnənlər var… Niyə Kürçaylının ürəyi öz vətəninin balalarına yanmırdı, Londonda şabalıd satan türkə yanırdı.
1976-cı ildə, ondan əvvəl və ondan sonra Azərbaycanda xırda-xırda uşaqlar dərs ilinin yarısını çöllərdə olurdular, pambıqda, tütündə, üzümdə…
Çox güman ki, Londonda şabalıd satan türk Kamal bir neçə ilə maya yığıb, öz biznesini yaradıb. Bəs Salyanda su, tum, anaşa satanlar?
Öz ölkələrində öz xalqının müdafiəsinə bir kəlmə söz deməyə cəsarət etməyən insanlar elə həmin xalqın puluna qərb ölkələrinə səfər edir, qayıdanda dolu çamadanlarla kapitalist malları gətirir və həmin kapitalizmi də “ifşa” edən cızma-qara yaradıb yenə ətək-ətək xalq pulları alırdılar. Hanı burda mənəviyyat?
Biz başa düşürük ki, bütün bu “poeziya”, bütün bu adlı-sanlı şairlər sovetin ideologiya sisteminin əsas və yan məhsuluydu. Niyə indi də, sovet rejimi dağılandan otuz il sonra, bu KQB təbliğatı böyük və ciddi poeziya kimi qələmə verilir və əslində əsil poeziya beləliklə kənara sıxışdırılır, estetik standartlar süpürülüb gedir?
Əlavə kimi deyim ki, Əliağa Kürçaylı bütün  ömrü boyu əsl poeziya sayıla biləcək bir misra da yazmayıb. Yeri gəlmişkən «Bir əlində bahar, bir əlində yaz» kimi cəfəngiyatı o yazıb. İndiyəcn oxuyurlar. 

20.02.2018

Samara

«DƏDƏ QORQUD»: NƏDƏNSƏ BƏYLƏRİN DONANMASI YOXDUR…

Beowulf.firstpage

Qədim ingilis dastanında su qurudan çoxdur, qonşuya gedən də dənizi keçib gedir…

Beovulfla  Brekanın dənizdə yarışı doqquz gün davam edir, bu igidlər doqquz gün gecə-gündüz üzürlər, əllərində də qılınc – birdən dəniz vəhşiləri qabaqlarına çıxar…

ond gebéotedon      —waéron bégen þá git   536 and vowed      —being both then still
on geogoðféore—      þæt wit on gársecg út in the years of youth—      that we out on the ocean

 

wit þæt gecwaédon      cnihtwesende we had it agreed,      being lads,
ond gebéotedon      —waéron bégen þá git   536 and vowed      —being both then still
on geogoðféore—      þæt wit on gársecg út in the years of youth—      that we out on the ocean
aldrum néðdon      ond þæt geæfndon swá. our lives would risk,      and thus that we did.
Hæfdon swurd nacod      þá wit on sund réön We had naked swords      when we rowed on the ocean-sound,
heard on handa:      wit unc wið hronfixas hard in our hands:      we ourselves against whales
werian þóhton·      nó hé wiht fram mé   541 planned to defend;      not a whit from me was he
flódýþum feor      fléotan meahte on the sea-waves far      able to float,
hraþor on holme·      nó ic fram him wolde· swifter on water,      nor did I wish to part from him;
ðá wit ætsomne      on saé waéron then we together      were on the sea,

Sonra məlum olur ki, Beovulfun əynində zirehli köynək də var…

 

Bizim “Dədə-Qorqud”da dəniz yoxdur ya yox kimidir.

“Qara-qara dənizlərin gəmisi ağac” (Uruz)

Yəni ağacdan gəmi qayırırlar, ancaq bəylərin donanması yoxdur…

Ümumiyyətlə, “Dədə Qorqud”da su qıtdır:

“Quru-quru çaylara su saldım”. (Burla xatun)

 

Dəli Domrul körpünü quru çayın üstündən salıb, keçəndən otuz üç aqça alır, keçməyəndən döyə-döyə qırx aqça…

Ancaq “Dədə Qorqud”un yumoruna söz yoxdur…

 

“DOĞDU GÜNƏŞ, DOLDU CAHAN NUR İLƏ…”

Əgər azərbaycanlılara millətin, ölkənin rəmzi ola biləcək bir şeir seçmək təklif olunsa, mən bəlkə də Sabirin “Cütçü” şeirini seçərdim. Mən uzun müddət məktəb müəllimi olmuşam, aşağı sinif şgirdlərinin, hətta zəif oxuyanların, bu şeiri deyərkən necə ruhlandığının şahidiyəm.

Mən bu gün Ayxan Ayvaz adlı bir gəncin Kulis.az saytında Sabir haqqında məqaləsini oxuyub… yox, təəssüf ki, ruhlanmadım. Çox məyus oldum. Yazının ümumi savad səviyyəsi 5-6-cı  sinif şagirdlərinin səviyyəsindən də aşağıdır, müəllifin nəinki akademik təhsili yoxdur, onun ümumiyyətlə təhsilli olduğu şübhə doğurur. Müəllif Sabirə hücumlarını  mərhum Rafiq Tağıya istinadla başlayır. Guya Rafiq Tağı deyirmiş ki, Sabir sabun alverində ziyana düşüb, acığını xalqdan çıxıb.

Və Rafiq Tağıdan gətirdiyi sitatı uzada-uzada Ayxan iddia edir ki, Sabir şair deyil və Sabir xalqın düşmənidir.

Mən Rafiq Tağını yaxından tanıyırdım. Mənim Moskvada oxuduğum illərdə o, paytaxtda yaşayır və təcili yardımda işləyirdi. Tanıdığına, tanımadığına canıyanan idi, mənim özümü Moskvada həkimə də aparıb, iynəmi də vurub. Rafiqin o vaxtlar fikri-zikri yazıçı olmaq idi. Elçinin köməyi ilə hekayələri hətta “Drujba narodov”da çap olunmuşdu – bu yazıları Bakıda Elmira Axundova (o vaxt ittifaqda referent) ruscaya sətri tərcümə edir, Moskvada isə İttifaqın hesabına bədii tərcüməyə çevirirdilər. Boynuma alım ki, Rafiqin hekayələrini mən bəyənmirdim, onlarda mənim üçün təzə və maraqlı heç nə yox idi. Rafiq Lenin kitabxanasında oturub rus jurnallarında oxuduğu hekayələri yamsılayırdı… Bir dəfə o vaxt tələbə olan Saday Budaqlı mənə dedi: “Rafiq bilirsən nə yazır? “Sinəsi baş kimi tüklü id…” Oxuyanda az qalmışdım gülməkdən öləm…”

“Sinəsi baş kimi tüklü idi” – bunu Qoqol yazıb. Nozdryov haqqında…

Rafiq Tağı humanitar təhsilli deyildi. Çexov da tibb təhsili alıb, ancaq Çexov dünya ədəbiyyatını bilirdi, fəlsəfəni bilirdi və daim oxuyurdu — əlbətə, burda talantların miqyasından danışmaq artıqdır. Rafiq Tağı isə ümumimiyətlə savadlı adam deyildi. Bakıya qayıdandan sonra biliyinin, məlumatının nəinki çatmadığı, hətta olmadığı sahələrdə dolaşıq söhbətlərə girişdiyini biləndə mən çox təəccüblənirdim… Mənə elə gəlir ki, Bakıda Moskvadakı mülayim, qismən avropalı mühiti tapmayan Rafiq içərisində çoxlu kin yığıb və ödünü bəzən Azərbaycan mühitinin qəddarlığında heç bir günahı olmayan insanlara qarşı yönəldib. Məsələn, Sabirə. Hərçənd mən inanmıram ki, Rafiq Sabiri diqqətlə oxuyaydı. Heç olmasa vacib, “proqram” şeirlərini, məsələn, “Fəxriyyə”ni…

Və təsadüfi deyil ki, Kulis.az-dakı məqalənin müəllifi xalqın düşməni saydığı Sabirdən bir misra da sitat gətirmir. Bu xalqa düşmənçiliyi Sabir hansı şeirində büruzə verib? Bəlkə “Qarğa və tülkü”də?

Mənim universitetdə antik ədəbiyyat müəllimim olmuş İsmayıl Əlizadə bir sualıma cavab verərkən dedi: Elmin qabağına elmlə çıxmaq olar, publisistika ilə yox…

Təəssüf ki, indi publisistika ilə çıxa bilən də qalmayıb. Sabirin üstünə polis təhdidləri, prokuror ittihamları ilə yeriyirlər…

28.01.2018

Samara