Архивы

ŞƏRQİN DƏ UZAĞI DEMƏ OLURMUŞ…

HACININ XATİRƏSİNƏ

 

Şərqin də uzağı demə olurmış,

Təyyarə uçmadı sanki, süründü.

İyirni beş yaşda ruh yorularmış –

Söndün günəşlərin doğan yerində.

 

Dəbli geyinəndin…Geyindin orda,

Ordu çəkmələri, ordu papağı.

Amma yazırdın ki, səni sarsıdır,

Ürək qabalığı, dil qabalığı.

 

Yazırdın xəlvəti ağlamağından —

Ağlamaq kənardır nizamnamədən.

Göz yaşı ürəkdə nizam dağıdan,

Saxlayan dünyanın nizamını da.

 

Orda yaxın ölüm ərəfəsində,

Tapıb oxuduğun Dostoyevski,

Demişdi “qabıqdan özəyə qədər,

Göz yaşı isladıb Yer kürəsini”.

 

Sıxıldı gicgaha buz kimi lülə

Nə lülə isindi, nə qan soyudı.

Tale püşkü kimi atıldı güllə —

Dəli bir oyunun o gün sonuydu…

 

Hər insan ömrü hərb, hər an – təhlükə,

Yoxsa da ətrafda top-tüfəng səsi.

Gedir hər insanın içində bəlkə,

Amansız bir dünya müharibəsi.

 

Yenə də o yerdə günəşlər doğur,

Qurudur qanı da, göz yaşını da.

Doğum-ölüm sirri Tanrıda. Odur,

Xatirə silən də, iz yaşadan da.

 

04-05 may 2014 Samara

 

UZUN SÜRƏN AĞIR XƏSTƏLİK  

25.09.18

İsti ağuşların hələ acısan,

Hələ dadmamısan bütün kefləri.

Qanın min istəklə qaynayan zaman,

Uzun sürən ağır xəstəlik gəlir.

 

Dəridən çıxırıq ev-eşik olaq,

Ağaclar əkirik meyvə həvəsli.

Yarpağı, çiçəyi qabaqlayaraq,

Uzun sürən ağır xəstəlik gəlir.

 

Ya nəğmə qoşmusan, nəqərat qalıb,

Ya şerin düzəlmir qafiyələri.

Bəstəni, nizamı dolaşıq salıb,

Uzun sürən ağır xəstəlik gəlir.

 

Olur sevgilərdən qaça bilən də,

Yuva da bağlamır, ağac da əkmir.

Keçir bütün ömrü beləsinin də,

Uzun sürən ağır xəstəlik kimi…

 

24.04.2014 Samara

 

SƏRÇƏLƏR

 Oğrun-oğrun dolaşır,

Oğrun-oğrun uçurlar.

Elə bil çağrılmamış,

Qonaqdılar sərçələr.

 

Başqa quşların səsi,

Tutub bağçanı-bağı.

Utanır sərçələrsə,

Elə bil oxumağa.

 

Yox gözəl avazları,

Rəngləri deyil qəşəng.

Bəzəmir ağacları,

Uçuşu-qaçışı ləng.

 

“Səsi qırılmışların,

Kəsiləydi!” deyən var.

Ancaq ötürüb qışı,

Yazı gətirib onlar.

 

Yağışlarda islanıb,

Küləklərə dözüblər.

Şaxtada daldalanıb,

Acqarına gəziblər.

 

 

Özlərini didiblər,

Sinə dağıdıb onlar,

Kim bilir nə qədərdi,

Bahara çıxmayanlar…

 

 

Bağlarda, bağçalarda,
Susmayıblar  bircə an.

Beş ay boz sərçələrdi,

Təbiəti yaşadan.

 

Sadə nəğmələrində,

Yer və göy danışırdı.

Bizə ümid verən də,
Bu xırda quşlarıydı…

 

 

 

14.04. 2014  Samara

 

 

QAPIYA DİKİLİB GÖZÜN…

                                                            anam Raziyyə üçün

Qapıya dikilib gözün,

Çoxdan açıb girən yox.

Danışılmır daha sözün,

Yuxusunda görən yox.

 

Şəkillərin əzizlənib,

Divarlardan asılmaz.

Yox heç yerdə gözləyənin,

Sənə məktub yazılmaz.

 

Telefonun ovucunda,

Sıxılmaqdan isinər.

Yox xəttinsə o ucunda,

Həsrət qalan səsinə.

 

Canının sulu çağları,

Başına yığılanlar.

Boynunu qucaqlayaraq,

Sinənə sığınanlar.

 

Dağildilar çəkildilər

Qoymadılar bir iz də.

İndi onlar şəkildilər,

Divarın o üzündə…

 

13.04 2014 Samara

BAĞLA!  

Sən ey Tvitteri boğan Ərdoğdn,

Yu Tubun səsini kəsən qəhrəman!

 

Bilinsin aləmə qolunun zoru,

Bağla radionu, televizoru.

 

 Ziyanlı söhbətdən qoru milləti,

Dayanma, yıx, sürü sən İnterneti.

 

Başı açıqların başını bağla,

Sən çəkən cızığı aşanı bağla.

 

Bağla polisləri, generalları,

Qandala həsrətdir əl-ayağları.

 

Nə qədər nurçu var, damğala, bağla,

Ya ölkədən çıxar, ya da yasaqla.

 

İslam aləminin ərköyün oğlu,

Bağla Atatürkün açdığı yolu.

 

 

Qapı-pəncərəni bağla, ey paşa,

Söndür işığı da, arxayın yaşa.

 

31.03. 2014 Samara

ƏRDOĞANIN SƏSİ  

Rəcəb Ərdoğanın səsi batıbdır,

Türkiyə millləti yasa batıbdır.

O səs səs deyildi, möcüzə idi,

 Bəlkə də qarğındı, səs gözə gəldi.

Axıb tökülürdü şəlalə kimi,

Biganə qoymurdu o səs heç kimi.

Hanı xoş avazın, hanı, Ərdoğan?

Daha qəlbimizi yoxdur oxşayan!

Heyhat! İndi təkcə xırıltı qaldı,

Başda tük ürpədən zırltı qaldı…

Səsin batan yerdə sənin, arkadaş,

Türkiyə milləti kar olaydı kaş.

Türkiyə bülbülü, Rəcəb əfəndi,

Yumurtaya tutdur özünü indi.

Sındır, çək başına onunu birdən,

Çünki yumurtadır səsi dirildən.

Boğaza dərmandır yaz yumurtası,

Toyuq yumutası, qaz yumurtası.

Eləmə tənbəllik, hinə özün gir,

Səsinə həsrətik, dərd bizi didir.

Şəfa diləyirik, baş bakan, sənə

Ucalsın avazın Yu Tubdan yenə.

 

28.03. 2014

 

RƏCƏB TEYYİB ERDOĞANIN OĞLUNA NƏSİHƏTİ

 

Sən ey fərasətli, ağıllı oğlum,

Bəzəkli-düzəkli, sığallı oğlum!

 

Daha baş bakana qalmadı hörmət.

Ölkə xarablaşdı, zay oldu millət.

 

Cavanı, qocası müxalifətçi,

Qərbin havasıyla paslanıb içi.

 

Küçədən qovursan, meydana girir,

Nə güllə susdurur, nə qaz kiridir.

 

Polisdə qalmayıb, oğul, qanacaq,

Bizim pulumuza göz dikib ancaq.

 

Gözümün işığı, astaca, xəlvət,

Evdəki pulları yaxşıca gizlət.

 

Telefona yüklə bir neçə milyon,

Min yerə zəng elə, çıxar min oyun.

 

Bax, ey aslan oğlum, Əliyevlərə,

Kazinoda uduz, Dubayda xərclə.

 

Kisələrə doldur, torpağa basdır,

Uca ağacların başından asdır.

 

Uzaq ölkələrin bankına yolla,

Ada al,otel al, tikdir ev, qala.

 

Nə qalsa, çeynə ud, igid  aslanım,

Təki itə-qurda qalmasın, canım!

 

 

12.03. 2014 Samara

 

 

 

SƏN EVİN İLKİSƏN BURDA, QARDAŞIM…

   Süleymanın xatirəsinə

                               

Sən evin ilkisən burda, qardaşım,

Bura dədə-baba yatan yer deyil.

Sən bu boz şəhərdə qərib yaşadın,

Qəribdir qəbrin də burda elə bil.

 

 

Sənə heç oxşamır daşdakı şəkil,

Tanıya bilmirəm, nə qədər baxam.

Bu yad baxışları kim sənə çəkdi,

Kimdi qalstuku boynuna taxan?

 

Sənsən daş altında bilirəm ancaq —

Burda birincisən, təkcə deyilsən.

Yanında yatıblar qızın və bacın,

Atasan, qardaşsan, deməli, sənsən…

 

                        23.02.2014 Samara

ANA GƏRAYLISI

Yağışlara, küləklərə,

Qara tapşırılan anam.

El bürünə çiçəklərə,

Canını qış alan anam.

 

Divara söykənib gəzən,

Həyatdan doymayan, bezən.

Əsilli kişinin qızı –

Düşən, düşürülən anam.

 

Övladından yarımayan,

Sənin yerin Narayama…

Zəif, yazıq harayına,

Gəlir qonşuların, anam.

 

Zəhmətini itirdilər,

Yaddaşlardan götürdülər.

Qarğı, məni qürbətlərdə,

Tutsun qarğışların, anam.

 

17.02. 2014

Samara