Архив тегов | diktatura haqqında şeir

«ELƏ BİL ÖLÜMƏ APARILIRIQ…»

(poliklinika)

Elektron növbə çıxıb sıradan,
«Canlı» növbədədir adamlar indi.

Cavan gözə dəymir aralarında,

Burda “canlı” olan elə növbədir.

 

“Kömpüter vışiblo!” – ucadan deyib,

Qeydiyyatçı qadın saxlayır işi.

(Kompüter qəzaya yəni uğrayıb)

Dinməzcə hamı yer tapıb əyləşir.

 

Vaxt gedir, kəsilir tamam səs-səmir,
Bir nəfər deyinmir dodaqaltı da.

Gözəldir, əlbəttə, etika, səbr,

Müdhiş amma nəsə var bu sükutda.

 

Bir dava həvəsli yox niyə burda?

Tumu kəslibdir demaqoqların?

Şəhərdə nə qədər əsəbi vardı! –

Ağrıyan qol-qıçdır indi ya qarın…

 

Bəlkə susqunluğa ciddi səbəb var?

Şübhə, narahatlıq, düzü, doğurur.

Mədəni, sakitcə bu oturanlar,
Nəyəsə elə bil bir eyham vurur…

 

Ağzına elə bil hamı su alıb,
Növbə “canlı”, yoxdur hərəkət ancaq.

Elə bil ölümə aparılırıq,
Qazancdır, nə qədər yolda yubansaq….

 

31. 03. 2026, Samara

MÜSTƏBİDİN PİŞİK SEVGİSİ

Diktatorlar nə qədər qəddarsa insanlara,
Çoxdur məhəbbətləri heyvanlara o qədər.

İtləri çox sevirdi, ət də yemirdi Hitler,
Yanındaydı Blondi, gedirsə fürer hara.

 +

Pişiklərə elə də sevgisi yoxdu ancaq,
Boğub uşaqlığında beş-altısını bəlkə.

Əbədi, dəyişməyən bu dünyada nə var ki? –

Pişiyi sığallayan rəhbərə gəlin baxaq.

 +

Başına sığal çəkir, quyruğuna əl atır,
Dalına-qabağına keçir, pişik burcudur.

Quyruğu pırpızlanır, dişlərini qıcıdır,
Ya da bezir yorulur, ayaq üstəcə yatır.

 +

Müstəbid də  çəkilmir, inadını yeridir,
Pişik müstəqilliyi cırnadır da deyəsən.

Sığalıyla, yalıyla sınır nə qədər insan,

Sınmayanlar var ancaq, görəsən səbəb nədir?

 +

Gözlərini bir anlıq qapayır müstəbid də…

Pişik cavan şir kimi görünür ona bəlkə,

Diksinir, əl uzadır yenə də sığal çəkə,
Pişik qalxıb dik durur dal ayaqları üstdə…

 

27. 03. 2025, Samara