Архивы

BU QÜSSƏNİN QƏSDİ NƏDİR…

Bu qüssənin qəsdi nədir –

Canımı min yerdən doğrar.

Üzüm qiblə səmtinədir,

Ürəyim vətənə doğru.

 

Ömürdən illər uçulur,

Cavanlığın taxtı sınır.

İsinmir bədən, uçunur,

Rusiyanın şaxtasına.

 

Mərhəmət umuruq yaddan,

Doğmalar bizə yağıdır.

Vətənin ayrılığından,

Vətəndə yaşamaq ağır.

 

Son ümidlər, son istəklər,
Can üstdə, indi keçinər.

Anam, bacım fikir çəkər –

Qocalır evin kiçiyi.

 

Ürəyim payız yarpağı,

Soyuq baxışlardan titrər.

Kipriklər tabut qapağı,

Gözlərin dərdini örtər…

 

16-17 oktyabr 1984, Moskva

QUQUŞ

 

 

Taleyin əlində əsir-yesirdik,

Elə bəxtimizdən umub-küsürdük.

Ağır zəncirinə ağır günlərin,

Bağlanıb gedirdik. Yerimək çətin.

Aşıb axşamları yola vararkən,

Zülmətlər içində ümid ararkən,

Ququş qondu ömrün gecələrinə,

Eşq olsun qonağın gec gələninə!

Nəğmə atəşinə alışan Ququş!

Adı nəğməsinə yaraşan Ququş!

Səsi qönçələnən nazənin Ququş!

Nəğmə cilvəsiylə bəzənən Ququş!

Ağla, bu naləyə ürək dayanmaz,

Göz yaşı içməsə, duyğu oyanmaz.

Bir nəğmə sızladan, biri coşduran,

Biri yola qoyan, biri çaşdıran.

Heçliklərə meydan oxuyan Ququş!

Tale bədliyindən arxayın Ququş!

…Qonub ömrümüzün gecələrinə,

Ötür quş nəfəsli Ququşum yenə.

 

                                           Iyun, 1985 Ərəbqardaşbəyli

 

 

 

REKVİYEM

  

Odda yandırılan uşaq,

Kim qaladı tonqalını?

Od qarışıq, qan qarışıq

Yandı, bu küldür qalanı.

 

Gözü yarıyuxuluydu,

Tüstü doldu, acılandı.

Bələyi süd qoxuluydu,

Qarsılandı, qan calandı.

 

Yaxdı qızıl od uşağı,

Hanı yerin böyükləri?

Odda yandı qışqırığı,

Ölüb göyün mələkləri!

 

Yandı əlləri, əridi,

Uzanmadı yaradana.

Kim deyir tanrısı birdir,

Yananın, həm yandıranın?

 

Boş qalıb beşiyin başı,

Boş qalıb beşiyin içi.

Bu yuvaya payız düşüb,

Səadətin quşu köçüb.

 

Dir də layla çalınmasın,

Əl dəyməsin beşiklərə.

Bir quzu körpənin yası,

Yasıdır bütün bəşərin.

 

Yer dəyişib, göy dəyişib,

Torpaq üstdə qan tökülür.

“Yer mənim!” —  deyib vuruşan,

Al, bu da körpənin külü…

 

29 mart 1990, Samara

 

 

SƏRHƏD

      

Göyə dəyir dirəkləri,

Məftilləri tikanlıdır.

Nə soyuqmuş ürəkləri,

Bu sərhədi tikənlərin.

 

Əsgərlidir qüllələri,

Quduz itlər pusqudadır.

Ayaq atan qüllələnər,

O tay-bu tay yas tutular.

 

Generallar sayıq durur,

Moskvadan Tehranacan.

Yaraqları ayaqdadır –

Hər təzə gün bir həyəcan.

 

Burda bölüb ayırıblar,

Bir millətin yarısını.

Məftillərlə sarıyıblar,

Sağalmayan yarasını.

 

Burda məkan parçalanıb,

Zaman qalıb hərəkətdən.

Burda vətən parçalanıb –

O tay vətən, bu tay vətən.

 

O tay-bu tay qoşalaşar,

Təndirlərin tüstüləri.

O tay-bu tay sərhəd aşar,

Çörək ətri.

 

Bu quş burda qanadlandı,

Bax, o tayda süzür indi.

Nola, məni qanadına,

A quş, alıb gəzdirəydin…

                                               10-11 fevral 1990, Samara

OTAQ

Bu otaqda bir yataq da olub və tanıdığım ən nəcib

                              insanlardan biri    Ehtiram uzun illəri o yatağa bağlı keçirib.

                            Otaq dünənəcən qalırdı. Ehtiramın ruhu, ümid edirəm, daha

                           uca yerdədir…

           

 

İki qovaq arasında

Boy verib ucalan otaq.

Budaqların sırasında,

Özünə yer alan otaq.

 

Baharda başdan-ayağa,

Yaşıl-yaşıl yanan otaq.

Qısılıb iki qovağa,

Mışıl-mışıl yatan otaq.

 

Səhərin dumanlığında,

Günəşə boylanan otaq.

Axşamın toranlığında,

Günəşlə yuyunan otaq.

 

Yağışlarla, küləklərlə,

Danışan, qonuşan otaq.

Məskən tapdığı bu yerə
Gözəlcə yaraşan otaq.

 

Nəğmələnib zaman-zaman,

Sükutu sındıran otaq.

Oxuyub-oxuyub coşan,

Quşları dindirən otaq.

 

Torpaqdan çəkib gözünü,

Aya-günə baxan otaq.

Başı buluda uzanan,

Tanrımıza yaxın otaq.

 

Ayları, illəri aşıb,

Kür üstünə qonan otaq.

Sinəsində uçmaq eşqi –

Qanadı bağlıqır ancaq…

                                  14 iyun 1985, Ərəbqardaşbəyli

 

XƏLİL RZAYA, MƏHBƏSƏ

 

 

Moskva məhbəsini,

Şərəfləndirib adın.

Salam dar qəfəsinə,

Xəlil Rza, gün aydın!

 

Gün hardan, işıq hardan,

Moskva məhbəsində?-

Gözündə yaş işardı –

Toxta, düşmən görməsim.

 

Dənizlərin buzunda,

Can bərkidən Xəlil bəy!

Titrədin, avazıdın,

Niyə birdən, Xəlil bəy?

 

Qələm qəhət, kağız yox,

Sözün sinədə yandı.

Bura girdin üzü ağ,

Məhbəs ruh sınayandı.

 

Cahana sığmayanlar,

Zindana sığınıblar.

Zindanda sıxılanlar,

Cahana sığınıblar.

 

Moskva ekranında,

Nədir bu tövbə demək.

Bu ekran Qurandımı,

Nəcib kişi, Xəlil bəy?

 

Hanı arxadaşlığın,

Təəsübçəkənliyin?

Hanı qızılbaşlığın,

Hanı döyüşkənliyin?

 

O dalınca gələnlər,

Hayana yönəldilər?

Səni bayraq bilənlər,

Deməli yanıldılar?

 

Sənli, bizli, Xəlil bəy,

Bu gün papaq yerdədi.

Tanrımız ola kömək,

Ruhumuzu bərkidə.

 

09 fevral 1990 Samara

 

 

 

 

 

 

STATE OF EMERGENCY

 

Beşik gəmirən bala,

Məhbəs oldu beşiyin.

Generalın əmri var –

Çıxmaq olmaz eşiyə.

 

Vahimələnib şəhər,
Küçələr təlaşlanıb.

Qapını kəsib əsgər,

Əlində Kalaşnikov.

 

Boylanır, hədəf gəzir,

Qara lüləsi tankın.

Tırtılında qan izi –

Əzib indicə haqqı.

 

Qərənfillər qızarır,

Asfaltın qurumunda.

Şəhid qanı sızan yer,

Əbədilik durandı.

 

Hava yolları tutqun,

Bağlı dəmir yolları.

Çata bu xəbər çətin,

Cənab de Kuelyara.

 

Zorun, gücün qurbanı,

Beşiyi məhbəs bala.

Dil açmağın yubanır –

Danışmaq yasaqlanıb.

 

Ayaq qoysan beşikdən,

Bir qara gecəninsən.

Generallar keşikdə —

State of Emergency!

28 yanvar 1990 Samara

BAKI YÜRÜŞÜ

 

 

Tanklanıb, toplanıb, avtomatlanıb,

Uçarla şığıyıb, paraşutlanıb.

Son damla qanıyla yenə andlanıb,

Gedir rus əsgəri Bakı üstünə.

 

Bəlkə əcdadı da beləcə gedib,

Qaralı-qorxulu bir gecə gedib.

İndi yaraqlanıb nəticə gedir –

Gedir azadlığı Bakıdan ala.

 

Evin tək uşağı ərköyn oğlan,

Sümüyü təzəcə bərkiyən oğlan.

Qanı damarında kükrəyən oğlan,

Hayana üz tutub gedirsən belə?

 

Bir ayağın əfqan cəhənnmində,

Bu gün yenə ölüm cəhəngindəsən.

Qismətin bir matəm çələngidirmi?-

Belə başılovlu hara gedirsən?

 

Ordu ustavıyla savadlanıbdır,

Yazovun əmriylə qanadlanıbdır.

Milli küdurətlə qidalanıbdır,

Gedir qaraların dərsini verə.

 

Şimallar, soyuqlar qalır uzaqda,

Bakı yanvarının dadı ağızda.

Qırmızı bayraqdan, qara kağızdan,

Sən özün hifz elə bizləri, allah.

 

Şəhidlər sərilər yollar uzunu,

Tanklar üzüb keçər qan dənizini.

Son dəfə qatlayar Bakı dizini,

Hanı, qalib əsgər, gözündə sevinc?

 

…Mariya Pavlovna kilsədə ağlar,

“Tək nəvəmi özün hifz elə, allah!”!

Öpər tanrısını, sonra şam alar,

Yandırıb oduna dikər gözünü…

 

…Qurumaz göz yaşı şam alovunda,

Ay anam, ay bacım, toxta, ovun, dur.

O yanvar gecəsi xalq doğulurdu,

Büdrəyər, yıxılar, durar, dirçələr…

 

7-8 fevral 1990 Samara

 

 

 

KÜRƏYİ KÜRƏN PİŞİYİM…

Kürəyi kürən pişiyim,

Qarnı qardan ağ pişiyim.

Dəcəl, ərköyün pişiyim,

Qorxusuz, qoçaq pişiyim.

 

Evə, yurda yaraşırdı,

Denən padşah balasıydı.

Pəhləvan tək savaşırdı,

Ovçuydu, od parçasıydı.

 

Kövrək alov dilimiydi,

Bir göz qırpımında söndü.

İstisi qaldı dizimdə,

Sığalım getdi belində…

                                            23.05. 2002 Samara

BİR İL DƏ ÖTDÜ ÖMÜRDƏN…

Bir il də ötdü ömürdən əridi,

Yetişir vədə düşəm köhləndən.

Qürbət ellərdə qocaldım, qarıdım,

Adım sayaq yaşım da köhnəldi.

 

Yasmı doğum günü ya bayramdı?-

Qəlbi açmır nəsə bu təntənələr.

Arzular həm ötən dönüb qayıda,

Təzə illərçin həm insan tələsər.

 

Bizi çaşdırdı suallarla həyat,

Qarışıb rəngi gerçəyin-yalanın.

Yarımı, sonmu – bilmirəm heyhat!

Bu yol ömür yolu, ölüm yolumu?

 

Məkan-zaman qəfəsi ruhu sıxır,

Haçan bu həddi-xətti ruhum aşar?

İndi təkliklə sarsılır, darıxır,

Qurtular, ruhlara ruhum qovuşar.

 

Görün, ey mehriban, əziz surət,

Nəfəsin qəlbi ruhla doldursun,

Önündə diz çöküm və üz sürtüm,

Məni bu heçlikdən qaldır sən!

 

                                                     15-17 noyabr 1989