Архив тегов | gədəbiyyat

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «GECƏ ÖZ  İSTƏDİYİM YAR İLƏ İŞRƏTDƏ İDİM…»

Əliağa Vahid

«Gecə öz istədiyim yar ilə, işrətdə idim»

Bu “öz” əvəzliyi Azərbaycan şairləri üçün kənd bənnalarının barı hörəndə  işlətdiyi para kərpic kimidir, misrada heca çatışmayan kimi “öz”ü pərçim eləyirlər. “Hər aşiqə öz istədiyi yarı gözəldir…”

Necə yəni “öz istədiyi”?

Bu, heç.

Deməli, gecə şair ya da şairin lirik qəhrəmanı “öz” istəditi yarı ilə kef eləyirmiş.

“Sanki bir Adəm idim, guşeyi-cənnətdə idim.”

Pardon, Adəm cənnətdə “işrət” eləmirdi, Adəm və Həvva körpə kimi məsum idilər və utanmadan lüt gəzirdilər.

Sonra Vahid bir saniyə əvvəl dediyini təkrar eidr.

“Mən idim, bir də öz istəkli gözəl yarım idi”.

Həmin “öz istəkli yardır”, ancaq indi gözəlləşib.

“Yoxdu əğyar, əgər olsaydı, müsibətdə idim.”

Ömrü boyu qədəşlərlə oturub-duran şair qurumsaq əğyarın əlində qalıb girinc…Əğyar olaymış, vurub Əliağanın ağız-burnunu qanadacaqmış…

Badə camın mənə canandı verən məclisdə”

Aha! Məclis! Bayaq deyirdi bir özüdür, bir də öz istədiyi yar.

“Bütün ətrafımı almışdı gözəllər səf-səf”.

Gözəllər bir deyil, iki deyil, bir sürüdür, yəni dəstədir, sıra ilə düzülüblər.

“Məst ikən yar ilə bir başqa məhəbbətdə idim.”

Bu misranı hər oxucu ya hər dinləyici öz pozğunluq dırəcəsinə uyğun yoza bilər. Mən Vahidin öz istədiyi yar ilə nə hoqqalar çıxardığını təsəvvür  də eləmək istəmirəm.

Sonra yenə təkrar:

“Həsrətin çəkdiyim öz yarım idi saqi olan”.

Yadınızdadırsa, yuxarıda demişdi ki badəni canan verir. İndi canan saqi statusu alır. Ancaq canan saqilik edirsə, qəzəlxan onunla necə işrətdə olur?

«İndi təsvir elə bax, gör nə qiyamətdə idim!»

Yox, bunu ayıq başla təsəvvür eləmək çətindir…

“Vahidəm, eşqü-məhəbbətlə cahandan getdim…”

Siz bu qəzəldə eşq gördünüz? Gecə yarısı işrət, məclis, badə, saqi… Bu aşiqin dünyadan getmə səbəbini bilmək üçün pataloqoanatom olmaq lazım deyil…

09. 07. 2024, Samara

 

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «YARIMSA GƏZİR ŞÖVQ İLƏ ƏĞYAR HƏVƏSİNDƏ…»

Əliağa Vahid

“Mən aləmə minnət çəkirəm yar həvəsində”

Şair yar, yəni öz dilimizdə desək, arvad həvəsinə düşüb. Bu, aydındır. Fellinin “Amarkord” filmində dəlixana pasiyenti ağacın başına dırmaşıb haray çəkir: “Mən arvad istəyirəm!” Ancaq  “aləmə minnət çəkirəm” necə başa düşülməlidir?

“Yarımsa gəzir şövqlə əğyar həvəsində.”

Yenə Vahidin yarı gəzəyəndir! Özü də elə-belə gəzmir, “şövqlə” gəzir!

İkinci beytdə Vahid toyxana əhlinə sual verir:

“Bilməm, bu necə sirrdir, necə hikmətdir, əzəldən

Bülbül gülə mail, gül olar xar həvəsində?”

Toyxanadakılar, və ya indiki vaxtda şadlıq evinə yığılıb tuluqlarını dolduranlar bu suala cavab axtarsalar, gərək yeyib-içməyələr, ayfonlarını qabaqlarına qoyub ekranı barmaqlayalar. QOOGLE Vahidin sualına çətin ki, cavab verə, çünki sualın cavabı yoxdur, çünki bülbül gülə vurulmayıb, gül tikan həvəsində deyil, bu metaforları, bənzətmələri şərq şairləri Vahiddən yüz illərlə qabaq milyon dəfə işlədib çürüyünü çıxarıblar.

Beytdə başa düşülən budur ki, Vahid özünü bülbülə, əğyarı, yəni onun yarını zad eləyən oğlanı tikana bənzədir.

Gülməli deyil?

“Mey oxşamasa ləblərinə qırmızılıqda,

Bir kimsə tapılmaz meyi-gülnar həvəsində”.

Başa düşdünüz? Əgər çaxır, yəqin ki, qırmızı çaxır, Vahidin yarının ləblərinə, yəni dodaqlarına bənzəməsəydi, bir nəfər də “meyi-gülnar”, yəni qırmızı çaxır içməzdi. Yəqin ki, hamı elə araq ya ağ çaxır içərdi. Bunu Əliağa Vahid deyir, mən demirəm.

“Hər gün üzünü görməyə həsrət çəkir aləm”.

Aləmin işi-gücü, dərdi, qayğısı yoxdurmu ki, Vahidin yarının üzünü görməyə həsrət çəksin? Əvvəldə demişdi ki, yar əğyar ilə gəzir. Yəni aləm bunu görməliydi. Belə deyil?

Aha! Yenə zülf! Vahid Zülfsevər!

“Bilməm, nə görüb zülfdə Məcnun kimi könlüm?”

Məcnun zülfə vurulmuşdu? Yalançının…

Füzuli Leylidən nə deyirdi?

Rahü-rəvişi müdam ğəmzə,
Başdan ayağa tamam ğəmzə…

Sonra qəzəldə olduqca maraqlı, Aynur Camalqızı demişkən, sensasion bir açıqlamaya rast gəlirik.

“Aşiq sevir ol şuxi, təəccüblü budur ki,

Yüzlərlə gözəllər də onun var həvəsində.”

Əliağa Vahid özü mat-məəttəl qalıb.Vahidin cananını yalınız kişilər sevmirlər, yüzlərlə gözəl də, yəni yüzlərlə xanım da o canana vurulub…

Qadının qadına aşiq olmağına nə deyirlər? Mən bu sualın cavabını versəm, dava düşər…

Qəzəlin sonuna yaxın cəfəngiyat daha da cəfəng olur, bunu ruslar yaxşı deyirlər: “marazm krepçayet…”

“Vahid! Yenə qiymət çoxalıb Yusifı-şerə…”

Yəqin Vahidin qəzəlləri oxunmamışdan qabaq şadlıq evində gərək dərin bilikli akademik çıxış edib milləti başa sala. Məsələn, akademik, Nobel əsilli və Nobel namizədi Kamal Abdulla. Füzuliyə “qara deşik” deyən müdrik insan. Ondan yaxşı namizəd görmürəm…

09. 07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «DİNDİR MƏNİ HƏRDƏN, GÖZƏLİM, FÜRSƏT OLANDA…»

Vahidin qəzəllərinə baxdıqca görürsən ki, şübhəsiz poetik istedadı olan insan müxtəlif səbəblərdən şəxsiyyət və sənətkar kimi ifrat deqradasiyaya uğrayıb və yüksək Füzuli qəzəlini lotu-potunun məzə tələbatına çevrib. Və Vahid qəzəllərindəki bayağılıq ən yaxşı ifalarda səslənən muğamları belə hörmətdən, dəyərdən salır.

“Dindir məni hərdən, gözəlim, fürsət olanda”.

Hərdən… fürsət olanda…Bunu kim kimə və harda deyir? Bəlkə deyəndə o yan- bu yana baxıb bir çimdik də götürür?
“Vəslin bizə bir an, nə olar, qismət olanda?”

Vəsl, bunu demişdim, adi görüş deyil, üstüörtülü desək, qovuşmaqdır. İndi bu aşiq nə deyir? Yəni sən hamıya…  nə olar, bizə də…

Toyda tuluğunu doldurmuş kişi bunu eşidəndə kimi gözünün qabağına gətirir? Doldurmadodaq müğənniləri və aparıcıları? Kim Kardaşyanı?

“Bax, gör, məni zülfün nə pərişanliğa saldı”…

Vahidin zülfsüz qəzəli var? Bu zülf adamı o qədər bezdirir ki, qəzəlin heç olmasa birində ya ikisində keçəl görmək istəyirsən…

“Yüzlərlə cəfa etsən, unutmaz səni könlüm”.

“Yüzlərlə cəfa…” Bu nə qədərdir? Canan yüzlərlə cəfanı necə edir? Dalını qamçılayır?

“Biganə əgər olmasa, tez vəslə yetərdik”.

“Biganə” kimdir? Qızın qardaşı? Cangüdəni? Əmioğlusu? “Tez vəslə yetmək” necə olur? Cananı bir saatlıq otelə aparacaqdı?

“Zülfün ki, tutub ruyini, çox qorxuram ondan”.

İki misra əvvəl zülf şairi pərişan eləmişdi, indi qorxudur.

Şair niyə qorxur?
“Aləm toxunar bir-birinə zülmət olanda”.

Guya zülf üzü bürüyəndə qaranlıq olacaq. Ancaq bu misra göstərir ki, basməmmədi yazmaq Vahidin, özü demişkən, şakəri olub.

Aləm – təkdir. Tək olan şey “bir-birinə” necə toxuna bilər?

Xalq necə deyir? “Aləm qarışar”. Qarışar! Xalq dilinin morfologiyası, sintaksisi qaydasındadır. Vahidə xalqın şairi deyən xalqını tanımır.

Vahidlə Səməd Vurğun arasında oxşarlıq çoxdur, hər ikisi basməmmədi yazır, biri partiyanın göstərişi ilə, biri də toyxananın. İkisi də kommunizmə inanır.

“Vahid, hələ qarşında böyük bir gələcək var
Dünya bizə ləzzət verəcək cənnət olanda!”

Ləzzət verəcək…

Haçan?
Rəhmətlik qonşumuz Tükəzban xala belə abırsız sözləri eşidəndə deyərdi: “Əndamun yansın…”

08. 07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «ZÜLFÜN DAĞILMAQ ADƏTİDİR…DARAQ NEYLƏSİN…»

Əliağa Vahid

Əliağa Vahidi, məncə, zülfsevər şair adlandırmaq olar.

“Zülfün dağılmaq adətidir, şanə neyləsin?”

Şanə — yəni daraq. Yəni: xanımın saçları dağılıb (makaron fabrikində partlayış), Vahid deyir ki, buna daraq neyləsin.

Vahid fikrini düz ifadə edə bilibmi? Yox! Şanənin, yəni darağın funksiyası saçı nizama salmaqdır. Ona görə də saçın dağılmağına səbəb ola bilməz. Şairin sualı ritorik səslənsə də, yersizdir.

Maraqlıdır ki, toyxanalrda “şanə” sözünü “daraq” kimi başa düşənlər olmurdu və indi də yox kinidir, çox adam “şanə” sözünü müğənninin dilindın eşidəndə az qalır qəşş eləsin, elə bilir ki, söhbət qurbanı olduğu imamların müsibətindən gedir…

Yox, şanə — daraqdır…

Şanapipik – yəni pipiyi darağa bənzəyən…

Şeyx Əhməd buna görə Şeyx Nəsrullaha pıçıldayırdı: “Ərəbcə de, ərəbcə…”

“Yarın vəfası olmasa, biganə neyləsin?”

Maraqlıdır ki, Vahid “biganıə” sözünü “əğyar” sözü ilə misranın, əruzun tələbindən asılı olaraq  paralel işlədir. Ancaq bu sözlər mənaca eynidirmi?

Əğyar kimdir? Hüseyn Cavid demişkən, “cümlə cinatətlərə bais”, Məsələn, Məşədi İbadın qanuni nişanlısı ilə gündüz-günorta çağı eyş edən. Azərbaycan ədəbiyyatında elə bir aşiq yoxdur ki, əğyar onun cananını  yoldan çıxarmasın. Əğyar təkcə Azərbaycan  ədəbiyyatının yox, bütün millətin bir nömrəli problemidir. Biganə isə, lüğətə görə, “yad, yabançı, özgə, tanış olmayan” adamdır.

Bununla işimiz yoxdur.

“Pərvanə eşqi var, dolanır şəm başına,

Şəm isə yandırır onu, pərvanə neyləsin!”

Burda da Vahid sadə bir mülahizəni, fikri dolaşıq və səhv ifadə edib. Pərvanə özünü oda salıbsa, sual belə olmalıdır: Buna şam neyləsin?” Ancaq qafiyə xatirinə Vahid “pərvanə” yazır, çünki xalqı avam  və küt sayıb.

Vahid zülfsevər şairdir. Qəzəldə hökmən zülf olmalıdır.

“Zülfündə nalə eyləsə, incitmə könlümü”.

Könlün zülfdə nalə eləməyi necə olur? Başa düşən var? Bəlkə “zülfündən ötrü” olmalıdır?

Sonra Vahid toyxanadakı kişilərə müraciət edir:

“Məşuqən özgələrlə gəzir, umma xəlqdən…”

Vahidin gözəllərinin bir eybi varsa, özgələrlə gəzməkdir.

“Bir ev ki, getdi qarətə, həmxanə neyləsin?”

Həmxanə — yəni qonşu. Yəni sevgilin özgəsiylə gəzir, buna qonşu neyləsin.

A kişi, necə neyləsin? Uşaq qonşuya oxşayırsa, onda necə?

“Gül qönçəlikdən adət edib bivəfalığa”

Yəni məktəbli vaxtından gəzəyən olub.

“Meyxananənin şərafətini anla badə iç,

Sərxoşluq eylədin, buna meyxanə neyləsin?”

Əxlaq pozğunluğu məsələsini tam həll etməmiş Vahid keçir alkoqolizm probleminə. Deyir ki, sən içib özünü heyvan kimi aparırsansa, buna kafe ya restoran neyləsin, sən gərək normanı biləsən.

Ancaq son beyt indicə dediyini yalana çıxarır. Məlum olur ki, sən əgər çox içib açarını itirmisənsə, sən özün günahkar deyilsən, günahkar sınin stəkan yoldaşındır…

“Vahid deyirsə xəlq həkimanə badə iç,

Həmdəm fəsad olanda həkimanə neyləsin?”…

Vahid nədən başlamışdı? Zülfün dağılmağından və daraqdan.

Hara gəldi çıxıdı?

Kimdir günahkar? Vahid özü ya onun stəkan yoldaşı?

 

06. 07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «QƏM ÇƏKMƏ, KÖNÜL, MƏCLİSƏ CANAN YENƏ GƏLDİ…»

«Qəm çəkmə könül, məclisə canan yenə gəldi…»

Bu misranı biz necə başa düşməliyik? Deyək ki, Əliağa Vahid beş-altı qədəşlə oturub vurur. Və birdən canan girir içəri. “Yenə gəldi” deməklə Vahid bildirir ki, canan belə məclislərin daimi iştirakçısı olub, ancaq arada nə baş veribsə, qısa fasilə verib. Təəssüf ki, şeirdən anlamaq olmur ki, məclisdə Vahidlə oturanların da cananları yanlarındadır ya elə cananla məclisdə oturmaq yalnız Vahidin imtiyazıdır.
“Bu qalibi-biruhə verən can yenə gəldi”.

Yəni canan gələn kimi ruhsuz Vahidə “can gəlir”.

Sonra:

“Bir neçə gün olmuşdu günüm tirə qəmindən”

Bu misra çox maraqlıdır, çünki əruz tələb edir ki, “neçə” sözündəki “e”ni uzadasan. “Bir neeeçə gün olmuşdu…” Ayrı cür olmaz.

“Ahəstə yığıb başına öz ləşkəri-zülfün”

Vahidin zülfsüz qəzəli çox azdır. Sözün hər cür mənasında Vahid zülfün əsiridir. Yəni Vahid bir növ fetişistdir, onun fetişi zülfdür, yəni qadın başının tük örtüyü.

“Ləşkər” sözü bizə Füzulinin “Söz” rədifli qəzəlindən tanışdır, “qoşun” deməkdir. İndi özünüz hökm verin: qadın saçları nə dərəcədə qoşuna bənzəyir? Qadınlar iki saç hörərdilər  — iki saçdan nə qoşun? Bəlkə məclisə gələn canan afrikalı gözəl imiş?
“Könlüm evini etməyə viran yenə gəldi”.

İki misra əvvəl deyirdi ki, ölübmüş, canan buna can verib, indi deyir “könül evini” xaraba qoyacaq…

“Yenə dedi Ocaqqqulunun axsaq eşşəyi!”

Bu, Cəfər Cabbarlıdandlr. Vahid isə yenə zülf deyir.

“Sal boynuma, canana dedim, həlqəyi zülfün”

Bayaq zülf ləşkər idi, indi oldu həlqə…

Aha! Qəzəldə bülbül olmalıdır. Al gəlsin, bu da bülbül:

“Qan ağlama, bülbül, dəxi gülzar həvəsində.
Əyyami-xəzan keçdi, gülüstan yenə gəldi.”

Bülbül xəzanı, yəni payızı harda görür? Bülbüllər avqustun ortalarından Afrikaya köçürlər…

Yenə zülf! Yenə zülf!

“Vahid, bilir aləm məni, ol zülfə əsirəm”….

A kişi, bilirik. Vallah, Bilirik…

Dəlöy-dəlöy… Uy aman…

05. 07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: BİLMƏK OLMUR CANAN KİŞİDİR YA ARVAD…

Əliağa Vahid

Bu qəzəli müxtəlif müğənnilərin ifasında uşaqlıqdan dönə-dönə eşitmişəm və yəqin ki, bir neçə dəfə ağlamışam da. İndi bu qəzəli oxuduqca məni elə gülmək tutur ki, öz-özümdən xəcalət çəkirəm – gülmək mənim harama yaraşır?…

“Narazıyam ey gül, mənə imdad eləsən də”

Deməli, sevgilisi aşiqə “imdad” edir, ancaq aşiq narazıdır. Nədən?

İkinci misraya baxaq:
“Naşad eləyən könlümü dilşad eləsən də”.

“Naşad eləyən könlüm” – bunu başa düşən var? Yəqin demək istəyib ki, “naşad etdiyin könlümü”, ancaq misraya sığışdıra bilməyib, keçib basməmmədiyə.

“Sındırmısan, əl vurma, sınıq könlümə zalım.”

Könülə, üstəlik onun sınığına necə əl vurmaq olar? Xalq ifadəsi “könlümə dəymə”dir, əl vurmaq ya vurmamaq maddi olan şeyə deyilə bilər, könül haqqında yox.

“Öz səhvinə bir gün peşiman olacaqsan”

“Gül”ün nə səhvi olub?

“Vəslin həvəsi indi başımdan necə çıxsın?”

Bayaq deyirdi ki, “narazıyam”, “könlümə əl vurma”, indi “vəsl həvəsi”ndən danışır. Vəsl – yəni görüşüb zad eləmək. Buna həvəs başda olmaz, ayrı yerlərdə olar…
“Zülfündə əsirəm, əgər azad eləsən də”

Bu zülf nə yaman şey imiş… Bəlkə “zülf” o dövrün efvemizmidir, əslində şair tamam başqa bir şeyi nəzərdə tutur? Zülfdən ötrü bu qədər həngamə? Yəni bu zülf başın tük örtüyü deyilmi?

“Sən bir mələk olsan da, inanmaz sənə könlüm”

Könül sındırılıbsa, yəni disfunksional olubsa, hardan inanar?


“Bülbül kimi yüz naləvü-fəryad eləsən də”.

Mən bütün vahidsevərlərin diqqətini bu misraya yönəltmək istəyirəm. Burda şair sevgilisini kimə və ya nəyə bənzədir? Bəli,  bülbülə! Qəzəl isə “ey gül” müraciətiylə başlanmışdı. İndi niyə gül dönüb bülbül oldu?

Yox, deyəsən, Məşədi İbad demişkən, canan kişi çıxıb. Özünüz baxın:

“Öz yarına bax, başqa gözəllər səni sevməz”

Bunu, əlbəttə, kişi cinsindən olan şəxsə demək olar.

Ancaq beytin ikinci misrasında kişi yenə arvada çevrilir:
“Şəxsən özünü huri-pərizad eləsən də.”

Son beyt:

“Əğyarə satıb Vahidə yadlar kimi baxma”

Elə belə də olmalıydı, yar əğyarın qoluna girib getməliydi, Məşədi İbad demişkən, “eyş etməyə”. Ancaq Vahid də “qoçuları buraya yığacaqmı”? Yox:
“Yaddan o, çıxarmaz sən onu yad, eləsən də.”

Ah, yaxşı ki, bizim aşiqlər xoşqeyrtdirlər, yoxsa Azərbaycan poeziyasının hər misrasından qan damcılardı…

04. 07. 2024, Samara 

«MEYSİZ, MƏZƏSİZ…» SƏMƏD VURĞUN İDDİA EDİR Kİ, XANIMI İÇİRTMƏDƏN ZAD ELƏMƏK MÜMKÜN DEYİL…

samed-stalin

Əliağa Vahid yüksək təvazö hissi ilə deyib ki, “böyük Füzulimizin yadigarı mən özüməm”. Bu sözdən sonra gərək bir qurumsaq əlinə qələm alıb qəzəl yazmayaydı. Ancaq, təəssüf ki, Azərbaycanda qurumsaq bir deyil, iki deyil. Nəinki Vahiddən, hətta Füzulinin özündən həya eləmədən qəzəl yazıblar və indiyəcən yazırlar. Vahiddən fərqli olaraq özünü Füzulinin yox, 26 Bakı komissarının və şəxsən Stepan Şaumyanın yadigarı sayan Səməd Vurğun da qəzəl yazıb. İki dəfə Stalin mkafatı laureatı, “Komsomol”, “26-lar”, “Partiymızdır”, “Kommunist küçəsi” kimi ölməz əsərlərin müəllifinin “Ola bilməz” rədifli qəzəlinə baxaq.

“Meysiz, məzəsiz can ilə canan ola bilməz!”

Başa düşdünüz? “Canan” sevgili, sevgili qadın, məşuqə deməkdir. Yeri gəlmişkən, “məşuqə” sözündə ayıb heç nə yoxdur. Əslində “aşiq” və “məşuqə” eyni sözlərdir, biri kişiyə, digəri qadına aiddir.

Qayıdq qəzələ: Səməd Vurğun deyir ki, meysiz, yəni spirtli içkisiz sevişmək mümkün deyil, çünki cananla zad eləməmişdən qabaq onu gərək yaxşı içirdəsən.

Bunu başa düşdük. Görüşə gedəndə gərək əvvəl tuluğunu doldurasan, özünlə də ən azı yarım litr götürəsən ki, “canan” da tuluğunu doldura. Hərçənd «can ola bilməz» nədir, başa düşmək mümkün deyil. Meysiz niyə can olmur?

Ancaq uğurlu sevişmə üçün bu, kafi deyil. Gərək “məzə” də ola. Mən belə başa düşürəm ki, Səməd Vurğun aşiqə cananla görüşdə üzlü, sırtıq və utanmaz olmağı, ayıbçılıq eləməyi tövsiyə edir. Çünki xalq şairinin fikrincə, “məzə” olmasa, “canan”, nə qədər içkili olsa da, yola glməyəcək…

Sonrakı misra:
“Sevda dediyin hər kəsə meydan ola bilməz!”

Yəni eşqbazlıq hər kəsin işi deyil. Əlbəttə, mey, məzə kimi yüksək tələbləri hər kişi yerinə yetirə bilməz!

Qəzəlin konkret mövzusu olmalıdır. Səməd Vurğunun qəzəliniin konkret mövzusu yoxdur. Qafiyə hara aparırsa, ora da gedir. Birinci beytdə cananı ələ almaq üçün onu içirtməyin vacibliyini kişilərə izah edən dahi birdən sənətkatlıq, sənətşünaslıq məsələlərinə toxunur.

“Arifləri dindir ki, nədir şer ilə sənət?”

Yəni bilikli adamlardan soruşun ki, şeir və sənət nədir. Sual aydındır. İndi akademik şairin öz sualına verdiyi cavaba baxaq:
“Şair yaranan ömrə peşiman ola bilməz!”

Bu, cavabdır ya sayıqlama?

Şeirin nə olduğunu izah etmək əvəzinə Səməd Vurğun deyir ki, şairliyi ona akademiklik, deputatlıq verib, iki dəfə Stalin mükafatı, Lenin ordeni verib, şəhərin mərkəzində ev, bahalı maşın verib, cins itlərlə ceyran ovuna çıxır, avropaları gəzir.

Belə ömrə kim peşman olar?

“Könlüm evi bir gülşənə bənzər ki, əzizim,
Min badi – xəzan əssə də viran ola bilməz!”

“Badi-xəzan” – payız küləyidir. Yaxşı, əgər akademikin “könül evi” gülşəndirsə, orda niyə payız küləyi əsməlidir?

Bəlkə SSRİ Ali Sovetinin deputatı demək istəyir ki, nə qədər Müşfiqlər, Cavidlər, Salmanmümtazlar gedər-gəlməzə göndərilsələr də, mənim vecimə deyil, özüm də bolşevik təmizləmələrində iştirak edirəm, Rəsul Rza kimi, mən də sosializmin düşmənləri ilə mübarizənin önündəyəm.

“Girdim günəşin qoynuna, minbir səhərim var,
Bülbül də mənim, gül də, zimistan ola bilməz.”

Günəşin qoynuna girmək necə olur?

Və niyə qış yox, «zimistan»? Canana, insana,  dövrana qafiyədir, ona görə?

“…insanlığa pis gözlə baxanlar,

Dünyada bir ad qoysa da, insan ola bilməz!”

İnsanlığa pis gözlə baxanlar kimdir? Stalin? Hitler? Stepan Şaumyan? Mircəfər?

Mircəfəri, Stalini, Lenini, kommunist partiyasını, komsomolu tərənnüm etmiş Səməd Vurğun da ad qoyub, ancaq ona insan, yəni yaxşı insan demək olarmı?

“Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən”…

Bəh-bəh… Azərbaycanlıda olan təvazö hissi heç bir millətdə yoxdur. Vallah, bizdə adamlar ürək-damar xəstəliklərindən ölmürlər, təvazökarlıqdan ölürlər. Səməd Vurğun da xərçəngdən ölməyib, təvazödən ölüb…
Və bir az da Allahın qəzəbinə gəldiyindən. Çünki basməmmədi yazıb, əqidəsini məzəyə, kefə, dəbdəbəyə, ordenə satıb. Allahın qəzəbinə Səməd Vurğun bu misraya görə də gələ bilərdi:

“Bundan da gözəl bir daha dövran ola bilməz!”

Tuthatut, sürgünlər, məhkəməsinz güllələnmələr zamanı bunu deyən adamı Allahın qəzəbinə gələrdi…

Vallah, gələrdi…

X.X.

25. 05. 2-24, Samara

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -IX

Məmməd Araz şeirləri

“YOXDU

Bu şeir aşıq gəraylısı formasındadır. Məmməd Arza sazı basıb sinəsinə, görək nə deyib.

“Bu ocaqda söz alışqan,

Alışan var, yanan yoxdu.

Hansı ocaqda? İkinci misraya fikir verin: deməli, Həsən keçəl keçəl Həsən deyil? Alışanla yananın fərqi nədir?

Şeir başdan-başa narazılıq, giley, təhqir, alçaltma və aşağılamadır.

“Söz qanmaz ki, şeşələnir,

Söz küllükdə eşələnir.

Söz qanmayanın şeşələnməyi necə olur? Əgər Füzulini kimsə qanmırsa, Füsulinin sözü küllüükdə eşələnməlidir? Məmməd Arazın öz şeirlərinin yeri, hə, küllükdür. Ancaq Füzuli var, Molla Pənah var…

“Min dərdim var — rişələnir,

Bircəsini qanan yoxdu.

Naxçıvandan Bakıya ayaq qoyandan Məmməd  İbarahimin (Arazın) nazı çəkilib, bir kitabxanalıq kitabı dövlətin, yəni xalqın puluyla nəşr edilib, özü ətək-ətək qonorar alıb, kurortlar gəzib. Deyir “dərdimi qanan yoxdu…”

Birdən cəfəngiyyat yazdığını çaşıb etiraf edir:

“Daşdan-kəsəkdən yazıram,

Çəndən-çiçəkdən yazıram,

 İtdən-pişikdən yazıram,

 Heç fərqinə varan yoxdu.

Fərqinə varsaydılar, deyərdilər cənab, sən bizi dolamısan? Get ictimai-faydalı əməklə məşğul ol…

“Sözümü yordum bu yolda,

İzimi yordum bu yolda,

Dözümü yordum bu yolda;

 Dözümə də güman yoxdu.

Bu bəndi kilometrlərlə uzatmaq olar: üzümü, gözümü, ağzımı, bezimi, dizimi…

Görəsən, Məmməd Araz öz yazdığını oxuyub xəcalət çəkirmiş?

“Şeir”1991-ci ilin yazında yazılıb. Məmməd Araz bambılılıq edəndə xalq yeməyə çörək tapmırdı…

DALIMCA GƏLMƏ

Bu, yaxşı şeir olmalıdır. Kimsə şairin dalınca düşüb onu təqib edir. İngiliscə belə adamlara stalker deyirlər. Görək kimdir.

“Ta mənim dalımca gəlmə, əzizim

Deyəsən, dalıycan gələn arvaddır. Sonra:

Bir şöhrət çəhlimi tap, qoşul ona.

Bunu başa düşmədim. “Şöhrət çəhlimi” kimdir ya nədir?

«Çətin cığınmız yollaşa bizim,»

“Yollaşa” – yəni yola çevrilə? Məmməd Arazın neologizm sexi dayanmadan işləyir…

“İz tapaq bir məslək qonşuluğuna.

Deyəsən dalda gələn kişidir. Məslək söhbəti var.

“Sabahın sədası bu gündən gəlir,

Taledir quruda tapdığın qayıq.

Qayıq suda tapılsaydı, tale olmazdı? Qiyamət qopardı? Ya fırtına? Quruda tapılan qayıq niyə taledir?

“Əvvəlin sonu yox, sonun əvvəli.

Bu cəfəng misranı olduğu kimi R. Behrudi salıb öz cızmaqarasına. Baxa bilərsiniz. Məmməd Arazın tökdüyünü R. Behrudi yalayırmış…

“Sən mənim dalımca daş at da, qayıt.

Oho! Bu nə ağır jest oldu!

Məni maraq öldürür: gələn kişidir ya arvad? Heyf ki, dilimizin qrammatikasında cins kateqoriyası yoxdur…

“Yedəkdə nərin də nərliyi itir;

Nər – yəni dəvə. Dəvə kimin yedəyində gedir? Niyə dəvəliyi itir?

“Neçə çubuq yeyir bir tikan üçün.

Məmməd Araz hamını özüylə ölçür. Yadınızdadır pişiklə necə kobud danışırdı? Elə hesab edir ki, dəvə ağzını tikana atanda sahibi onu kötəkləməlidir. Niyə? Dəli olub?

“Əsrin günahları gözümdə bitir,»

Gözdə günah necə bitir?

Yadınızdadırsa, şairin dalınca kimsə gəlir. Bunu dalda gələnə deyir? Bayaq deyirdi məni daşa bas, indi əsrin günahlarından danışır.

Vacib detal: Məmməd Arazın özünün günahı yoxdur, yeganə günahı günahsızlıqdır. Günah — əsrindir.

“Noxtası quşquna bağlı yol gedən…

Sonrası? — Beləcə adət, öyrəniş!

Başa düşdünüz? Mən – yox!

Şeirin son bəndi. Şeir, nəhayət, başa çatır, şairin dalına düşən kim idisə, üçüncü bənddən yoxa çıxıb.

“Yoluna yol verməz duman da, çən də,

 Özün öz yoluna özül olmasan;

“Yoluna yol verməz…”

Suyuna su verməz… işığına işıq verməz…

Mətn 1991-ci ilin iyununda Qubada yazılıb. Xalq çörək tapmayanda xalqın şairi can bəsləyirmiş…Özü də hamıdan narazıdır…

«GÖY ALTINDA, YER ÜSTÜNDƏ»

“Bu dünya ibrətdi, bu dünya dərsdi,

 İtirən uduzur, götürən udur.

Bunu indiyəcən bilən var idi?- “götürən udur…”

İnsanın varlığı quruca səsdi…

Belədə deyirlər ki, sən özündən danış. Üzeyir Hacıbəyov quru səs idi?

“Dağ aşar, çay adlar insan qədəmi

Şair niyə “addım” demir, ərəbcə “qədəm” deyir? Kütləni sarsıtmaq üçün? Şeyx Əhməd Şeyx Nəsrullahın yanını basırdı: “Ərəbcə de, de, ərəbcə…”

Yəqin başa düşənlər oldu: “qədəm” “qələm” sözünə qafiyədir.

“Vaxt olur götürüb kağız-qələmi

Qaçmaq istəyirəm Yer kürəsindən...”

Evdən yox, şəhərdən yox. Yer kürəsindən! Nəsimi miqyası!

Marsa da getsə, kağız-qələmlə getmək istəyir. Vay marsdakıların halına…

“Allahı dananlar Allaha yaxın,

Allahı sevənə gor eşmək düşür.

Bunu Məmməd Araz hardan bilib? Eksperiment, müşahidə? Ya qeybdən qulağına pıçıldayıblar? Allaha yaxınlıq keflə yaşamaqdrsa, Məməd Araz özü Allahı danan olub. Hələ kürəkəni Aqil Abbası demirəm. Yəqin lap yazılı şəkildə danır, notariusda möhür də vurdurur, yoxsa belə naz-nemət içində yaşamazdı… Razılaşın ki, Məmməd Araz gor eşməyib, yəni alın təri ilə çörək qazanıb yamaqlı şalvar geyməyib. Deməli, öz düsturuna görə, yüz faiz Allahı danıb…

“Əl verib, əl tutmaq nə dəb, nə vərdiş,

 Əl tutan bir isə, əl kəsən min-min.

Əkindi, səpindi, biçindi, vərdi,

Torpaqdı mayası mənim şerimin.

Bu bənddən bir şey başa düşürsünüz? Məmməd Araz əl-ələ görüşməyin əleyhinədir, çünki əl kəsənlər var, əlini verərsən, birdən görərsən biləyəcən kəsilib…Belə? Sonra şeirinin mayasından danışır, deyir torpaqdı, əkindi səpindi… Ancaq bunun əl tutmağa, əl kəsməyə nə dəxli?

Əməl muzeyidir insan yaddaşı,

Ad ki həkk olundu — şöhrət daşı var.

İkinci misradan bir şey başa düşdünüz?  “Şöhrət daşı” nədir? Əgər indi az-çox tanınan müəlliflərin əksəriyyəti belə yazırsa, demək olarmı ki, Azərbaycan dəlixanadır?

“Tale bir xoş ömrü çox gördü mənə,

Tikan da əkilməz qəbrimin üstə;

Şeir 1991-ci ildə yazılıb. Qarışıqlıq vaxtı. Məmməd Araz qorxurmuş ki, ölkə ayılıar, bakılılar da ayılarlar, ölsə, deyərlər ki, aparın basdırın harda doğulub, orda…

Məmməd Araz Vətən fikri yox, yaxşı güzəran və Fəxri Xiyaban fikri çəkirmiş…

Baxıb yuxarıdakı misraya:

“Tale bir xoş ömrü çox gördü mənə…

1991-ci ilin martı. Yəqin şair korluq çəkib, qırqovul, kəklik  əvəzinə nifrətamiz toyuq yeməyə məcbur olub…

“Bu gözdən o gözü görmürəm daha,

 Gözümün içi də yaxşı görünmür.

Heç şübhə ola bilməz: yemək qıt olub. Ancaq ikinci misra çox gülməlidir. Şair öz gözünün içini görmək istəyir? Niyə?

“Torpaqsız, bu yurdda min bölgü olur,

 Böyüyən iddiam — bəlkə də sonum!

Başa düşdünüz? Yox? Xalq şairini qınamayın. Həftələrlə hansı xalq şairi qırqovul-plov, kəklik çığırtması yeməsə, sarsaqlayar…

Yadınıza salım ki, 1991-ci ilin martıdır. Azərbaycan torpaqlarında qan su yerinə axır…

X.X.

05. 06. 2024, Samara

ardı var

əvvəli burda:

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VIII

GƏDƏBİYYAT. RÜSTƏM BEHRUDİNİN YERİ DAR AĞACININ HARASINDA OLMALIDIR? ƏLBƏTTƏ, İLGƏYİNDƏ!

Molla Nəsrəddindən soruşdular ki, tabut aparılanda onun harasında olmaq yaxşıdır. Molla dedi ki, harasında olursan, ol, içində olma…

Mən by lətifəni Rüstəm Behrudinin “Salam, dar ağacı” şeirini oxuyanda xatırladım. İndi biləcəksiniz niyə.

Hələ məktəb dərsliklərində süjetli və və sejetsiz şeirlərin olduğu deyilirdi. Məsələ o qədər də sadə deyil və mübahisəlidir. Ancaq şeirin nəyi olmasa da, mövzusu olmalıdır. Mövzu isə hadisə də ola bilər, təəssür də, yaşantı da, xatirə də, düşüncə də. Ancaq konkret mövzu olmalıdır və Azərbaycan poeziyasında  da mövzu 20-ci əsrin 60-cı illərinə qədər olub. Götürün Füzulinin qəzəllərini, Vaqifin qoşmalarını, Sabirin, Cəfər Cabbarlının, Müşfiqin şeirlərini. Hamısında mövzu var, hamısında inkişaf xətti var, ekspozisiya var, final var. Ancaq 60-cı illərdə və ondan sonra şeirin ən vacib elementi, onurğa sümüyü olan mövzu itir, müəllif əvvəldə nəyi isə bəyan edir, sonra aralarındakı məna, məzmun əlaqəsini müəyyən etmək mümkün olmayan üç, dörd, yeddi, səkkiz bəndlik mətn tərtib edib altında tarixini qoyur.

Təəccüblənməyin: Məmməd Arazın, demək olar ki, bütün mətnləri belədir. Onlar bir tərəfdən hər şey haqqındadır, digər tərəfdən, heç nə haqqında deyil.

İnciməyin: Bəxtiyar Vahabzadənin şeirlərinin də çoxu belədir.

Ramiz Rövşənin “Cibimdə əlim darıxır” şerinin mövzusu nədir? Rədif önünə qafiyə tapsan, belə şeiri kilometrlərlə uzatmaq olar: əlim, dilim, qolum darıxır…dalım darıxır və s. bu cür cəfəngiyat.

Qurban Məmmədli demişkən, əziz həmvətənlər, bu, humanitar fəlakətdir. Azərbaycan ədəbiyyatını gədə-güdə və aferistlər yazır.

Baxaq Rüstəm Behrudinin şeirinə.

“Yolumu gözlədin hər səhər-axşam…

Mətn oxunanda, gözümüzün önündə, musiqiçilərin dili ilə desək, vizual sıra yaranmalıdır. İndən belə R. Behrudi adlanacaq şeir müəllifi dar ağacına müraciət edir. Dar ağacı hardadır? Dar ağacına, ölüm hökmünə məhkum edilən adam edam ərəfəsində müraciət edə bilər. Ya da apardığı təhlükəl mübarizəinin onu ölümə aparacağını bilən adam. Məgər R. Behrudi haçansa nəyinsə uğrunda mübarizə aparıb? Əlbəttə, günəş altında yer, yağlı tikə uğrunda mübarizə aparıb, hətta hər cür alçaqlığa əl atdığına da şübhə etmirəm. Ancaq mən siyasi mübarzəni nəzərdə tuuturam. Məsələn, totalitarizmə qarşı, faşizmə qarşı mübarizə. Ən azından Xəzəri hasarlayanlarla mübarizə. Aparıb? yox? Bəs niyə dar ağacına sürtüşür?

Dar ağacı mövzudurmu?

Yox, mövzu deyil. Dar ağacı oxuvcunu sarsıtmaq üçündür. Dar ağacı cılızı böyüdür, cındırı nəcib edir. Şeirin başlanğıcından müəllifin dar ağaıyla salamlaşdığını (tərsə salamlaşdığını) görən oxucu, əlbəttə dalıyca gələnin cəfəngiyat olduğunu görməyəcək.

İndi keçək dalına. R. Behrudinin yox, şeirin. Dalı sualdır.

“O hansı millətdir, taleyi sirdir?

Qtrammattik cəhətdən qüsurlu bu sualın dar ağacı ilə nə əlaqəsi var? Taleyi sirli olmayan xalq var?

“Yüz adla bölündü, yenə də birdir!

Bölünən xalqlar nə qədər istəsən! Koreyalılar, irlandlar, kürdlər, basklar, talışlar, türkmənlər, beluclar, puştunlar… Saymaqla qurtarmaz.

“Məni hüzuruna bu dərd gətirdi».

Aha! Dar ağacının hüzuruna R. Behrudini dərd gətirib. Yeri gəlmişkən, şəkillərinə baxın, buğa kimidir. Dərd çəkənə oxşayır? Özü də bölünən xalqların dərdi…

Ay lotu…

Sonra tərs salamlaşma: “Əleyküm-salam…

Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.

Gölləri sadalayır, sonra deyir can üstündə gördüm. Yəni “yaralı, can üstdə” həmcins üzvlərin hər brinə aiddir. Yaxşı, deyək ki, Aral doğrudan da can üstdədir. Bəs Xəzər? Aşıb-daşan Baykal can üstdədir, ay aferist? Lap elə can üstdə olsun, sən kimsən ki, Baykal dərdi çəkəsən, sənin qəlbin də, zehniyyətin də nohur miqyası və dərinliyindədir.

“Tanrını bəndədən aralı gördüm».

Bi misranın yuxarıdakılarla əlaqəsi var? Deyək ki, var, hərçənd yoxdur. Tanrının bəndədən aralı olduğunu bu insan (şərti!) necə görüb?

Əziz həmvətənələr! Yadınızdan çıxarnmayın ki, şeirdə söhbət dar ağacından asılmaqdan getməlidir. Gedirmi?

“Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının
”.

Başa düşdünüz? Mən – yox! Fələk – qarıdır. Deyək ki, F. Behrudinin nənəsi. Onun çarxı tərs fırlanır. İkinci misrada mübtəda hardadır, tamamlıq hardadır? Kölgə nəyin kölgəsidir, budaqlar nəyindir?

“Rəngi bayrağımda yarpaqlarının»

Nəyin rəngi? Çərx-fələyin? Turanın? Kölgənin?


“Əvvəlin axırı, sonun əvvəli…”

Gördünüz? Məmməd Araz Məktəbi! Keçəl Həsən, Həsən keçəl.

“Buymuş, bilməmişəm bunu mən dəli.

Yox, cənab, sən dəli-zad deyilsən, sən soyuqqanlı aferistsən. Cəfəngiyatını millətə sırımağı bacarırsan.

“Qorxum yox! Nə olsun boyun göy dəlir?!

Nəyin, kimin boyu? Qarı fələyin? Dara ağacının? R. Behrudi, bu İsfahan… pardon, bu Naxçıvan lotusu niyə dar ağacından qorxmalıdır ki? Lotuları kim dar dacından asır? Azərbaycanda bir lotunu tutublar? Azərbaycanda şərlənib tutulanları tanıyırıq…

Olasan Rüstəm-zal, o dar ağacının dirəyini çıxarıb soxasan… Vallah, adamın ürəyinin başı yanır. Millət nə yaman gündədir…

“Danış, Əmir Teymur, bu son nəydi bə?

A kişi, özünü yığışdır, Əmir Teymurla nə şin var, sənin səviyyən məhəllə qoçusudur…

Sən haranın türkü oldun? Sən zoğal dəyənəkli Xudayar bəydən qüdrətli rəhbər görmüsən?

Bəs bu sondakı “bə” nədir? Bəlkə “məəə?”

“Boynumda ağ kəfən, dilimdə tövbə…

Behrudini boynunda kəfən təsəvvür edirsiniz? Kəfən boyunda olur? Qismət olsun, R. Behrudini dediyi kimi görəsiniz.

Amin!

“Dərsini tərs bilən, mənimdi tövbə!

Başa düşdünüz?

“Ey darın ağacı! Kimdən kəməm, kəm?!

Bəs bunu necə?

Bu lotu dar ağacından asılan azadlıq fədailərini təhqir edir, vallah! Belə adam asılsa, ancaq, rus demişkən, yumurtalarından asıla bilər… Только за яйца! Məsələn, borca götər, artıq-əskik danışdığına görə?
“Ya səni yendirrəm, ya sənə yennəm.

“Yendirrəm” – azərbaycanca deyil. Bəlkə “endirrəm”?  “Ya sənə ennəm”? Bayaq demişdi ki, dar ağacı göyü dəlir, göydələnə necə enmək olar? Helikopterlə?

“Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkürəm…
.”

Başa düşdünüz? Nəhəyər, dili doğruya gəldi: atasından xəbəri yoxdur…Maması gəncliyini xoş keçirib – bu mənim sözüm deyil, fransız komediyasındandır…

Mən R. Behrudidən çoxdan acıqlıydım Səbəbi burda:

ZƏLİMXAN YAQUB BİZİ RÜSTƏM BEHRUDİYƏ TAPŞIRIB GEDİB…

Qayıdaq Molla deyənə. Mən R. Behrudini dar ağacının harasında görmək istərdim?

Əlbəttə, ilgəyində!

Yumurtalarından asılmış halda…

X.X.

03. 06. 2024, Samara

P.S. İnternetdə R. Behrudi haqqında uzun bir məqaləyə rast gəldim. Uzun məqələnin müəllifi iddia edir ki, R. Behrudi “dar ağacı” dahi şair Akif Azalpdan oğurlayıb. Tez axtarıb bu cənabın şeirlrini İnternetdə tapdım. Və çox məyus oldum, çünki, məncə, ikisi də bir-birinin tayıdır. “Turan” sözünü hara gəldi soxur. Düzü, mən bilmirəm Turan nədir və haradır. Turan deyiləndə gözümün qabağına Qurbanqulu Berdumühəmmədov gəlir. Turan-muran… Bu mnim yadıma burda danışalsı olmayan başqa bir lətifəni yadıma salır: dərə-mərə, Əsəd-məsəd, eşşək-meşşək…

X.X.

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VIII

Məmməd Araz şeirləri

«GÜZƏŞT» şeiri.

Şərq poeziyası, mən müsəlman ölkələrinin ədəbiyyatını nəzərdə tuturam,  xristian millətlərin poeziyasından bir vacib xassəsi ilə fərqlənir. Rus və qərb poeziyasının yaxşı nümunələrində müəllif özünütəhlilə meyllidir, xeyli halda lirik şeirin mövzusu şairin etirafıdır, özünə rəva bilmədiyini başqalarına elədiyinə görə çəkdiyi vicdan əzabıdır, günahlardır və. s. Bu bəlkə də xristian kilsəsinin öz üzvləri, ardıcılları qarşısında qoyduğu sərt təəblərlə bağlıdır. Katoliklərdə, məsələn, gümahların kilsədə ruhaniyə etirafı məcburi prosedurdur. Əsrlərlə məcburi olan şey, əlbəttə, insanların mühüm  hissəsində, o cümlədən yaradıcı insanlarda, mənəvi-əxlaqi tələbata çevrilir.

Müsəlmanlarda belə şey varmı? Yoxdur. Günah eləmisən? Kiməsə badalaq qurmusan? Arvada sataşmısan? Malını yemisən? Heç darıxıb-eləmə. Mollaya quran xətm elətdir, qurban kəs, seyidə nəzir ver, ocağa xələt apar, get Kərbəlaya, Məkkəyə ziyarətə — tərtəmizsən…

Qəribədir ki, etiraf kimi bəyan edilən, başlanan şeirlər azərbaycanlılar çox yazırlar. Ancaq elə ilk misralardan sonra Məşədi İbad deyən olur: “Mənim eybim eyibsizlikdir”. Bəxtiyar Vahabzadənin indi adını unutduğum şeirində elə belə deyilir: “Mənim günahlarım günahsızlıqdır”. Təxminən belə deyir.

İndi Məmməd Arazın “Güzəşt” şeirinə baxaq.

“Bir çaydan su içir güzəşt də, qəsd də…

Bəlkə “qaynaqlanır” demək istəyib? Suyu gül içər, bostan içər…

Bununla işimiz olmasın.

“Od da var, buz da var insan qanında.

A kişi, sözünün canını de. Xalq “soyuqqanlı” deyib, yaxşı da deyib. Buz nədir?

“Kimi söz acıdır qızıl qəfəsdə,

Kimi qum sovurur söz xırmanında.

Qızıl qəfəsdə söz acı? Kimdir? Tutuquşu? “Söz xırmanı” nədir? Qum karxanada olar. Xırmanda dəni sovururlar…

Sonrakı bənd tam cəfəngiyatdır. Yəqin Məmməd Araz yatanda yanına “Vesna” maqnitofonunu qoyurmuş ki, sayıqlamalarını yazsın. O maqnitafon hər adamda yox idi…

3-cü bənd.

“Günah çamırında ağnayana bax..”

Yəni eşşəyə?

Misraya diqqət edin: Məmməd Araz bu şeirdə öz günahlarından danışmayacaq, güzəşt – günah deyilmiş, ləyaqət imiş,  yeganə günahı isə, Bəxtiyar Vahabzadə kimi, günahsızlıqdır. Günahkar – başqalarıdır. Biri, odur ey, günah çamırında ağnayır….

“Onun da baxtına günəş doğulur”.

Günah çamırında ağlayanın baxtına?

“Qulağı kar olun hin harayına,

Tülküyə borcumuz hörmətdi-dedi…”

Bəh-bəh… Hin, tülkü… Hin harayı – yəni toyuq-cücənin harayı. Haraya getməyənlər özlərini doğrultmaq üçün deyirlər ki, bizim tülküyə hörmətimiz var…

Hin harayı… Humanitar fəlakət….

Buna poeziya deyənin lap…

Sonra şair Ayızadədən (böyük hərflə, Ayızadə — soyadıdır)) danışır, Ayızadə bunun üstünə çəmkirib, bu onun burnunun üstünə vurmayıb…

Görürsünüz, şair təzə doğulan körpə kimi günahsızdır. Yeganə günahı nəcibliyidir…

“İnadda yüzəmsə, güzəştdə minəm,

Öz əlim pis qazmır öz məzarımı.

Altruist, min faiz altruist! Çörəyini verib özgələrə, özü ac yatıb… Ya da gedib kurortlarda yeyib…

Bəlkə ona görə belə sayıqlayırmış?

“Bu xalqa ömürlük tapşıran mənəm

Dərə məzarımı, düz məzarımı.

Başa düşdünüz? Xalqa dərə məzarını tapşırıb, xalqı isə kürəkəni Aqil Abbasa…

O qədər güzəştə getdim, bu haqqı

Çox azlar yenə də çox az bildilər.

Elə danışır ki, guya millətə elə bu çörək verirmiş… Kurortları gəzə-gəzə…

Özü öz gözndə elə böyüyüb ki, daha “Həsən keçəl – Keçəl Həsənə” də tənbəlik edir. Elə iki dəfə Həsən deyir ya da iki dəfə “keçəl”.

“çox azlar… çox azlar…”

Azərbaycanda yaxşı dilçi alimlər qalıbsa, göstərin, desin son misra azərbaycancadır ya bizim bilmədiyimiz ayrı dildədir.

Kamal Abdullaya göstərməyin, o özü dilimizi bilmir…

“Babam da beləcə, atam da belə

Toruna düşənə güzəştə getdi.

 Torundan qaçana güzəştə getdi»

Burda şair çaşıb ailə, nəsil sirrini açır: babas da, atası da adamları tora salırlarmış, yəni badalaq qururlarmış…

Son misra lap maraqlıdır: Kimsə öz səyi və fərasət ilə babasının torundn çıxıb qaça bilibsə, daha bu nə güzəşt oldu…

“O qədər güzəştə getdim, axırda

Palazım dartıldı ayağım altdan».

Bu yazılanı səhnə kimi təsəvvür edib xeyli güldüm. Kinokomediyalarda müxtəlif persoonajların ayağının altından palaz, xalça çəkilir,o adam da kəlləmayallaq olur…

Məmməd Arazı kəlləmayallaq təsəvvür edin. Ürəkdən gülün. O sizi, bizi lox, debil sayıb o qədər gülüb ki…

X.X.

02.06.2024, Samara

ardı var

əvvəli burda:

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VII