«QEYRİ-ADEKVATLIQ VAR QOCALIQDA…»

Qeyri-adekvatlıq var qocalıqda:

Öz yaşın özünə yad kimi gəlir.

Özgə paltarları zorla elə bil

Sənə geydiriblər, ayaqqabı da.

 +

Örtür ayıbını geyindiklərin,
Küləkdən, yağışdan qoruyur hətta,
Amma görürsən ki, sənin bu halda,

Var nə çağıranın, nə gedən yerin.

 

Təzyiq, temeperatur deyil yaş axı,
Cihaz tətbiqiylə ölçülə bilə.

Çıxır yaşıdların elə ki, yola,
Bilirsən yığışmaq vaxtıdır artıq.

 +

Dörd yol ayrıcında gedib duraraq,

Vicdanı oyanmış bir bədəməl tək,

Hamıdan, hər kəsdən üzr istəmək

Fikri də dolaşır beynini ancaq.

 +

Borclar var, yadında olan, olmayan,

Artırır onları yaşanan hər il.

Ömrümüz qaydasız bir oyun deyil? —

Udub bu oyunda hansı oynayan?..

 18-19. 11. 2025, Samara

NOYABRDA GÜNƏŞ

Noyabr səhəri. Günəş səhərdən,
Gah buluda girir, gah çıxır hərdən.

Hərçənd isindirmir istisi indi,
İşığı gözlərə, qəlbə sevincdir.

Birdən yüngülləşir yaş ağırlığı,
Çıxır bədəndəki, başdakı ağrı.

Gün düşən tərəfi tutub gedirsən,
Gəncsən elə bil, qız təqib edirsən…

Elə bil ağrıyan dişin çəkilib,

Ya çoxdan gözlənən xoş xəbər gəlib…

Qabaqda uzun qış varsa da hələ,
Labüddür yazın da gəlməyi elə.

Hər səhər al günəş çıxar o zaman,
İşığı istisi xəstəyə dərman.

Yaza çıxarsanmı, qoca, özün bəs?

Noyabır günəşi batacaq, tələs…

17. 11. 2025, Samara

«KÖHNƏ ŞƏKİL VARDI… KÖHNƏ YOX, QƏDİM…»

Köhnə şəkil vardı… Köhnə yox, qədim…

Cırılar ya itər, qalar o, çətin.

Altı ya da yeddi yaşında idim

Şəkil çəkiləndə  — bilirəm yəqin.

 +

Salman qucağında oturub anam,

Qardaşımsa beş yaş kiçikdi məndən.

Yandan ayaq üstə mən dayanmışam,

Hamı var, lələmdən başqa, deyəsən.

 

Başımda kepka var alnımı örtən,
Yəqin iki ölçü böyük alıblar.

Uşaqlar sürətlə artır… adətən,
Mən elə artmadım… istisnalar var…

 +

Gözümün önünə gəlir o şəkil,
Anbaan. Qocalıq gerçək olandan.

Baxıram – indiki mənəm elə bil,

 Kepkalı, yöndəmsiz, eybəcər oğlan.

 +

Elə bil gedirəm geri haçandır,

Boy, bədən kiçilir, çəki azalır,

Qoysam şəkildəki kepkanı indi,

Dimdiyi çənəmə dəyər az qala.

 +

İndi birdən öləm…məni uçarla,

Aparmaq da olar əl baqajı tək.

Poçtla da göndərmək, yəqin ki, olar,

Bu yazıyla: “Tələb olunanadək…”

 

14. 11. 2025, Samara

SƏMƏD VURĞUN+QARA QARAYEV. «PARTİYAMIZDIR»

əvvəli burda

GƏDƏBİYYAT. SƏMƏD VURĞUNUN «PARTİYAMIZDIR» ŞEİRİ HAQQINDA

Sən parlaq hüsnüsən adi sözün də”

Hüsn” – gözəllikdir. Parlaq gözəllik necə olur? Partiya, kommunist (bolşeviklər) partiyası “hər adi sözə” necə “parlaq gözəllik” verə bilir?

Yəni bu cəfəngiyatı araşdırmaqda məqsədim odur ki, Səməd Vurğun irsinin azərbaycanlıların təkcə poeziya dilini yox ümumiyyətlə dilini və hətta təfəkkürünü necə korladığını göstərim. Facebook-da rast gəldiyim yüzlərlə şeirlərin dili Səməd Vurğun ya da Məmməd Araz dilidir,  yəni deyilən sözdə, işlədilən bənzətmədə məna axtarmaq nəticəsiz vaxt itkisidir.

“Sən al bir şəfəqsən ömrün üzündə”

Partiya al şəfəqdir? Bəlkə Bolşeviklərin, Leninin, Stalinin, Azərbaycanda Bağırıvun tökdüyü qanlara işarədir? “Ömrün üzü” nədir? Bu, Azərbaycan dilidir?

Hər təmiz ürəyin, saf məhəbbətin,

İnsana hörmətin, eşqə hörmətin,

Bu günün, sabahın, əbədiyyətin

Ən böyük mənası partiyamızdır!

Bu bənddə məna yox, ən azından qrammatik nizam tapmaq istəyənin başı hərlənər. Sadalananları ayırın: ürəyin, məhəbbətin, hörmətin sabahın, əbədiyyətin… Bəndin sonuncu misrasında baxın: belə çxır ki, bunların hamısının mənası “partiyamızdır”! Təkrar edirəm: Səməd Vurğun deyir ki, ürəyin, məhəbbətin, hörmətin mənası ”partiyamızdır”! Bu adam öz xalqını dolayıb, xalqını cahil və qara kütlə sayıb, arxayın olub ki, nə qondarsa, yeyiləcək, udulacaq. İndiyəcən yeyilir və udulur. Səməd Vurğuna pərəstiş Azərbaycanda imam Hüseynə pərəstişdən zəif deyil. Və əhalisi belə cəfəngiyyatın əsiri olan ölkədə demokratiya qətiyyən və heç bir halda mümkün deyil, çünki demokratiya müstəqil düşünməyə, müstəqil seçimə qadir vətəndaşların tələbatıdır, Səməd Vurğun ya imam Hüseyn aşiqlərinin yox…

SSRİ Xalq artisti, Lenin mükafatı laureatı Qara Qarayev bu şeirə kantata yazmışdı. 60-cı illərin sonu və 70-ci illərdə Bakıda bütün böyük rəsmi tədbirlərdəki konsertlər hökmən bu kantatanın ifası ilə bitirdi. Mənim xatırladığım, bəzilərinə qonşu televizorunda baxdığım konsertlərin həsr edildiyi tədbirlər: Oktyabr inqilabının 50, 60 illiyi (1967, 1977), SSRİ-nin 50 illiyi (1972), Azərbaycanda Sovet Hakimiyyəti qurulmasının 50, 60 (1970, 1980) illiyi, Azərbaycan Kommunist Partiyasının beş ildən bir keçirilən qurultayı, Azərbaycana Ümumittifaq sosializm yarışında qalib gəldiyinə görə Qırmızı bayraq verilməsi (Heydər Əliyev haimiyyətə gələndən hər ilin payızında; Litva, Estoniya Sosializm yarışında qalib gəlmirdi, o respublikalarda yeməyə hər şey var idi, Azərbaycan hər il bayraq alırdı, ancaq millət bazarlığa Yerevana, Tiflisə gedirdi). Böyük konsertlərdə ayrı-ayrı solistlərin və kollektivlərin çıxışından sonra konsertin bütün iştirakçıları və birləşmiş xor Qara Qarayevin Səməd Vurğunun sözlərinə yazdığı “Partiyamızdır” kantatasını ifa edirdi…

Belə də yaşayırdıq. Buna yaşamaq mümkündürsə…

Bir neçə kəlmə Qara Qarayev haqqında.

Qara Qarayev, şübhəsiz ki, böyük bəstəkardır. Üzeyir Hacıbəyovdan sonra ən böyük bəstəkarımız odur, hərçənd Üzeyir bəy kimi milli deyil… Qara Qarayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin daimi üzvü və SSRİ Ali Sovetinin daimi deputatı idi. Hər beş ildən bir Əlibayramlının da daxil olduğu Ağsu dairəsindən seçilirdi. Seçilirdi deyəndə ki, təyin edilirdi. Azərbaycanda, xüsusən Ağsuda, nə seçki? Klassik demişdi: “Gəlsin gözünə qarə su, Ağsu vətən oldu…” 1971-ci ildə mən Əlibayramlıda pedaqoji məktəb tələbəsi idim. Pedaqogika dərsində müəllim seçkidən danışırdı. Mən dedim ki, bu seçki düzgün seçki deyil, Qara Qarayevi bu yerlərdə indiyəcən görən olmayıb… Pedaqogika müüəllimi, keçmiş raykom katibi Əli İsmayılıv pomidor kimi qızardı, “otuzuncu illər olsaydı, əlli-ayaqlı gedərdin” deyib otaqdan çıxdı. Az sonra mən i müəllimlər otağına çağırdılar, müəllimlər yekdilliklə dedilər ki, mən gərək qovulam. Direktor Gülbala Əliyev Bakıya səfərdən qayıdan kimi əmrimi verəcək… Bir neçə gün sonra Gülbala müəllim gəldi, məni yanına çağırıb dedi ki, sən deyən düzdür, ancaq bu barədə açıq danışmaq olmaz…

Səməd Vurğun deyirdi “bəşərin vicdanı, eşqi…” Ancaq partiya tək-tük adamda vicdan qoymuşdu…

13.11. 2025, Samara

GƏDƏBİYYAT. SƏMƏD VURĞUNUN «PARTİYAMIZDIR» ŞEİRİ HAQQINDA

“Vicdan, eşq, ürək, zehn, düşüncə, fikir, dilək, xoş gələcək, zövq-səfa, zəhmət…”

Tam siyahı deyil. Səməd Vurğun deyir ki, bütün bunlar hamısı “partiyamızdır”, yəni Ümumittifaq kommunist (bolşeviklər) partiyası. 1952-ci ildən – Sovet İttifaqı Kommunist Partiyası.

Yəni partiya insanın hər yerində, hər şeyindədir, çarpayısının (çarpayısı olanın) və hətta yorğanının altındadır.

Və əgər Səməd Vurğunun dediyi düzdürsə, sovet adamı əsl adam deyil, laboratoriya yaradılmış monstrdır.

Məsələ burasındadır ki, partiyanın tərifini verən Səməd Vurğun nə dediyinin, nə yazdığının fərqinə varmır. Adı çıxandan, qələminin ucu da, təpəsi də işləyir, heç kimin cəsarəti çatmaz deyə ki, yoldaş Vəkilov, sənin yazdığından bir şey başa düşmədik. Avazı xoş gəlirsə, kifayətdir. “Bəşərin vicdanı, eşqi, ürəyi…” “ürək, dirək, gələcək…səfası, dünyası, mənası, simfoniyası…” Bizim millət qafiyənin əsiridir, özü də hər qafiyənin yox, əsrlərlə işlənib itilənmiş, qulağa şuppultu ilə girib ürəyə yağ kimi yayılan qafiyələrin: “sənət, zəhmət, bəşəriyyət…”

Səməd Vəkilov abır-həya bilmədən bəşəriyyətin adından bəyənatlar verir. Azərbaycan bəşəri ayaqyalın, başıaçıq kolxozda qan-tər axıtsa da, qarnı acdır. İngilis, fransız, Amerika bəşəri gündən-günə həyatını yaxşılaşdırır, yaxşı yeyib-içir, gəzir, iqtisadiyyatda, incəsənətdə, elmdə, idmanda yeni-yeni nailiyyətlər qazanır…

“Bütün yer üzünün xoş gələcəyi…”

Hansı ölkədə kommunist partiyası hakimiyyətə gəlibsə, ümummilli fəlakətə səbəb olub: SSRİ, Çin, Kamboca, Kuba… SSRİ-də, o cümlədən Azərbaycanda, milyonlarla insan “partiyamızın” qurbanı olub. Kommunizm rejimləri yıxılandan sonra bildik ki, əsl “zövq-səfa” hardaymış. Həyatımızı yaxşılaşdıran nə varsa, kommunizmlə mübarizə aparan qərbdən gəldi…

Səməd Vurğun iddia edir ki, bütün “şeirin, sənətin, zehnin, zəhmətin” ilhamçısı “partiyamızdır”. “ ilhamı” kimi yaxşı sənətkar eləmişdi? Əksinə, Kommunist partiyası tanrı vergisi və ilhamıyla doğulmuş insanların çoxunu məhv elədi. Səməd Vurğun kimi, Süleyman Rüstəm, Rəsul Rza kimilər ədəbiyyatı ideoloji partiya fəaliyyətinə çevirib yaşadılar.

Qəribə görünsə də, partiyaya, Stalinə həsr olunmuş şeirlərin içində də yaxşıları, yəni istedadla yazılmışları var. Məsələn, Mandelştamın Stalinə yazdığı bir şeir belədir. Ancaq Səməd Vurğunun şeirləri basməmmədidir. Yuxarıda dediyim kimi, Səməd Vurğunun yazdığına posu olmayıb. Onu rus dilinə çevirələr isə şeirləri özləri yazıblar. “Azərbaycan” şeirinin ruscaya tərcüməsinə baxın: Adelaida Adalis o şeiri özü yazıb, Səməd Vurğuna məxsus olan yalnız şeirin adıdır.

И невежды порочили имя твоё
И безумцы пророчили горе твоё,
И надежды измучили сердце твоё,
Но пришла благородная слава твоя, –
Велики твои дочери и сыновья!
Пусть Баку мой неведомый гость навестит:
Миллионами солнц его ночь поразит.
Если северный ветер на вышках гудит,
Откликается эхом песчаный простор,
Полуночные горы ведут разговор…

Burda Səməd Vurğunun şeirindən əsər-əlamət var? Hərçənd tərcümə də cəfəngiyyatdır, ancaq Səməd Vurğunun orijinalından fərqli olaraq, burda mübtəda ilə xəbər uzlaşır…

İndi də mübtəda haqqında.

Səməd Vurğun deyir:

Hər sadə, mürəkkəb cümləmizin də

Əzəl mübtədası partiyamızdır!

Bunu deyən adam “partiya” sözünü gərək  ən azından mübtəda mövqeyində işlədəydi. Adama deyərlər ki, ay filan-filan olmuş, demirsən ki, mübtədadır? Hanı mübtəda? Şeirdə “partiyamızdır” – xəbərdir. Yəni bu, Səməd Vurğunun hətta partiyadan yazanda da basməmmədi yazdığının sübutudur…

 12. 11. 2025, Samara

«OYUNDANKƏNARSAN ELƏ BİL İNDİ…»

Orta statistik qocasan əgər,

Varın pensiyasa kiçik, gülməli,

Adın, çəkin yoxsa pula bərabər —

Qalmayıb heç kimin sənin, deməli.

 —

Nədən danışasan – yorur, əsnədir,

Sözün oyadırdı bir zaman ancaq.

Oyundankənarsan elə bil indi,

Səninlə qonuşan  cəzalanacaq…

 —

Demə cavanlıqmış eybini örtən,

İndi üzə çıxıb – yox say-hesabı.

Özünə “dostların” gözüylə hərdən

Baxırsan – özünü xəcalət basır…

Yox adam içində yerin də sənin,

Köhnə dost qarşına çıxsa, pərt olar.

Elə bil paltarsan, dəbdə deyilsən,

Nə geyilə bilir, nə də atıla…

 

11.11. 2025, Samara

SƏMƏD VURĞUN. «PARTİYAMIZDIR!»

Bəşərin vicdanı, eşqi, ürəyi,

Zehni, düşüncəsi, fikri, diləyi,

Bütün yer üzünün xoş gələcəyi,

Hər zövq- səfası  partiyamızdır!

+

Əşsiz ilhamçısı şeirin, sənətin,

Dağ üstdə dağ qoyan zehnin, zəhmətin,

Bir bayraq altında bəşəriyyətin

Qardaşlıq dünyası partiyamızdır!

+

Sən parlaq hüsnüsən adi sözün də,

Sən al bir şəfəqsən ömrün üzündə.

Hər sadə, mürəkkəb cümləmizin də

Əzəl mübtədası partiyamızdır!

+

Hər təmiz ürəyin , saf məhəbbətin,

İnsana hörmətin, eşqə hörmətin,

Bu günün, sabahın, əbədiyyətin

Ən böyük mənası partiyamızdır!

+

İnqilab qüdrətli, günəş həvəsli,

Həqiqət bayraqlı, insan nəfəsli,

Neçə min nəğməli, neçə min səsli

Həyat simfoniyası partiyamızdır!

OSİP MANDELŞTAM. «XOŞ GƏLİR ÇİÇƏKLƏNƏN ŞƏHƏRLƏRİN ADLARI…»

Xoş gəlir çiçəklənən şəhərlərin adları,

Qulağa, çəkisi var çünki – gedərisə də.

İnsanın kainatda yeridir fəqət, qalır,
Əsrlərdə yaşayan Roma deyildir heç də.

 +

Şahlar çox çalışırlar onu zəbt eləsinlər,

Bəraət qazandırır savaşa ruhanilər.

Ev olsun, mehrab olsun – miskin zibilə bənzər,
Və layiqdir ikraha, boşdusa o yer əgər.

1914

ruscadan tərcümə

08. 11. 2025, Samara

 ++++++++++

осип мандельштам

 

Пусть имена цветущих городов
Ласкают слух значительностью бренной.
Не 
город Рим живет среди веков,
А 
место человека во вселенной. Читать далее

«NOYABR AYININ UŞAQLARIYIQ…»

                          Kainat Bədəlova

Rütbə də, sərvət də olmasa belə,
Payızda doğulmaq fəxrdir elə!

Noyabr ayının uşaqlarıyıq,

Öyünmək olmasın – payız barıyıq.

Şirəsi xarlanan son üzümlərik,

Qabığı çatlayan nara bənzərik,

Ətri baş hərlədən qızıl heyvayıq,

Solmayan güllərik, yazıq, həm yayıq.

Bizik ləkdəkilər, bağdakılar da,
Qurumuş, sönükmüş tağdakılar da.

Gilavar da bizik, xəzri də hərçənd,
Hərdən yağırıq da ara vermədən.

Qara buludlarıq qüssə gətirən,
İliyə işləyən soyuqlarıq həm.

Qayğıyıq, zəhmətik, canda ağrıyıq,
Biz hamı kimiyik, həm də ayrıyıq…

Hər kimik, hər nəyik — payız barıyıq,
Noyabr ayının uşaqlarıyıq…

04. 11. 2025, Samara

SƏMƏD VURĞUNA TƏHLÜKƏ YOXDUR. TƏHLÜKƏ AZƏRBAYCANCA TƏHSİL ALAN UŞAQLARADIR

Səməd Vurğunun «Ananın öyüdü» şeiri ilə bağlı qeydlər»im  9000 dəfə oxunub, bir dəfə (!) bəyənilib. Səməd Vurğunun dərsliklədi yerinə təhlükə yoxdur. Təhlükə, poeziya haqqqında təsəvvürləri belə şeirlərlə yaranan uşaqlaradır.