ŞİR ÜRƏYİ OLA GƏRƏK YAZANDA…

SONY DSC

Yazdığı nə olar qorxaq insanın? —

Şir ürəyi ola gərək yazanda.

Mətn başlayanda qaynaya qanı,
Sonacan közərə alov gözündə.

 

 

Dilə həmlə edə bank yaran kimi,
Bilə ki, sözlərin qiyməti nədir.

Məhv edə amansız artıq-əskiyi,
Nəzərə almadan nəticələri.

 

 

Döyüşə girən tək yazıb-yarada,
Sözləri sursat tək gərək işlədə.

Sanca bıçaq kimi, güllə tək ata,
Gərək yayınmaya gözündən hədəf.

 

 

 

Tində pusqu quran quldura dönə,
Güdə saatlarla qafiyələri.

Girə xəzinənin dərinlərinə,
Misrada bir sözün boşdusa yeri.

 

 

Sözü işlədəndə qorxu bilməyə,
Bilə yaradandır verən mandatı.

Oxuyan, eşidən ona nə deyər –

Almaya eyninə bunu bir an da.

 

 

Ruhən azad ola gərək yazan kəs,
Nə kütlədən qorxa nə iqtidardan.

Heç ölüm özü də də qorxuda bilməz,
Tanrı mandatıyla yazırsa insan.

 

21.07. 2020, Samara

«BELƏCƏ SÖHBƏTDİR ŞEİRLƏRİM DƏ…»

Bəlkə də başına gəlib hamının:
Zəng gəlib kimdənsə ya zəng vurmusan.

Mövzu ciddi olur, söhbət uzanır,

Həm ağzın qızışır, həm qızışır qan.

 

 

 

Bilmirsən ürəyin açılır nə vaxt,
Deyirsən sirr kimi saxladığını.

Özünə etibar etdiyin nə var,
Açıb bir özgəyə ağartdın indi.

 

 

 

Bəzən sinirlərin, canın boşalır,
Ağrıdır, kövrəldir öz sözün səni.

Telefon qulaqda, gözü yaş alır,
Deyə bilmədiyin üzür sinəni.

 

 

 

Birdən duruxursan… Duyursan nəsə,

Deyəsən kəsilib hənir o ucdan.

Neçə yol ucadan “Alo” deyirsən –

Rabitə qırılıb… İndi? Ya haçan?…

 

 

Peşmansan, xəcilsən dediklərindən.

İçində od sönür, soyuyur qanın.

Beləcə söhbətdir şeirlərim də,

Min ildir yazıram, yox oxuyanım…

 

19. 10. 2019, Samara

BORİS PASTERNAK. POEZİYANIN TƏYİNİ

pasternak

BORİS PASTERNAK

   POEZİYANIN TƏYİNİ

 

Bu, fitdir, fəzanı sarsidar keçər,

Qopan şaqqıltıdır buz deşildimi.

Yarpağı üşüdüb donduran gecə,

Bu, iki bülbülün deyişməyidir.

 

Bu, ot-ələf basan şirin noxuddur,

Kainat göz yaşı yatır qınında.

Ləkə dolu kimi yağır Fiqaro,

Elə bil pultlardan, fleytalardan

 

Onu yorulmadan gecə arayar

Dərin diblərində çimərliklərin

Sonra nəm və titrək ovuclarıyla,

Aparıb ulduzu çəmənə sərər.

 

Qübbəni bürüyüb qızılağaclar,

Sudakı taxtadan səthi  — boğanaq.

Ulduzlar qəhqəhə çəksə — yeri var,

Sədasız, kar yerdir kainat ancaq.

1917

Ruscadan tərcümə

28.11.2017

Samara