Haçan hansı maşın evin yanından,
Keçsə, tanıyardı anam səsindən.
Kənddə maşın azdı, cəmi beş-ondu,
Səsi seçilirdi hərəsinin də.
Tanıyır, ayıra bilirdi anam,
Özgə maşınların hənirini də.
Vurnuxur, baxırdı yola anbaan,
Yad maşın keçəndə həndəvərindən.
Öğul, qız səsinə tamarzı idi,
Öləni ölmüşdü, qalanı – uzaq.
Mühərrik səsinə qulaq verirdi,
Ürəyin səsini dinləyən sayaq.
17. 09. 2019
Samara