MÜSAVAT SÜLEYMAN RÜSTƏMƏ: «BAYQUŞ ÖZÜNSƏN, NƏSLİNDİR…»

Tanınmış müsavatçı (ya cəbhəçi?) xadim Tofiq Yaqublu öz FB səfifəsində adlı Fatimə Kərimli Fatimə Kərimli bir istifadəçinin öz bloqunda yerləşdirdiyi bir yazını paylaşıb; yazı əslində Süleyman Rüstəmin 1930-cu ildə Müsavat partiyasına və onun xadimlərinə yazdığı həcvdir.

Süleyman Rüstəm, əlbəttə, zəif şairdir, mən hələ otuz il qabaq mərhum müəllifin “Qaytar ana borcunu” şeirinin həm məzmu, həm texniki primitivliyini deyəndə, bir dəfə də fikrimin müsbət qarşılandığını görməmişdim. Məsələ burasındadır ki, sonralar Əli Kərim məhz bu şeirin lekalı əsasında “Qaytar ana borcunu” şeirini yazıb və çox da uzağa getməyib…İndi poeziya incəlikərini başa düşən nə çox adamın olduğuna təəccüblənirəm…

Süleyman Rüstəm çoxdan ölüb gedib. Səməd Vurğundan fərqli olaraq, indiki rejimin  ideoloji sütunlarından deyil (bəlkə də mən yaxşı bilmirəm). Hərdən qəzəlləri oxunur: “Məndən sənə ey gül, nə deyirlərsə, inanma, Səndən də gəlib gündə Süleymana deyirlər…” İndi Süleyman Rüstəmlə mükalimə estetik planda ola bilər, yəni biz onun şairliyinə münasibətimizi ifadə edə bilərik; bu əslində vacibdir, yüksək poetik standartların yaranması, yüksək estetik zövqün yaranması üçün vacibdir. O ki qaldı Süleyman Rüstəmin Müsavatı söyməyinə ya necə söyməyinə, bunu bilmək, əlbəttə, lazımdır, ancaq aktual deyil. Aktual indiki rejimin indiki ideolioji dayaqlarıdır. Ruslar üçün aktual Mayakoskinin inqilaba rəğbəti yox, sənətkarlığıdır. Mənim üçün Səməd Vurğunun sənətkarlıq səviyyəsi onun çuğulçu olub-olmamasından daha vacibdir. Səməd Vurğunun sənətkarlıq səviyyəsi isə zəifdir və bu onun Müşfiqi satmasıyla qətyyyən bağlı deyil.

Məni çox narahat edən Tofiq Yaqublunun səhifəsindəki rəylərdir. Güman etmək olar ki, yazanlar gəncdirlər, yəqin ki, hamısının da umniversitet diplomu var; ancaq görün bunlar necə primitiv yazırlar, bunlar fikir ifadə etmirlər, çünki fikir yoxdur, bunların çoxu “mu-mu” deyir…

Könül Şamilkızı Nesibova Yaltaq bayquş!

Asi Bey Narazi Alçaq məxluq. Başqa sözlər də istifadə etmək olar amma buna yaraşan budur.

bayguw rustemin ozudu.werefsizler

Elxan Zaman Sülyman Rüstəmin Əliyağa Vahidə işilməyini eşitmisiz? Rəhmətlik Əliağa da ona çox gözəl, yeddi qatından keçən cavab verir… ))

Elxan Zaman Süleyman Rüstəmin səviyyəsi bu misralarından bilinir:
Layka qardaşımız edir göydə ham-ham
Biz də baxıb alırıq ilham.
Adam rəsmən itlə qardaş olub… )

Zohrab Ismayil Birinci dəfədir duyuram bunu, Süleyman Rüstəmdən bunu gözləmək olardı. Amma diqqətimi başqa bir şey çəkdi: dil. Aydın görünür ki, Sovet imperiyası zaman-zaman bizim dilimizi dəyişdirib və Anadolu türkcəsindən uzaqlaşdırıb. Bir sözlə indi danışdığımız dil, Sovetlərin bizə sırıdığı bir dildir.

Ağaverdi Ruşanov Qoyde hurur layka ham-ham, biz yerde aliriq o dan ilham. Buda yeke qulagindir.

Metanet Ismayil Allah süleyman kimi satqın şairlerimizin hamısına lenet etsin Amin.

Süleyman Rüstəm zəif şair də olsa, onun dəqiq sintaksisi vardı, mübtədasıyla xəbəri vhəmişə uzlaşıbı, onun şeirlərindən heç olmasa savadlı yazı öyrənmək olar! (Fatimə Kərimli yazıları köçürəndə çoxlu səhvlərə yol verib — bunlar Süleyman Rüstəmin günahı deyil)

Və əgər Tofiq Yaqublunun dəstəkçiləri, ardıcılları savad cəhətdən bu gündədirlərsə, Azərbaycanı nə gözləyir?

O ki qaldı guya bolşeviklərin bizim dilimizi dəyiməyinə, bu, ağ yalandır. Dilimizi Cavid kimi şairlər dəyişirdilər. Əli bəy Hüseynzadə kimi xadimlər dəyişirdilər. Bolşeviklər gələndə xalqımız “yüz, yok, alev, imdi, kadar; yakdı; çok; uzak; boşkab” demirdi, “yox” əvəzinə “yok” deyən azərbaycanlıların millət kimi varlığını inkar edənlər, bizi osmanlıların kiçik və  intellekt cəhətdən geri  qardaşlarına çevirmək istəyənlər idi. Əgər “yox”u, “alov”u, “indi”ni bolşeviklər xilas ediblərsə, onlara ancaq minnətdar ola bilərik…

30.08.16 Samara

Реклама

«HEÇ VAXT, HEÇ VAXT, HEÇ VAXT…»

“SƏN BİR DƏ QAYITMAZSAN…”

 

Mənim övladım yoxdur və buna görə övlad itkisi barədə nə yazsam, nəinki başqalarını, heç özümü də inandırmayacaq – övlad itkisinin, eləcə də övlad məhəbbətinin nə olduğunu mən bilmirəm. Bəşər dühası bunu öz qəhrəmanının diliylə belə ifadə edir:

“ Lear. And my poor fool is hang’d! No, no, no life!
     Why should a dog, a horse, a rat, have life,
     And thou no breath at all? Thou’lt come no more,
     Never, never, never, never, never!..”

“Sən bir də geri dönməzsən. Heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt…”

Cənab Tofiq Yaqublunun əvəzində prezidentdən onun bağışlanmasını xahiş edən adamları başa düşürəm, ancaq bunu səhv sayıram. Tofiq Yaqublunun əfv xahişini eləmək dolayısı ilə onun cinayət törətdiyini təsdiq etməkdir. “İctimaiyyət”, bəlkə özü də başa düşmədən, ədalətsiz hökmü legitimləşdirir.

Prezidentə müraciət belə ola bilərdi: “Cənab prezident! Siz Tofiq Yaqublunu qisas üçün türməyə salmısınız. Bunu başa düşürük. Ancaq cənab Yaqublunun nəslini kəsmək fikriniz yoxdursa, onu buraxın. Qisasınızı onsuz da almısınız”.

Bütün başqa formalarda müraciət Yaqublunun cinayət törətdiyini təsdiq edir.

Müstəbid hakimlər hamısı kinli, qisasçıdır, hakimiyyətdə oturduqları müddət artdıqca, kinləri, qisasçılıqları daha da artır, çünki kölgələrindən də şübhələnirlər.

Azərbaycan hakimiyyətini bu müstəbidlər içində fərqləndirən onun sadizmidir. Hakimiyyət İnsan nalələrindən həzz alır. Axı məhkumlar özləri ağlamasalar da, onların anaları, bacıları uşaqları ağlayırlar. Və hönkürtülər, nalələr hakimiyyətə ləzzət verir. Bu, klinik haldır, psixi sağlamlıq problemidir. Ancaq sağlam hakimiyyət Leyla Yunusu ya Xədicə İsmayılı damda çürütməz.

İntiqam Əliyevdən qisas alırdılarsa, alaydılar. Ancaq yeddi il yarım iş – bu, sadist ehtirasların doyuulması üçündür. Bunu başqa cür yozmaq mümkün deyil.

Azərbaycan sadistlər ölkəsidir. Biri tutulanda, polis dəyənəy yeyəndə, minlərlə televizorun qabağında on minlərlə adam xorla deyir: “Canın da çıxsın!”

“Məmmədrəhim, raykom katibi səni minib çapa bilər?” – Bəxtiyar Vahabzadə 1979-un sonunda ya 80-nin əvvəlində qiyabiçi tələbələrin birindən soruşdu. Yerdən xorla qışqırdılar: “Əlbəttə, çapar!”

Bizdə hamı bir-birini minməyə çalışır. Guya rejimə qarşı olanların çoxu demokrat-zad deyil, sadəcə onlar yerlərini dəyişmək istəyirlər: onlar bellərindəkiləri atıb özləri minmək arzusundadırlar.

“Qaçın, qarovulçu gəldi, Qoçu oğlu qoçu gəldi!” – bunu gənc İsa İsmayılzədə yazıb.  Bizdə qarovulçu, təhkimçi, briqadir, sədr, katib, müvəkkil – hamısı əhalini minib-çapıblar. Əhali də uşağını bir ətək pulla da olsa oxutmağa çalışıb ki, o başqalarını minsin, onu minməsinlər…

Mən Azərbaycan polisləriylə az üzləşmişəm, ancaq briqadir, təhkimçi, sovxoz direktoru, katib görmüşəm. Onlardan bir ayrı vavt. Mən Azərbaycan qatarlarından bir neçə kəlmə yazmaq istəyirəm. Bir vax Tümün-Bakı marşrutuyla Azərbaycan qatarları da gedirdi. Mən bu vaqonda nəinki ayaqyolunda, hətta ayaqyolundan qıraqda da ayağının nəcisə batdığından yazmıram. Bu da ayrı vaxt. Mən ayrı şeyi demək istəyirəm. Azərbaycan qatarına minən kimi bələdçilər pasportunu alıb saxlayırlar. İki gün yarım olursan dustaq. Sənədsiz, hüquqsuz. Azərbaycan torpağına keçən kimi milli rəmzlərlə bəzədilmiş gözəl paltarlar geymiş əsgərlər, zabitlər, gömrükçülər, polislər vaqonlara girib başlayırlar soydaşlarını soymağa…

Aleksey Karamazov bir dəfə deyir: “Mən bəlkə heç allaha  inanmıram”.

Mənə hərdən elə gəlir ki, mən Azərbaycanı sevmirəm…

İndi insan nalələrindən həzz alan hakimiyyətdən Yaqubluya əfv istəmək düzgündürmü? Hünəriniz var, gedin evini alın mühasirəyə, deyin ki, bu kişini qoymarıq qayıda türməyə…

Hərçənd öz işinizdir. Neyləyirsiniz, eləyin. Bir söz idi, dedim. Kimdi mənim sözümə baxan?

 

26.04. 2015 Samara

 

 

ÇOX YAŞAMAQ ARZUSU

Rusiyada müəllifliyi Çukovskiyə aid edilən bir ifadə az qala toy sağlığı kimi tez-tez təkrar olunur: “Rusiyada uzun ömür yaşamaq lazımdır ki, dəyişiklilər görə biləsən”.

Mən Rusiyada yaşasam da, burdakı dəyişikliklər məni o qədər də maraqlandırmır, olan dəyşikliklər isə ancaq məyus edir. Uzun yaşamaq arzusu Azərbaycandakı dəyişiklikləri, yəni indi İlqar Məmmədov kimi adamları zindana salan adamların özünü zindanda görmək istəyimdəndir.