Архивы

BƏY HAMAMI

Ərəbqardaşbəyli, 1960-cı illər

 

Nə məscid, nə hamam, nə də ki, klub,

Bizim kəndimizdə vardı o vaxtlar.

Kefi cavanların kartdı, oturub,
Hərdənbir tuğayda oynayırdılar.

 

 

Kəndimiz kiçikdi, ildə bir neçə,

Toy vardı. Gözlərdi toyları hamı.

Səbir tükənirdi vaxt yetişincə,

Kəndin toylar idi əsil bayramı.

 

 

Yeddi-səkkiz cavan toy günü səhər

Salyana gedərdi bəyin başında.

Bayram paltarları geyinərdilər,
Kürü keçirdilər, sonra maşında,

 

 

Salyan şəhərinə yetişən kimi,

Nömrə hamamına üz qoyurdular.

Dəstə keçirdisə yanından kimin,
Baxıb gülürdülər işi duyaraq.

 

 

Başdan tük qapandı Salyan uşağı,
Qurdu ulayırdı kəndçi görən tək.

“Qorxuram hamamda bəy kirə çıxa”,
Deyirdi qırışmal baxıb gülərək.

 

 

Arvadlar keçəndə qımışırdılar,
Sataşan, söz atan bəzən olurdu.

Cavanlar elə bil vuruşdaydılar,

Hamama gedən yol cəbhə yoluydu.

 

 

Nömrə hamamına gəlib çatan tək,
Qarşılanırdılar sevinclə hökmən.

Hamamçı, kisəçi, süpürgəçi də,
Pul, xələt güdürdü həmişə bəydən.

 

 

 

 

Nömrə ayrılırdı tez cavanlara,
Ətirli sabun da, təzə qətfə də.

Kisəçi işləmir, kişi can qoyur,

Sürtülən az qalır özündən gedə…

 

 

Bitirdi, nəhayət, hamam dəsgahı,
Çıxırdı şəhərə yenə cavanlar.

Odekolon ətriylə basıb ətrafı,

Bəy qonaqlığına gedirdi onlar.

 

 

 

Girib yol üstündə yeməkxanaya,
Küftə yeyirdilər yüz-yüz araqla.

Üstündən içərək limonlu çayı,
Kəndə dönürdülər gülüşlə, lağla…

 

 

 

Zurna çalınırdı kənddə bu zaman,
Bir azdan gəlin də gətirilrdi.

“Ay aman, bəy gəlir, baxın, hamamdan!”

Deyib qaçırdılar uşaqlar indi…

 

 

Sonra toy… Çal-çağır səhərə qədər,
Sonra qovuşardı  təzətoylular.
Razıydı, xoşbəxtdi toya gələnlər,

Bəylə gəlin isə… Bunu bilən var?

 

 

Davam eləyirdi kəndin həyatı,

Başqa toyların da vaxtı gəlirdi.

Bəyə öz toyundan hamam dəsgahı,
Bəlkə də  ən şirin xatirə idi…

 

30-31.10. 2019, Samara

«BELƏCƏ SÖHBƏTDİR ŞEİRLƏRİM DƏ…»

Bəlkə də başına gəlib hamının:
Zəng gəlib kimdənsə ya zəng vurmusan.

Mövzu ciddi olur, söhbət uzanır,

Həm ağzın qızışır, həm qızışır qan.

 

 

 

Bilmirsən ürəyin açılır nə vaxt,
Deyirsən sirr kimi saxladığını.

Özünə etibar etdiyin nə var,
Açıb bir özgəyə ağartdın indi.

 

 

 

Bəzən sinirlərin, canın boşalır,
Ağrıdır, kövrəldir öz sözün səni.

Telefon qulaqda, gözü yaş alır,
Deyə bilmədiyin üzür sinəni.

 

 

 

Birdən duruxursan… Duyursan nəsə,

Deyəsən kəsilib hənir o ucdan.

Neçə yol ucadan “Alo” deyirsən –

Rabitə qırılıb… İndi? Ya haçan?…

 

 

Peşmansan, xəcilsən dediklərindən.

İçində od sönür, soyuyur qanın.

Beləcə söhbətdir şeirlərim də,

Min ildir yazıram, yox oxuyanım…

 

19. 10. 2019, Samara

«SUSUR TANRI DA…»

                    Salmanın xatirəsinə

 

“Beş”lə öyrəndiyin, “beş”lə yazdığın,

Kirillə yazılıb xırda başdaşın.

Silinər, yazının qalmaz izi də,
Kirili bilənlər tükənməmişdən.

 

 

 

Doğumdan ölümə gedən illərin,
Sayı sadə hesab məsələsidir.

Çıxırsan —  nə qalır? Səkkiz eləmir!

Çaşdıran, sarsıdan burda bəs nədir?

 

 

 

Yoxdur elə elm, elə fəlsəfə,

Uşaq ölümünü  yoza, anlada.

Tanrıdan cavabı umub hər dəfə,
Ona üz tuturiuq. Susur Tanrı da…

 

16. 10. 2019, Samara

ŞƏKİL

1983 MOSKVA

Salyan, 1960-cı illər

Hərdən, iki ildə bəlkə bir dəfə,
Kənddə baş verərdi böyük hadisə.

Salyana gedirdik şəkil çəkdirək,
Həmişə bayramdı o vaxt şəkilsə.

+

Uzaqda əsgərlik çəkən qardaşın,
Şəkil istəyirdi qəribsəyərək.

Ya məktəbdə yaxşı gedirsə işin,
Şəklin vurulaydı lövhəyə gərək.

+

Axşamdan başımız sabunlanırdı,
Abra salınırdı nimdaş əyin də.

Gecə ilə dönür, hey uzanırdı,
Gözlərimiz elə pəncərədəydi.

+

Səbir tükənirdi keçincə Kürü,

Elə bil aşırdı  kolaz dənizi.

Alabaş avtobus yolda sürünür,
Amma çatdırırdı Salyana bizi.

+

Atelyeyə girib qayğılanırdıq.
Pərdələr asılıb, yerdə xalça var.

Dumandan süzülən işıq yanırdı,

Dayınıb ortada hazır aparat.

+

Keçib otururduq, əsir əl-ayaq,
Sinədən mühərrik səsi ucalır.

Şəkilçəkən usta yaxınlaşaraq,

Başını laxladıb  yerinə salır.

+

Boynunu gah sağa, sola gah burur,

Çəkilib gözünün içinə baxır.

Əlləri üstündə az qala durur,

Birdən çırtma çalır, otaqdan çıxır.

+

Qayıdıb başına atır örtüyü,
Silaha bənzəyir indi üçayaq.

Elə bil indicə çəkib tətiyi,

Fotoqraf sinənə güllə sancacaq.

+

“Qırpma gözlərini! — əmr edir usta,

Birdən ürəyinin kəsilir səsi.

Şaqqıltı…Alışma… Sən daha yoxsan,
Lentə düşüb qaldı xatirən, əksin…

+

Sonra kimin yolu Salyana düşsə,
Alıb gətirirdi şəklini kəndə.

Baxırdın – həm sənsən, deyilsən həm sən,

Əsərdin, müəllif  — şəkilçəkəndi.

+

Sanki vuruluruq çəkilən zaman,
Sinəni qurğuşun deşir elə bil.

Hər anda yaşayır, ölürük hər an,
Yaslı xatirədir çəkilən şəkil…

10-11. 10. 2019

Samara

«ÇOXDAN ATILAYDI BU PALTO GƏRƏK…”

03. 10. 19 2.jpg

Çoxdan atılaydı bu palto gərək,
Abrını itirib üzü, astarı.

Üzülüb bu şalvar, solub bu köynək,
Atılmır, haçandan asılıb qalır.

 

 

 

Dabanı əyilmiş ayaqqabı var,
Altı nazilibdir bir cütünün də.

Küçəyə çıxarsan, kiməsə yarar,
Dəymirsən, ayrılmaq malla çətindir.

 

 

 

Çoxdan oxunmyan neçə kitab var,
Alət var çalınmır, salınmır yada.

Gəlmir ürəyimiz  — verək ya ataq,
Qalıb əl-ayağa dolaşsalar da…

 

Qocaldın – belədir həyat da indi,
İçdən üzülürsən, qırağın solur.

Bütün ləyaqətin güvəyə yemdir,

Əksini görürsən – gözlərin dolur…

 

 

Tərk edə bilmirsən ancaq həyatı,

Şirindir, əzizdir dünya malından.

İtsə də həyatın rəngi və dadı,

Buraxmaq istəmir əlindən insan…

 

03. 10. 2019, Samara

“ƏGƏR AYAQLARIN UÇURUMDASA…”

U LENİ

Əgər ayaqların uçurumdasa,
Asılıb qalmısan çabalayaraq,

Bu zaman əlini kimsə uzatsa,
Gücünü gözünə yığıb yaxşı bax:

 

 

Bax bu necə əldir, bu əl kimindir,
Öyrən dərisindən dırnağınacan.

Qurtarar girdabdan  o bəlkə indi,
Sonrasa tənədən çərlədər ancaq….

 

28. 09. 2019

Samara

RƏHİM QAZIYEVİN BAŞININ GÜLLƏSİ

26 SENT 2019. 2

Bir güllə dünyanı gəzir sərsəri,

Hikkədən az qalır deşə gilzəni,

Bir baş ovundadır nə vaxtdan bəri,

O axtaran başsa qaçıb gizlənir.

 

 

Yuvadan yuvaya soxulur, itir,

Cildini dəyişir, qarışır elə.

Gilzənin içində qızır barıtı,
Az qalır ürək tək partlaya güllə.

 

 

 

Qaçır qabağından baş, dığırlanır,

Yayınır hədəfdən, burcudur, səkir,

Gilzənin poladı kürə tək yanır,

Qovur, öz-özünü ayağa çəkir.

 

 

 

Çıxıb bir deşikdən görünür hərdən,
Gülləyə göz vurur baş, irişir də.

Yox olur bir anda durduğu yerdən,
Güllədən itidir baş bu yürüşdə.

 

 

 

Barıt alışmada, qızıb qurğuşun,
Deşilər hikkədən indicə gilzə.

Qala təslim olub, dağılıb qoşun,
Namərdi bir güllə hələ də izlər.

 

27. 09. 2019

Samara

İT SEVGİSİ, İNSAN SEVGİSİ…

26 SENT 2019. 2.jpg

Heyvana segini asan sayanlar,
Yanılır  — heyvanın qayğısı ümman.

Suyu, yeməyi var, təmizliyi var,

İnsanın özü tək ağrıyır heyvan.

+

İti gəzdirəsən üç dəfə gərək,
Başın da ağrısa, ayaqların da.

Dindirə biləsən, sığal çəkərək,
Kefin xoş olanda, qan qaralanda.

+

İtə bənzəsə də, it deyil insan,
Fərqlənir, əlbəttə, təbiətiylə.

Yaxınla, doğmayla qılıq tapmayan,
Bəzən can bir qəlbdə olur itiylə.

+

İtlə danışırsan, danışmır itsə,

Susur, baş qoyaraq pəncələrinə.

Ağır söz deyərsən, hövsələn itsə,

Göz döyüb baxacaq. Dili var dinə?

+

İtdir, qabağına nə qoysan yeyər,
Dadıyla, duzuyla qınayan deyil.

Nə “gəl bu kanalı dəyişək” deyər,

Nə də baxdığına ağzını əyir.

+

Siyasətə-zada qarışmaz itin,
Hürür iqtidara, müxalifətə.

Bilmir adını da prezidentin,
Hansı tərəfdəsən, o tərəfdədir.

+

Düşəcək dalına gəl deməmişdən,
Öpüb yalayacaq görməyə bir az.

İtdən arxayınsan həmişə, hər dəm,

Səndən özgəsinə meylini salmaz…

+

İnsana qalanda… çətindir insan,

Sən belə deyirsən, o elə deyir.

Nə qədər lap yaxın, doğma olasan,

Dediyi incidir, qəlbinə dəyir.

+

Arxayın deyilsən sədaqətinə,
Başı bağlı deyil, insan azaddır.

Əlini əlinə versə də, yenə,
Fikri uzaqdadır, baxışı yaddır.

+

Üzülüb sevgidən başqa insana,
Mehr saldığımız it və pişikdir,

Tanrı dil versəydi əgər heyvana,
Ona da sevgimiz çətinləşərdi…

25.09. 2019

Samara

“HAÇAN HANSI MAŞIN EVİN YANINDAN…”

ANA noyabr 2014.jpg

 

Haçan hansı maşın evin yanından,

Keçsə, tanıyardı anam səsindən.

Kənddə maşın azdı, cəmi beş-ondu,
Səsi seçilirdi hərəsinin də.

 

 

Tanıyır, ayıra bilirdi anam,
Özgə maşınların hənirini də.

Vurnuxur, baxırdı yola anbaan,

Yad maşın keçəndə həndəvərindən.

 

 

Öğul, qız səsinə tamarzı idi,
Öləni ölmüşdü, qalanı – uzaq.

Mühərrik səsinə qulaq verirdi,

Ürəyin səsini dinləyən sayaq.

 

17. 09. 2019

Samara

UZAQ-YAXIN YUXULAR

Yadımda beş-altı yaşımdan bəri,

Olanlar qalıbdır, o da lap azı.

Elə zəngin deyil xatrələrim,
Çoxu da qüssəli, ya da ki, acı…

 

 

Ailə böyükdü, otaqsa iki
Çox vaxt təpilirdik elə birinə.

Bəzən şam süfrəsi yığılan kimi,

Yataq salınardı evin yerinə.

 

 

 

Əvvəl sərirdilər neçə döşəyi,
Sonra balışları, mütəkkələri.

Balışım, döşəyim yadımda deyil,

Yorğan əvəzinə — kürkü lələmin…

 

 

 

Yuxuya getməyim deyil yadımda,
Yuxu görürdümmü – deyə bilmərəm.

Xoruldayırdımı kimsə yanımda? –

Yuxuda danışan? Bəlkə…  elə mən…

 

 

 

Gecə qarışırdı nəfəs nəfəsə,
Hava tükənirdi, qalan nəfəsdi.

Yatanlar cansızdı, xırda otaqsa,
Böyük ailənin məqbərəsiydi…

 

 

 

Böyüklər durardı hamıdan qabaq,
Bizi ayıldardı səsi Kişinin.
Verdiyi çörəyi xatıraladaraq,
Lələm yollanardı ağır işinə…

 

 

 

Otaq havasız və yarıqaranlıq,

Hamı əsəbidir, deyinir indi.

Elə bil cənnətdən qovulanlarıq,

Hamıya həyatdan yuxu şirindi…

 

 

 

Bəlkə elə həmin otaq boydadır,

Sonuncu ailə mənzili indi.

Daş mütəkkələrə baş qoyub yatır,

Ata, ana, qardaş çiyin-çiyindir…

 

 

 

Çağırıb oyatmaz heç kim heç kimi,
Tələsməz heç kim də namaza, işə.
Başına qaxılmaz yediyin tikə,
Daha nə gülüş var, nə də göz yaşı.

 

 

 

Hamı vurnuxardı xırda otaqda,
Min illik yol vardı elə bil öndə,

Bilmədik biz haçan mənzilə çatdıq,

Yuxuymuş çağıran, tələsdirən də.

 

 

 

Bir qərib ölkədə sovrular külüm,
Ruhumsa qayıdar yurduma hökmən,

Qısılıb ataya, qardaşa bir gün,
Anamın ruhuyla isinərəm mən…

 

11-12. 09. 2019
Samara