Архивы

QƏLƏBƏ

2

“Çörək, çörək!” deyən körpə,
Aramsız çığırırdı.

Eşidəndə tük ürpədən,

Səs birdən qırılırdı…

 

 

Mənim ucqar, uzaq kəndim,
Nə top, nə tankı vardı.

Çətin ki, ov tüfəngi də,
Kimdəsə tapılardı.

 

 

Getdi cavan kişiləri,
Uzaqlarda ölməyə.

İndən belə çöl işləri,
Oldu arvad əməyi.

 

Əmək ağır, acdı qarın,
Ayaq yalın, baş açıq.

Yetişəni, yığılanı,

Hökumət aparacaq.

 

 

Neçə ahıl, neçə uşaq,
Kənddə ölüb acından?

“Çörək!” deyib qışqırıblar,

Çörəksə yox haçandan…

 

 

Ağ at üstdə marşal Jukov,
Girir Qızıl meydana.

Özü də tox, atı da tox,
Zəfər çalıb zamana.

 

 

Mənim uzaq kəndim hələ,

Qan axıdar, tər tökər.

Quş payı tək gilələyər,

Çörək tapan bir tikə.

 

“Çörək!” deyib qışqıran var,
Komalarda indi də.

Heykəl kimi gedir marşal,

Qımıldanır at nə də…

 

10. 05. 2020, Samara

«KİMDİ BU QOŞUNUN BAŞ KOMANDANI…»

SONY DSC

Kimdi bu qoşunun baş komandanı?

Əsgəri, zabiti bəs nə qədərdir?

Şeypuru niyə yox? Bayrağı hanı?
Səbəbi, məqsədi bu hərbin nədir?

 

 

Çay, dəniz nədir ki – okean aşır,
Alır bir həmlədə materikləri.

İsgəndər görsəydi, sarsılar, çaşar,

Düşərdi gözündən elədikləri.

 

 

Çıxsa Napoleon qəbirdən indi,

Düşər karantinə bir-iki aya.

Nə qədər düşünə, baş da sındıra,
Gəlməz ağlına bir strategiya.

 

 

Hanı Topal Teymur? Çingiz xan xanı?

Azmı öyünüblər yürüşləriylə?!

Görünməz qoşuna ayılın baxın,

Uşaq oyunuymuş sizin döyüşlər…

 

 

Kimdi bu qoşunu yaradan axı,

Kimdi nizamlayan, silahlandıran?

Hansı bayraq altda yürüşə qaxıb?
Verir əmrləri hansı komandan?

 

 

Gedir taclı qoşun gözə dəymədən,
Aşır dənizləri okeanları.

Uçarla şığımır, gəmi də minmir,
Göz açıb-yumunca ölkələr alır…

 

 

Hanı şeypur səsi? Bəs hanı bayraq?

Qoşunun əsgərəi bəs nə qədərdir?

İnsana bəlkə bu, sınaqdır ancaq,
Bilmirik səbəbi, məqsədi nədir…

 

07.05. 2020, Samara

YAŞADIĞIN ÖLKƏ RUSİYADIRSA…

U LENİ. KİNO

Yaşadığın ölkə Rusiyadırsa,
Və özgə dildəsə yazdığın əgər —
Nə şeir, nə də ki, əsər sayılar,

Dəyəri oyuncaq əskinas qədər.

 

 

Pula bənzəsə də, yox məzənnəsi,
Uşağın başını bəlkə aldadar.

Özün qızarırsan, kiməsə versən,

İtirər özünü, çaşar alan da.

 

 

Oyuncaq biletdir yazdığın ya da,
Nə səni aparar, nə də özgəni.

Qatarlar nizamla keçər yanından,

Durarsan, yollara gözün zillənər.

 

 

Elə bil uşaqsan, qələbəlikdə,
Birdən itirmisən ata-ananı.

Yumşaq ürəklilər tökülüb gəlir,
Soruşurlar kimsən, nədir ünvanın.

 

 

Duruxub qalırsan, tutulur dilin –

Beləcə bir ömrün zəhməti itir…
Misralar yazmısan bəlkə neçə min,

Ünvana möhtacsan ikicə sətir.

 

05.05.2020, Samara

HARAMIZ, NƏYİMİZ BÖYÜKDÜR AXI…

30.04. 2020

Nə qədər mömin var, soruşsan deyir,
İnsan yerə, göyə  hökm edə bilər.

Nə qədər alim var, inanır ki, yer,
Özü özbaşına fırlanır elə.

 

 

Əgər qalaktika ölçüləriylə,
Götürsək, Yer xırda qum dənəsidir.

Özümüz nə qədər kiçiyik hələ!

Həqiqi ölçümüz bilmirik nədir.

 

 

Bəlkə qalaktika masştabında,
Adadır Kürəmiz – xırda və ucqar.

Qəzaya uğrayan, ilşib qalan,

Qaçmağa can atan Robinzonlarıq.

 

 

Bilmirik biz ancaq gəlmişik hardan,
Gəminin çıxdığı hansı limandı.

Qalaktik səfəri kim planladı,

Və nəydi məqsədi, hardadır indi.

 

 

Kiçiyik, acizik, miskinik həm də,
Haramız, nəyimiz böyükdür axı…

Ağlasa özgənin dərdinə birdən,
Yaraşır insana böyüklük adı…

 

01.05. 2020, Samara

 “SƏN HƏQİR ŞEİRİMİ İLK OXUYANSAN…”

U LENİ. KİNO

Buzeyrli Fizuli Hüseynova

Mən şair deyiləm adaşın kimi,
Uzağam Vaqifdən, Nəsimidən də.

(Bilmirəm dilini Nizaminin ki,
Deyəm sözü nədir, sənəti nədir).

 

 

Şübhəsiz, üstündür xalq nəzərində,
Məndən hətta Vahid Əliağa da.

Necə yarla əğyar məzələndilər –

Yazmadım içkili xalqı ağladam…

 

 

Talış dost! Üç dildə quş kimi ötən!

Sən həqir şeirimi ilk oxuyansan.

Qaldırıb sözümü, sətrimi yerdən,
Buzeyr dağlarına uçuran insan!

 

 

Xalqının dərdinə mən də günahkar,
Dilin gödəkdirsə —  dilim də gödək.

Dilimə, sözümə məhəbbətin var —
Böyükdür sinəndə döyünən ürək!

 

 

Mən şair deyiləm adaşın sayaq,
Kərbala yoluna yox ləyaqətim.

Zirvəyə qaldırdın sən məni ancaq,
Talış dost, neynirəm ayrı qiyməti…

 

27.04. 2020, Samara

“DƏRS BİTİB, SÖZ BİTİB, GETMİRƏM ANCAQ…”

U LENİ. KİNO

İyirmi birinci əsrdə sanki
Qonağam. Gəlmişəm keçən əsrdən,
Yubanıb qalmışam indiyə kimi,
Bilmirəm yığışıb necə gedim mən.

 

 

Hara yollanıram —  ayaq səsləri
Daldan eşidirəm. Məndən uşaqlar,
Tamam getməyimə bəlkə tələsir,
Qalıram – kiminsə bəlkə yeri dar…

 

 

Şagirdlər  önümdə lal oturublar,
Dərs bitib, söz bitib, getmirəm ancaq.

Biri əldə silgi farağat durar,

Yazımı, izimi silər dalımca…

 

26.04. 2020, Samara

“BARMAQ İZİNDƏDİR FƏRQİMİZ ANCAQ…”

SONY DSC

Əzizim, hamı tək həm tələsirsən,
Qurtara şoğərib bu pandemiya.

Təşviş içindəsən həm elə bil sən,
Qorxursan bəlkə də dəyişə dünya.

 

Təcrid götürülə, bitə karantin,
Gözlərin qamaşa küçəyə çıxsan.

Görəsən dəyişib doğma həyətin,
Adamlar tanınmır, necə baxasan.

 

Qaynayıb-qarışıb kasıb zənginə,
Keçəl şah qızıyla ailə qurur.

Nə qolu zorlu var, nə də əyilən,

Hamı ləyaqətlə davranır, durur…

 

 

Nahaq üzülürsən, əzizim, axı
Dünyada çox olub pandemiyalar.

İtkilər olub ki, min dəfə artıq,
Amma nəticədə dəyişən nə var?

 

 

Həmin hərarətdə qalacaq bədən,
Təzyiqin, nəbzin də ölçüsü həmin.

Qadın istəyəcək kişi yenə də,
Sevgidən ya zordan öləcəq qadın.

 

 

Yeməyə, içməyə həmin ehtiyac,
Şor yeyən olacaq, kürü yeyən də.

Yarı tox olacaq, yarı yenə ac,
Zalım da qalacaq, boyun əyən də…

 

Karantin bitən tək qorxma, çıx evdən,
Baş qaldır, sağına, soluna bax sən.

Özgə arvadına, mülkünə birdən,
Tamahın düşərsə, bil ki, həminsən.

 

 

Çıxanda qarşına əlsiz-ayaqsız,

Əgər gözlərində gilələlənsə yaş.

Büküyü çatlamış manata qıysan,

Bil ki, həminkisən yenə də, qardaş.

 

 

Hardasa, yaxında güllə səsləri,
Eşitsən, diksinib qorxma sən hədər.

Beş-üç pandemiya düşür bir əsrə,
Ancaq ara vermir müharibələr.

 

 

 

Dünyamız həmişə  həmin qalacaq,
Eyniyik, həminik həmişə biz də.

Barmaq izindədir fərqimiz ancaq,
Çünki cani yaşar hər birimizdə…

 

22.04. 2020, Samara

“AĞRIYLA HƏMİŞƏ ATAM DEYİRDİ…”

U LENİ. KİNO

Ağrıyla həmişə atam deyirdi:

“Uşaqlarım mənə oxşamadılar!…”

Biz onun özü tək zirək deyildik,

Həvəssizdik işə, çalışmağa da.

 

 

Güzgü qabağında dayansam haçan,
Atamı görürəm hər dəfə sanki.

Bir azca fərqqlidir, uzundur saçım,
Saqqal sarıdan da bir az fərqliyik.

 

“Qolçomaq” damğası adında vardı,
Əngəli çıxardı saqqalın hökmən.

Dəlləyi üzünü elə vurardı
Ki, saqqal həm vardı, yoxdu saqqal həm…

 

 

Saqqallı…saqqalsız… Atam, oxşarıq,
Tale oxşarlığı aramızda var.

Hərçənd tək yaşadım, yox uşaqlarım,

Qınayam onları, ya məni onlar…

 

 

Dağıldı yığıdğın, ya dağıtdılar,
Ödə, zəhrmara döndü daddığın.

Bunu sənin üçün demişdi Tövrat:

“Ev adamlarıdır insana yağı”.

 

 

Mən də sənin kimi çalışdım hədər,
Düşünüb nə yazdım – yellər apardı.

Zirək olmasam da, axıtmışam tər,

Kimə nə yetişər? Haçan və harda?

 

 

Keçələt kolazın donanma idi,
Sükanı saxlardın sərt, yorulmadan.

Okean gəmisi ya qayıq adi –

Bizi sularında qərq edər zaman.

 

18. 04. 2020, Samara

SÖNDÜR İŞIĞI, ANAM…

U LENİ. KİNO

Öyrəşirik çoxa da,
Aza da öyrəşirik.

Hər şey əldən çıxanda,

Taleyə baş əyirik.

 

On iki kvadrata,
Otuz ildir pərçiməm.

Ya iki vur altıdır,
Ya da ki, dörd vur üçə.

 

 

Yatmağına yer bəs, həm
Yazıb-oxumağına.

Gəzdinmi – ilişirsən,

Özün öz ayağına.

 

 

Çexov deyir: “ölənin

İki arşın bəsidir.

Dirininsə tələbi,
Bütün yer kürəsidir”.

 

 

Bir neçə kvadrata,
Həmişəlik əsirəm.

Özgələr fırlatdılar

Mənsiz yer kürəsini.

 

 

İki arşın yerə də,
Sığaram, sıxılmaram.

Qapanır gözlərim də,
Söndür işığı, anam…

 

16. 04. 2020, Samara

İKİNCİ BABİL

09.04. 2020

Bir vaxt yer üzündə bütün adamlar,
Bir dildə dınışar, qonuşardular.

Yığışıb bir dəfə verdilər qərar,
Ən uca bir qüllə quraşdıralar.

 

 

Dedilər gil kərpic kəsərik əvvəl,
Sonra bişirərik onu biz odda

Başı qülləmizin göylərə dəyər,
Ucalar beləcə öz adımız da.

 

Tanrımız baanda taxtda dikəlib,
Qüllə ucaldırlar gördü, adamlar.

Dedi: “xalq bir idi, bir idi dili,

Nə hoqqa çıxarır gör indi bunlar.

 

 

Və dili mən gərək elə ayırım,
Biri digərini başa düşməyə”.
Və səpdi dünyaya onları Tanrı,
Nə qüllə tikildi, nə də ki, şəhər.

 

Qüllə ucaldırdıq biz yenə indi,
Göylərə ucalaq, çıxaraq ad da.

Bir dilə çevirib neçə min dili,

Kərpic bişirirdik virtual odda.

 

 

Yenə bəyənmədi Tanrı bəlkə də,
Canlanan bu qüllə inşaatını.

Qonuşmaq yasaqdır yeganə dildə,

Yasaqdır min dildə qonuşmaq indi.

 

 

Qüllə həvəsiylə coşan, vurnuxan
İnsan öz evinin küncünə əsir.

Nəinki göylərdə ad çıxaramağa —
Baş çıxarmağa da çatmır hünəri…

 

14.04.2020, Samara