Архив тегов | İlqar Məmmədov

АЗЕРБАЙДЖАН ПОЛОСАТЫЙ

КОНЦЛАГЕРЬ

SƏN GƏLMƏZ OLDUN

Lazıma həsr olunur

            Sözləri İ. Əliyevin

            Musiqisi İ. Əliyevin

            İfa edir millət vəkili Z. Xanlarova

 

On il bundan qabaq sən gələcəkdin,

On il gəldi keçdi, sən gəlməz oldun.

Gəlib qonşuları mələdəcəkdin,

Qonşular kef çəkdi, sən gəlməz oldun.

 

Sən gəlməz oldun, sən gəlməz oldun,

Brat, gözləyirəm, sən gəlməz oldun.

Lazım, gözləyirəm, sən gəlməz oldun.

 

Niyə unutmusan söylə, əhdi sən,

Gül bayramı oldu, sən gəlnməz oldun.

Londona, Parisə bəlkə getmisən,

“Azadlıq” boğuldu, sən gəlməz oldun.

 

Sən gəlməz oldun, sən gəlməz oldun,

Brat, gözləyirəm, sən gəlməz oldun.

 

Deyirdin quş kimi gəlib qonarsan,

Quşlar qəfəsdədir, sən gəlməz oldun.

İndi ağzınacan dolub Güzdəxan,

Susdu Xədicə də, sən gəlməz oldun.

 

Zalım, gözləyirəm, sən gəlməz oldun,

Lazım, gözləyirəm, sən gəlməz oldun.

Brat, gözləyirəm, sən gəlməz oldun.

 

10.01. 2015 Samara

 

 

 

 

 

 

 

QOYUN İLİMİZ MÜBARƏK!

ЧОБАН 1

Vətən oğlu çoban Qara,

Yaxşı baxır qoyunlara.

Birdir onun məhəbbəti,

Köklərə, həm arıqlara.

FACİƏMİZ SAYILMAYAN QOL DEYİL!

Bakıda bir yaxşı tarzən var, bura bir neçə dəfə gəlib. Mənə deyirdi ki, “müəllim, yazdıqlarınızı həmişə oxuyuram, ancaq bağışlayın ki, “layk” qoya bilmirəm, özünüz başa düşürsünüz…” Mən də dedim ki, oxumağınız elə bəsdir, layk-mayk lazım deyil…

İnsan öz ölkəsində barmağını basıb bəyəndiyi bir sözə “yaxşıdır” deməyə qorxur. Faciə budur, qondarma “Qarabağ” komandasının uduzmağı yox!

İlqar Məmmədov kimi insan türmədədir – faciə budur!

Xədicə İsmayılova tutulub – faciə budur!

Azərbaycanın şərəf və ləyaqətini qondarma, ətlənib-yağlanmış, xalqın malına zəli kimi yapışmış futbol komandaları yox, Xədicə İsmayıl, İlqar Məmmədov kimi insanlar xilas edə bilərlər. Bu insanların şücaəti nümunədir və bu şücaət numunələri bizim üçün mənəviyyət tarixi, yəni, nə gizlədək, bizdə hələlik olmayan tarixi yaradır. Bu kök və bəlkə də indiki gözəllik standartları baxımından yöndəmsiz qadının şücaəti ondan bilinir ki, böyük türməyə çevrilməkdə olan ölkəni çoxdan tərk edə bilərdi. Leyla Yunus da, əri də gedə bilərdilər. Ancaq getmədilər. Ona görə də kimin vətənpərvər, kimin isə vətənsoyan olduğu barədə söhbətlər artıqdır.

Xədicə İsmayıl tutulub – heç kim “faciə!” deyib qışqırmır. Ancaq əsil faciə budur! Heç bir cinatət törətməmiş insanın, özü də qadının zindana salınması ölkədəki deqradasiyanın sarsıdıcı səviyyəsini göstərir. Bu ölkədə, kişilərin hər gözəgəlmli qadın görəndə ağız suyu axıtdığı ölkədə, qadına qarşı zorakılıq normadır – hər gün qadınlar doğranılır, güllələnir, yumruq altında öldürülürlər. Vətəndaşların, ilk növbədə uşaqların, qocaların, qadınların təhlükəsizliyini qorumalı olan dövlət özü qadına qarşı cəzasız zorakılıq nümunəsi göstərir. Faciə budur!

Futbol yarışları yaranan gündən hakimlər səhv edirlər. 1966-cı ildə həmvətənimizim köməyi ilə Almaniya finalda uduzub, indi əksəriyyət bu fikirdədir ki, həmin qol səhvən sayılıb. Bizdə isə Tofiiq Bəhramova heykəl qoyulur. Hakimlər çox vaxt səhvi bilərəkdən eləmirlər. Hakimlik də işdir, hansı işdə səhv olmur? Cərrah bıçağı altında nə qədər insan ölür!

Bizim faciəmiz sayılan ya sayılmayan topda deyil. Faciəmiz odur ki, insanlar öz ölkəsində çağırılmamış qomaq kimi yaşayırlar, fikirləşdiklərini deməyə qorxurlar, buna görə də heç fikirləşmək də istəmirlər və get-gedə qoyuna çevrilirlər… Bulvarda Argentinadan gətirilib əkilmiş əcayib baobabların hörməti Azərbaycan övladlarının hörmtindən çoxdur…

Faciə budur!

ШУША 2

13. 12. 2014

Samara

 

AZƏRBAYCANSAYAĞI OPTİMİZM

Optimist və pessimist haqqında rus lətifəsi var. O lətifə Azərbaycan dilində və Azərbaycan mövzusunda təxminən bu cür olardı.

 

Pessimist: Azərbaycanda bundan artıq özbaşınalıq ola bilməz!

Optimist: Ola bilər, ola bilər!

DUSTAQLAR ÜÇÜN ŞAM YANDIRIN

  Azərbaycanda bayram axşamı mərhumlar, qəriblər xüsusu yad olunurdular, onlar üçün şam yandırılırdı. Son on-on beş ildə öz iradəsii və istəyindən asılı olmayaraq evindən didərgin düşən yeni bir insan zümrəsi yaranıb – siyasi dustaqlar. Yəqin ki, hər dustaq insan övladı olduğuna görə mərhəmətə layiqdir. Məlumdur ki, səhvən tutulan adamlar da həmişə olublar, indi də var. Ancaq siyasi dustaqlar nə günahlarına görə, nə də səhvən tutulublar. Onlar əqidələrinə görə tutulublar, onlar cəmiyyətə yox, insan ətiyələ-qanıyla qidalanan hakimiyyətə təhlükə olduqlarına görə zindana salınıblar. Və bu günahsız insanlara işgəncə verən cəlladlara bəraət yoxdur.

Siyasi dustaqlar üçün şam yandırıb pəncərə qabağına qoyun. Zindan divarlarını yarmaq çətindir, ancaq zindan divarları arxasında məşəqqət çəkən əqidə məhbuslarıyla hənrəylik göstərmək çətin deyil. Buna bir şam işığı kifayətdir…

ÇOX YAŞAMAQ ARZUSU

Rusiyada müəllifliyi Çukovskiyə aid edilən bir ifadə az qala toy sağlığı kimi tez-tez təkrar olunur: “Rusiyada uzun ömür yaşamaq lazımdır ki, dəyişiklilər görə biləsən”.

Mən Rusiyada yaşasam da, burdakı dəyişikliklər məni o qədər də maraqlandırmır, olan dəyşikliklər isə ancaq məyus edir. Uzun yaşamaq arzusu Azərbaycandakı dəyişiklikləri, yəni indi İlqar Məmmədov kimi adamları zindana salan adamların özünü zindanda görmək istəyimdəndir.

BAŞIAŞAĞILIQ TARİXİ

                  1.

Qarabağın geri qaytarılmağına — əgər keçmiş muxtar vilayət nəzərdə tutulursa – mən nə indi inanıram, nə on il, nə on beş il bundan qabaq inanmışam. Və buna inanmaq üçün heç bir əsas yoxdur. Buna inananlar ya sadəlövh adamlardır, ya da demaqoqdurlar. Stepanakertə hərbi yürüşü necə təsəvvür etmək olar? Və bu yürüşün məqsədi nə olmlıdır? Yüz ildən bəri ermənilərin yaşadığı şəhəri ermənilərdən azad etmək? Əslində bütün mübarizə və diplomatik səylər yalnız Şuşanın qaytarılmasına yönəldilməliydi, məsələn, Laçının əvəzinə. Qalan nə varsa, cəfəngiyyatdır…

Və lap Stepanakertdə azərbaycanlı əhali yaşasaydı da, bu əhali erməni zülmndən qan ağlasaydı da, biz o şəhəri azad edə bilməzdik. Çünki böyük vəzifələrin həllinə qadir ordu yoxdur, zabitlər rüşvətxordurlar, generalların çoxunun hərbi hazırlığı gizir səviyyəsindədir, ölkə rəhbərliyinə xalq etibarı yoxdur və s. Qarşımızda isə yüksək hazırlıqlı, nə məqsədlərə xidmət etdiyini gözəl anlayan güclü erməni ordusu durur…

Son iyirmi il ərzində Azərbaycan şəhərləri dönə-dönə alt-üst olub, tarixi simaları dəyişdirilib, hamısı bir-birinə oxşadılıb – kiminsə səsi çıxıb? Yerli məmurların hər oğraşlığına boyun əyən insanlardan nə döyüşçü, nə əsgər?

Və az-çox səsini çıxaran insanlar da türmələrdə çürüyürlər. Və guya Qarabağı almaq eşqiylə coşan azərbaycanlılar hər gün sakitcə o türmələrin yanından keçirlər, işə, alverə, toya, qumara, məscidə və başqa vacib yerlərə gedirlər. Və ən yaxşı oğullarını türmələrdə çürüdən xalq fövqəladə hərbi vəzifələrin öhdəsindən necə gələ bilər? Yox, heç cür gələ bilməz. Siz əvvəl İlqar Məmmədovu, Anar Məmmədlini, Hillal Məmmədovu və çoxlu başqa dustağı Əliyevin türməsindən çıxarın, sonra Qarabağdan danışın.

Yoxsa Qarabağ sizin üçün lağlağı-zaddır?

CƏNNƏT AZƏRBAYCANDA CƏZA ÇƏKMƏYƏ YER YOXDUR

Etibarlı mənbələrdən alınan məlumatlara görə, Azərbaycan Rusiya ilə apardığı son danışqlarda Dağlıq Qarabağın və ətraf rayonların qaytarılmasıda təkid etmir. Azərbaycan bunun əvəzində Rusiyadan Sibir ya Maqadan ərazisində Ağdam ya Zəngilan boyda bir yer istəyir ki, antimilli qüvvələri ora sürgünə göndərə bilsin.

 

GÜCÜNÜZÜ İŞĞALÇILARA GÖSTƏRİN DƏ…

Guya dünyanın ən güclü ordularından birinə malik dövlətin ərazisinin dörddən biri iyirmi ildən çoxdur ki, tutulub, işğalçılara gözün üstündə qaşın var deyən yoxdur.

İlqar Məmmədov, bu ölkənin oğlu, bu dövlətin vətəndaşı, üç-dörd saat İsmayıllıda oldu, tutub basdılar dama.

Bunu necə başa düşəsən?