Архивы

ƏRƏBQARDAŞBƏYLİ

Изображение 242 MƏMƏ

Uzun, bir az eybəcər —

Misraya sığmır adın.

Talantım ola əgər,

Səndən roman yazardım.

 +

 Sakinlərin nə kütlə,

Nə də əhalidirlər.

Çox görkəmli deyillər,

Deyillər çox adi də.

 +

Olub bədəməllərin,

Olub yaxşıların da.
Olub dərdi hərənin,
Hamı da yaş axıdıb.

 +

Təbiətin yeknəsəq,

Qəlb üzər, gözü yorar.

Hər adi taledəsə,
Bir kitab süjeti var.

 +

Yaşasa da kim necə,
Bir əsərdir hər insan.

Komediya, faciə,
Bir lətifə azından…

 +

Heyf, deyildir qısa,

Misraya girə adın,

Başlığa yarayırsan —

Kəndim, yerin başdadır!

 

28. 12. 2024, Samara

«ƏVƏZ ZEYNALLININSA EVİNDƏ TOY-DÜYÜNDÜR…»

20230721_135628

Kimlərsə batıb yasa,
Kimlərsə qara gündür.

Əvəz Zeynallınınsa,

Evində toy-düyündür.

+

Elə bil mağardır ev,

Şənlənir hər bir insan.

Cənab İlham Əliyev,
Həmişə var olasan!

+

Düz ikicə ay çıxıb,
Müddətindən Əvəzin

Qalan da nədir axı –

İndi hesabla özün!

+

Səkkizcə il on aydır,
Cəmi-cümüsü qalan.

İllər güllə tək gedir,
Papağını fırlasan.

+

Nəzir gedir seyidə,
Dustağın anasından.

Cənab prezidentə,
Dua eləyir hər an.

+

Verir gözaydınlığı

Xoşbəxt anaya hər kəs:

Səkkiz il nədir axı,

Çatacaq başa gec-tez!

+

Başı arvadınınsa,
Qarışıqdır, işdədir,
Bu mühüm hadisəni,
İctimailəşdirir.

+

Blinkin zəng eləyib,

Cənab prezidentə.

Bayden heyrandır, deyib,

Səndəki mərhəmətə…

Mirzə TƏBİL

18. 12. 2024, Samara

MƏN UŞAQ OLANDA ELƏ GƏLİRDİ…

20230721_135628

Mən uşaq olanda, yadıma gəlir,
Adamlar ayrı cür qocalırdılar

Ayrı cür olurdu əyində paltar,

Tamam dəyişirdi səs də elə bil.

 +

Qocalar ayrı cür danışardılar,
Sözlər işlədərək biz anlamayan,

Baxaraq ətrafa oğrun anbaan —

Elə bil vaxt qoyan, ya da güdən var.

 +

Yaşın az da olsa, başa düşürdün,
Bunların hər biri müvəqqətidir.

Tez ya gec harasa hər biri gedir,

İtir gözlərindən hərəsi bir gün.

 +

Onlar da elə bil tələsirdilər,
Acıqlı olan da, üzügülər də.

Səfeh uşaq idik, elə gəlirdi,

Məzədir onları gözləyən səfər.

 +

Yox, o qocalara bənzəmirik biz,

Biz də geyinirik cavan geyəni.

Sözümüz gənclərin sözüylə eyni,
Şuxuq, əyilməyib çox da qəddimiz.

 +

Hərçənd ya sübh çağı, ya axşam olcaq,

Ürək təlaşlanır – bilmirik niyə.

Elə bil alıblar səfərbərliyə,

Haçan apararlar – bilinmir ancaq…

 

30.11. 2024, Samara

YETMİŞİN ÜSTÜNƏ BİR İL DƏ GƏLDİ…

            

qardaşlarımın, bacılarımın xatirəsinə…

 

Yetmişin üstünə bir il də gəldi,

Saydır bu ömürdə təkcə möhtəşəm.
Evim yanmasaydı, elə bilərdim,
Bu ildə bir gün də yaşamamşam.

 +

Özüm can atmadan və gözləmədən,
Mən bütün ehtimal hədləri keçdim.

Bacı-qardaşlardan çox yaşadım mən,
Hamıdan böyüyəm – qəribə işdir…

+
Ailə süfrəsi  başında sanki,
Yenə oturmusan bardaş quraraq,
Qabına qoyulub ən ləziz tikə,
Yeyirsən, baxmırsan heç kimə ancaq…

 22. 11. 2024, Samara

 

NƏ DEYİRSİNİZ, DEYİN…

ŞƏMS

             Ş, S. üçün

Bu qız hər gün, hər saat,

Gözəlləşir, dəyişir.

Hər gün artır ikiqat,

Dünənki yaraşığı.

 +

Saçı yumşaq ipəkdən,
Dalğalanar, qıvrılar,

Özü incə çiçəkdən,
Çiçəkdən xoş ətri var.

 +

Şirmayıdır əl, ayaq,

Şirmayıdır  özü də.

Gözəl olur hər uşaq,
Bu qız ayrı gözəldir.

 +

Yerişinə bax bunun,
Bunun duruşuna bax!

Nə deyirsiniz, deyin,
Adi deyil bu uşaq!

 +

Asta-asta dil açır,

Danışır şirin-şirin,
Nə gözəl zaman keçir! –

Məni ora yetirin!..

 

20.11. 2024, Samara

ƏZİZ DOST NİNEL YEQOROVANIN TƏBRİKİNƏ CAVAB

09. 10. 23

Sizin təbrikinizdən, xanım, hədsiz məmnunam,

Nə gizlədim, sevincdən axdı hətta göz yaşım.

Beş-on kəlmə gözəl söz məni dəyişdi tamam,

Elə bil on yeddidir, yetmiş bir deyil yaşım.

 +

Sizin yaddaşınızda hələ varam, deməli,
Qalıram qovulmadan gör neçə ildən bəri!

Şəxsiyyətlər var orda məndən çox-çox önəmli,
Yoxsa sayırsınız siz məni onların biri?

 +

Belə şərəfə heç də, layiq deyiləm, xanım,
Dağların daşıyam mən, çöllərin tozuyam mən.

Gözəl təbrikinizi oxuyanda, inanın,

Cavanlaşdım, böyüdüm həm öz gözümdə  birdən.

 +

Rusca cavab yazmağa, xanım, ancaq qorxuram,

Sizə yaxşı tanışdır yəqin sitüasiya,

Biri görər məktubu, tərs başa düşər tamam,
Onda gərək gedəm mən türməyə ya SVO-ya.

 +

İzn verin uzaqdan əlinizi öpüm əlinizi mən,
Peterbuq soyuğuyla dalansın dodaqlarım.

Yaşamaq istəyirəm azı gələn iləcən,
Bir il içində məni unutmasanız, xanım!

18.11. 2024, Samara

QOCALIQDA ƏKSİN

İYUL 2023

Qocalıq ki, gəlir, baş açmır insan:

Bayırın dəyişib, içdən həminsən.

Haçan ki, güzgüyə çaşıb baxırsan,
Tanıya bilmirsən gördüyün əksi.

 +

Dəhşətə gətirir duruş, həm sifət,
Gözlərinə axıb canındakı su.

Nə rəğbət doğurur, nə də mərhəmət,
Mərhəmət diləmir  o da, doğrusu.

 +

(Ayna qabağında beləcə heyvan,

Tanımır kimindir gördüyü şəkil.
Əksinin üstünə olur atılan,
Tanıyıb atılıır bəlkə, kim bilir…)

 +

Qarşına düşmənin çıxıb elə bil,
Qeyzlə güzgüdən üz çevirirsən,

O da həmin anda çəkilib gedir,
Xəcil və məyussan ancaq indi sən.

 +

Yüz il yaşayasan, içində gəncsən,
Bayırın tanınmaz haldadır ancaq.

Hər kəsin gözündə görünür əksin,
Necə güzgülərdən qaçasan uzaq…

 

06.11. 2024, Samara

YENƏ DİRİLƏCƏKSƏ, NİYƏ BƏS ÖLÜR İNSAN…

20230721_135628

Hökmüylə Yaradanın olursa hər şey əgər,

Niyə baş verənləri anlamaq deyil asan?

Daha mürəkkəb, çətin —  bizə vəd edilənlər:

Yenə dirilicəksə, niyə bəs ölür insan?

 +

Divan qurmaq olardı elə burdaca axı,
Mükafatı, cəzanı hər kəs alardı burda,
Burda cənnət guşələr vəd ediləndən artıq,

Burdakı cəhənnəmin tayı yox heç kitabda.

 +

Ötən minilliklərin intizarı ağırdır,
Aşılanır zamanla inamların bərki də.

Varsa dirilmək əgər, niyə ölürük axı? —

Bizə vəd edilənlər təsəllidir bəlkə də…

+

Cənnət… Xurma kölgəsi… Var sərin bulağı da…

Və hurilər… bunamı ümid bağlasın insan?

Bəlkə söyüd kölgəsi? Bəlkə Kür qırağında?…

Vəd ediləndən daha şirindir öz yurd-yuvan…

 +

Yüzilliklər min olur, ötər daha bir min il,

Vəd edilən, baş verən şübhə artırır ancaq

Vəd edilənlər bizə daha təsəlli deyil,
Tanrı, doğrusa onlar, qur divanı burdaca…

11. 10. 2024, Samara

71 YAŞIN TAMAMINA

İqlim dəyişimindən,

Tapılmaz danışmayan.
İnanan döyüşdədir,
İnanmayanla çoxdan.

 +

Iqlim dəyişiminə,

İnansam da arabir,

Elə ki, üşüyürəm,

İnamım itib gedir…

 +

Ağalar və xanımlar!

İqlim iqlimlimliyində,

Ondan önəmli iş var,

Aktualdır  həlli də.

 +

Zaman! Zaman dəyişir!

Sürət ikiqat artıb,

Ayrı cür hərlənir Yer,

Həminki deyil artıq.

 +

Həminki deyil saat,
Gün həminki gün deyil.

Gecə başını at yat,

Səhər durdun – keçib il!

 +

Qırx beş-əlliyə indi

On beş ilə çatırsan,

Əlli elə dünəndi,

İndi neçə? Ay aman!

 +

Duyğuların enable,

Libido yerindədir.

Bu, error ola bilər –

Yetmiş, yetmiş bir nədir?!

+

 Yeri birlə yeddinin,

Düşüb bəlkə dəyişik?

Səhvi düzəldək indi,

Eləyək redirection!

24. 09. 2024, Samara

DEPORTASİYA

20230721_135628

Ölümün qəribə cəhətləri var:

Qayda, nizam gəlir onunla bəzən.

Başlayaq ondan ki, təmiz yuyurlar,
Geyirsən təzə və ağappaq kəfən.

 +

Görmədiyi günə düşür çox insan,

Yığışıb gəlirlər, ağlayan da var.

Tapıb danışırlar yaxşı söz ondan,
Borclunun borcunu bağışlayırlar.

 +

Qərib ölən isə  ölümdən görür,

Atadan-anadan görmədiyini.

İndi sənədi var, sənəddə möhür,

Bir poqonlu ona söz deməz yəni.

 +

Ədəbli, abırlı yola salınar,
İcma yas pulu da düzəldib yəqin.

Sərhədin açılmaq ehtimalı var:

Daş deyil ürəyi prezidentin!

 +

Mərhum soydaşımın üçcə gün əvvəl,
Ağlına gəlmirdi vətənə gedə.

Deportasiya da eləsəydilər,

Min bir hoqqa ilə gələrdi bir də.

 +

İndisə dalaraq sükuta gedir,
Lap danışa bilə, nə deyər axı?

Vətəndən — yaşayan, sağ gileylidir,

Ölənə vətənin hər cürü yaxşı…

 +

Fərman icrası tək gəlir ölümlər,
İstə ya istəmə — yola çıxırsan,

Deportasiyadır hər ölüm elə,

Dönməyə heç kimin yox amma şansı…

 

20.09. 2024, Samara