Архивы

GÖZLƏRİ SULANAN QOCA…

Gözləri sulanan qoca,

Nə girmisən bu köşkə sən!

Nə tüfəngin, nə tapançan, —

Kişi, sən nə keşikçisən?

Boylanırsan hər addıma,

Titrəyirsən, diksinirsən.

Canın özgə malındadır,

Bu bəd ömrün səksənində.

Şorpan duru, çayın boyat,

Qarın doymaz, iştah ölər.

Kibrit baha, tütün qəhət –

Tut tüləyi pilətəyə!

Başı qalxmır yerdən itin,

Hürməyi də yadırğadı.

Qoxusuna həsrət ətin,

Yuxusunda sümük dadı.

Ağlarsan, yox ovudanın –

Torpaq alıb arvadını.

Maaş günü oxudanın 

Əyyaş oğlun avaradır.

Başın altda qədim palto,

Yuxun haram, səksəkəli.

Bəlkə gələr əldə balta,

Sübhə yaxın ömür kəsən…

                                      23.05 – 07.08. 1993 Samara

ON İLDƏN SONRA

Ötər neçə fəsil, ötər neçə il,

Həsrət qəlbimizi incidər, yorar.

Yaxşı bilirəm ki, sağalan deyil,

İndi ayrılığın vurduğu yara

“On ildən sonra.”[1]

 

Tale yelkənimiz bizi, əzizim,

Kim bilir atacaq hansı sulara.

Ayrılıq ağardar saçlarımızı,

Nə xurmayı qalar, nə də ki qara,

“On ildən sonra.”

 

İndi nə biləsən… Bəlkə də həyat,

Bizi dəyişdirər, başqalaşdırar.

Bizə bu günlərdən qalar quru ad,

Biz də can atarıq dövlətə, vara,

“On ildən sonra.”

 

Vəzifə arzusu, şöhrət həvəsi,

Salar qəlbimizi bəlkə də tora.

Xırda qayğıların ağır nəfəsi,

Söz-söhbət, qalmaqal, günümüz qara,

“On ildən sonra.”

 

İndi nə biləsən… Qəfil bir görüş,

Bəlkə bir də bizi qarşılaşdırar.

Dəyişmə, gözəlim, ya da az dəyiş,

Deməyim o hara, indiki hara,

“On ildən sonra…”

23may 1979, Ərəbqardaşbəyli

 


[1] Elçinin hekayəsinin adı

QƏLBİ YANAĞINDA YANAN QIZILGÜL

Qəlbi yanağında yanan qızılgül,

Eşqi dodağında donan qızılgül!

Canın sevdalandı gönçəliyindən,

Bir gün gözə gəldin gəzəlliyindən.

Səni həsrət qoyub budağa, gülüm,

Dustaq elədilər otağa, gülüm.

Ayağı bağçadan kəsilən gözəl,

Şüşə divarlara qısılan gözəl!

Büllur saraydasan qolları bağlı,

Düşdüyün suların yolları bağlı.

Mehə həsrət qalıb yanağın solur,

Şehə həsrət qalıb yanağın solur.

Güldan qəfəsində darıxan gözəl,

Darıxdıqca solan, sıxılan gözəl.

Sən isti möhtacı, işıq acısan,

Soyuq baxışlardan nə alacaqsan?

Bəxtinə dustaqlıq yazılan gözəl,

Zindan tənhalığı canını üzər…

…Hardasa bir bülbül anıb yarını,

Çırpılar qəfəsin divarlarına…

                                                 03 iyun 1985, Ərəbqardaşbəyli

 

GEDİR TRAMVAYLAR, GEDİR TAKSİLƏR…

 

Gedir tramvaylar, gedir taksilər,

Gedir avtobuslar, trolleybuslar.

Gedirik, gedirik, alnımızda tər –

Taleyin dalınca dabanbasmada.

 

Adamlar cəmləşir hər addımbaşı,

Hey dolub-boşalır dayanacaqlar.

Əzir minən yoldaş düşən yoldaşı  —

“İndi nə hörmət var, nə qanacaq var”.

 

Maşınlar səbrini basıb gözləyir,

Adamlar içəri təpilənəcən.

Gedir ictimai nəqliyyat əhli –

Bilet üç qəpikdən beş qəpiyəcən.

 

Və gözlər alışıb-yanır maraqdan,

Bir tikə boz kağız ələ gəldimi.

Kompütersiz-zadsız elə o anda,

Üç-üç toplayırlar altı rəqəmi.

 

Əgər iki cavab bərabər olsa,

Xoşbəxtsən.

Xoşbəxtsən bu mənzil başına kimi,

Xoşbəxtsən maşından düşənə kimi.

Kimsə dabanını tapdayanadək,

Xoşbəxtsən bir saat, bir gün, bəlkə il.

Bəlkə həmişəlik – tale yar olsa –

Əcəl gözlərini qapayanadək.

 

Baş-ayaq vurursa cavablar əgər,

Onda arxadaşım, özünü gözlə.

Neçə uğursuzluq səni hədələr –

Xatadan-baladan canını gizlə.

 

Xoşbəxt biletlilər ala buludda,

Bədbəxt biletlilər içini yeyir,

Biletsiz dovşanlar əsir qorxudan…

 

Gedir piyadalar, gedir maşınlar,

Gedirik durmadan mənzil başına.

Mən də qoşulmuşam körpə yaşımdan,

Dünyanın aramsız hərəkətinə.

 

Ömür adlı maşın aparır məni,

Bilmirəm haradır axır mənzilim.

Yolun uzaqlığı, mənzili, yönü
Alnıma yazılıb…

 

Gedirəm, hamı tək xəbərsizəm mən,

O sirli yazının rəqəmlərindən.

Hərdən titrəyirəm…

01-02 mart 1984 Moskva

ƏSGƏR MARŞI

 

Bu əsgərin adı əsgər,

Özü ana uşağı.

Üç gün əvvəl kənddə gəzən,

Fağır, başıaşağı.

 

Sağı naşı, solu naşı,

Kim bu marşı öyrənib?

Sağı çaşır, solu çaşır,

Komandir də heyvərə.

 

Puda dönür avtomatı,

Əzir, salır çiynini.

Bilmir hara addım atır,

Duman alır beynini.

 

Bu gün-sabah sonu yetər,

Bu təlimin, yürüşün.

Bəlkə gecə, bəlkə səhər,

Gedəcəklər döyüşə.

 

Qorxu qovub yuxusunu,

Başı-gözü odlanır.

Qova bilmir qorxusunu,

Qorxduğuna utanır.

 

Atadan da, anadan da,

Çoxdan üzüb əlini.

Tapındığı inamıdır,

Tanrı gəlir dilinə:

 

“Allah, min bir yara alım,

Ancaq qoyma ölməyə.

Allah, sənin qulun olum,

Əsirliyi görməyim”.

 

Bəlkə gecə, bəlkə səhər —

Bəlkə əcəl tələsir.

Bəlkə onu vurub sərər,

Yoldaşının gülləsi.

 

Bəlkə çatmaz tanrı dada,

Bəlkə əsir tutular.

Bəlkə satar komandiri,

Bəlkə nazir satılar.

 

Bu əsgərin adı əsgər,

Özü ana uşağı.

Ana ağlar, ağlar, itər,

Gözlərinin işığı…

 

 iyun 1992 — 10 mart 1993 Samara

 

ZUBÇANİNOVKADA EV

Mobil Novruzova

 

Bu evdə ən dalda künc işıqlanır,

Sayı yox deyəsən pəncərələrin.

Yayıb şüşələrə şüalarını,

Gündüz hər birində günəş dincəlir.

 

Buranın havası sinəyə məlhəm,

Yüz ildir elə bil qalıb xarlanır.

Təmizlər, oyadar başı-beyni həm,

Təmizlər həm qanı, həm damarları.

 

Qonaqlar acıyır bura çatmamış,

Burda yemək olur, kökəlmək olmur.

Şam yeməyi gəlir nahar bitməmiş,

Masa arxasında dikəlmək olmur.

 

Qutab bişirilir əlli çeşiddə,

Şirnilər verilir çayla cürbəcür.

Çəkilir qonağın yeməyi teştdə,

Burda dəyirman tək mədə üyüdür.

 

Bu evdə yüz günlük qonaqlıq azsa,

Bu evdə yüz illik həyat da azdır.

Yolları, həyəti necə qar basa,

Bu evin içində həmişə yazdır.

 

03-05 yanvar 2010, Samara

BAKININ KÜÇƏLƏRİNDƏ FAYTONLAR GEDƏR…

Bakının küçələrində faytonlar gedər.

Bəzəkli faytonlarda

Sürərtdən yorulmuş cavanlar gedər.

Tumar yallı atlar,

Qotazlı yallı atlar

Döyəclər asfaltı,

Daş yollarda ötən əsrin havası çalınar.

Çərkəzi çuxalı qocalar,

Yarıyuxulu qocalar,

Otururlar qozlada başıaıağı.

Elə bil qozlada doğulublar,

Qozlada qocalıblar.

Faytonçular ünvan deməz atlara,

Faytonçular tələsdirməz atları.

Əylənməkçin dolaşırlar şəhəri

Fayton sərnişinləri.

Bakının küçələrində
Bəzəkli faytonlar gedər –

Ötən əsrdir, ölən əsrdir,

Girib faytona şəhəri gəzir.

Bakının küçələrində

Əlvan çullu atlar gedər,

Kişnəməyi yadırğamış,
Yorğa yerişi yadırğamış

Yaman hallı atlar gedər.

Bakının küçələrində

Təkərləri daş yollarda təbil çalan,

Qozlasında başıaşağı qocalar büzüşən,

Qudurğan maşınların yanından

Ehtiyatla sivişən

Faytonlar gedər.

Faytonlarda

Şubalı, saqqallı, qəlyanlı cavanlar gedər…

 

                                                                          03 yanvar 1976, Bakı

 

 

 

BU QÜSSƏNİN QƏSDİ NƏDİR…

Bu qüssənin qəsdi nədir –

Canımı min yerdən doğrar.

Üzüm qiblə səmtinədir,

Ürəyim vətənə doğru.

 

Ömürdən illər uçulur,

Cavanlığın taxtı sınır.

İsinmir bədən, uçunur,

Rusiyanın şaxtasına.

 

Mərhəmət umuruq yaddan,

Doğmalar bizə yağıdır.

Vətənin ayrılığından,

Vətəndə yaşamaq ağır.

 

Son ümidlər, son istəklər,
Can üstdə, indi keçinər.

Anam, bacım fikir çəkər –

Qocalır evin kiçiyi.

 

Ürəyim payız yarpağı,

Soyuq baxışlardan titrər.

Kipriklər tabut qapağı,

Gözlərin dərdini örtər…

16-17 oktyabr 1984, Moskva

MƏN UŞAQDIM, KİNOLAR ALDATDI…

                                 KÜR 2.jpg

 

Mən uşaqdım, kinolar aldatdı,

Könlü verdim kino məhəbbətinə.

Məni kinodakı dərd ağlatdı,

Mən sevindim kino səadətinə.

+

Mən uşaqdım, kinoya qondu quşum,

Mən uçardım gələndə kəndə kino.

Yaz-yay axşamlarında həftə başı,

Kluba çevrilərdi kənd dükanı.

+

Dükanın böyrünə bir ağ asaraq,

Ekrana bənzədirdilər dayılar.

Aparat köhnə paroxod sayağı,

Başlayırdı işə, çaqqıldayaraq.

+

Otururduq uşaq-böyük qarışıq,

Çəmən üstündəcə bardaş quraraq.

Yesə də ağcaqanadlar daraşıb,

Bu ağır zülmü üstələrdi maraq.

+

Mən uşaqdım, aparat tanrıydı,

Dükanın böyrüsə cənnət bucağı.

O kinolarda həyat ayrıydı,

Adamlar orda mələklər sayağı.

+

Gülüşlər özgə, sözlər özgə idi,

Dadı şirintəhərdi dərdin də.

Dükanın böyrü sanki güzgü idi,

Bizim həyatımızın əksi səthində.

+

Mən uşaqdım, mənə yalançı həyat,

Əsl həyat, əsl ömür-gündü.

Bütün bu doğma adamlar mənə yad,

Bu doğma kənddə həyat sürgündü.

+

Düşərək felinə bu filmlərin,

Dolaşırdım necə ay-gün dolanar.

Tanımırdım hələ Felliniləri,

Yoxdu dünyada hələ Berqmanlar.

+

İndi saç çallanıb, ürək qocalıb,

Canımda göynəyir vətən yarası.

Doğmaca kəndim uzaqlarda qalıb,

Ötdü qürbətdə ömrümün yarısı.

+

Aşdım ekranları və pərdələri,

Bir duman tək dağıldı xülyalar.

Heçliyə döndü nə var dəbdəbəli,

Önümdə təkcə bu gerçəklik var.

+

Zehində anbaan tərəddüd olur,

Sarsıdır şübhələr qəfil beyni:

Mənim ömrümmü məşəqqətlə dolu,

Yoxsa ekranda əksidir lentin?

+

Kəfənmi, pardəmi bu dünya boyu,

Asılıb daş soyuq divarlardan?

Aktyorlarmı durğuzurlar oyun,

Ya ölənlər çıxır məzarlardan?..

                                                                   23 oktyabr 1989, Samara

CƏNNƏTDƏ

   

Orda bircə qara rəng

Olmayacaq. Hər yatan

Rəngli yuxular görər.

Arxamızca sürünər,

Rəngli kölgələr hətta.

 

Mozartı, Şekspiri,

Orda hamı qanacaq.

Hərçənd bu kişiləri,

Bəlkə Tanrının əmri,

Ora qoymaya ancaq.

 

      31may-1iyun 2008, Samara