
Ölümün qəribə cəhətləri var:
Qayda, nizam gəlir onunla bəzən.
Başlayaq ondan ki, təmiz yuyurlar,
Geyirsən təzə və ağappaq kəfən.
+
Görmədiyi günə düşür çox insan,
Yığışıb gəlirlər, ağlayan da var.
Tapıb danışırlar yaxşı söz ondan,
Borclunun borcunu bağışlayırlar.
+
Qərib ölən isə ölümdən görür,
Atadan-anadan görmədiyini.
İndi sənədi var, sənəddə möhür,
Bir poqonlu ona söz deməz yəni.
+
Ədəbli, abırlı yola salınar,
İcma yas pulu da düzəldib yəqin.
Sərhədin açılmaq ehtimalı var:
Daş deyil ürəyi prezidentin!
+
Mərhum soydaşımın üçcə gün əvvəl,
Ağlına gəlmirdi vətənə gedə.
Deportasiya da eləsəydilər,
Min bir hoqqa ilə gələrdi bir də.
+
İndisə dalaraq sükuta gedir,
Lap danışa bilə, nə deyər axı?
Vətəndən — yaşayan, sağ gileylidir,
Ölənə vətənin hər cürü yaxşı…
+
Fərman icrası tək gəlir ölümlər,
İstə ya istəmə — yola çıxırsan,
Deportasiyadır hər ölüm elə,
Dönməyə heç kimin yox amma şansı…
20.09. 2024, Samara




