Архивы

AZƏRBAYCAN ŞAİRLƏRİ YARADICILIQ EZAMİYYƏTİNDƏ: BUDAPEŞT, TEŞT, TEŞT..

Sovet vaxtı sovet yazıçı və şairlərinin qabaqcıllarını xarici ölkələrə “yaradıcılıq ezamiyyətinə” göndərirdilər. Kapitalist ölkələrinə gedənlər o olkələrdən tənqidi əsərlər, sosialist ölkələrinə gedənlər tərifli əsərlər yazırdılar. Mənim yadımdadır ki, tez-tez xarici səfərlərdə olan Bəxtiyar Vahabzadə qayıdandan sonra bir şələ şeir çıxarırdı. Məsələn, Bəxtiyar Vahabzadə Qərbi Berlindədir. Baxır yanına-yörəsinə, hər şey ürək açan, gözəl, abad, yemək-içmək bol, mağazalarda dünyanın ən yaxşı paltarları. Bəxtiyar müəllim də alıb çamadanlarını dolıdurub. Ancaq narahatdır. Tənqid eləməyə bir şey tapmır. Birdən görür ki, ölü aparırlar. Yekə ağ mərasim maşınında. Aha! Maşının yanında üzünü-gözünü cıran, özünü maşının altına atmaq istəyən qohum-əqraba yoxdur!

Tabut gedir ağ avtomobildə,
Tabut gedir, ardınca gedən yox…

Hayıf deyil bizim sovet Azərbaycanı, oğul cənazəni qucaqlayır, deyir, ata, qoymaram gedəsən, getsən, mən də özümü atacam sənin yanında qəbrə…

Qırışmal elə dünən deyirdi ki, “qurumsaq dədəm haçandan zarıyır, ölmür…”

Bu, ayrıı söhbətdir. Bəxtiyar müəllim bir şələ ezamiyyət şeiri yazdı, qərb cəmiyətininin atasını yandırdı, jurnalda çap eləyib pul aldı, sonra kitabında çıxarıb pul aldı…

Yadınıza salım ki, Bəxtiyar müəllim Qərbi Berlinə də xəzinə hesabına getmişdi…

İndi danışaq sosialist ölkələrinə gedənlərdən…

Azərbaycan sovet şairləri Macarıstandan ötrü ölürdülər, ölkənin mağazaları SSRİ-yə baxanda firavan idi, gedənlər satlıq mal da gətirə bilirdilər. Həm də… Burası yaşı 18-dən çox olanlar üçündür: Macarıstan Avstriya ilə qonşudur, ona görə də burda Avstriya telekanalları yaxşı tutulurdu. Gecələr kanalların bəzilərində erotik filmlər göstərilirdi. İni təsəvvür edin ki, Azərbaycan şairi keçən əsrin 70-ci illərinin ortalarında Budapeşt mehmanxanasında ikiqat olub erotik filmə baxır… Qayıdandan sonra o adam özü kinoteatra dönürdü, baxdığı erotik flmmlərin məzmununu şair yoldaşlarını başına yığıb danışırdı…

Bu bizə aid deyil… Şair yaradıcılıq ezamiyyətindədir. Qayıdandan sonra gərək tərifli şeirlər yaza. Birinci gərək ölkənin paytaxtına tutarlı bir şeir həsr oluna. Budapeştə. Bu şəhərin də şoğarib adına Azərbaycan dilində bir qafiyə tapılmır. Bircə söz var, o da “teşt”.

Budapeşt, budapeşt, qızıl teşt, gümüş teşt…

(Yox, ləyən, bardağ…)

Bunu, ya təxmimən bunu, səhv etmirəmsə, Musa Yaqub yazmışdı…

Əlbəttə, mən iddia eləmirəm ki, Musa Yaqub da Budapeşt mehmanxanasında erotik filmlərə baxıb. Allah eləməsin! Ola bilsin ki, gecə yerinə girəndə Musa müəlılim üç dəfə televizorun ekranına tüpürüb, sonra Leninin  külliyatınının 39-cu ya 47-ci cildini açıb oxuya-oxuya elə kitab ağuşunda şirin yuxuya gedib…

Və gələndən sonra sosialist Macarıstanına bir şələ şeir həsr edib “Azərbaycan” jurnalından bir ətək pul alıb. Sonra kitabanda çıxardıb yenə bir ətək pul alıb. Hamısı da büdcə pulu, sovet dövlətinin və sovet xalqının pulu.

Buna dövlət davam eləyərdi?

Vallah, mənə nə deyirsiniz deyin, sovet dövlətini Azərbaycan şairləri yıxdılar. Boyunlarına almırlar.

Budapeşt, teşt…

Allah abrınızı tökəydi…

Mirzə Əlil

12.09. 2018

Samara

PREZİDENTİN TAPŞIRIĞI VƏ PETROVİÇİN QAPAZI

Möhtərəm Azərbaycan prezidenti, birinci vitse-prezident Mehriban xanımın əri İlham Əliyev həmişə deyir ki, gərək xaricdəki azərbaycanlılar yaşadıqları ölkənin əhalisinə ermənilərin işğalçılıq siyasətini izah etsinlər, yəni çatdırsınlar ki, bu vələdəzzina ermənilər Azərbaycanın dörddə birini işğal ediblər, qaytarıb vermək fikirləri də yoxdur.

Rusiyanı, əlbəttə, əsil xaric saymaq olmaz, ancaq yalan-doğru xaricdir, buna görə mən də xaricdə yaşayan sayılıram. Mən də möhtərəm birinci vitse-prezidentin ərinin dediyi barədə çox düşündüm. Bir anlığa təsəvvür etdim ki, mən ağdamlıyam (kəlbəcərliyəm, şuşalıyam, zəngilanlıyam, laçınlıyam…). Əlbəttə, mən ağdamlı ola bilmərəm, yaradan özü ağdamlılıq səadətini mənə qıymaybsa, nə deyə bilərəm… Mən bunu ancaq bir anlığa təsəvvür elədim. Və təsəvvür elədim ki, çoxdankı tanışım Petroviçlə oturub söhbət edirik. Birdən özümü cəmləşdirib səsim tutula-tutula deyirəm:

  • Petroviç, Allahdan gizli deyil, səndən nə gizlədim. Mən sənə bir sirr açmaq istəyirəm.

Petrovoviç də birdən-birə canlanır, rəngi açılır.

  • Aç, a kişi, de gəlsin. Hamının sirri var. Mən şəxsən o qədər pozğunluqlar eləmişəm ki…
  • Petroviç, mənim başıma gələn əhvalat bilmirəm pozğunluqdur ya yox. Ancaq deyəcəyəm. Bil və agah ol: Mənim vətənim Ağdamı ermənilər işğal ediblər…

Bunu eşidəndə Petroviçin rəngi boğulur, mənə əyri-əyri baxır və birdən ikiəlli başıma elə bir qapaz salır ki, gözlərimdən od çıxır.

  • A kişi, mən hər cür pozğunluq eləmişəm, ancaq sən deyən lap binamusluqdur. A kişi, sənin vətənin işğal olunubsa, get əlinə silah al, silah tapmasan, daş götür, ağac götür, get işğalçıların üstünə. Vətənin işğaldadırsa, sənin burda nə ölümün var? Üzünə deyirəm, Mirzə, səndən zəhləm getdi…

Və bu səhnəni gözümün qabağına gətirəndən sonra başa düşdüm ki, biz xaricdə yaşayan azərbaycanlılar gərək işğal olunduğumuzu, qırıldığımızı, qovulduğumuzu gərək xarici ölkələrdə gizlədək. Ağzımızdan çıxarsaq, biabir olarıq.

Ay ağdamlıılar, füzulililər, qubadlılılar, zəngilanlılar, şuşalılar, kəlbəcərlilər! Rusiyada heç kimə deməyin ki, vətəniniz işğal olunub. Desəniz, başınıza yağlı qapaz vuracaqlar.

Yoxsa xətrinizə qapaz düşüb?

 

Mirzə Əlil

 

06.04. 2017

Samara

ZƏFƏRƏNDUM

Vodevil. Unudulmaz Nəsibə Zeynalova və Bəşir Səfəroğlunun səsləriylə)

Mehriban xanım: Ay kişi, bu nə həngamədur, bu nə vurhavurdur. Deyirlər zəfərəndum keçirirsən. Zəfərəndum nə olan şeydir? Birdən təzə arvad alarsan ha! Bağışla, zarafat elədim.

İlham bəy: Arvad, atan akademik, bacın akademik, özün deputat, ancaq savadsız-savadsız danışırsan. Zəfərəndum yox, referendum! Prezidentliyimin vaxtını uzadıram!

Mehriban xanım: Kişi, yəni rus demişkən bezrazmer eləyirsəsən?

İlham bəy: Yox, hələlik yeddi ilə qaldırıram

Mehriban xanım: Yaxşı eləyirsən kişi, bizim üzümüz-gözümüz öyrəşib bu saraylara, başqa yerdə darıxarıq… Kişi bir söz soruşum. Putinin sroku neçə ildir?

İlham bəy: Arvad, öz dilimizdə de. Srok yox, müddət. Putundə altı ildir.

Mehriban xanım: Kişi, bəs indi deyirəm birdən Putin inciyər. Deyər ki, Əlyof mənim qabağıma srok çıxardır. Bağışla, çaşdım. Müddət.

İlham bəy: İncisin də. Gözüm aydın.

Mehriban xanım: Elə demə, Putin sənə böyük qardaş kimidir.

İlham bəy: Arvad, mənim qardaşım-zadım yoxdur. Bunu qulaqlarında sırğa elə. Mənə qardaş lazım olsaydı, atam təşkil elərdi.

Mehriban xanım: Kişi, arvadlar danışanda eşitmişəm, deyirdilər guya İngiltərədə də bu yaxınlarda belə bir zəfərəndum olub. Çaşdım… referendum. Orda da srok artırırdılar? Bağışla, yenə rusca dedim, dilimizə qurban olum, dilim dilimizə yatmır.

İlham bəy: Yox, İngiltərədəki ayrı məsələydi. Orda prezident yoxdur. Orda ömürlük kraliça var.

Mehriban xanım: Kraliça? Kişi, bu elə mənə yaraşan işdir. Deyirəm nə yaxşı olardı, məni qoyardın kraliça, özün dincələrdin, gedərdin dənizin qırağına, tay-tuşlarınla domino oynardın…

İlham bəy: Arvad!

Mehriban xanım: Kişi, çaşdım. Təpiyini döymə, udar vurar səni… Zarafat elədim, ürəyinə salma… Kişi, birdən bu xalq zəfərəndumda… referendumda sənin dediyinə boyun qoymadı?

İlham bəy: Necə beyun qoymadı, arvad? Sən nə artıq-əskik danışırsan? Boyun qoymasa, heç bilirsən mən bu xalqa neylərəm?

Mehriban xanım: Neylərsən?

İlham bəy: Necə neylərəm? Salaram dəyənəyin altına, əzib yumşaldaram… zad kimi…şey kimi… Zəfəran ləçəyi kimi!

Mehriban xanım: ( qəhqəhə çəkib gülür) : A kişi, yenə mən deyənə gəldin. Bu oldu əsil zəfərəndum!

26.07. 2016

Samara

NOVRUZ FELYETONU

Günlərin bir günü burda bir azərbaycanlı tədbirində oldum. Tədbir çalığılı idi. Manıslar avadanlıqları ilə oturmuşdular zalın yuxarı başında Qonaq-qara yerini tutub yeməyə təzəcə girişmişdi ki, gözlənilmədən Azərbaycanın himninin yazısını səsləndirdilər. Qonaqlar qalxdılar ayağa, gözlərini süfrədəki yeməklərə zilləyib gözlədilər ki, bu həngamə nə vaxt bitəcək. Mən yeyə bilmədiyimdən süfrəyə yox, çalğı səsi gələn tərəfə baxırdım. Çalanların içində bir olxuyanı, bir də skripkaçını tanıdım. Oxuyanla işim yoxdur, ancaq skripkaçıdan bir neçə kəlmə sözüm var.

Ötən ilin mayında burda Respublika günü keçirmək istəyirdik. Düzü, istəyən çox az idi, çox adam badalaq qururdu. Ancaq biz işimizdən qalmadıq, çalıb-oxuyan da tapdıq. Tədbirə bir həftə qalmış çalıb-oxuyanların başçısı dedi ki, burda aəzrbaycanlı skripkaçı var, o da sizin tədbirdə çalmaq istəyir. Dedik ki, buyusun, şadıq. Adını  İnternetdə elan elədik. Tədbirə bir gün qalmış çalıb-oxuyanların başçısı xəbər göndərdi ki, skripkaçı gəlməyəcək, əməliyyat olunub. Biz də çox ağrındıq, narahat olduq, dedik ki, bəs tədbirdən sonra yerini öyrənib dəyək. “Təki ölməsin”, — mən də belə dedim.

Çox keçməmiş mənə bir tanışım zəng vurdu, dedi ki, “öz aramızda qalsın, əməliyyat deyil, sünnətdir”. Mən çox təəccübləndim, dedim a kişi, o manısın əlli yaşı var, bu yaşda sünnət olar? Dedi,o, sünnət olunmur, sünnət toyuna çağırıblar Novokuybışevskə, ora gedib…

İndi qayıdaq bu tədbirə. Himn bitdi, qonaqlar girişdilər yeməklərə, çənələr bir şalaxo getdi ki, gəl görəsən. Bir-iki sağlıq deyiləndən sonra aşıqçılar başladılar vəzifələrinin icrasına. Bizim bu skripkaçı da… Aşıq Alı demişkən, “adını demirəm, eldən ayıbdır”. Elə Manıs deyək. Hə, bu Manıs durdu, skripkanı sıxdı çiyninə, sabirabadlılar demişkən, bir Şur təsnifi çaldı segahıynan…”Iyyy, ıyyy, qıyyy, vıııyyyy…” “Azərbaycan oğluyam”a keçəndə durdu ayağa, skripkanı mişarlaya-mişarlya başladı yançaqlarını əsdirməyə…

Bu insan Respublika günündən qaçıb sünnət toyuna getmişdi. Erməni toyuna çağırsaydılar, erməni toyuna gedərdi, buna şübhəniz olmasın. Bu insanda bir qram vətənpərvərlik varsa, onda Mirzə Əlil erməni casusudur, buna da şübhəniz olmasın.

Ağalar və xanımlar! Ağa və xanm olmayanlar, yəni sadə insanlar! Gəlin bayrağa hörmət edək, himnə hörmət edək – o baryaq ki, şəhidlərimizi bürüyürük, o himn ki, qəhrəmanların şərəfinə çalınır. Və bir də kimlərlə oturub-durduğumuza fikir verək. İncəsənətimizi, zəngin mədəniyətimizi sünnət toyu səviyyəsinə endirməyək. Yoxsa bir də görərik ki, erməni toyundayıq. Əldə-ayaqda işləyirik…

21.03. 2016 Samara

Mirzə ƏLİL

MƏDƏT MÜƏLLİMİN MƏSƏLƏSİ

Milli təhlükəsizlik naziri vəzifəsini ifa edən general Mədət Quliyev deyib ki, nazirlik əməkdaşlarının doxsan doqquz faizi ləyaqətli və namuslu insanlardır.

Düzü, bunu oxuyanda çox sevindim. Çünki mənim hesablamalarımla generalın rəqəmi az fərqlənir – cəmi bir faiz. Mən fikirləşirdim ki, bu nazirlikdəkilərir yüz faizi ləyaqətli və namusludur.

İndi qalır ləyaqətsiz və namussuz əməkdaşların sayını tapmaq. Mənə elə gəlir ki, sadə tənlik qurma yoluyla bu məsələni həll etmək olar, ancaq bunun üçün gərək nazirlikdə işçilərin ümumi sayını biləsən. Bu say da yəqin dövlət sirridir. Belə çıxır ki, Mədət müəllimin məsələsini biz həll edə bilmərik.

Ancaq fikir eləməyə dəyməz. Doxsan doqquzla yüzün fərqi nədir ki. Heç nə. Ona görə də mən belə fikirləşirəm ki, bizim millətin təhlükəsizliyi tam təmin olunur və buna görə də millət yorğanı başına çəkib rahat yata bilər. İndi də qış girir, yuxunun şirin vaxtıdır…

Ay Mədət müəllim, elə siz özünüz də yatıb dincəlin. Özünüzü çox yormayın. Sizin kimi insanlar dövlətimizə, millətimizə çox lazımdırlar. Yəni siz özünüz elə lazımsınız, indi gəlib çıxmısınız…

Ancaq gələndə, Mədət müəllim, gərək damın qapısını açıb Xədicə xanımı, Leyla xanımı, İlqar bəyi, Anar bəyi, Hilal müəllimi, cənab Mirqədirovu, gözəl talış balası və Azərbaycan şairi Tofiq Həsənlimi buraxaydınız…Hamıının adını yazmıram, bəlkə bu da dövlət sirridir, sonra məndən inciyərsiniz..

İçirəm sağlığınıza!

Mirzə Əlil

 

AZƏRBAYCANDA DİLAÇMA MƏRASİMİ

Bu gün Azərbaycanda növbəti uşaq dil açıb. Dilaçma mərasimində Azərbaycan prezidenti İlham Əliev iştirak edib və qırmızı lenti özü kəsib.

NEYLƏYİRDİK OYUN-MOYUN…

Стадион

Bakıda tezliklə Avropa oyunları başlanacaq…

Özümlə bacara bilmirəm: “oyun sözünü eşidən kimi “qoyun” yadıma düşür. Neyləyirsiniz, eləyin, lap vurun, öldürün. Nə qədər çalışıram Ki, gözümün qabağınA ayrı şey gətirim, olmur. Kimin ağzından “qoyun” sözü çıxsa ya bir yerdə bu sözü oxusam, elə bilirəm yaxında bir sürü qoyun mələşir.

Bəlkə də bu məsələ məktəb kirablarına salınmış bir nağılla bağlıdır: “Getdin gördün qoyun, neyləyirsən oyun-moyun…”

Ürəyinizə ayrı şey gəlməsin…

Bəklkə də “oyun” sözünün yadıma qoyunu salması mənim kənddə keçmiş uşaqlığımla bağlıdır. Başqa kəndləri bilmirəm, bizim kənddə uşağın ayağı topa dəyən kimi böyüklər onun yadına qoyunu salırdılar: “Qoyun qalıb yiyəsiz, sən top vurursan! Qıçın sınsın!”

Biz uşaq olanda əsil topu altı ayda, ildə bir dəfə görürdük. Biz topu əskidən-üsküdən düzəldərdik. Bizdən sonrakı nəsillərin topu olub. Yəni uşaqlar cib xərcliklərini, ya sünnət olanda onlara bağışlanan pulu yığıb özləri xəlvətcə top alırdılar. Ancaq böyüklər çox vaxt bu topları da alıb ya cırırdılar, ya da iti bir şeylə deşirdilər. Çünki uşaqların başı qarışırdı oyuna, qoyun qalırdı yiyəsiz! “Qoyunun dərdi ürəyinizə! Çörəyi qoyundan yeyirsiniz, burnunuzdan gəlsin!”

Eşitdiyimə görə, Azərbaycan kəndlərində indiyəcən böyüklər hərdən-hərdən uşaqların toplarını alıb cırırlar.

Buna görə də Azərbaycana futbolçuları banan, kartof, mobil telefon kimi başqa ölkələrdən gətirirlər. Öz uşaqlarımız qoyun qabağındadırlar…

Azərbaycanda niyə Asiya yox, Avropa oyunlarının keçirilməyi də bir az təəccüblüdür. Çox mötəbər mənbələrdə Azərbaycanın Asiyada yerləşdiyi göstərilir. Elə insanların bir-birinə, hakimiyyətin vətəndaşlara münasibətindən görünür ki, Azərbaycan Avropada deyol, Asiyadadır.

Belə bir lətifə var: birinə “öküz” Məhəmməd deyirmişlər, o da çox inciyirmiş. Yaxşı bir danası varmış, kəsir, yekə bir qinaqlıq verir ki, “öküz” sözünü üstündən götürsünlər. Camaat yeyib-içir, dağılışanda deyir ki, sənin adaından “öküz”ü götürürük, sən bu gündən olursan “dana” Məhəmməd…

Mən qorxuram ki, Avropadan idmançılar, məşqçilər, məmurlar gəlb iki həftə Azərbaycan xalqının hesabına yeyə-içə, dağılışanda deyə ki, siz Asiya deyilsiniz, Afrikasınız…

Hərçənd valideynlərin uşaqlardan topu alıb cırdığı ölkə heç Afrika adına da layiq deyil. Baxın Afrikaya, görün necə futbolçular yetişirlər. Afrikalılar çoxdan başa düşüblər ki, qoyunun öz yeri, oyunun öz yeri…

Ancaq gözünü beş-altı qotur qoyuna dikmiş soydaşımıza da rəhmli olaq: o yəqin ki, indi Avropa oyunlarına çəkilən xərcləri görüb başını yelləyir: “Neyləyirdik oyun-moyun…”

Mirzə ƏLİL