Архив тегов | ölüm haqqında şeirlər

UİLYAM ŞEKSPİR. 74-CÜ SONET

Sonnet_74_1609.jpg

                       But be contented when that fell arrest…

Bir gün aparılsam belə həbslə,

Girovsuz, möhlətsiz, heç də qəm yemə.

Məndən şeirlərdə qalar bir hissə,

Sənin  yaddaşında yaşaram demək.

+

Görərsən şerimi oxuduğun an,

Məndə sənə məxsus yaxşı nə vardı.

Torpağa gedəcək torpağın olan,

Dəyərli ruhumdu, sənindir o da.

+

Belədirsə, itkin cəsəddir ancaq.
Cücü qismətini, ölü bədəni,

Qazanar şərəfsiz endirən bıçaq —

Dəyərmi alasan bunu eyninə?

+

                              Mənim ruhumdadır bütün dəyərim,

                              Sənə saxlayacaq onu da şerim.

İngiliscədən tərcümə

02.03.2018

Samara

QEYD: Şair təkid edir ki, onun ölümü sevdiyi Gənci qayğılandırmamalıdır, çünki vacib olan bədən deyil, ruhdur ki, o da şeirlərində yaşayacaq.

Sonetin əvvəlində ölüm “əbədi həbs”lə müqayisə olunur.

VİKTOR HÜQO. UŞAQLIQ

kinopoisk.ru

L’enfant  chantait; la mère au lit, exténuée…
  

Uşaq nəğmə oxuyur, üzgün ana yataqda,

Can üstədir, haçandan, kölgələnib çöhrəsi.

Ölüm lap yaxındadır, gəzir bəlkə otaqda,

Xırıltı eşidirəm, həm də uşaq nəğməsi.

 

Beş yaşındadır uşaq, pəncərənin önündə,

Oynayır gülə-gülə, sevimli və bəxtəvər.

Bütün günü oxuyan balasının yanında,

Yazıq ana öskürür gecə səhərə qədər.

 

Yatır ana monastır məzarlığında indi,

Nəğməsini oxuyur yenə yetim balası.

Dərd elə bir meyvədir, zərif budaqda Tanrı,

Qoymur  yetişməyə ki, ağırlıqdan sınmasın.

 

1856

Fransızcadan tərcümə

25.01.2018

UİLYAM ŞEKSPİR. 19-CU SONET

shakespear

                           Devouring Time, blunt thou the lion’s paws…

 

Şirin caynağını, Zaman, küt elə,

Öz yetirdiyini yedirt torpağa.

Çevir öz qanında Simürğü külə,

İti dişlərini  pələngin çıxar.

+

Gah yasa, gah toya həyatı döndər,

Yeyinayaq Zaman, et nə istəsən,

Dünyaya, dünyanın nemətinə də.

Törətmə ən rəzil cinayətisə.

+

Dəymə çöhrəsinə sevdiyimin sən,

Qırışlar çəkməsin incə qələmin.

Səndən surətinə xətər dəyməsə,

Yaşayar gözəllik örnəyi kimi.

+

           Nə ziyan vursan da sevgimə, Zaman,

           Şerimdə qalacaq əbədi cavan! 

İngiliscədən tərcümə

02.01.2018

Samara 

UİLYAM ŞEKSPİR. 3-CÜ SONET                      

shakespear

                              Look in thy glass, and tell the face thou viewest

Üzünə güzgüdə baxıb de vaxtdır,

Bu üz başqasında yarana indi.

Aldanar təbiət yoxsa, bir qadın,
Mərhum olar ana səadətindən.

 

Hardadır o qız ki, arzulamaya,

Bakirə bətnini sən becərəsən?

Özünə sevgiyə məzar olub ya,

Nəsil yaratmaqdan kim qaçar görən?

 

Anana aynasan, o sanki səndə,

Ömrünün yazını səsləyir geri.

Sən də öz yaşının pəncərəsindən,

Baxıb görəcəksən qızıl günləri.

                    

               Amma tək yaşayıb tək ölsən əgər,

               Sənin surətin də səninlə ölər.

 

11.12.2018

İngiliscədən tərcümə

Samara

ALLAH ÜZÜMƏ BAXDI…

Sıldırım qayalıqdan,

Yıxıldım, qanım axdı.

Ölmədim, yaralandım,

Allah üzümə baxdı.

 

Dayanmasa da qanım,

Tutub kol-kosu qalxdım.

Yenə gördüm dünyanı —

Allah üzümə baxdı.

 

Yoldaşı harayladım,

Səsimi toplayaraq.

Yoldaş da yubanmadı —

Üzümə baxdı Allah.

 

Qurutdular qanımı,

Ağrımı yatırtdlar.

Düzəltdilər sınanı —
Üzümə baxdı Allah.

 

İlk dəfə deyil axı,

Yıxılmağım həyatda.

Hər dəfə arxayınam –

Allah üzümə baxdı!

 

Qorxuram bir gün amma,

Hamar yerdə büdrəyəm,

Yoldaşa səs çatmaya,

Tanrı da üz döndərə.

4 noyabr 2017

Samara

MARİNA TSVETAYEVA. «YA İSA! YA TANRI! MÖCÜZƏ GÖSTƏR…»

marina

MARİNA TSVETAYEVA       

                     DUA

                                   Христос и Бог! Я жажду чуда…

 

Ya İsa! Ya Tanrı! Möcüzə göstər,

İndicə, bu saat, gün görünəndə.

Nə qədər bu həyat kitaba bənzər
Mənim nəzərimdə — qoy ölüb gedim.

 

Müdriksən, deməzsən sən mənə ciddi:

Səbr elə, bitməyib müddət hələ ki.

Özün mənə verdin – çox, aşdın həddi!

Məni bütün yollar, həvəslər çəkir!

 

Hər şey istəyirəm: qaraçı sayaq,
Qarətə yollanmaq nəğmə deyərək.

Orqan çalınanda qərq olub yasa,

Amazon qız kimi döyüşə girmək!

 

Ulduz falı açmaq qara qüllədə,

Uşaqlarla getmək yarıb kölgəni.

Dönə əfsanəyə bütün dünənlər,
Dəli-divanəlik ola hər günüm!

 

Xaçı və ipəyi, dəbilqələri,
Sevirəm. Ürəyim — izi anların.

Sən uşaqlıq verdin – nağıldan şirin,

On yeddi yaşımda indi ölüm ver!

 

Tatusa, 26 sentyabr 1909

Ruscadan tərcümə

10.10.2017

Samara

ALEKSANDR PUŞKİN. ÇİÇƏK

ПУШКИН

ALEKSANDR PUŞKİN

        ÇİÇƏK

                      Цветок засохший, безуханный…

 

Qurumuş, ətrini itirmiş çiçək,

Unudulub qalıb kitabda çoxdan.

Daldım  xəyallara onu görən tək,

Fikrimdə suallar yarandı bu an:

 

Harda o canlanıb, hansı baharda,

Çoxmu ömür sürüb? Kim olub dərən?

Dərən tanış əlmi, ya da ki yaddır,
Niyə bu kitabda saxlayıb görən?

 

Bəlkə xoş görüşdən o, bir yadigar,

Müdhiş ayrılıqdan xatirə bəlkə.

Çölün sükutunda, meşədə ya da,
Gəzintidən kimsə gətirə bəlkə.

 

O insan görəsən indi sağdımı?

Hansı guşəsində yaşar dünyanın?

Kitabda tapdığım çiçək sayağı,

Bəlkə solub gedib həyatı onun?

1831

Ruscadan tərcümə

03.10.2017

Samara

ALEKSANDR PUŞKİN. «QIRĞI QIRĞIYA DOĞRU…»

ПУШКИН.jpg

 

Ворон к ворону летит…

Qıqğı qırğıya doğru,

Şığıyaraq qıy vurur:

“Qırğı, bəs bu gün nahar,
Harda olar, nə olar?”

 

Qırğı da verir cavab:

“Bu gün yaxşı yemək var.

Çöldə keçisöyüdü

Altda igid meyidi.

 

Kim və  niyə öldürüb –

Bunu şahini görüb.

Görüb zil qara atı,

Bir də cavan arvadı”.

 

Quş uçdu, aralandı,

Atını yağı mindi.

Xanım gözlər yarını,

Ölmüşü yox, dirini.

 

1828

 

Ruscadan tərcümə

22.09.2017

Samara

VAXT VARDI VƏTƏNƏ GEDİRDİM HƏR İL…

Vaxt vardı vətənə gedərdim hər il,

Bu, səfər deyildi, ziyarət idi.

İl tamam olan tək yola düzəlir,
Pulum nəyə çatsa, minib gedirdim.

 

Vətənə gedəndə dəyişirdi il,

Köhnə bitib gedir, təzə gəlirdi.

Sanki hər gedən il ömürdən deyil,

Ölümdən gedirdi – yaş azalırdı.

 

Vətəndə yoluma göz dikən indi,

Anamın şəklidir məzar daşında.

Fəsillər dəyişir, iqlim həmindir,

İllərsə yığılır qalır yaşımda.

 

13-16.08. 2017

Samara

 

BİT BAZARI

Bəlkə də həvəsdir, bəlkə azardır –

Hərdən dolaşıram bit bazarında.

Bazar da durmadan uzanır, artır,

Bilmirsən əvvəli, sonu hardadır.

Bəlkə qabağını alan olmasa,
Bu böyük şəhəri bürüyüb basar.

Tökülüb asfalta dünyanın malı,

Pal-paltar, qab-qacaq, hər avadanlıq.

Hər janrda dünya ədəbiyyatı,

Ürəyin istəyən ayağın altda.

Qatı açılmamış yatacaq da var,

Sərilib cürbəcür ayaqqabılar.

Hardadır onları geyənlər indi?

Orda hansı geyim, hansı gəzinti?..

Döşənib asfalta dünyanın malı,

Gərəkli-gərəksiz alınıb qalan.

Güvə dağıdanı, kif basanı da,

Satılır, alınır bit bazarında.

Nə satanam burda, nə də ki alan,

Gəzirəm, baxıram ancaq haçandan.

Ürəyimdən keçir özünü birdən,

Yıxıb asfallt üstə nalə çəkəsən,

Sonrasa əynində olanları da,

Soyunub tökəsən bit bazarında…

25.07 – 30.07, 2017

Samara